“Türkün dastanı” kitabının təqdimatı olub - Şəkil

19-11-2019 16:52
“Türkün dastanı” kitabının təqdimatı olub - Şəkil
Azərbaycanda Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının təsisçiləri olan “91-lər”dən biri, Qaradağ Rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli dövlət qulluqçusu Munis Bayramovun “Türkün dastanı (poemalar toplusu)” kitabının təqdimatı keçirilib.

Dalidag.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov rəhbərlik etdiyi qurumun türk dünyasının birliyi və yaxınlaşması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, son illər türk dünyasının birliyinə həsr olunmuş silsilə kitablar çap olunur, tədbirlər keçirilir. Akademik bu baxımdan Munis Bayramovun “Türkün dastanı” kitabının böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edib ki, kitabda müəllif çox böyük zəhmət hesabına türk xalqlarının mənşəyi, keçdiyi tarixi yolları ətraflı nəzərə salıb. Türk dünyasının tarixinin nəzmə çəkildiyi bu əsərdə zərrə qədərə də olsun uydurma, fantastik baxış yoxdur. Müəllif hər bir şeyi çox böyük tədqiqatçı kimi, tarixi faktların dili ilə oxucuya çatdırıb. Bu baxımdan da Munis Bayramov bədii cəhətdən oxunaqlı və orijinal bir poema ortaya qoyub.
Nizami Cəfərov bildirib ki, Munis Bayramov xalqımızın ləyaqətli ziyalılarından biri kimi hər zaman dövlətə və dövlətçiliyə sadiqliyi ilə seçilib, fərqlənir.
Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru, kitabın redaktoru Tahir Taisoğlu “Türkün dastanı” kitabında yer alan poemaların bədii-fəlsəfi məziyyətlərindən söz açıb. Deyib ki, tarixi faktlarla zəngin olan bu poetik nümunələrdə türk xalqlarının keçdiyi yola yenidən nəzər salan şair tarixi həqiqətləri çox böyük ustalıqla nəzmə çəkib.
Çıxışını kitabdan gətirdiyi şeir nümunələri ilə davam etdirən T. Taisoğlu əminliklə vurğulayıb ki, belə əsərlər türk xalqlarının birliyinə və bir-birini daha da yaxından tanımasına xidmət edir.
Tədbirdə Milli Məclisin deputatları Aydın HüseynovHikmət Babaoğlu, professorlar Əsədulla QurbanovSabir Tağıyevİsgəndər QuliyevƏsədulla Cəfərov və başqaları çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis tərtibatda işıq üzü görən kitabda şairin türk dünyasına sevgisindən yoğurulmuş poemaları yer alıb. Müəllif bu poemalarla türklərin, ümumilikdə türklüyün tarixinə işıq tutmaqla yanaşı, həm də tarixi baxımdan türkdilli xalqların keçdiyi yola poetik dillə və obrazlı şəkildə nəzər yetirir.
Vurğulanıb ki, kitabda müəllif türk imperatorluqları, dövlətləri, bəylikləri, atabəylikləri, xanlıqları, cümhuriyyətləri, bir sözlə türk adına yaradılmış bütün türkdilli dövlətlər haqqında məlumat verir.
Çıxışlarda birmənalı olaraq vurğulanıb ki, “Türkün dastanı” kitabını əslində bütövlükdə türk dünyasının nəzmə çəkilmiş tarixi də adlandırmaq olar.
Kitabda yer alan “Alp Əl Tunqa dastanı”, “Oğuz Kağan dastanı”, “Atilla”, “Ağ hunlar”, “Göytürklər”, “Boz qurd haqqında” və digər poetik nümunələrin hər birinin ayrıca bitkin bir əsər olduğunu söyləyən natiqlər müəllifə gələcək işlərində uğurlar arzulayıblar.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən müəllif bu istiqamətdə işlərini bundan sonra da davam etdirəcəyini söyləyib.

Tədbirə sözləri Munis Bayramova, musiqisi Baba Mirzəyevə məxsus “Fateh Sultan Məhəmməd” mahnısının səsləndirilməsi ilə yekun vurulub.
Dalidag.az
“Türkün dastanı” kitabının təqdimatı olub - Şəkil



Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 19-11-2019 16:52
Baxış sayı: 3461
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını