Reklam
Təkcə Kəlbəcərin deyil, bütün Azərbaycanın sevimlisi şair, həkim Zərraf Təhməzoğlu
05-09-2022 21:29
Bu gün istər Təhməzoğlu təxəllüsü, istərsə də Şirinov soyadı ilə özünü sevdirməyi bacaran, yetərincə nüfuz sahibi olan həkim-şair Zərraf Şirinovun doğum günüdür.
Dəyərli professorun 60 yaşı tamam olur. Peşəsi, insanlığı, vətənpərvərliyi, xarakteri ilə soyadını, şeiriyyəti ilə təxəllüsünü təsdiqləmiş bir insandır Zərraf həkim. Deyə bilərik ki, 60 il gəldiyi yolda şairin həyatının mayakı sevgi olub. Bu onun nurlu çöhrəsindən, işıqlı baxışlarından, həlim danışığından, son dərəcə nəzakətli davranışından məlumdur. Ürək sevgiylə dolmasa, əllərdə şəfa, ruhda sözü xoşbəxt edəcək duyğular qoşalaşa bilməz. Artıq təkcə Kəlbəcərin deyil, bütün Azərbaycanın tanınmış və sevilən insanına çevrilib. Şəfa verdiyi, ölümdən qurtardığı, sözü, şeiri ilə təsəlli olduğu, ovutduğu insanların duası, təşəkkür dolu baxışlarıdı mükafatı. Tanrı qatında savaba yazılan əməllərinin mükafatı da mütləq olacaq. Yubiley ərəfəsində "Vətən torpağı Kəlbəcər" adlı 3-cü şeirlər kitabı ilə oxucularını sevindirməyi də unutmayıb şair.
Dalidag.az olaraq, 60 illik yubileyi və yeni kitabının işıq üzü görməsi münasibəti ilə dəyərli ziyalımız Zərraf Şirinovu təbrik edir, sevinci, uğuru bol sağlam ömür, yaradıcılıq uğurları və tibbi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Sevinc QƏRİB
KƏLBƏCƏR
Əllərimdə silah, əynimdə kəfən
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Rəngi solmuş xınalı daşlarının,
Tökülsün üstünə qanım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Vətən deyib üstündə çox əsmişik,
Hazırlanıb döyüşə tələsmişik.
Şuşada yağının başın kəsmişik,
Alınıb qisasım-qanım, Kəlbəcər,
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Sənsiz bir kimsənin üzü gülmədi,
Dözdük, mətinləşdik diz bükülmədi.
Atam həsrətinə dözə bilmədi,
Qayıdır ağsaçlı anam, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Atəşkəsi yenə ruslar saxladı,
Fransızlar, amerikanlar "ağladı".
Quran səsi ürəkləri dağladı,
Azanla açılsın danım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Yolkəsən Ağdərə girovumuz var,
Şükür! Qucaq açan Murovumuz var.
İgidlərin bilir - bir ovumuz var,
Qartaltək zirvənə qonum, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Sən loğmansan, min dərdin şəfasısan,
Alp ərənlər, şahinlər yuvasısan.
Əzəldən türk eli, türk obasısan,
Həqiqəti necə danım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Həsrətəm çiçəkli yaylaqlarına,
İsti, sərin, şirin bulaqlarına,
Əyilib baş qoyum ayaqlarına,
Adınla bağlıdır sanım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Dözdük ayrılığın sərt sazağına,
Bizi ana kimi yığ qucağına.
Qızınaq istinə, od-ocağına,
Qıyma qəriblikdə donum, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Çox çəkmişik haqsızlığın cəbrini,
Dünya sınayırdı türkün səbrini.
Tapaq, öpək babaların qəbrini,
İlk beşiyim, son məkanım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Qaytardı bizlərə müdrik rəhbəri,
Şəhadət şərbəti içən əsgəri.
Bir də kimsə tərk eyləməz səngəri,
Şərəfim, şöhrətim, şanım Kəlbəcər!
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
Zərraf, bizdə dəmir dözüm olacaq,
Türk SİHAsı görən gözüm olacaq.
Birim çoxalacaq, yüzüm olacaq,
Çiçək açar hər fidanım, Kəlbəcər.
Gəlirəm, qurbandı canım, Kəlbəcər.
GƏNCLİYİM
Mən çatdım babamın ahıl çağına,
Mənim oğullarım- mənim gəncliyim.
Bu uca dağları necə aşaram,
Qocalıq ömrümə qənim, gəncliyim.
Bir gözəl görəndə tir-tir əsərdin,
Gördüyündən gözkirəsi kəsərdin.
Qartal kimi asimanda süzərdin,
İndi sənə yetmir əlim, gəncliyim.
Bilik üçün gəzdim çox diyar-diyar,
Tətbiq etdim millət oldu bəxtiyar.
Mənə sirdaş oldu həsrət, intizar,
Bu yolda çox çəkdim zülüm, gəncliyim.
Yaradan nə verdi dedim bəsimdi,
Şükür ki, aldığım öz nəfəsimdi.
Köksümdə dillənən bir sarı simdi,
Alovlandım dilim-dilim, gəncliyim.
Bəzən məqamında keçməyir sözüm,
Eynəksiz çox aydın görməyir gözüm,
Yoxuşda, enişdə tutmayır dizim,
Biraz da, əyilib belim, gəncliyim.
Mənasız, məzmunsuz uçan günləri,
Məhsulsuz, faydasız qaçan günləri,
Sevgisiz, nəşəsiz keçən günləri,
İstərəm ömrümdən silim, gəncliyim.
Oxudum dərsimi, elmi bitirdim,
Bağça saldım, oğul- uşaq yetirdim.
Zərrafam necə ki, səni itirdim,
Buyursun, xoş gəlsin ölüm, gəncliyim.
DUALARIM
Deyirəm dünyada bircə qulun da,
Mizan tərəzisin əyməsin Allah.
Hər kəs cəzasını qoy özü çəksin,
Ancaq balasına dəyməsin Allah.
İnsan dərk eyləsin qurğu quranı,
Yol tutsun, oxusun ali Quranı.
Toplayıb dördəllə mülkü, paranı,
Şükransız özünü öyməsin, Allah.
Darlıq çətin, kimsə darda qalmasın,
Gözü-könlü intizarda qalmasın.
Heç bir canlı ahu-zarda qalmasın,
Açsın hər qapının "düyməsin" Allah!
Xatırla Rəsulu və Mərvanını,
Hər kəs doğru seçsin öz sarvanını.
Deyirəm, heç kimin bəxt karvanını
Şeytan ətəyinə düyməsin Allah.
İnsan öz əhdinə vəfalı olsun,
Ömür əziyyətli, səfalı olsun.
Zərraf həkim, əlin şəfalı olsun,
Kimsə arxamızca söyməsin, Allah.
MƏQSƏD TURAN, HƏDƏF QIZIL ALMA
Türkün yolu açıq, çatdı Xəzərə,
Dayanma üz, can gəmim, can avarım!
Məqsəd Turan, hədəf Qızıl almadı,
Gedib candan əziz bir cana, varım.
Şərqdən qərbə yurd tutdum, binə qurdum,
Təmizləndi içimdə pasım, qurdum.
Bu ağ yolu göstəribdir boz qurdum,
Altaylarda əmdiyim canavarım.
Qarabağda çox yük düşdü çiyinə,
Gördük dostun bişmişi nə, çiyi nə?.
Bizimlə vuruşdu çiyin- çiyinə
Can talışım, can ləzgim, can avarım!
MƏNİ
Yetər ki, qucaqladı,
Aman məni, ah məni!
Yeni günə səsləyir,
Açılan sabah məni.
Niyə gəlir- gələn var.
Niyə gedir- ölən var.
Düya sirrin bilən var
Eyləsin agah məni.
Özxoşumla gələydim,
İstəməsəm öləydim.
Gələndə nə biləydim,
Gözləyir dəsgah məni.
Ruhuma dərd hopmazdı.
Cismim ondan qopmazdı.
Yaşamasam tapmazdı
Hər cürə günah məni.
Gözlərəm, gəlsin sıram.
Hər cür sona hazıram.
Hərdən qulaq asıram,
Yaşayır "Segah" məni.
Düzü pozdurmaq istər,
Əyri yazdırmaq istər,
Şeytan azdırmaq istər,
Gah Adəmi, gah məni.
Zərraf, paxıl olmaqdan,
Fərsiz oğul olmaqdan,
Nəfsinə qul olmaqdan,
Qorudu Allah məni.
ƏBƏDİYYƏT BAĞI
Bu gün ağac əkərsən,
Nə məlum, gələr sabah?
Qayğısını çəkərsən,
Bəhrini verər Allah!
Ağaclar ömrü uzun,
Gələr, gedər adamlar.
Səni xoş xatırlayar
Meyvəsindən dadanlar.
Bəri başdan halaldı,
Nə əziyyət çəkmisən.
Əbədi dünyan üçün
Xoş xatirə əkmisən...
ŞÜKÜR YARADANA
Bir kimsəyə yük olmadım,
Biraz azam, biraz çoxam.
Sənə təşəkkür borcum var,
Hardasan ay qaraçuxam.
Əridim çismim oldu şam,
Düzəm, düzdə də qalmışam,
Nəfsimə hakim olmuşam,
Əvvəldən toxoğlu, toxam.
Vicdanı pula satmadım,
Bir kimsəni aldatmadım.
Gültək qoxlayıb atmadım,
Yar yolunda üzüağam.
Sıxır elin qəhri məni,
Yağıdır fars, rus, erməni,
Tutub boğam Əhriməni
Lap yerin dibinə çaxam.
Düşmənlərdə çox öcüm var,
Alasıyam nə gücüm var.
Allaha bir can borcum var,
Əllərdə qalmasın yaxam.
Gələr Mehdi-Axırzaman
Var əvvəl, var axır zaman
Öz ritmiylə axır zaman,
Bugün varam, sabah yoxam.
Zərraf, fikri bülöylədim,
Hər vaxt nahaqqı teylədim.
Qalar bircüt söz söylədim,
Günaha yazmasın, Ağam.
KEÇİR
Göz görəni, könül sevir
Məhəbbət ürəkdən keçir.
Ağılla olur çək-çevir,
Peşmanlıq gərəkdən keçir.
Yaradan hökmünü pozmur.
Yolu olan yolun azmır.
Qədərini özü yazmır.
İş ki, var fələkdən keçir.
Yollar yoxuş, yollar uzun,
Mətin ol, yorulma quzum.
Yalançının, dələduzun,
Cığırı kələkdən keçir.
Gün batar yaldan ötəri,
Yolsuzluq yoldan ötəri.
Bir damla baldan ötəri,
Arı min çiçəkdən keçir.
Ha çevir üzüm eynidir,
Əllərim, gözüm eynidir.
Sözümlə özüm eynidir,
İstərsən, ələkdən keçir.
Kimi qanır, kimi qanmır,
Sağlamdırsa damı dammır.
Yağışda quşlar islanmır,
Su süzür lələkdən keçir.
Zərraf deyir əmin olun,
Çox sevir yaradan qulun.
Həqiqətə gedən yolun,
Doğrusu mələkdən keçir.
Zərraf Təhməzoğlu(Şirinov)
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 05-09-2022 21:29
Baxış sayı: 3564
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23