"Anam Dəlidağdı, vüqarım Mirov, ya daş olam zirvəsində, ya qirov..." - Hümmət QƏLBİNUR

03-02-2022 13:53

Bu gün Kəlbəcərli müəllim-şair Hümmət Əmrahovun vəfatından qırx gün ötür.

Dalidag.az xəbər verir ki, qırx gün əvvəl minlərlə soydaşımız kimi ürəyi yurd həsrəti ilə qubarlanmış H.Əmrahov narahat ruhunu göylərə təslim etdi. Cismini yurda qovuşdurmaq arzusu qəlbində, tərk etdi bu fani dünyanı. Bircə təsəllimiz odur ki, Kəlbəcərin işğaldan azad olunduğunu gördü və bu nisgillə ölmədi. Bəlkə də indi zirvəsi qarlı dağları dolaşır, son ünvanı Kəlbəcərin göylərində pərvaz edir ruhu... Müqəddəs peşə sahibi olan Hümmət müəllim çoxsaylı yetirmələrinin, onu sevən hər kəsin qəlbində yaşayacaq. O həm də Tanrının seçilmişlərindəndir, sözüylə  unudulmazlar sırasında əbədi yerini tutub. 

Qeyd edək ki, Hümmət Məhəmməd oğlu Əmrahov (Hümmət Qəlbinur) 1936- cı ildə Kəlbəcər rayonunun Çovdar kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta məktəbi isə Kəlbəcər şəhərində bitirib. 1962 -ci ildə Azərbaycan Pedoqoji İnstitutuna (APİ) qəbul olub. Uzun müddət Kəlbəcərin ucqar kəndlərində, daha sonra Qax rayonunun Şıxlar kəndində müəllim kimi fəaliyyət göstərib.
H.Əmrahov həm də ədəbi yaradıcılıqla məşğul olurdu. Kəlbəcərdə nəşr olunan "Yenilik" qəzetinin nəzdində fəaliyyət göstərən "Dəlidağ nəğmələri" Ədəbi Birliyinin üzvü olub və mütəmadi olaraq adıçəkilən qəzetdə şeirləri dərc edilib. 1988-ci ildən Qax rayonunda təsis olunmuş "Kürmük nəğmələri" Ədəbi Birliyinin üzvü idi. Davamlı olaraq yerli "Şəlalə" qəzetində və bir çox mətbu orqanlarda ədəbi nümunələri yer alıb. Şeirlərini Hümmət Qəlbinur təxəllüsü ilə yazıb. "Ömür payıma düşən dünyam" və "Peyğəmbərnamə" adlı şeirlər kitabının müəllifidi.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

XOŞBƏXTDİR QOYNUNDA DOĞULAN, ÖLƏN 

Məslək aynasıdır, vicdan insanın,
Əqidəcə paklar baxır, keçirlər.
Ağıldı mənası hər adın, sanın,
Hər kəsi onunla tapır, seçirlər.

Ağıl da, ürəkdə bir müəmmadır,
Ürək mərhəmətli ağıldan keçir.
Yaxşılıq həyatın bəhrə-barıdır,
Yamanlıq nakəsin qanından keçir.

Öz tamah hissinin əsri olanlar,
Bilərək yol verir hər xəyanətə.
Tamahin tacıdir bu gün yalanlar,
İndi təhlükədir, bunlar həyata .

Hər kəsdə olmaya qan qaralığı,
Hər ürəkdən keçən qan durulaydı.
Bu olar insanda bir üz ağlığı,
Bir döyünə ürək, qan bir olaydı.

Kim çəkər çiynində yükün dünyanın,
Olmasa həyatda yaxşı adamlar.
Qəlbini duysaydı, insan insanın,
Dünyada dərd olmaz, kədər azalar.

İstər yüz dərd olsun, istər yüz məlal,
Üstümüzdə haqqın, borcun var, Vətən.
Səni düşünənə edirsən halal,
Xoşbəxtdir qoynunda doğulan, ölən.

Ağrımı, acını duyan düşünən,
Vətənə layiqsə yaşıyacaqdır.
Otunu ürəyə bir məlhəm bilən,
Səninlə dərdini, daşıyacaqdır. 

ÖMÜR PAYIMA DÜŞƏN DÜNYAM

Üzdə kədər, gözdə yaşdı.
Ömür payıma düşən dünyam,
Çiynində bir ağır daşdı,
Ömür oayıma düşən dünyam.

Düşdü vüqarım gözümdən,
Təbəssüm itdi üzümdən.
Saldı məni öz gözümdən,
Ömür payıma düşən dünyam.

Hümmət, get yar daşın bağrın,
Çoxdu onsuz acın ağrın.
Zəhər oldu zəhmət barın,
Ömür payıma düşən dünyam

GÖZLƏRİN

Ağla göz yaşların qəlbimə axsın,
Gəzən bulud təki dolan gözlərin.
Bir baxışla, neçə ürək fəth olur,
Hər ölümə bais olan gözlərin.

Bəlkə gözlər idi yanan çırağım,
Oddan betər oldu, göz çəkən dağım.
Göz yumulsa itər eşqin, sorağım,
Ömrümə son olar, solan gözlərin.

Gözlərdən od düşdü əridim, yandım,
Baxışın dağ vuran bir şimşək sandım.
Elə bil ki, yatmış idim, oyandım,
Aldatdı Hümməti yalan gözlərin.

KƏLBƏCƏR LOĞMANIM, ŞƏFA OCAĞIM 

Üfüq çırağıdır, günəş ocağı,
Cənnət yaranıbdır hər bir bucağı,
Bənövşə müjdəçi, lalə bayrağı,
Səmasında ulduz parlayan danım,
Kəlbəcər loğmanım, şəfa ocağım,
Yurdumsan, yuvamsan, ana qucağım.

Anam Dəlidağdı, vüqarım Mirov,
Ya daş olam zirvəsində, ya qirov.
Şimşəkdən zirvəyə düşəndə alov,
İstərəm ki, daş əvəzi mən yanım.
Kəlbəcər loğmanın, şəfa ocağım,
Yurdumsan, yuvamsan, ana qucağım.

Torpaqla əkizdir keçmişin, ulun,
Amalın haqq olub, həqiqət yolun,
Tərtər bir qolundu,Tutqu bir qolun.
Deyir: Vətən, sənə qurbandır canım,
Kəlbəcər loğmanım, şəfa ocağım,
Yurdumsan, yuvamsan, ana qucağım.

ÜŞÜYÜRƏM DONURAM MƏN 

Vətən sənin həsrətindən,
Alışıram yanıram mən.
Alovunun atəşində,
Üşüyürəm, donuram mən.

Nə ağırdı kədər yaşı,
Yandırır torpağı, daşı.
Göz yaşımdır qəm sirdaşı,
Boşalıram, donuram mən.

Ümid yoldur, haqq amalım,
Onu gəzir hey xəyalım.
Yaxşı olanda dostlarım,
Bir təsəlli alıram mən.

Ərşə çatsa da harayım,
Sökülür ömür sarayım.
Qürbət ünvan, həsrət payım,
Bu ünvanda qalıram mən.

Hümmət, oxdu nadan sözü,
Batsa qəlbə qalır izi.
Hiylə ilə gülən gözü,
Baxışlardan qanıram mən.

Hümmət QƏLBİNUR
Dalidag.az
  



Kateqoriya: Kəlbəcər
Tarix: 03-02-2022 13:53
Baxış sayı: 4498
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını