Reklam
Bir soyadın tarixçəsi - İlham Məmmədli yazır
10-12-2021 19:38
Rəhman Verdiyev
Həyatıma şirinlik qatan məqamlardan biri də bu olub ki, dostlarım arasında özümdən yaşlı insanlar da az olmayıb. Peşəsindən və sənətindən asılı olmayaraq bu dostluq körpüsünün özülündə isə çox vaxt sözə-saza bağlılıq, yurd sevgisi kimi mübhəm hisslər dayanıb.
Belə unudulmaz insanlardan biri də bu yaxınlarda dünyasını dəyişmiş gözəl alim, incə duyğulu şair, hər şeydən öncə isə müdrik ağsaqqal idi. Yaxşı xatırlayıram ki mən hələ uşaq olanda böyüklərimiz bir soyadı hər zaman böyük hörmət və ehtiramla xatırlayırdılar. “Verdiyev yaxşı katib idi… Səməd Vurğun Kəlbəcərə gələndə katib Verdiyev idi… Rayona Verdiyev kimi katib gəlmədi və s.”. Beləcə üzünü görmədiyim Verdiyev (sonralar bildim ki, söhbət mərhum Səfər Verdiyevdən gedir-İ.M) soyadı yaddaşımda ilişib qaldı. Aradan illər keçdi, ölkədə çox sular axdı, duruldu. Zaman gəldi ki, fələyin çarxı döndü, mənfur ermənilər asi çıxıb, halal çörəyimizə bıçaq batırıb torpaqlarımıza göz dikdilər. Yuxarı Qarabağda ermənilərin 80-ci illərin axırlarında başlatdıqları seperatizmə qarşı xalqın başbilənləri, işıqlı adamları bu ağır durumdan çıxmağın yollarını axtarmağa başladılar. Məlum oldu ki, sən demə erməni xəyanətinin kökü çox dərin imiş və sovet təbliğat maşını bu informasiyaları on illər boyu beynimizdən silməklə məşğul imiş. Ermənilərin təkcə Dağlıq Qarabağla deyil Kəlbəcərlə bağlı da uzun illər məkrli planlar cızırmışlar və bu xəyanətlərdən birinin qarşısının alınmasında Səfər Verdiyevin xüsusi xidməti olubmuş. Tale belə gətirdi ki, günlərin bir günü həmin məşhur soyadın daşıyıcısı mərhum Səfər Verdiyevin özü ilə görüşmək mənə qismət oldu.
…90-cı illərin əvvəlləri idi. Qarabağda seperatizmi dərinləşərək artıq açıq müharibə müstəvisinə keçmişdi. Mənim doğulduğum Kəlbəcər rayonu da bu qaynar qazanın ortasına düşmüşdü. Mən gənc jurnalist kimi əmək fəaliyyətinə yenicə başlamışdım və torpaqlarımızın taleyi hamı kimi məni də çox narahat edirdi. Yazılarımızın da əsas mövzusunu Qarabağ və ümumən yurdun taleyi ilə bağlı məqamlar təşkil edirdi. Böyüklərdən eşitmişdim ki, ötən əsrin 50-ci illərində ermənilər Moskvanın əli ilə Kəlbəcəri boşaltmağa can atırmışlar. Bu təxribatın qarşısı isə öncə qeyd etdiyim kimi o zaman rayona rəhbərlik edən Səfər Verdiyev
başda olmaqla yerli əhalinin iradəsi və ölməz şairimiz Səməd Vurğunun partiya qurultayındakı alovlu çıxışı hesabına alınmışdı. Bu məsələ ətrafında mərhum Səfər Verdiyevlə geniş müsahibə hazırlamışdım və yazı mətbuatda çap olunmuşdu.
Daha sonralar bu məşhur soyadın daha bir tanınmış nümayəndəsi ilə tanış oldum və aramızdakı yaş fərqinə baxmayaraq onunla aramızda səmimi dostluq münasibətləri yarandı.
Səfər Verdiyevin kiçik qardaşı Rəhman müəllim haqqında çox eşitsəm də onunla şəxsi tanışlığım illər sonrası baş verdi. Bir gün əlimə Rəhman Verdiyevin imzası ilə çap olunmuş “Qardaşımdan qalan dünya” adlı bir kitab düşdü. Kitabda Rəhman müəllim böyük qardaşı, mərhum Səfər Verdiyevlə bağlı xatirələrini və özünün şahidi olduğu çox maraqlı tarixi hadisələri qələmə almışdı. Bu kitabın bir özəlliyi də onda idi ki, orada erməni işğalına qədərki zaman kəsiyində Qarabağla, eləcə də Kəlbəcərlə bağlı olduqca yaddaqalan tarixi lövhələr yer almışdır. Eyni zamanda Qarabağın və ətraf rayonların işğalı ilə Azərbaycan xalqının hansı böyük maddi və mənəvi itkilərə məruz qaldığı təcrübəli bir alim düşüncəsi ilə təhlilə cəlb edilmişdir.
Sonralar Rəhman müəllim mənə “Bu mənim dünyamdı” adlı kitabına redaktor olmağı təklif etdi və biz daha yaxından tanış olduq. Bu kitab da həyati fakt və hadisələr baxımından olduqca zəngin, dili də çox rəvan idi. İlk baxışdan hazırlıqlı oxucu belə düşünə bilərdi ki, onu peşəkar bir yazıçı-publisist qələmə alıb. Kitabda müəllifin keçib gəldiyi həyat yolundan tutmuş respublikanın ictimai-siyasi həyatıyla bağlı şahidi olduğu ciddi hadisə və olaylar yer almışdır. Mən bu kitabda Rəhman müəllimi daha fərqli bir prizmadan tanıdım. Sən demə o, ciddi bir alim-tədqiqatçı, işgüzar dövlət adamı olmaqla yanaşı, həm də incə ruhlu bir şair imiş.
Bir daha xatırlatamağı lazım bildim ki, Rəhman Verdiyevin ömür kitabı olduqca zəngin və ibrətamizdir. Bəzən oxucu ilk baxışda şablon görünən avtobioqrafik məlumatların arxasında bir insanın hansı zəngin mənəvi dünyaya, yüksək elmi təfəkkürə malik olduğunu gözə ala bilmir. Elə Rəhman müəllimin ömür kitabı kimi.
Qısa tanıtma. Rəhman Xəlil oğlu Verdiyev 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olub. Uşaqlığı qanlı müharibənin ağır illərinə təsadüf edib. Böyük qardaşları müharibənin ilk günlərindən cəbhəyə yollanıblar. Arxa cəbhədə qalanlar isə gözləri ilə od götürüblər. Müdriklərin hansınınsa çox yerinə düşən və ağrılı bir deyimi var. Deyir ki, müharibə uşaqlarının uşaqlığı olmur. Zamanın belə çalpaşıq və dolanışığın ağır olduğu illərdə Rəhman Verdiyev bir an da olsun təhsildən aralanmayıb, orta məktəbdə yaxşı oxuyub. Ev işlərində valideynlərinə imkanı daxilində kömək etməklə bərabər dərslərinə ciddi yanaşıb. 1951-ci ildə Yanşaq kənd orta məktəbini əla qiymətlərlə bitirib. Elə həmin il Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olub. O zamanlar dəhşətli müharibənin ağır sınaqlarından çıxmış ölkənin kənd təsərrüfatında da nəzərə çarpacaq bir canlanma gedirdi. Kəlbəcər rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil etdiyindən yerlərdə ali təhsilli kənd təsərrüfatı mütəxəssislərinə böyük ehtiyac vardı. Rəhman Verdiyev 1955-ci ildə ali təhsilini başa vuraraq təyinatla doğulduğu Kəlbəcər rayonuna qayıdıb. Bir il rayonda ixtisası üzrə işləyib. Bacarığını və təşkilatçılığını nəzərə alaraq tezliklə onu Azərbaycan LKGİ MK-ya işə dəvət ediblər. O, Komsomolun Mərkəzi Komitəsinin Qarabağ üzrə inspektoru vəzifəsinə təyin olunub. Elə ilk dəfə erməni məkri, erməni ikiüzlülüyü ilə də bu təşkilatda çalışarkən qarşılaşıb. Burada Rəhman müəllimin “Bu, mənim dünyamdı” kitabında müəllifin illər öncəsi həmin hadisələrlə bağlı qələmə aldığı bir məqama da diqqət çəkmək istərdim. O, hələ Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində işlədiyi vaxtlar, yəni 1960-cı illərdə o zamanlar respublikada yaxşı tanınan, Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Şahnəzərov adlı mənfur bir erməni daşnakı ilə ilk görüşünü və onun xəyanətini ürək ağrısı ilə xatırlayır. Elə olur ki, on ildən sonra yəni, 1970-ci ildə Rəhman müəllim Respublika Nazirlər Sovetində bu daşnakla bir şöbədə işləməli olur və elə ilk günlərdən də o, qarşısında nə qədər hiyləgər, murdar erməni xislətli bir düşmənin dayandığını görür:
- Məni tanıdınızmı yoldaş Şahnəzərov? - deyir . O, yox, hardan tanıyıram,
bura təzə gəlmisiniz-deyə cavab verir.
- Ancaq mən sizi 60-cı illərdən tanıyıram. Yadınızda olar yəqin, siz Dağlıq
Qarabağda Vilayət Komitəsinin birinci katibi işləyəndə mən ezamiyyətdə olaraq Mərkəzi Komitənin tapşırığı ilə Muxtar Vilayətin Komsomol Komitəsinin plenumunda iştirak edirdim. Plenumda təşkilati məsələyə baxılmalı, Şuşa rayon Komsomol Komitəsinin birinci katibi Mahirə Fərəcova Vilayət Komitəsində ikinci katib vəzifəsinə seçilməli idi. Sizsə qəti etiraz edir, nə yolla olur-olsun bu təyinatın qarşısını almağa çalışırdınız. Lakin Mərkəzi Komitənin iradəsi ilə Mahirə xanım Muxtar Vilayətin komsomol təşkilatının ikinci katibi vəzifəsinə seçildi. O vaxt bu seçki sizin istəyinizcə olmasa da, ancaq bu gün yəqin sizinlə dil taparıq. Çünki mənim milli marağım bu gün sizinlə müzakirə mövzusu ola bilməz, sadəcə sizin buna gücünüz çatmaz. O, az qala hövsələdən çıxacaqdı ki, mən ona “sakit!”- deyib otaqdan çıxdım.
O vaxtlar komsomol təşkilatı nəhəng Sovetlər ölkəsinin əsas hakim qüvvəsi olan kommunist partiyasının ən mobil və yetkin ehtiyat qüvvəsi sayılırdı. Komsol təşkilatları dövlət və hökumət qərarlarının həyata keçirilməsində ciddi fəaliyyət göstərirdi. Rəhman Verdiyev 4 il Respublika komsomolunun Mərkəzi Komitəsində işləyəndən sonra işgüzarlığını və elmi işə xüsusi marağını nəzərə alaraq 1960-cı ildə ixtisası üzrə Moskvaya aspirantura təhsili almağa göndərilir. O vaxtlar Moskvada aspiranturada oxumaq çox böyük “prestij” sayılırdı və bu statusu qazanmaq da elə asan məsələ deyildi.
Rəhman Verdiyev 1964-cü ildə Moskvada aspirantura təhsilini uğurla başa vuraraq Ümumittifaq Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Labines Vladislav Feliksoviçin rəhbərliyi ilə “Azərbaycanın dağlıq rayonlarında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və sahələrin əlaqələndirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alır. Elə həmin ildə gənc və perspektivli bir alim kimi doğma respublikasına qayıdır. Azərbaycan ETKT-nın İqtisadiyyatı və Təşkili institutunda ixtisası üzrə işlə təmin edilir. Üç il burada çalışandan sonra 1967-ci ildə hökumət işinə - Azərbaycan SSR Nazirlər Sovetində baş referent vəzifəsinə təyin olunur. Nazirlər Sovetində işlədiyi
müddətdə də R.Verdiyevin kənd təsərrüfatı ilə əlaqəsi daha da sıxlaşır. Nazirlər Soveti aparatında işləyərkən ölkə iqtisadiyyatının aparıcı qollarından olan üzümçülük sahələrində onun elmi təklif və tövsiyyələri əsas götürülür, bunun əsasında müəyyən qərar və sərəncamlar qəbul olunur. Bütün bu gərgin və işgüzar fəaliyyətini, üzümçülük sahəsiylə bağlı bilik və bacarıqlarını nəzərə alaraq R.Verdiyev 1971-ci ildə Üzümçülük–Şərabçılıq Dövlət Komitəsində yüksək vəzifəyə irəli çəkilir. Komitədə idarə rəisi və kollegiya üzvü seçilir.
Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində baş idarənin rəisi işləyən Rəhman Verdiyev bu sahənin inkişafında böyük xidmətlər göstərir. Respublikanın Zəngilan rayonundan şimal-qərb istiqamətində, Qazax rayonunadək uzanan ərazidə yeni üzüm bağları salmaq üçün gərgin iş aparır. Məhz o illərdə üzüm sahələri daha da genişlənir, sonda isə respublikada üzüm istehsalı il ərzində 2 milyon tonu ötüb keçir. Qeyd etmək lazımdır ki, 1970-1975-ci illərdə respublikada üzümçülük təsərüffatlarının ən çox gəlir gətirən bir sahəyə çevrilməsində R.Verdiyevin danılmaz xidməti olur. Komitənin o zamankı sədri Yunis Rzayev ona böyük etimad göstərərək üzümçülüklə bağlı ən vacib məsələləri onunla məsləhətləşib.
1977-ci ildə R.Verdiyev hökumət işindən yenidən elm sahəsinə qayıdır. Respublika Üzümçülük-Şərabçılıq İnstitutunda şöbə müdiri kimi fəaliyyətini davam etdirir. Yenə də öz işgüzarlığından və çalışqanlığından qalmır. Elmi kadrların yetişdirilməsində, elmi nəticələrin iqtisadiyyata tətbiqində öz bilik və bacarıqlarını əsirgəmir. Onun fəliyyəti və elmi təşkilatçılıq qabiliyyəti rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək 1987-cı ildə həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. O, bu elm müəssisəsinə rəhbərlik etdiyi dönəmdə də kollektivlə xoş rəftarından, işgüzarlığından və elmi axtarışlarından qalmır. Bircə faktı qeyd etmək istərdik ki, həmin illərdə Rəhman müəllimin 100-dək elmi əsəri çap edilir.
1990-cı illərdə ölkədə baş verən iqtisadi-siyasi gərginlik əksər dövlət qurumlarında olduğu kimi elmi idarələrin də fəaliyyətini iflic etmişdi. Bu illərdə Rəhman müəllim bir müddət pedaqoji fəaliyyətlə də məşğul olur. 1991-ci ildə müsabiqə yolu ilə Gəncədə Texnologiya İnstitutunun İqtisadiyyat və Planlaşdırma kafedrasında dosent vəzifəsinə qəbul edilir. Bu institutda 1993-cü ilə qədər
müəllimlik fəaliyyəti ilə məşğul olur, daha sonralar Azərbaycan Dillər İnstitutunda, Kooperasiya və Texnologiya İnstitutunda dərs deyir, azərbaycanlı gənclərin iqtisadi biliklərinin inkişafında öz töhfəsini əsirgəmir.
R.Verdiyevin elmi araşdırmaları və əsərləri respublikanın kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edir. Bu əsərlərdə heyvandarlıq, bitkiçilik, yem istehsalı, üzümçülük, meyvəçilik, gübrələmə sistemi, istehsalın təmərküzləşməsi, səmərəli yerləşdirilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, maya dəyərinin aşağı salınması və s. problemlər öz həllini tapır. Onun elmi əsərləri təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində və xarici ölkələrdə çap olunmuşdur. Qeyd etmək lazımdır ki, adı çəkilən sahələr üzrə Azərbaycan Sovet Ensiklopediyasının I və II cildlərindəki elmi izahlar, yazılar R.Verdiyev tərəfində işlənib hazırlanmışdır.
Onun əsərlərində dağ və aran rayonlarında kənd təsərrüfatı sahəsinin təbii iqtisadi xarakteristikası və fərqləndirici cəhətləri, üzümçülükdə üzüm əkini sahələrində və onların tam məhsula düşənədək əmək və vəsait xərcləri normalarının hesablanması, kənd təsərrüfatı sahələrində səmərəli yerləşdirilmə sxeminin hazırlanması işıqlandırılmışdır.
Dörd hissədən ibarət “Sənaye emal müəssisələrində əmək haqqının hesablanması” kitablarındakı üzümçülüklə bağlı hissəni də məhz R.Verdiyev yazıb hazırlamışdır. Üzümçülüyün elmi əsaslar üzrə aparılması üçün, üzüm əkini sxemini və üzümçülüyün tam məhsula düşənədək onlara tələb edilən əmək və vəsait xərclərinin hesablanması normativləri Rəhman müəllim tərəfindən yazılmış, keçmiş SSRİ Dövlət Plan Komitəsi, Yeyinti Sənaye Nazirliyi və daha sonra SSRİ Nazirlər Soveti tərəfindən bəyənilmiş, təsdiq edilmişdir.
Rəhman müəllimin elmi axtarışlarının bir qolunu da Kəlbəcər rayonunun təbii ehtiyatlarına və kənd təsərrüfatına həsr edilmiş problemlər və onların həlli üçün vacib olan cəhətlər təşkil edir. Çox təəssüflər olsun ki, Kəlbəcərin ermənilər tərəfindən işğalı alimin doğma rayonla bağlı həyata keçirəcəyi çox istəkləri gözündə qoydu.
R.Verdiyevin rus və Azərbaycan dillərində işıq üzü görmüş kitablarından bəzilərinin adlarını qeyd etməklə onun elmi axtarışlarının miqyasını az da olsa göz
önünə gətirmək olar: “Azərbaycanda üzümçülüyün və üzüm emalının səmərəliliyinin yüksəldilməsi” (1967-ci il), “Müasir şəraitdəAzərbaycanda Üzümçülük və Şərabçılığın intensiv inkişafının elmi əsasları”, (1990-cı il), “Orqanizasiya i oplata truda raboçix v ix odelçeskoy promeşeynosti” (4 cilddə. 1985-ci il), “Azərbaycanda Üzümçülüyün Sənaye İnteqrasiyası əsasında inkişafı ” (1987-ci il), “Metodik tövsiyyələr” (rus dilində. 1982-ci il), “Rekomendatsiya razmişeniya stalovıx vinoqradnikov” (rus dilində. 1988-ci il), Kollektiv: “Problemı İntensifikatiya vinoqradarstvo i vinolediya” (rus dilində. 1991).
Rəhman Verdiyevin uzun illər yorulmaz elmi və əmək fəaliyyəti diqqətdən kənarda qalmamış, dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, bir neçə medalla və SSR-nin “Şöhrət ordeni”, “Əmək veteranı” kimi yüksək təltiflərə layiq görülmüşdür.
Rəhman müəllim nümunəvi ailəsi ilə də həmişə çoxları üçün örnək olmuşdur. Ali təhsilli mərhum mühəndis xanımı ilə birlikdə Vətən üçün ləyaqətli və ziyalı övladlar yetişdirmişdir. İki qızı və oğlu yüksək ali təhsil alaraq cəmiyyətdə öz yerlərini tutmuşlar.
Zaman öz axarıyla getdiyi bir vaxtda dünyanın mizan-tərəzisi pozuldu. İnsanların sakit həyatına gözəgörünməz bir bəla kimi daxil olan “Covid-19” pandemiyası bir anda hər şeyi alt-üst etdi. Yaşam həyatımızda və cəmiyyətdə qaydalar dəyişdi. Deyim ki, bu lənətə gəlmiş pandemiyadan əvvəl Rəhman müəllimlə tez-tez görüşərdik. Hər ikimiz yaxın ərazilərdə yaşadığımızdan bir də görürdüm ki, zəng vurub. Şən, həyatsevər, gur səsi telefonda adamın ürəyinə yağ kimi yayılardı. “Qağa, ağsaqqalı deyəsən unutmusan? Vaxtın varsa axşamüstü bir görüşək”.
Rəhman müəllim sinədəftər bir insan idi. Poeziyanı, aşıq şeirini dərindən bilirdi. İxtisasının fərqli olduğunu bilməyənlər onunla azacıq söhbət edəndən sonra hesab edərdiklər ki, o, ədəbiyyat adamıdır.
Ötən il Rəhman Verdiyevin 85 yaşı tamam oldu. Onun yubiley yaşı ilə əlaqədar “Respublika” qəzetində yazı çap etdirdim. Yazıda da qeyd etdiyim kimi Rəhman müəllim o yaşda da gənclik ehtirası ilə yazıb-yaradır, bir gün də olsun
elmi axtarışlarından, tədqiqatlarından kənarda qalmırdı. İşdən, yazı-pozudan yorulanda isə dincliyini telli sazla baş-başa qalaraq barmaqlarını onun zərif pərdələri üzərində gəzdirməkdə tapırdı.
Ata yurdu Kəlbəcərin, doğma Qarabağın erməni işğalından azad olunması sanki ona yeni bir həyat bəxş eləmişdi. Doğma yerlərin ziyarəti arzusu ilə alışıb, yanırdı. Axır illər bağda yaşadığından əvvəlki kimi tez-tez görüşə bilmirdik. Sonuncu telefon danışığımızda da söz vermişdim ki, yaxın vaxtlarda onu ziyarət edəcəyəm. Nə yazıqlar ki, bu görüş bizə qismət olmadı. Bir axşam ölümün qara xəbəri Rəhman müəllimin bu dünyadan köçdüyü xəbərini çatdırdı. Ürəyimdən qara qanlar axdı. Kəlbəcər təbiətinin bir pərvanəsi də ayrılıq odunda yanıb kül oldu. Ona bir daha Kəlbəcərdə yaşamaq qismət olmasa da, narahat ruhu çoxdan o dağların qonağı olmaqla rahatlıq tapıb. Bizlərin təsəllimiz isə onun Kəlbəcərin azad olduğu günləri görməsidir. Allah sənə qəni-qəni rəhmət eləsin, Rəhman müəllim! İşıqlı xatirən həmişə doğmalarının və dostlarının qəlbində yaşayacaq.
P.S. Mənim bir arzum da Kəlbəcərin tanınmış insanlarının, işıqlı ziyalılarının adlarının gələcəkdə yenidən abadlaşdırılacaq Kəlbəcərdə əbədiləşdirilməsidir. Yəqin ki, bu arzumu bütün kəlbəcərlilər bölüşər.
İlham Məmmədli
yazıçı-publisist,
filologiya üzrə fəlsəfə doktoru
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 10-12-2021 19:38
Baxış sayı: 2452
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23