Adını öz qanıyla ana yurdun yaddaşına əbədi həkk edən ölməz qəhrəman - Zaur Cəfərov

21-10-2021 12:38

Adını öz qanıyla ana yurdumuzun yaddaşına əbədi həkk edən ölməz qəhrəmanlardan biri- Zaur Hüseyn oğlu Cəfərov 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı bir ailədə dünyaya göz açmışdır.
İbtidai təhsilinə 1986-ci ildə Başlıbel kənd orta məktəbində başlamışdır. 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi olaraq ailəsi ilə birlikdə əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçmüşdür. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır.
2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Bundan əvvəl 11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Leytenant Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursundan keçmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Həmçinin, naizrin 0135t №-li 19 iyul 2008-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə və 0204t №-li əmri ilə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
Sonra Zaur Cəfərov 2014-cü ilin sentyabr ayında imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən  Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.


Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilmişdr.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.
Ruhu şad olsun!
Onun adı hazırda məktəblərimizdə qəhrəman döyüşçü və sərkərdə kimi anılır.
 
Hüseyn Şahbəndəyev
Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 21-10-2021 12:38
Baxış sayı: 3356
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını