İndi Kəlbəcərə gedən bütün yollar azaddı - Eldar Həsənovun doğum gününə təbrik

10-10-2023 17:50
Bu gün onun doğum günüdür, Vətənini, Kəlbəcərini canı qədər sevən, xalqına, dövlətinə sadiq, elinə-obasına bağlı Eldar Həsənovun. Təəssüf ki, artıq 3 ildir elimizin dəyərli oğlu, əsl ziyalı E.Həsənov doğum gününü həbsxanada qarşılayır...
İllərlə ürəyində Kəlbəcər həsrəti qövr edən E.Həsənov hələ də azad Kəlbəcərinə qovuşmaq diləyinə çatmayıb. İndi Kəlbəcərə gedən bütün yollar açılıb. Bircə E.Həsənovun azadlığa çıxıb o yollarla doğma yurduna getməsi arzusu gerçəkləşməyib. İnanırıq ki, yaxın vaxtlarda bağlı qapılar açılacaq və dövlətimiz E.Həsənovu dəmir barmaqlıqlar arasından xilas edəcək...
Dəyərli ziyalımızı doğum günü münasibətilə təbrik edir, sağlamlıq, səbr, dözüm, güc və tezliklə azadlığına qovuşmasını arzulayırıq. Kəlbəcər sevimli oğlunun yolunu gözləyir...


Qeyd edək ki, Eldar Hümbət oğlu Həsənov 10 oktyabr 1955-ci ildə Kəlbəcər rayonunun Laçın kəndində müəllim ailəsində anadan olub. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olub 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası alıb.
1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışıb.
21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar baş prokuror vəzifəsindən azad edilib. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab, dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir.
Professor, hüquq elmləri doktoru; Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru; Serbiya Kral Akademiyasının üzvüdür. II dərəcəli dövlət ədliyyə müşaviridir.
Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olub.
E.Həsənov 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilib və diplomatik sahədə fəaliyyətə başlayıb..
2013–2020-ci illərdə Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.
Azərbaycanın ("İgidliyə görə" medalı, "Qanunun və ictimai asayişin təmin edilməsində xidmətlərinə görə" medalı, "Azərbaycan bayrağı" ordeni), Rumıniyanın ("Xidmətlərə görə" Böyük Xaç Kavaleri ordeni), Serbiyanın ("II dərəcəli Serbiya bayrağı") dövlət mükafatları və medalları ilə təltif olunub.
Rus, türk, ingilis və rumın dillərini bilir.
Evlidir, 3 övladı var.

Xatırladaq ki, 21 yanvar 2022-ci ildə Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib..

Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 10-10-2023 17:50
Baxış sayı: 3551
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını