"Bir arzum da var, sağ ikən Kəlbəcəri görüm və..." - Əlövsət Saldaş

15-06-2021 12:58
61-ci ildən bəri baş verən bir çox hadisələri  xatırlayıram. Məs. pul dəyişilməsi, çörək qıtlığı, arcanoy deyilən iyli undan bişirilən çörəyi xatırlayıram. Rəhmətlik dədəmgilim Göyçəyə karvana getdiyi də yadımdadır. Sözümün canı var...
O vaxtlar Çərəkdar kəndimizdə iki ali təhsilli ginekoloq həkim vardı. Rəhmətlik Asya qarı və Niyar qarı. Ağlım kəsəndə onlar oturuşmuş qadınlar idi, bəlkə də yaşları az olardı, çəkdikləri əzab - əziyyət qamətlərini bükmüş, üzlərini qırışdırmışdı. Üzlərindəki cizgilərdən hiss olunurdu ki, zamanında gözəl - göyçək olublar. 
Xalq arasında bu həkim - mamalara Göbək nənəsi deyirdilər. Böyük qardaşımız Nurəddin müəllim 1949 təvəllüdlüdür, onun göbək nənəsi Niyar qarı olmuşdu. Mənim dünyaya gəlişimin əziyyətini isə Asya qarı çəkmişdi. Dədəmin ocağında doğulan doqquz uşağın, o cümlədən, onların sağlığında Çərəkdarda və yaxın ətraf kəndlərdə dünyaya göz açan körpələrin göbəyini kəsən bu qadınların əlində nə uşaq tələf oldu, nə də ana...
Rəhmətlik nənəm(anamıza nənə deyirdik) onuncu uşağı dünyaya gətirəndə həkimə getdi, sonuncu qardaşımız öldü, nənəm isə illər xəstəsi oldu.
Rəhmətlik dədəm bu hadisədən sarsıldı, bir - biriynən çox istəkliydilər, ruhları şad olsun.
Hə... O qarılar çəkdikləri əziyyətin əvəzində heç kimdən heç nə ummurdular, heç kimi dəyəri 1000 liklərnən ölçülən qan analizlərinə, saxta müayinələrə göndərmirdilər. Hər ikisi 100 ildən yuxarı ömür yaşadılar, hansı ailədə hansı uşağa göbək nənəliyini eləmişdilərsə, yaddaşlarında saxlayırdılar. Bəzilərinin adlarını da özləri qoyurdular. 40 - 80 - çi illər arasında doğulan Çərəkdarlılar nə qədər Tanrılarına, Ata - Analarına borcludurlarsa, o qədər də Niyar nənəyə və Asya nənəyə borcludurlar.
Dünyaya gəlişimdə, büyüməyimdə, tərbiyəmdə, təhsilimdə, həyatda duruş gətirməyimdə əməyi olan hər kəsin ruhu qarşısında baş əyirəm!
Bu ad günümü ötənlərdən fərqli qarşılayıram. Axı, Qarabağım, Kəlbəcərim azaddır. Şəhidlərimizə ulu Tanrıdan rəhmət, yaralılarımıza şəfa, əsgərlərimizə can sağlığı diləyirəm.
Bir arzum da var, sağ ikən Kəlbəcəri, Çərəkdarı görüm və...

Əlövsət Saldaş


Dalidag.az olaraq, bu gün doğum gününü qeyd edən gözəl şair Əlövsət Saldaşı təbrik edir, sağlam ömür, yaradıcılıq uğurları, ən əsas da Kələcərli illər arzulayırıq.


Kateqoriya: Kəlbəcər
Tarix: 15-06-2021 12:58
Baxış sayı: 3529
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
29 / 04 / 2024