Reklam
Xarakterlər aktyoru Ağasadıq Gəraybəyli
05-10-2019 11:13
Xarakterlər aktyoru Ağasadıq Gəraybəylinin sənəti realizm prinsiplərindən şirələnmiş, onun tələbləri zəminində inkişaf etmiş, yetişib formalaşmışdır. Aktyor faciə, komediya, dram rollarını eyni məharətlə oynayıb. Romantik səpkili tamaşalarda böyük nailiyyətlər qazanıb. Gəraybəyli (Gəraybəyov) teatr tariximizdə 80 il səhnədə obraz yaradan yeganə sənətkardır.
Ağasadıq Ağəli oğlu 15 mart 1897-ci ildə Şamaxıda doğulub, ancaq körpə yaşlarından ailəsi Bakıya köçüb. O, burada Azərbaycan-rus məktəbində təhsil alıb. 1908-ci ildə Hüseyn Ərəblinskinin truppasında rejissor köməkçisi olan qardaşı Ağaların təşəbbüsü ilə ilk dəfə səhnəyə çıxıb. 1916-cı ildə Politexnik Məktəbinə daxil olub və tələbəlik illərində “Nicat”, “Səfa” cəmiyyətlərinin teatr truppalarında epizod rollar oynayıb. 1920-ci ilin mayında Milli Dram Teatrının yeni təşkil olunan truppasına götürülüb. 1921-1932-ci illərdə müəyyən fasilələrlə Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında işləyib. Opera və operetta tamaşalarında da rollar oynayıb.
Yaradıcılığı geniş diapazonlu Ağasadıq Gəraybəyli respublikanın əməkdar artisti (1 fevral 1936) və xalq artisti (4 may 1940) fəxri adları ilə təltiflənib. Altıncı çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Ağasadıq Gəraybəyli 5 dekabr 1988-ci ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri xiyabandadır.
Faciə rolları: İbn Yəmin və İxtiyar, Əfrasiyab, Alp Arslan (“İblis”, “Səyavuş” və “Xəyyam”, Hüseyn Cavid), Şveytser, Prezident (“Qaçaqlar” və “Məkr və məhəbbət”, Fridrix Şiller), Aginski (“Dəhşətli röya”, Herhart Hauptman), Altunbay (“Od gəlini”, Cəfər Cabbarlı), Lorenso (“Romeo və Cülyetta”, Vilyam Şekspir), Simon Renar (“Mariya Tüdor”, Viktor Hüqo), Niyaz (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Knyaz Abrezkov (“Canlı meyit”, Lev Tolstoy), Hacı Mədinə (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), Antoni Anderson (“Şeytanın şagirdi” Bernard Şou).
Komik rolları: Şəkinski (“Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Əsgər bəy və Naçalnik, Xan (“Hacı Qara” və “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Dəmirçi Musa, Nəsirov, Əliqulu, Mindilli (“Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir” və “Nişanlı qız”, Sabit Rəhman), Ser Tobi (“On ikinci gecə”, Vilyam Şekspir), Vasya dayı (“Nazirin xanımı”, Branislav Nuşiç), Vano Pantiaşvili (“Xanuma”, Avksenti Saqareli), Qraf Albofiorita (“Mehmanxana sahibəsi”, Karlo Haldoni), Anton Antonoviç (“Müfəttiş”, Nikolay Qoqol), Tebano (“Rəqs müəllimi”, Lope de Veqa).
Dramatik rolları: Nazim paşa, Dövlət bəy, Salamov və General-qubernator (“Ədirnə fəthi”, “Aydın” və “1905-ci il-də”, Cəfər Cabbarlı), Satin (“Yurdsuz insanlar”, Maksim Qorki), Jak (“İki yetimə”, Adolf D'Enneri və Germon), Andreyev (“Özgə uşağı”, Vasili Şkvarkin), Murov, Paratov (“Günahsız müqəssirlər” və “Cehizsiz qız”, Aleksandr Ostrovski), Qraf de Qranşan (“Ögey ana”, Onore de Balzak), Xosrov, İbrahim xan, Hans (“Fərhad və Şirin”, “Vaqif” və “İnsan”, Səməd Vurğun), Aleksandr (“İki qardaş”, Mixail Lermontov), Vasilyev, Nəcəf, Qoca Knyaz (“İşıqlı yollar”, “Bahar suları” və “Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev).
Ağasadıq Gəraybəylinin kino yaradıcılığı 1920-ci ildən başlayıb. “O olmasın, bu olsun” və “Bəxtiyar” filmlərindəki Rüstəm bəy və Ağabala surətləri daha geniş tamaşaçı rəğbəti qazanmışdır. Ağasadıq Gəraybəyli təbiətən ehtiraslı aktyor idi. İradəcə zəif, süst xarakterli obrazları ifa edəndə də sənətkarın tükənməz enerjisi, daxili ehtirası aktyor oyununda öz təcəssümünü tapırdı.
Obrazın xarakterindən asılı olaraq, öz ifasında surətin tələb etdiyi xeyirxahlıq və mənsəbpərəstlik, sadəlik və xudbinlik, qəhrəmanlıq və qorxaqlıq, prinsipiallıq və bürokratlıq; vətənsevərlik və riyakarlıq kimi bir-birinə zidd, təzadlı cəhətləri emosional bədiiliklə yoğurub aydınlıqla tamaşaçılara çatdırırdı.
P.S. Yazılar teatrşünas, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin “Azərbaycan teatr tarixi” əsərindən götürülüb.
Dalidag.az
Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 05-10-2019 11:13
Baxış sayı: 31 263
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02