Kəlbəcər sakinləri Prezidentə üz tutdu - SƏBƏB -FOTO/VİDEO

28-03-2026 19:59
Dalidag.az Kəlbəcərdən olan keçmiş məcburi köçkün Camal Zaman oğlu Bəşirov Prezident İlham Əliyevə ünvanladığı məktubu təqdim edir:

"Hörmətli cənab Prezident!
 Mingəçevir şəhəri, “Ertenin arxası – Şəfa bağları” adlanan yaşayış massivinin yaşayışçıları olaraq, öz adımdan və bu ərazidə yaşayan sakinlər adından yenidən Sizə müraciət edirəm.
  Bundan bir neçə ay öncə Sizə ünvanladığımız müraciətdə yaşadığımız ərazinin sosial-infrastruktur problemlərini diqqətinizə çatdırmışdıq. Müraciətdən sonra Mingəçevir şəhərindən aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçirmiş, mövcud vəziyyətlə yerində tanış olmuşlar. Lakin təəssüf hissi ilə bildiririk ki, bu günə qədər heç bir real tədbir görülməmiş, qaldırdığımız problemlər hələ də öz həllini tapmamışdır.
Hazırda da yaşayış massivində yollar bərbad vəziyyətdə qalmaqdadır. Yağışlı havalarda küçələr keçilməz hala düşür, palçıq səbəbindən hərəkət etmək mümkünsüz olur. Xüsusilə məktəb yaşlı uşaqların gündəlik gediş-gəlişi ciddi çətinliklərlə müşayiət olunur və bu, onların təhlükəsizliyi üçün real risk yaradır.
  Eyni zamanda, ərazidə hələ də kanalizasiya sistemi mövcud deyil. Bu vəziyyət sanitar-gigiyenik baxımdan ciddi problemlərə səbəb olur, xəstəlik riskini artırır və insanların normal yaşayış şəraitinə uyğun gəlmir.
Qeyd edirik ki, məsələ ilə bağlı yerli icra strukturlarına dəfələrlə müraciətlər olunmasına baxmayaraq, nəticə əldə olunmamışdır. Əraziyə baxış keçirilməsi ilə kifayətlənilmiş, lakin konkret işlər görülməmişdir.
  Hörmətli cənab Prezident, artıq ümid yerimiz yalnız Sizsiniz. Sizin vətəndaşların rifahına göstərdiyiniz diqqətə inanaraq, bir daha Sizə müraciət edirik.
Sizdən xahiş edirik ki, yaşadığımız ərazidə mövcud problemlərin operativ və əsaslı şəkildə həll olunması, yolların bərpası və kanalizasiya sisteminin qurulması üçün müvafiq qurumlara konkret tapşırıqlar verəsiniz və məsələnin icrası nəzarətə götürülsün.
Əminik ki, Sizin müdaxiləniz nəticəsində bu problem tezliklə öz həllini tapacaqdır.
Əvvəlcədən diqqətiniz və qayğınız üçün təşəkkür edirik", məktubda qeyd edilir.

Dalidag.az

https://www.facebook.com/share/v/1AquU2WZHy/


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-03-2026 19:59
Baxış sayı: 3381
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
05 / 04 / 2026