Eldar Həsənovun məhkəməsində gərginlik yaşanıb

13-09-2021 22:50

Bakı Ağır Cinayətlər Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun cinayət işi üzrə prosesi davam etdirir.


Dalidag.az-ın məlumatına görə, 13 sentyabr iclasında çıxış edən vəkil Cəlil Mirzəyev məhkəmə baxışının həftədə bir dəfə keçirilməsi barədə vəsatət qaldırıb. Eldar Həsənov səhhətində problemlər yarandığını deyərək həmin vəsatəti müdafiə edib. O, məhkəmənin qapalı olması barədə istəyində israr etdiyini də vurğulayıb.

Vəkil Cavad Cavadov E-huquq.az saytına deyib ki, Eldar Həsənov ifadə verərkən onunla dövlət ittihamçısı arasında gərginlik yaşanıb, bundan sonra Eldar Həsənovun vəziyyəti pisləşib, təcili tibbi yardım çağırılıb, proses yarımçıq qalıb.

1955-ci il təvəllüdlü Eldar Həsənov daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror vəzifələrində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur həbs edilib.

İyulun 16-da prezident İlham Əliyev Elmar Məmmədyarovu xarici işlər naziri vəzifəsindən çıxarıb, həmin posta Ceyhun Bayramov təyinat alıb.

Avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir Eldar Həsənovun tutulduğunu açıqlayıb.

Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib.

Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu vəzifəsindən azad edib.

Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi iddiaya görə, Eldar Həsənovun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə 17 milyon 931 min 316 manatı israf etmə və mənimsəməsinə, 11 milyon 804 min 661 manat məbləğində pul vəsaitini leqallaşdırmasına, vəzifə saxtakarlığı törətməsinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 327 min 373 manat məbləğində zərər vurmasına və dövlət büdcəsinin 192 min 387 manat pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr var.

Eldar Həsənov həbsi və verilən ittihamları qanunsuz, əsassız, qərəzli və sifarişli sayır.

Eldar Həsənov həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanıb.

Vəkilləri bildirir ki, bir çox xəstəlikdən əziyyət çəkən Eldar Həsənovun səhhəti həbsdə ciddi formada ağırlaşıb, həyatı təhlükə altına düşüb. O, 2021-ci il iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb, orada bağırsağından əməliyyat olunub, təcridxanaya qaytarılıb, avqustun 2-dən 17-dək yenə orada müalicə alıb.

Sentyabrın 3-ü Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası olub, məhkəmə baxışı sentyabrın 9-da başlayıb. 9 sentyabr iclasında Eldar Həsənov məhkəmənin qapalı keçirilməsi haqda vəsatət qaldırmış, demişdi ki, dövlətlər arasında münasibətlərə, Azərbaycanın nüfuzuna xələl gəlməsini istəmir: “Mənə verilən ittihamlarla bağlı ifadə versəm, bu, 20 il səfir olduğum ölkələrin siyasi liderləri ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə ciddi xələl gətirər. Bu, Azərbaycan dövləti üçün böyük zərbə ola bilər. 44 il dövlət orqanlarında çalışmış, 20 il dörd ölkədə səfir olan biri kimi sizdən xahiş edirəm proses qapalı keçirilsin. Məhkəmə prosesində ayrı-ayrı epizodlar üzrə verilən ifadələrdən kənara sızacaq cüzi məlumat Azərbaycanın beynəlxalq imicinə zərbə vuracaq, siyasi liderlərin ölkəmizə münasibətinə təsir göstərəcək”.

Həmin vəsatət nəticəsiz qalıb.

Eldar Həsənovun işi üzrə prosesə Bakı Ağır Cinayətlər Məhkəməsi sədrinin müavini Əfqan Hacıyev sədrlik edir.







Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 13-09-2021 22:50
Baxış sayı: 2435
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını