Ustad - Məhəmməd Nərimanoğlunun 65 yaşına!

18-02-2022 20:46

Həmişə böyük fəxrlə özümə ustad hesab etdiyim Məhəmməd Nərimanoğludan mən yazıcılığın deyil, insanlığın sirlərini öyrənmişəm. Öyrənmişəm ki, hansı yaşda, hansı statusda, hansı ucalıqda olmağına baxmayaraq, özündən dəfələrlə kiçik, təcrübəsiz bir gəncin ən xırda işinə belə diqqət göstərmək, onu həvəsləndirmək, onda özünə inam yaratmaq olarmış. Öyrənmişəm ki, sevgi təkcə xoş sözlər deyil, bəzən içdən gələn bir təbəssüm də ola bilirmiş. Öyrənmişəm ki, bəzən ən yaxınından, ən doğmandan görmədiyin diqqəti tamamilə yad insandan da görmək olurmuş.
Onu ifadə edə biləcək ən dəqiq və konkret söz “ustad”dır. Sözün açığı, qələmimin Məhəmməd müəllimdən yazacaq qədər güclü olduğunu düşünmürəm, amma öz növbəmdə çıxış etməkdən qürur duyuram.  Fəxrlə deyə bilərəm ki, mənim yazılarımın sonunda Məhəmməd müəllimin imzası yer alır. 
Həyatımızda baş verənlərin heç biri təsadüf deyil. Hər şeyin bir mənası, bir səbəbi var. Ustadla tanışlıq mənim həyatımda dönüş nöqtəsi idi. Yaradıcılığa daha qətiyyətli addım atdığım vaxtlar idi. Bir gün yazılarımı oxuyan ustad mənlə danışmaq istəyir. Düzü, çaşıb qaldım. O vaxtacan Məhəmməd müəllimi canlı görməmiş, kəlmə kəsməmişdim. Çəkinə-çəkinə telefonu qulağıma apardım. Dəstəkdən gələn ilıq, mehriban səs bütün ruhuma rahatlıq bəxş elədi. Mənə müraciətini xatırlayıram: "Qızım".  Ruhuma doğmalıq bəxş edən o səs rəsmi dövlət  qəzetində yazılarımı vermək istəyindən danışırdı. Hələ bunu da dedi ki, mənim yazılarımı mütəmadi izləyir və təqdir edir. Nə yalan deyim, həm sevinmiş, həm də qürurlanmışdım. Ən çox isə təəccüblənmişdim. Axı bizdə var böyüklərin kiçiklərə tərif xəsisliyi, qızırqalanmaqları. O səs isə səmimi, içdən sözləriylə ruhumu isidir, təəccübümdən buza dönmüş hisslərimin donunu açırdı.
Sonra elə ilk dəfə redaksiyada gördüm ustadı. O şax duruşunun, gülən gözlərinin arxasında həmişə kövrək bir qəlb boylandı ruhuma sarı. Gördüm ki, sən demə, onun bu kövrək istisinə qızınan tək insan mən deyiləm. Məhəmməd müəllim əli yetən, ünü çatan hər kəsə, xüsusən, istedad işığı gördüyü gənc qələm sahiblərinə qarşı bu cürdür.
Nə zaman telefonumun ekranında Məhəmməd müəllimin adını görsəm, üzüm gülür. Onunla söhbətlər, verdiyi tövsiyələr tək yaradıcılığıma deyil, həyat yoluma da işıq saçır, mayak olur. Söhbətlərimiz isə Məhəmməd müəllimin təxminən eyni ərkyana tapşırığıyla bitir: "Qızım, bax birdən yaradıcıllq sahəsində nəyəsə ehtiyacın olar, mənə deməzsən ha. Vallah inciyərəm. Öz atan, doğman, əzizin kimi bil məni, nə vaxt nə lazım olsa, çəkinmə..."
Bu həssaslığın ona hardan gəldiyini isə çox sonralar öyrəndim. Gənc yaşından vətəni Kəlbəcəri  itirən, vətənsizlik, yurd yuvasız,  qalan ustadın gəncliyi asan keçməyib. Necə deyərlər, bir qarnı ac, bir qarnı tox, əyni nazik, başı açıq ötüşdürüb günlərini. Ruhunu doyuran, qəlbini isidən isə seçdiyi sənət yolu, şeirləri, məqalələri olub. Bir də ən əsası mərdlik ucalığı.
Bəli, müəllim təkcə dərs öyrədən, tələbə yetişdirən deyil. Müəllim həm də insan yetişdirəndir.Bu gün də Məhəmməd Nərimanoğlu beləcə yüzlərlə, minlərlə jurnalistin insan kimi yetişməsində əvəzsiz rol oynayır.
Kəlbəcərdə doğulub Məhəmməd müəllim. Onun həsrət dolu gözlərində Kəlbəcər kədərini görmək heç də çətin deyildi. Doğma yurduyla bağlı söhbətlərinin, xatirələrinin dəfələrlə dinləyicisi olmuşam. Gah duman gəlib gözlərinə, gah da qəhər oturub boğazına. Amma həmişə gülüb üzü. İnamını, ümidini itirməyib, ətrafındakılara da itirməyə qoymayıb. Nəhayət, tale bəlkə də ustadın bu səmimi, uşaqca inamına cavab kimi bəxş elədi Qarabağı bizə. Doğma yurdu Kəlbəcər işğaldan azad edildi.Zəfər sevincimizdə ən çox diqqət etdiyim ustadımızın həsrət dolu gözləri idi. Zəfər xəbəri ilə qələmə sarılan ustadın sanki gecikməsinə görə torpaqdan üzr istəyir, bu qovuşma üçün göylərə təşəkkür edirdi. Göylər dedim, Allah adamıdır Məhəmməd müəllim. Yaradanına bağlılığı hər birimizə yaxşı məlumdur. İllər sonrakı bu qovuşmanın ilk ünvanı olaraq  Allahına təşəkkürə, minnətdarlığa, şükrə tələsir o. 65 yaşlı el ağsaqqalımıza, qəlbi uşaq kövrəkliyiylə çırpınan böyüyümüzə vətən sevinci, zəfər qüruru bəxş edən Allaha biz də nə qədər şükür etsək, azdır.
 Sovet dövründən " Qızıl qələm" və cənab Prezidentin təltif etdiyi Tərəqqi medalı laureatı, Azərbaycan qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu haqqındakı bu təbrik yazımda fikirlərin, hadisələrin pərakəndəliyi bəlkədə hər kəsi təəccübləndirəcək. Ancaq təəccüblənməyinizi istəməzdim. İnsan çox sevdiyi doğması haqda heç də ölçü-biçili danışa bilmir ki. Axı o sevginin özü ölçüyə sığmır, təsviri necə sığsın?!
Əziz Məhəmməd müəllim!
 Hesab edirəm ki, Tanrının Sizə bəxş etdiyi ömür payını ləyaqətlə yaşayaraq müəyyən qədər ali titullara sahib olmusunuz. Lakin Sizin ən böyük sərvətiniz böyük mənəviyyat sahibi olmağınızdır. Mən Məhəmməd müəllimi "yaxşı adam" adı qazananlar sırasında görürəm. Eşitdiklərim bir həqiqətdir ki, gəncliyindən ləyaqətli, hörmətcil, təvazökar, səmimi, sadə, müsbət keyfiyyətlərinə yenə də sadiq qalib, onları bir az da mükəmməlləşdirib.
Məndən soruşsalar ki, ustadın bir insan kimi ən ümdə xüsusiyyəti nədir, tərəddüdsüz deyərdim: Mülayimliyi! Mülayimlik isə daxili mədəniyyətdən və təvazökarlıqdan doğur. Təvəzökarlıq - ən böyük insani keyfiyyətdir. 
Bəli, bu insan dərdi ilə sevincin üzünə gülən, danışanda nağıl kimi danışan, xeyirlə şəri bəşərin övladı hesab edən gözəl şairimiz Məhəmməd Nərimanoğludur. Bu gün onu doğum günüdür.65 ildir dərdini çəkib dərdə düşdüyü torpağın üstündə üzü günəşə doğru addımlayır. Hər addımı bir misradı, hər misrası bəşərdi:
Ustad!  Siz hər şeydən öncə doğma Azərbaycana və onun qiymətli parçası olan Kəlbəcər diyarına səmimi hissiyyatlarla yanaşan, bu yurda daim ucalıq gətirən şərəfli bir övladsınız. Qismətinizə çoxlarına müyəssər olmayan ömür payı düşsə də, Tanrı Sizə həm də yaşınıza uyğun olan gümrahlıq, yüksək məntiqli düşüncə tərzi, gözəl nitq qabiliyyəti bəxş etmişdir. Yüksək iş qabiliyyətinizə isə sözün əsl mənasında qibtə etmək olar. 
Deyirlər, dünya elmin nuru ilə ziyalanar, əqildən qüdrət alar, mənəvi dayaqlar üzərində möhkəmlənər. Bu xoşbəxt insan sevgi yolunu tutub həm öyrənir, həm də öyrədir. Yaxşılığını heç kəsdən əsirgəməyən, heç kimə pislik arzulamayan 65 yaşlı ustadı həyat və yaradıcılığını coşqun bir dənizə bənzətsək, mənim dediklərim dəryadan bir damlaydı.
Sonda əzizimiz, dəyərli ustadımızı 65 illik yubileyi münasibətilə həm öz adımdan, həm də ailəmin adından təbrik edir, ona möhkəm can- sağlığı, uzun ömür arzulayıram!

P.S:Haqqınızı halal edin, ustad. Ustadım, mənim ən böyük şansım sizin tələbəniz olmaqdır. Bundan son dərəcə qürur duyur, fəxr edirəm. Ustadım, Siz bizim nəinki rəsmi qəzetin, həm də jurnalıstikamızın dayağısınız. İnşallah önümüzdəki uzun illərdə biz sizinlə əlamətdar günləri, məhz doğma yurdunuz Kəlbəcərdə, Şuşada Cıdır düzündə, Xarıbülbül təravətli Qarabağın bahar çağında qeyd edəcəyik. Heç şübhəsiz, "qızınızın" (Müəllim daim mənə belə müraciət edər) uğurlarına baxıb daim qürur duyacaqsınız. Mən buna inanıram, ustadım. Mən sizin açdığınız çığırla addımlayacam. Və sizin tələbəniz olmaqdan bir ömür qürur duyacam.

Aygül Bağırova

Dalidag.az ailəsi olaraq, ürəyi Kəlbəcərlə döyünən, ömrünün yarıdan çoxunu söz cəbhəsində döyüşən, qələmə silah kimi sarılan, haqqın səsi, ədalətin çarçısı olan dəyərli Məhəmməd Nərimanoğlunu 65 yaşı münasibətilə təbrik edirik! Sayğılı yurddaşımıza, əziz dostumuza sağlam can, yaradıcılıq uğurları, ən əsası tezliklə canından çox sevdiyi Kəlbəcərdə yaşayıb-yaratmağı arzu edirik. Qələminiz kəsərdən düşməsin, ürəyiniz sevgidən, ruhunuz sözdən soyumasın, Məhəmməd Nərimanoğlu!



Kateqoriya: Kəlbəcər
Tarix: 18-02-2022 20:46
Baxış sayı: 2288
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını