Nə baş verir? - “Köçəryanın fəallaşması, Kəlbəcər istiqamətində avtomobil karvanına hücum...”

18-02-2022 22:42



"Biz Ermənistanda cinayətkar Robert Köçəryanın fəallaşmasını müşahidə edirik. Hesab edirəm ki, onun üçün gələcək o qədər də xoş olmayacaq. Zənnimcə, onunla bağlı məhkəmə prosesi gedir və onun həbs olunma ehtimalı var. Bu səbəbdən də fəallaşıb".

Bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

Professorun sözlərinə görə, müşahidələr deməyə əsas verir ki, Köçəryan təsadüfən fəallaşmır: "Düzdür onunla bağlı məhkəmə prosesi də var. Amma diqqət edəndə görürük ki, Robert Köçəryanın fəallaşması, Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobil karvanının qarşısının ermənilər tərəfindən dayandırılması, bundan öncə, rus sülhməramlıların Azərbaycan yük avtomobillərini yoxlayarkən orada separatçının peyda olunması paralel gedir. Başqa sözlə, bütün bunlar eyni yerdən qidalanır. Əlbəttə, bunu nəzərə almağımız vacibdir. Onların ilhamvericisi Rusiyadadır, Moskvadakı ermənipərəst qüvvələrdir".

Professor qeyd edib ki, belə bir məqamda Azərbaycan tərəfi də müəyyən addımlar atmalı olacaq: "Çünki proseslər əndazəni aşmamalıdır. Azərbaycanın səbri bir yerə qədərdir. Hesab edirəm ki, artıq Moskva ilə açıq danışmağın zamanı çatıb. 10 noyabrda imzalanan üçtərəfli sazişin müddəaları yerinə yetirilməlidir. Başqa cür ola bilməz. Bu mənada Azərbaycan Rusiya ilə açıq müzakirələr aparmalıdır. Aydındır ki, Azərbaycan prezidenti hər şeyi dəqiq ölçüb-biçmək imkanlarına malikdir. Son 44 günlük müharibə bunu ortaya qoyub. Bu mənada Azərbaycan da durmayıb, müəyyən addımlar atır. Yeri gəlmişkən, bu yaxınlarda məlumat yayıldı ki, Azərbaycan tərəfi separatçı Araik Arutyunyanı ələ keçirmək niyyətindədir. Bu göstərir ki, bizdə də müəyyən iş aparılır. Amma rus sülhməramlıların fəaliyyəti sözsüz ki, müsbət qarşılana bilməz və bu narahatlıq onların rəhbərlərinə çatdırılmalıdır".

Politoloq bildirib ki, əslində vəziyyəti gərginləşdirməyə çalışan erməni separatçılarının müharibə aparmaq üçün imkan və resursları sıfırdır: "Görünür, onlara belə tapşırıq verilib. Bu, yaxşı əlamət deyil. Onlar bilirlər ki, hər tərəfdən Azərbaycan ordusunun mühasirəsindədirlər". teleqraf

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 18-02-2022 22:42
Baxış sayı: 4185
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını