"Bir ulu Kəlbəcər, bir ulu dağlar, bir gözəl Başlıbel yaşar qəlbimdə"

04-01-2022 15:25
                                           Ələkbər Bikəs

Ələkbər Bikəs (Ələkbər Əbdüləli oğlu Səlimov) Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. Ailənin tək oğlu olduğu üçün özünə "Bikəs" təxəllüsünü seçib.
Filoloq Əhəd Məmmədovun Ələkbər Bikəsin “Qəlbim mənim Kəlbəcərdi” adlı şeirlər kitabına yazdığı “Ön söz”dən: “...1993-cü il aprel ayının 1-də, doğma Başlıbeldən, ata yurdu Kəlbəcərdən çıxmağa gecikir. Düşmən gülləsinə tuş gəlməyi arzulasa da düşmən əlinə sağ keçdi. Yurd-yuvasının talan olmasını öz gözləri ilə gördü.


Özüm görüb eşitmişəm naləsini Kəlbəcərin,
Su əvəzi qan suladı laləsini Kəlbəcərin.

Yağı düşmən hökm elədi, daş qalmadı daşı üstə,
Dağıtdılar hər bürcünü, qalasını Kəlbəcərin.


İrəvanda keçirdiyi girovluq həyatında öz taleyini düşünməmiş, fikri-xəyalı həmişə canından çox sevdiyi Kəlbəcərin və anasının yanında olmuşdur.”

Yuxarıda qeyd edildiyi kimi Ələkbər Bikəs Kəlbəcərin işğalı zamanı düşmən tərəfindən girov götürülmüş, 8 aydan sonra azad edilmişdi. Ailəsi ilə birlikdə Bərdə rayonunda məskunlaşan şair, 2007-ci ildə faciəli şəkildə dünyasını dəyişib. Ölümündən sonra “Qəlbim mənim Kəlbəcərdi” adlı şeirlər kitabı çap olunub.


Dalidag.az Ə. Bikəsin bir neçə şeirini təqdim edir:

KƏLBƏCƏRDİ

Hər saniyəm, hər dəqiqəm,
Vədəm mənim Kəlbəcərdi.
Ürəyimin şah damarı,
Didəm mənim Kəlbəcərdi.

Fikrim, zikrim o dağlarda,
Fərqi yoxdu olsam harda.
Atam orda, anam orda,
Qibləm mənim Kəlbəcərdi.

Onsuz yoxdur yazım, yayım,
Sıfırdan kiçikdir payım,
Tutqu, Tərtər hay-harayım,
Naləm mənim Kəlbəcərdi.

O ümidim, o pənahım,
Saya gəlməz naləm, ahım,
Odur mənim səcdəghım,
Kəbəm mənim Kəlbəcərdi.

Allah, bu nə qırğınıdı?
Bikəs qürbət yorğunudu.
Könlüm onun vurğunudu,
Çarəm mənim Kəlbəcərdi.

QƏLBİMDƏ

Bir ulu Kəlbəcər, bir ulu dağlar,
Bir gözəl Başlıbel yaşar qəlbimdə.
Neçə durna gözlü mərcan bulaqlar,
Kükrəyər qəlbimdə, coşar qəlbimdə.

Kəşt eləyib dolan bütün dünyanı,
O gözəl diyara bərabər hanı?
Şəfa verən, min bir dərdin dərmanı,
İstisu qaynayıb, daşar qəlbimdə.

Sağalmaz yaram var, keçsə də illər,
Gözüm itkinlərin yolunu gözlər,
Ata həsrətlilər, ana dərdlilər,
Ağlayıb təskinlik tapar qəlbimdə.

Ağardıb saçımı vətənin dərdi,
Əydi qamətimi vədənin dərdi,
Tifağı dağılmış bir elin dərdi,
Bikəsəm, qövr edib yatar qəlbimdə.

DƏLİDAĞIN DƏLİ DƏRDİ

Min bir dərdi gəzdirirəm,
Para-para ürəyimdə.
Ata dərdi, ana dərdi,
Bağlar yara ürəyimdə.

Nə igidlik, nə hünərdi,
Dözəmmirəm, dözən nərdi,
Dəlidağın dəli dərdi,
Gedim hara ürəyimdə?

Büküm-büküm bükür məni,
Didir məni, sökür çəni,
Öz nisgilim çəkir məni,
Çəkir dara ürəyimdə.

Mən Bikəsəm, birimişəm,
Özəyimdən çürümüşəm,
Qaçqın düşüb ərimişəm,
Gəlib zara ürəyim də.

OLA

O günlərə dönə biləm,
O uşaqlıq yaşım ola.
Gizlənpaç da oynadığım,
Qayalar sirdaşım ola.

O zirvəyə “şərq” olaydım,
Çiçək üstə bərq olaydım,
Çovğununda qərq olaydım,
“Barutlu” göz yaşım ola.

Vətəndə ölməyə nə var,
El götürər, elin ağlar,
Başlıbelim mənə məzar,
Dəlidağ başdaşım ola.

Bikəs, xəzan əsdi mənə,
Günü-gündən nəsdi mənə,
Bircə fəsil bəsdi mənə,
Orda olam, qışım ola.

EYLƏYİB


Dünyanın o qədər tərs işi varki,
Qartalı qayaya möhtac eyləyib.
Böyük dənizləri, okeanları,
Xırdaca bir çaya möhtac eyləyib.

Bəzən ağıl yatıb, bəzən bəxt azıb,
Təbiət çox yerdə qanunu pozub,
Qurdu qiyamətə əbədi yazıb,
İnsan ömrün saya möhtac eyləyib.

Ömür həsrər qaldı bahara, yaya,
Qurudu - getdimsə üstünə dərya,
İndi də Bikəsi bu fani dünya,
Bir nadan gədaya möhtac eyləyib.

Ələkbər Bikəs





Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 04-01-2022 15:25
Baxış sayı: 2952
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını