"Yurddaşı olmayan yurd yeri nədir, gələndə qəbrindən xəbər alarıq" - Milli Qəhrəman Şahlar Şükürovun şəhid olduğu gündü

11-07-2020 15:39
Milli Qəhrəman Şahlar Şükürovun şəhid olduğu gündən 30 il ötür. Hərdən düşünürəm ki, nə vaxtsa yurdumuza qayıtsaq, yurddaşsız qalan yurdların bu illər ərzində nələr çəkdiyini orada qalan şəhid məzarlarından şoruşacağıq və o daşlar dil açıb danışacaq. Şahlar Şükürovun adını daşıyan məktəbdə onun 65 illiyi münasibətiylə təşkil olunmuş tədbirdə söylədiyim şeiri təqdim edirəm.

Elşən Əzim

***

Elsiz yurd yerində necə dözürsən?
Tükənməz səbrindən xəbər alarıq.
Yurddaşı olmayan yurd yeri nədir
Gələndə qəbrindən xəbər alarıq.

Yaşın o torpağın yaşı qədərdi,
Vaxt necə ötüşdü, yaş necə  keçdi
Bircə sən bilirsən ana vətənə-
Bahar necə gəldi, qış necə keçdi.

Qan kimi töküldü bir elin qəmi,
Qan yerdə qalıbdı, qəmin yerdədi.
Taleyi dünyanın o başındadı
O kəndsə hələ də həmin yerdədi.

Sən də o kənddəsən, o kənd səndədi
O kəndi düşmənin işğalı tutmaz.
O kənddən uzağa düşən kəslərin
O kənddən uzaqda heç xalı tutmaz.

Bilirəm düşməni görməz, tökülər
Dağılmış evlərdə pəncərə gözlər.
Qartal baxışına baxıb dikilər
Göz dikməz o Sultan Səncərə gözlər.

Sənin həsrətini, sənin qəmini
Dünyanın xanları, şahları bilməz.
Bilməz nə gözləyir o məzar daşı
Nə çəkir bir elin Şahları, bilməz.

may 2016

***

Redaksiyadan: Qeyd edək ki, Şahlar Əvəz oğlu Şükürov 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub.
1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb.
Davamlı döyüşlərdə iştirak edən Ş. Şükürov 1990-cı il iyul ayının 11-də Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.

Ruhu şad olsun!

Dalidag.az


Kateqoriya: Kəlbəcər
Tarix: 11-07-2020 15:39
Baxış sayı: 3866
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını