Reklam

Sağlığında kitabı çap olunmayan məşhur kəlbəcərli şair
22-10-2021 15:17

Yaqub İmran oğlu Cabbarov 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində anadan olub. Uşaq yaşlarından atasını itirdiyindən, çox çətinliklərlə üzləşib. Orta məktəbi bitirdikdən sonra bir müddət (ailəyə kömək etmək üçün) ali təhsil almağa çalışmayıb.
Nəhayət, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinə daxil olub və 1967-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Kəlbəcərin Zar kənd orta məktəbinə təyinat alıb. Bir il burada işlədikdən sonra İstisu qəsəbə orta məktəbinə direktor göndərilib. 1985-ci ilə kimi bu vəzifədə çalışan Yaqub müəllim həmin vaxtdan doğma kəndi olan Məmmədsəfi orta məktəbinə direktor təyin edilib.

Çox təəssüf ki, şairin sağlığında kitabı çap olunmadı. Ölümündən sonra qardaşı Əyyubla birgə bir kitabı işıq üzü görüb.
Məzarı Kəlbəcərin Məmmədsəfi kəndindədir.
Yaqub Cabbarovun yaradıcılıq nümunələrindən bir neçəsini sizlərin diqqətinə çatdırıırıq.
Xatırladım ki, bu şeirlər "KƏLBƏCƏR-yüz şairin bir kitabı"ndan götürülüb. Yaqub və Əyyub qardaşlarının bədii yaradıcıığından mən geniş məqalə yazaraq, "YENİLİk-press" qzəetində illər öncə dərc eləmişəm. Ruhu şad olsun ki, şairimizin doğma yurdu da işğaldan azad edilib.
Məhəmməd Nərimanoglu
DƏLİDAĞ AĞILLI,
DƏLİDAĞ DƏLİ
Gahdan quzu olar, gahdan kükrəyər,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Selindən özünə min yara dəyər,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Külək köhlənini çapar o başdan,
Gün doğar, günorta od qopar daşdan,
Axşam köçərilər qorxar yağışdan,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Bir daşın dibində əlik görünər,
Bir daşın dibindən ovçu sürünər,
Yayın ortasında qara bürünər,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Qayası əks edər qartalın səsin,
Şaxtası dondurar çayın nəfəsin,
Müdhiş ildırıma açar sinəsin,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Birdən güllərini verər borana,
Birdən arxa durar köçün yorana.
Birdən dağ evlərin qovar arana,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
Təbiət yaradıb daşından dibçək,
Başında qar saxlar, köksündə çiçək,
Bir mahnı bəstələ, ay qarabirçək,
Dəlidağ ağıllı, Dəlidağ dəli.
BU DƏRDİ
20 Yanvar şəhidlərinin xatirəsinə
Cinayətkar qul olacaq cəzaya,
Nə yer, nə göy götürəcək bu dərdi.
Küçələrdə qan quyusu qazdıran,
Elə bilir itirəcək bu dərdi.
Nəsimitək soyulsa da şəhidlər,
Göz yaşıynan yuyulsa da şəhidlər,
Məxmər altda qoyulsa da şəhidlər,
Yağış yağıb bitirəcək bu dərdi.
Qoca dünya haqsız qanı görk elər,
Sahillərə xəbər yayar körpülər,
Anasından doğulanda körpələr
Özü ilə gətirəcək bu dərdi...
Yaqub ölər, torpağında qan qalar,
“Qardaş” deyib, qəsd elədi qanlılar...
Dünya boyu öz dilində canlılar
Bir-birinə yetirəcək bu dərdi!
ÖMRÜMÜ KEÇİRDİM
BARMAQLARIMDA
Təzə qonağını gözlər köç yarı,
Dünya həmişəlik, insan köçəri.
Əlimdə kabinet, maşın açarı,
Ömrümü keçirdim barmaqlarımda.
Açıq xanələrə daşları düzdüm,
Yek atdım, oyundan əlimi üzdüm.
Zəri əzizlədim, vaxtı uduzdum,
Ömrümü keçirdim barmaqlarımda.
İlləri özümə ömür saymadım,
Bu sərvəti, yolun sonun duymadım.
Təsbehi əlimdən yerə qoymadım,
Ömrümü keçirdim barmaqlarımda.
Tüstüsü dükandan otağımacan,
Zəhəri kökümdən budağımacan,
Papiros cibimdən dodağımacan,
Ömrümü keçirdim barmaqlarımda.
YANDI
Ağladı halıma sevib çatmayan,
Gözlərimin yaşı külümdə yandı.
Əsli yandı, Kərəm yandı kül oldu,
Mən elə yandım ki, külüm də yandı.
Soldurdu qönçəni qışın nəfəsi,
Vaxtsız yetim qaldı bülbülün səsi.
Əksimi gözündə görmək həvəsi,
Könlümdən yarandı, könlümdə yandı.
Göydən səpələnir qar yavaş-yavaş,
Kədərin paltarı əynimdə nimdaş,
Qəbrinin üstünə apardığım daş
Sözümdən od aldı, elimdə yandı.
Çölümdə bahardı, içimdə qardı,
Ümid çırağımı tufan qopardı,
Onu Yaqub sevdi, məzar apardı,
“Sevirəm” kəlməsi dilimdə yandı.
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
