Xalqın qəhrəmanı Ülfət Kərimovun şəhadətindən 29 il ötür

27-03-2022 12:44
Şəhidlər bizim qürurumuz və şərəfimizdir. 44 günlük Vətən müharibəsində işğalda olan torpaqlarımızı azad etməklə, biz bütün şəhidlərimizin ruhunu şad etmiş olduq həm də.
Vətən onu qoruyan, uğrunda can verən qəhrəman oğullarının sayəsində var olur. Və Vətən oğullarına güvənir, var oluşunu, gələcəyini onların ixtiyarına verir. Zamanla tarixin yaddaş səhifələrində özünü doğruldan bir ifadə var dilimizdə:"xalqımız qəhrəman xalqdır". Torpaq uğrunda ölən varsa, Vətəndir, deyimi də var. Şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullar əməlləri ilə sübut etdilər ki, bu həqiqətən də belədir. Qarabağ müharibəsi başayandan son damla qanınadək vətən uğrunda vuruşan oğullar  şücaəti, igidliyi ilə xalqın qəhrəmanına çevrildilər. Şərəf və qürur ünvanımız olan igid şəhidlərimizdən biri də Ülfət Kərimovdur. "Kəlbəcər getsə, bilin ki, mən ölmüşəm...",- deyən Ülfət Kərimovun da ruhu şaddır yəqin ki, uğrunda can verdiyi Kəlbəcəri və işğalda olan digər torpaqlarımız azaddır. Bu gün qəhrəman kəşfiyyatçının, əfsanəvi döyüşçünün şəhadətə qovuşduğu gündür...
Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olub. 1992-ci ilin sentyabrından qanlı döyüş meydanlarına atılan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təəssüf ki, 27 mart 1993-cü il yağılara qan udduran qəhrəmanın son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı.
Şəhid kəşfiyyatçımızın qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir.
Qeyd edək ki, yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması mümkün olan nailiyyətləridir.

Xatırladaq ki, Ülfət Kərimov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. Haqqında yazılar yazılıb, sənədli film çəkilib. Təəssüf ki, milli qəhrəman adını xalq tərəfindən qazansa da, Ü. Kərimova Azərbaycanın "Milli Qəhrəman"ı adı verilməyib. Ülfət xalqın qəhrəmanıdır.
Çalınan zəfər marşı qəhrəman şəhidimiz Ülfət Kərimovun və silahdaşlarının ölməzlik nəğməsinə çevrildi. Qisası alınmış Ülfət Kərimovun şad ruhu Kəlbəcər göylərində pərvaz edir indi...

Sevinc Qərib
Dalidag.az


Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 27-03-2022 12:44
Baxış sayı: 4319
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını