"Cavid, nə Gülüstan, nə bağ itirdin, ata timsalında bir dağ itirdin" - Nəriman Həsənzadə

16-01-2022 15:53

                                      Qənbər Şəmşiroğlu

(Elegiya)


1987-ci ildən yaxından tanıdığım, dəyərli ziyalı, istedadlı şair, nasir, daramtuq, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun haqq dünyasına qovuşmasını eşidəndə bu, mənə çox pis təsir elədi. 
Çünki biz onunla “Ağdaban harayı” adlı pyes üzərində işləyirdik. Bu il Ağdabanın işğalından otuz il keçir. Çox istəyrdim ki, o, bu pyesin premyerasında iştirak eləsin. Biz onunla bir vaxtlar “Caninin etirafı” romanı əsasında eyni adlı pyesini işləmişdik. Bu pyesə mən 2019-ci ilin oktyabr ayında Mingəçevir Dövlət Dram Teatrında quruluş vermişdim. O, pyesin məşqləri ilə tez-tez maraqlanırdı, amma xəstə olduğuna görə Mingəçevirə gələ bilmirdi. Mən də məşqlərin uğurlu getməsi ilə bağlı ona məlumat verirdim. 2019-ci ilin oktyabr ayının 25-də tamaşanın ilk premyerası yüksək səviyyədə qarşılandı. Qənbər müəllim bunu eşidəndə çox sevindi. Elə bu pyeslə də Qənbər Şəmşiroğlu həm də dramaturq kimi yaddaşlarda qaldı. Bu tamaşa az bir vaxtda təkcə Mingəçevirdə yox, qonşu rayonlarda və hətta Gəncədə kəlbəcərlilər məskunlaşan ərazidəki Mədəniyyət Sarayında göstərməklə böyük tamaşaçı marağına səbəb oldu. Biz bu tamaşanı 2020 -ci ilin fevral ayının 17 və 18 tarixlərində Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində oynamaqla tələbkar paytaxt tamaşaçılarının da maraqla qarşıladığını gördük. 18 fevral tarixindəki tamaşaya Qənbər Şəmşiroğlu xəstə olsa da gəlib baxdı.Tamaşadan çox razı qaldı. Tamaşa haqqında özünün ürək sözlərini dedi və bunlar da video lentə çəkildi. Həmin gün bir neçə özəl televiziya kanalları gəlib tamaşanı çəkdilər. Çoxlu jurnalistlər, teatrşünaslar tamaşa haqqında maraqlı ressenziyalar yazdılar. Oynadığımız hər iki tamaşa böyük anşlaqla keçdi. Hətta zalda yer olmadığından əlavə çoxlu stul da zala qoyulmuşdu ki, tamaşaçılar ayaq üstə qalmasın.Tamaşanın hər bir epizodu da böyük tamaşaçı alqışları ilə qarşılanırdı. Həmin tarixi günlərdən çoxlu foto şəkillər və üç video çəkiliş də bizə yadigar qaldı.
Hələ 2019-cu ildə “Caninin etirafı” pyesi üzərində işlədiyimiz vaxtı Qənbər müəllim mənə Ağdaban kəndinə erməni faşistlərinin necə divan tutması ilə bağlı maraqlı məlumatlar da verirdi və deyirdi: “Bu pyesdən sonra biz sizinlə “Ağdaban harayı” adlı bir pyes də işləyək. Bununla başlı mənim çoxlu yazım var. Kəlbəcərin ən böyük yaşayış massivlərindən olan Ağdaban kəndinin faciəsini Xocalı faciəsindən sonra Qarabağda ən böyük faciə hesab etmək olar. Bu kənd ermənilər tərəfində iki dəfə işğal olunub. 1992-ci ilin aprel ayının 8-də və bir də 1993-cü ilin aprelində. İlk hücum zamanı erməni faşistləri həmin kənddə 53 evi tamamilə yandırıblar. Kəndin bütün mal-qarasını və qoyun sürülərini aparıblar. Həmin döyüşdə Ağdabanda 40 nəfər adam faciəli surətdə həlak olub. Onlardan elə 14 nəfəri mənim əmim, əmim uşaqları olub. Babam Ağdabanlı Qurbanın və atam Dədə Şəmşirin bütün əlyazmalarını erməni gavurları yandırıblar”…
Dünyanı lərzəyə salan COVİD-19 pandemiyasının 2020 -ci ilin mart ayından Azərbaycanda da tüğyan eləməsi bizim Ağdabanla bağlı arzumuzu bir qədər ləngitdi. Biz daha Qənbər müəllimlə görüşə bilmədik. Amma onun mənə verdiyi çoxlu sənədlər və yazılar əsasında mən həmin pyesi işləməyə başladım. 2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsi də 44 günə Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və yüksək təfəkkürü, igid əsgərlərimizin rəşadəti sayəsində bu müharibənin bizim qələbəmizlə başa çatması müllətimizi və bizi sevən millətləri çox sevindirdi. Bu müharibə dünya hərb elminə analoqu olmayan hadisə kimi daxil oldu. Hətta Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan ermənilərdən təmizləndi. Bu, daha böyük tarixi hadisə oldu. Qənbər müəllim buna çox sevinirdi. O, gedib Kəlbəcəri də gördü. Hətta biz keçən ilin oktyabr ayında maraqlı şair, jurnalist, publisist, Əməkdar həkim Nəriman Ocaqlı ilə birlikdə “Caninin etirafı” pyesini, tamaşadan şəkilləri, tamaşa haqqında ressenziyaları toplayıb bir kitab kimi çap etdirdik. Qənbər müəllim bu kitabı görəndə çox sevindi. Artıq “Ağdaban harayı” pyesi üzərində işlərimiz sürətləndi. Demək olar ki, pyes üzərində son işlər getdiyi bir ərəfədə acı bir xəbər eşitdim. Qənbər Şəmşiroğlu 2021-ci ilin dekabr ayının 30-da 88 yaşında haqq dünyasına qovuşub. Eşitdim ki, pandemiya qadağalarına baxmayaraq, onun dəfni çox böyük izdihamla keçib. Bu da xalqımızın böyük ziyalısına, dəyərli yazıçısına, ictimai xadiminə, el ağsaqqalına olan sevgisinin, hörmətinin bariz nümunəsi idi. Mənə pis təsir bağışlayan o idi ki, çox istəyirdim Qənbər Şəmşiroğlu “Ağdaban harayı” pyesinin də tamaşasını görsün. O, özü də bunu çox istəyirdi. Nə etmək olar? Deməli, Ulu Tanrı belə məsləhət bilibmiş. Onun işinə qarışmaq olmaz…
Hörmətli professorumuz, Milli Aviasiya Akademiyasının kafedra müdiri, Xalq şairi Nəriman Həsənzadə ilə zəngələşib birlikdə Qənbər Şəmşiroğlunun yasına getdik. Mən bilirdim ki, onların dostluğu çox qədimdir. Hətta mən “Caninin etirafı” tamaşasını məşq edəndə Nəriman müəllim də zəng vurub, məşqlərin gedişi ilə maraqlanırdı. 2020 -ci ilin fevral ayının 17-də gəlib Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində bu tamaşaya baxdı və çox xoşuna gəldi. Tamaşa haqqında maraqlı ressenziya da yazdı. Yasa gedəndə və yasdan qayıdanda mən yol boyu Nəriman müəllimin Qənbər Şəmşiroğlu ilə necə tanış olması və bu tanışlığın necə müqəddəs dostluğa çevrilməsi ilə bağlı ona bir neçə sual verdim. Elə ilk sualım da belə oldu:

                                                                  Nəriman Həsənzadə

-Nəriman müəllim, siz Qənbər Şəmşiroğlu ilə necə tanış olmusunuz?
-Qənbər Şəmşiroğlu ilə mənim tanışlığımın, dostluğumun təxminən 60 ildən çox tarixçəsi var. Yadıma gəlir ki, 1950-ci illərin axırlarında Azərbaycan Yazıçılar İttifaqında bir neçə şair, nasirlə söhbət edirdik. Həmin vaxtı ora uca boylu, ağ saçlı bir kişi və onun yanında elə onun kimi uca boylu cavan bir oğlan gəldi. Onlar bizdən bir qədər aralıda duran bir cavan yazıçıdan Osman Sarıvəllinin otağını soruşdular. Həmin cavan çox etinasız cavab verdi. Mən bu kişinin şəkillərini gördüyümdən, haqqında yazılanları oxuduğumdan maraqlanıb onlara yaxınlaşdım və dedim:
-Siz aşıq Şəmşirsiniz?
Həmin cavan dedi:
-Bəli. Aşıq Şəmşirdi.
Artıq həmin cavanlar da onlara maraqla baxmağa başladılar.Çünki Azərbaycanda hamı həmin vaxtlar dahi Səməd Vurğunla, Aşıq Şəmşir haqqında çox tez-tez danışırdılar. Onların maraqlı deyişmələri, dostluğu bir dastan kimi xatırlanırdı. Həmin vaxtı artıq Səməd Vurğun haqq dünyasına qovuşmuşdu. Söhbət əsnasında məlum oldu ki, Aşıq Şəmşir Osman Sarıvəllinin təkidi ilə şeirlərini, qəzəllərini, qoşmalarını gətirib ona versin. Çünki hələ ustadımız Səməd Vurğun sağlığında Aşıq Şəmşiri məcbur eləmişdi ki, şeirilərini, qəzəllərini, qoşmalarını gətirsin və Azərbaycan Yazıçılar İttifaqı onları kitab kimi çap etdirsin. Həm də Aşıq Şəmşiri Azərbaycan Yazıçılar İttifaqının üzvü eləsinlər. Amma Aşıq Şəmşir çox təvazökar olduğundan bunu eləməmişdi. Çünki o, heç vaxt özünün təbliği ilə məşğul olmurdu. Aşıq Şəmşir Səməd Vurğunla dostluğundan fəxr edirdi. Səməd Vurğun da Osman Sarıvəlliyə vəsiyyət eləmişdi ki, Aşıq Şəmşirin şeirlərini, qəzəllərini, qoşmalarını çap etdrisin və özünü də Yazıçılar İttifaqının üzvü eləsinlər. Xalq şairi Osman Sarıvəlli də həmin vaxtı Yazıçılar İttifaqının poeziya üzrə məsləhətçisi idi. Mən onları Osman Sarıvəllinin yanına apardım. Onlar Aşıq Şəmşirlə çox mehriban görüşdülər. Biz yenə də elə foyedə idik. Sonra onlar Osman Sarıvəlli ilə birlikdə otaqdan çıxdılar. Mən onlara yaxınlaşdım və məlum oldu ki, Osman müəllim ona kömək etməyə söz verib. Biz həmin cavan oğlanla tanış olduq. Dedi adım Qənbərdir. Aşıq Şəmşirin oğluyam. Mən onlarla birlikdə Sahil bağına (keçmiş 26-lar bağı) düşdüm. Orada yenə də Aşıq Şəmşirlə və Qənbər müəllimlə söhbət elədik. Bax, həmin vaxtdan bizim tanışlığımız başladı. Aşıq Şəmşir və Qənbər Qurbanov məni Kəlbəcərə dəvət elədilər. Həyat yoldaşım Sara xanımla onlara qonaq getdim. Bizi çox yaxşı qarşıladılar. Elə həmin vaxtlardan bizim artıq ailəvi dostluğumuz başlamışdı. Orada mən Aşıq Şəmşirin ömür-gün yoldaşı Güllü ana ilə də tanış oldum. Sinəsi sözlə dolu olan bu xanım, həqiqətən də Aşıq Şəmşirə təkcə həyat yoldaşı yox, həm də özünün uzaqgörənliyi ilə bir arxa, dayaq, həmdərd idi. Yaradıcı insanın həyat yoldaşı belə olanda, ona böyük ilham verir. Az bir vaxtda Osman Sarıvəllinin köməkliyi ilə Aşıq Şəmşirin Yazıçılar İttifaqı tərəfindən kitabı çap olundu və özünü də Azərbaycan Yazıçılar İttifaqının üzvü elədilər. Ulu öndər Heydər Əliyevin sayəsində ona Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verildi. Sonra mən “Ədəbiyyat və İncəsənət” qəzetinin baş redaktoru olanda qəzetdə Aşıq Şəmşirin şeirlərini, qəzəllərini, qoşmalarını çap edirdim. O vaxtlar bilirdim ki, Qənbər Şəmşiroğlu ( Qurbanov) da şeirlər yazır, amma dövlət vəzifəsində işlədiyinə görə həmin bədii əsərlərini çap etdirmək istəmir. Müstəqillik dövrümüzdə isə artıq Qənbər Şəmşiroğlu da öz bədii əsərlərini çap etdirməyə başladı. Ara-sıra mən onun çap olunan əsərlərini oxuyurdum. Dostumun bu uğurlarına sevinirdim. Mən sonra yenə də Kəlbəcərdə Qənbər müəllimin qonağı olmuşdum. O vaxt Dədə Şəmşir artıq haqq dünyasına qovuşmuşdu.
-Eşitmişəm. Sizin həyat yoldaşınız Sara xanım sağalmaz onkoloji xəstəliyə tutulanda siz onu inandırıbsınız ki, Qarabağa, Kəlbəcərə gəzməyə getsək sən sağalacaqsan. Beləliklə, siz onunla Qarabağı gəzibsiniz və sonra bir həftədən çox Kəlbəcərdə Qənbər müəllimin qonağı olubsunuz. Bunu mənə Qənbər müəllim danışıb.
- Elədi. Həmin vaxtı mənə həkimlər dedilər ki, Sara xanımın fikrini dağıtmaq, ona xoş əhval-ruhiyyə yaratmaq üçün siz Bakıdan harasa getməlisiniz. Mən də
Qarabağı seçdim. Orada mənim çoxlu dostum vardı. Ən əsas dostum da Qənbər müəllim idi. Biz Qarabağı gəzdikcə həqiqətən də Sara xanımın əhvalı yaxşılaşdı. Sonra Kəlbəcərdə Qənbər müəllimin bizi əziz qardaşı və dostu kimi qarşılaması Sara xanımın da ürəyincə oldu. Onun övladları da mənə əmi kimi hörmət edirdilər. O vaxt Qənbər müəllim Kəlbəcər rayon İcraiyyə Komitəsinin sədri idi. Orada təkcə atası Dədə Şəmşirə görə yox, özünün də böyük bacarığına, ziyalılığına, təşkilatçılığına görə hörməti çox idi. Kəlbəcərlilər onu çox sevirdi. O, Kəlbəcərdə əsl el ağsaqqalı idi. Biz orada olduğumuz müddətdə bunun tam şahidi olduq.
-1993-cü ilin aprel ayında Kəlbəcər erməni faşistləri tərəfindən işğal olunandan sonra sizin Qənbər müəllimlə yenidən görüşləriniz olubmu?
-Əlbəttə. Bizim həmin vaxtdan sonra onunla görüşlərimiz daha çox olurdu. Qənbər Şəmşiroğlu bütün gücünü, bacarığını sərf elədi ki, kəlbəcərlilər respublikanın rayonlarına yayılmasınlar, onlar bir yerdə məskunlaşsınlar. Ona görə də Gəncə və Daşkəsən Kəlbəcərə daha yaxın olduğuna görə o, bir qrup kəlbəcərli ziyalılarla birlikdə buna nail oldu. Kəlbəcərlilər üçün Gəncədə ayrıca böyük bir qəsəbə salındı. Kəlbəcərlilərin bir hissəsi də Yevlaxda yerləşdirildi. Elə Qənbər müəllim özü də Yevlaxda yerləşdi. Orada məskunlaşan kəlbəcərlilərə ağsaqqallıq elədi. Sonra onun oğlu, böyük ziyalı, gözəl təşkilatçı insan Cavid Qurbanov kəlbəcərlilər tərəfindən Millət vəkili seçiləndən sonra o da Kəlbəcər camaatı üçün böyük işlər gördü. Kəlbəcər camaatı onun bu böyük əməyini həmişə yüksək qiymətləndirir. Ölkə başçımız, xalqımızın sevimlisi, Qarabağ müharibəsinin fatehi cənab İlham Əliyev Cavid Qurbanovun belə böyük təşkilatçılığını görüb, onu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin elədi. Cavid müəllim də ölkə başçımızın bu ümidini doğrultdu və bu gün dəmir yolu sahəsində böyük, perspektivli işlər görülür.
-Qənbər müəllim deyirdi ki, onu yaradıcılığa siz daha çox həvəsləndiribsiniz.
-Mən hələ Kəlbəcərdə olanda onun çoxlu şeirlərini, qoşmalarını, qəzəllərini və nəsr əsərlərini oxudum. Hamısı xoşuma gəldi. Dedim ki, bunları çap etdirmək lazımdır. Bu əsərlər çap olunub, xalqa çatdırılmalıdır. O, bu işlə ciddi məşğul oldu və artıq 30-dan çox kitabı çap olunub. Bu kitablar da onu yaşadacaq. Həmin kitabların hamısını mənə verib. Hətta 6 cildlik seçilmiş əsərlərini də dostum Qənbər Şəmşiroğlu mənə ərməğan edib. 2019-cu ildə siz də bir dəfə söhbətimiz əsnasında dediniz ki, “Qənbər Şəmşiroğlunun “Caninin etirafı” romanı əsasında səhnələşdirdiyimiz pyesə Mingəçevir Dövlət Dram Teatrında quruluş verəcəm”. Mən buna çox sevindim və sizə uğurlar arzu elədim. Siz həmin ilin sentyabr ayında bu əsərin məşqlərinə başladınız. Mən dostum Qənbər Şəmşiroğlunun ilk pyesinin məşqlərinin necə getdiyi ilə sizə zəng vurub maraqlanırdım. Siz də mobil telefonla mənə zəng vurub dediniz ki, “çox maraqlı tamaşa hazırlayıbsız. Tamaşaçılar da tamaşanı çox yaxşı qarşılayıblar”. Həmin vaxtı mən dostum Qənbər müəllimə zəng vurub, bu tarixi hadisə münasibətilə onu təbrik elədim. Ədəbiyyatda dramaturgiya janrı çox çətin janrdı. Dostumun bu sahədə də uğuruna çox sevindim. Nəhayət, 2020 -ci ilin fevral ayında siz bizə gəlib mənə dəvətnamə gətirdiniz ki, fevral ayının 17 və 18-də həmin tamaşanı Azərbaycan Milli Akademik Dram Teatrının səhnəsində oynayacaqsınız. Bu, mənim üçün bir
sürpriz oldu. Çünki cavanlıq dostum Qənbər Şəmşiroğlunun ilk səhnə əsərinə baxmaq mənə nəsib olacaqdı. Beləliklə, fevral ayının 17-də dostlarım-tarix elmləri doktoru, professor Musa Quluzadə, Əməkdar mədəniyyət işçisi, teatrşünas Atababa İsmayıloğlu ilə həmin tamaşaya baxmağa getdik. Elə ilk başlanğıcdan tamaşa bizi çox maraqlandırdı. Çünki tamaşada olan kalliziyalar, çox konfliktli, dramatik səhnələr, tez-tez hadisələrin maraqlı formada dəyişməsi, aktyorların peşəkar oyunu və rejissorun maraqlı tapıntıları tamaşaçılarda böyük maraq yaradırdı. İlk dəfə səhnə əsəri işləyən, cavanlıq dostumun dramaturgiya sahəsindəki bu peşəkarlığına heyran qaldım. Tamaşa böyük uğurla, tamaşaçıların tez-tez səslənən gurultulu alqışları ilə sona yetdi. Bu tamaşa da son vaxtlar maraqla baxdığım səhnə əsərlərindən biri kimi yaddaşımda qaldı. Tamaşadan evə gələndə ona zəng vurub, bu uğuruna görə dostumu təbrik elədim. Ona dedim ki, “gün o gün olsun ki, bu tamaşa Kəlbəcərdə oynanılsın”. Eşitdim ki, Qənbər Şəmşiroğlu özü də xəstə olmasına baxmayaraq, fevralın 18-də tamaşaya gəlib baxıb. Elə həmin axşam da zəng vurub, cavanlıq dostumu bu böyük uğuru münasibətilə bir daha təbrik elədim. O da tamaşadan çox razı qaldığını dedi.
Artıq mənim həmin arzum çin olub. Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyevin qətiyyəti və igid əsgərlərimizin təkrarolunmaz qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsi ilə Qarabağı erməni gavurlarından təmizləmişik. Bununla bağlı mən də qəhrəmanlıq odası olan “Qarabağ Azərbaycandı, “Qarabağnamə”m İlhamdı” adlı səhnə əsəri yazmışam. Həmin əsərə də siz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verməyə hazırlaşırsınız. Sizə də uğurlar diləyirəm və minnətdarlığımı bildirirəm. Bir vaxtlar mənim də böyük həvəslə getdiyim, çoxlu xatirəmin beşiyi sayılan Kəlbəcər də artıq yağı düşmənlərdən təmizlənib. Deməli, “Caninin etirafı” tamaşası tezliklə Kəlbəcərdə göstəriləcək. Arzum, istəyim bu idi ki, hər iki tamaşa Kəlbəcərdə və bütövlükdə Qarabağda oynanılsın. Biz də cavanlıq dostum Qənbər Şəmşiroğlu ilə birlikdə Kəlbəcərdə və başqa bölgələrdə həmin tamaşalara baxaq. Əfsus ki, Ulu Tanrı mənim bu müqəddəs arzumun çin olmasına imkan vermədi. 60 ildən çox müddətdə dostluq elədiyim Qənbər Şəmşiroğlunun haqq dünyasına qovuşması elə bil ki, mənim qolumu-qanadımı sındırdı… ( Nəriman müəllim bu sözlərdən sonra tutuldu. Arada sükut yarandı. Bir qədər sonra yenə də sözünə davam elədi.)
1990-cı ilin 10 iyun tarixində Bakıdan Kəlbəcərə ailəsinə baş çəkməyə gedən zaman Ağdərə rayonundan Kəlbəcər ərazisinə keçəndə Tərtər çayının sahilində yerləşən Otaqqaya deyilən yerdən avtobus karvanı keçən zaman meşədə gizlənən erməni terrorçuları Kəlbəcərə gedən avtomobil karvanını gülləbaran ediblər. Həmin vaxtı Dədə Şəmşirin qızı, Qənbər müəllimin bacısı Çimnaz xanım bir sıra kəlbəcərlilər kimi atışma zamanı şəhid olub. Mən həmin vaxtı bunu eşidəndə çox pis oldum. Elə həmin vaxtı da bu faciə ilə bağlı bir şeir yazdım. O şeir qəzetlərdə çap olundu. Bu şeirə görə mənə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən Dədə Şəmşir medalı verildi.
Qənbər müəllimin də vəfat etməsi məni çox yandırdı. 60 illik dostuma bir şeir də həsr elədim. Belə adlanır: “Dost itgisi ağırdı”. Bu şeiri Cavid Qurbanova müraciətlə yazmışam. İstəyirəm həmin şeiri sizinçün oxuyum.
-Oxuyun. Bu, çox maraqlı olar.

- Cavid, nə Gülüstan, nə bağ itirdin,
Ata timsalında bir dağ itirdin.
Kəlbəcərdə bir Qarabağ itirdin,
Əymə qamətini, şax dayan, oğlum.

Şəmşirin sazıydı, sözüydü Qənbər,
Şəmşir ocağının közüydü Qənbər.
Bir elin, obanın özüydü Qənbər,
Ayrılma o eldən- obadan, oğlum.

Gedən, hayıf olan ömürdü, yaşdı,
Yaşamaq özü də bir ehtiyacdı.
Gördüm, el yeridi, el vidalaşdı,
İndi səni deyir Ağdaban, oğlum.

Əsliniz- nəsliniz ocaqdı, pirdi,
Dağlar o dağlardı, yerlər o yerdi.
Allah o ilhamı sənə də verdi,
Bu tale çıxarmı heç yaddan, oğlum.

Bu dünya daimi bir tamaşadı,
Sevinci tək gəlir, qəmi qoşadı.
Halal ömür sürdü, halal yaşadı
Həm Nəriman əmin, həm atan, oğlum.

-Sağ olun, Nəriman müəllim. Çox maraqlı və səmimi şeirdi. Allah sizi qorusun.
-Mən tam inanıram ki, cənab Prezidentimizin sayəsində Qarabağ yenidən cənnətməkan bir diyar olcaq. Kəlbəcər də əvvəlkindən daha gözəl olcaq.Tezliklə ora qayıdış başlayacaq. Kəlbəcər böyük sərvəti olan bir diyardır. Kəlbəcərlilər də Qənbər Şəmşiroğlunun adını hökmən əbədiləşdirəcəklər. Hətta sizin onunla birlikdə yazdığınız “Ağdaban harayı” tamaşası da “Caninin etirafi” ilə birlikdə Kəlbəcərdə göstəriləcək. Həmin vaxt mənim əziz dostum Qənbər müəllimin də ruhu bu tamaşaları böyük sevinclə seyr eləyəcək. İndi isə dostuma Allahdan rəhmət diləyirəm. Allah bizə səbr, sağlamlıq versin ki, qeyd etdiyim tarixi günləri biz də görək.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


P. S. Nəriman müəllimin bu sözlərindən sonra gördüm ki, biz artıq Mərdəkanda müalicə aldığım “Günəşli” Sanatoriyasına gəlib çatmışıq. Onunla sağollaşıb maşından düşdüm. Artıq xəyalımda canlandırmağa başladım ki, hər üç tamaşanı - Nəriman Həsənzadənin “Qarabağ Azərbaycandı, “Qarabağnamə”m İlhamdı” və Qənbər Şəmşiroğlunun “Caninin etirafı”, “Ağdaban harayı” tamaşalarını biz Qarabağın bütün bölgələrində oynayırıq və böyük tamaşaçı alqışları ilə qarşılanırıq. Qənbər müəllimin ruhu da bu mənzərəni seyr edir və sevinir. Mən isə deyirəm: “Ruhunuz mübarək, hamımızın əzizi, sevimlisi, Kəlbəcəri müqəddəs ocağı bilən əvəzsiz yazıçımız, ictimai xadimimiz və dəyərli ziyalımız Qənbər Şəmşiroğlu!”

Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 16-01-2022 15:53
Baxış sayı: 2624
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını