Ömrünün Kəlbəcərsiz keçən illərinə heyifsilənən Zöhrab Şirinov yaşamağa bundan sonra başlayacağını deyir

15-03-2025 17:51
Bu gün Kəlbəcərimizin sayılıb-seçilən ziyalılarından olan həkim-şair Zöhrab Şirinovun doğum günüdür.
Ömür adlı kitabın 55-ci səhifəsini çevirən Zöhrab Təhməz oğlu Şirinov 1970-ci il mart ayının 15-də Kəlbəcərin Kilsə (Qasım uşağı) kəndində doğulub. İbtidai təhsilini doğulduğu kənddə alıb. 8-ci sinfə kimi Çaykənd kənd orta məktəbində, 9-10- cu sinfi isə Bakı şəhəri 5 saylı kimya — biologiya təmayüllü liseydə oxuyub. Orta məktəbi bitirdikdən sonra 2 il Çita vilayətinin Krasnokamensk şəhərində həqiqi hərbi xidmət keçib. 1992-1999 -cu illərdə Azərbaycan Tibb Universitetində (ATU) tibbi biliklərə yiyələnib. Hal — hazırda «Yaşam» klinikasında dermato -veneroloq və uroloq- androloq olaraq çalışır. Ailəlidir. İki qız, iki oğul övladı var. 

O nüfuzlu bir şəcərənin ləyaqətli davamçısıdır. Tanrı möcüzəsi Kəlbəcərinə, el-obasına sadiq olduğu kimi sözünə, peşəsinə də sadiqdir. İllərlə həsrətini çəkdiyi yurduna dönmək arzusu qismən gerçəkləşib, şükürlər olsun. Hələlik Kəlbəcərdə yaşamasa da yurd yerini ziyarət etmək nəsibi olub. Ömrünün Kəlbəcərsiz keçən illərini heçə sayan Z.Şirinov yaşamağa bundan sonra başlayacağını deyir. 24 yaşında məcburən tərk etdiyi Kəlbəcərə dönüb elə o yaşdan ömrünə davam edəcəyini bildirir. Cismən Kəlbəcərsiz qaldığı illərdə belə ruhunun pərvaz etdiyi o dağlarda yenidən yurd salmaq diləyi hasil olmaqdadır. 
Deyirlər hər kəs yer üzünə bir missiya üçün göndərilib. Ümumi fikir həqiqətə nə dərəcədə uyğundur və ya "hər kəs" ifadəsi deyilmiş fikrin mahiyyətinə xələl gətirirmi, bilmirəm. Ancaq bu bir həqiqətdir ki, Tanrının seçilmişləri sırasında həkimlər də yer tutur. Bəli, Z.Şirinov peşə olaraq həkimliyi seçib. Əminəm ki, bu seçimin  göylərlə  mütləq bir əlaqəsi vardır. İnsanların sağlamlığının keşiyində durmaq amalı sadəcə istəklə bağlı ola bilməz, düşünürəm. Üzərinə düşən missiyanı yaşam qayəsinə çevirmək isə bir ayrı böyüklük, bir ayrı cəfakeşlikdir. 
Söz də şəfadır axı... Tanrı onu bir də söz dünyasının sakini kimi seçilmişlərdən edib. Yaradıcı ruhun sahibidir Z.Şirinov. Həm sözü, həm peşəsi ilə insanlığa xidmət edir.
Yaradıcılığa gənc yaşlarından başlayıb, ilk ədəbi addımlarını Kəlbəcər rayonunda çıxan "Yenilik" qəzetinin redaksiyasında fəaliyyət göstərən "Dəlidağın nəğmələri" Ədəbi Birliyində atıb. "Xəzərim" adlı ilk şeiri "Yenilik"də işıq üzü görüb. 

Dalidag.az bu gün 55 yaşını qeyd edən həkim-şair Zöhrab Şirinova sevinci bol, sağlıqlı ömür, sevgi dolu həyat, işlərində və yaradıcılğında uğurlar arzulayır. Tezliklə Kəlbəcərdə yaşamaq arzusunun gerçəkləşməsi diləyi ilə təbrik edir. 

Sevinc Qərib
Dalidag.az











Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 15-03-2025 17:51
Baxış sayı: 3438
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını