Azadlığın müjdəçisi - 27 sentyabr 2020-ci il

27-09-2022 11:10
 

Otuz illik həsrət bütün xalqımızın əsəblərini tarıma çəkdiyindən İkinci Qarabağ Müharibəsnin başlanmasını hamı kimi mən də çoxdan gözləyirdim. Qəribə idi, müharibənin başlanmasına sevinirdim. İşğalçıların sülh yolu ilə torpaqlarımızı tərk etməyəcəyini artıq uzun illər bundan qabaq yəqinləşdirmişdim.


Tam əminliklə bilirdim ki, 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyini azad edən şanlı Azərbaycan Ordusu tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək. Sentyabrın 27-də səhər saat 5-30-da atılan topların səsinə oyananda əvvəlcə zəlzələ olduğunu zənn etdim. Yaşadığım Bərdə rayonu cəbhə xəttinə yaxın olduğu üçün atılan topların səsi açıq-aydın eşidilirdi. Allaha Azərbaycan Ordusu üçün dua edə-edə sübh namazı qıldım. Bir qədər keçdikdən sonra ölkə televiziyasında müharibənin başlanması barədə xəbərlər yayımlandı. Qonşu Tərtər rayonunun müxtəlif kənd və qəsəbələrindən evlərini tərk edib Bərdəyə pənah gətirən ailələrin işlədiyim məktəbdə yerləşdirilməsi ilə məşğul olduq. 44 günlük müharibə dövründə həmin ailələr dövlətimizin xüsusi qayğısı ilə- çarpayı,yataq dəstləri və gündə üç dəfə isti və keyfiyyətli yeməklə təmin olundu. Artıq iki ildir ki, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə , şəhidlərimizin və qazilərimizin qanı bahasına, Azərbaycan Ordusunun şücayəti nəticəsində torpaqlarımız mənfur düşmənlərdən azad edilmişdir. Azad edilmiş bütün ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Doğulduğum Kəlbcər rayonunun Başlıbel kəndini, eləcə də işğala qədər yaşadığım Kəlbəcər şəhərini dövlətimizin başçısına, Azərbaycan Ordusuna,şəhid və qazilərimizə minnətdarlıq hissi ilə ziyarət etdim. 1993-cü il aprelin 18-də Başlıbel kəndində mühasirə şəraitində qalan əliyalın həmkəndlilərimin erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə gülləbaran edilib qətlə yetirildikləri,daha sonra qaçaqçılıq şəraitində kənddən uzaq kahalarda yaşayan həmkəndlilərimiz tərəfindən gecələr gizlincə dəfn edildikləri kütləbi məzarlığı ziyarət etdim. Bütün bunlar azadlığın müjdəçisi olan 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsində şanlı Azərbaycan Ordusunun qələbəsi nəticəsində olmuşdur. Mənim kimi minlərlə keçmiş məcburi köçkün 27 sentyabrdan başlayan bu iki ildə öz doğma ata-baba yurdunu ziyarət edib. Artıq işğaldan azad olunmuş ərazilərimizdə geniş miqyaslı quruculuq-abadlıq işləri vüsət almışdır. Yaxın gələcəkdə işğaldan azad edilmiş bütün kənd və şəhərlərimizdə həyat yenidən qaynayacaq,torpaqlarımız öz doğma sakinlərinin nəfəsi ilə isinəcək.

Oqtay SALAHLI.

Dalidag.az


Kateqoriya: Karusel / Qarabağ
Tarix: 27-09-2022 11:10
Baxış sayı: 2312
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını