Kəlbəcərli döyüşçü "O əsgərin payıdır, yeyə bilmərəm",-deyən komandirindən yazdı

04-12-2020 23:02
Şükür Allaha torpaqlarımızın ərazi bütövlüyü başa çatdı. Bu döyüş günlərində əziyyət çəkən bütün hərbi qulluqçulara, mülki insanlara, polislərə, həkimlərə, qanında Azərbaycan qanı axan bütün qardaş və bacılara dərin təşəkkürümü bildirirəm. Allahdan vətən yolunda canından keçən bütün şəhidlərimizə rəhmət diləyirəm. Bu gün sakitlik hökm sürürsə, şəhidlərin hesabınadır. Qazilərimizə isə Allahdan şəfa diləyirəm, tezliklə sağalmasını arzu edirəm. 
Cənab prezident sərəncam imzaladı ki, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti tərəfindən orduya çağırılan və könüllü orduya gedənlər evlərinə qayıtsın. Bütün hərbi hissələrdə demək olar ki, bayramdır. O sevinci sözlə ifadə etmək çətindir. Eləsi var ki, burda olanda zəng gəldi "gözün aydın ata oldun" və.s kimi xəbərlər oldu. Hamı sevinir evə qayıdacağıq deyə, mən isə kövrəlirəm. Ona görə kövrəlirəm ki, haqqında danışacağım Azərbaycanın qeyrətli oğlundan ayrılıb mülki həyata dönəcəm. Deməli, şəkildə gördüyünüz cənab polkovnik Leytenant Sabit Arazxanlıdır. Bu insan haqqında danışmaq həm asandır, həm də çətin. Ona görə asandır ki, bu insanla çiyin-çiyinə xidmət etmişəm, onun bütün xarakterinə bələdəm. Ona görə çətindir ki, bu qəhrəmanın keçdiyi şərəfli yolu yazmağa sözlərim acizdir. 
Cənab polkovnik leytenant əslən Kəlbəcərdəndir. Aprel döyüşlərində kəşfiyyat briqadasında fəal iştirak edib. 
Sentyabrın 26-dan cəbhəyə yola düşən komandir bir çox ərazilərin alınmasında böyük rəşadət göstərir, dəfələrlə yüngül yara alsa da, yenə də döyüşə davam edir. Cənab polkovnik leytenant bir dəfə də olsun əsgər yeməyi yemədi, ona görə yemədi ki, "o əsgərin payıdır yeyə bilmərəm" -dedi. Özü öz cibindən yeməyini alırdı. Onun əməyi çox böyükdür, çox. Belə ki təkcə əsgərlərə deyil, zabit heyətinə də siqaret, corab, papaq, şirniyyat hər şey alıb gətirirdi, həm özü alırdı, həm də mülkidən dostları maşın-maşın ərzaq və isti geyimlər gətizdirirdi. Etdiyi təmənnasız yaxşılıqların sayı-hesabı yoxdur. 
Gecə, gündüz dayanmadıq, yuxunun nə olduğunu unutduq, Ağdama yerləşəndə yanımızda mina partladı, ondan da qurtulduq, indi isə belə ayrılaq? Sizinlə xidmət etmək qürur vericidir.
Dünən deyirəm ki, cənab, məni də saxla burda, mən getmək istəmirəm. O isə deyir ki, sən müəllimsən, səni gözləyən nə qədər şagird var, sən missiyanı uğurla yerinə yetirmisən, indi isə arxa cəbhədə olan missiyana geri dön. Amma mən müəllimliyi yox, məhz hərbidə qalmağı seçmək istəyirəm, cənab, desəm də o məni müəllim görmək istəyir. Deyirəm ki, Azərbaycanda yetərincə çox savadlı müəllimlər var, onlar məndən də üstündür, buna şübhəm yoxdur. Nə desəm də fikrindən döndərə bilmirəm. Hər şeydə bir xeyir var. 
Bu Vətənə sizinlə birgə xidmət etdiyim üçün fəxr və qürur duyuram, cənab polkovnik leytenant. 
Eşq Azərbaycanın müzəffər ordusuna, Eşq olsun Ali baş komandana. Eşq olsun Azərbaycan xalqına.
Qarabağ Azərbaycandır.

Eyvaz Əyyub, Azərbaycan Ordusunun
könüllü əsgəri, pedaqoq, şair

Dalidag.az



Kateqoriya: Kəlbəcər
Tarix: 04-12-2020 23:02
Baxış sayı: 3836
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını