Zəngəzur dəhlizində nə baş verir? – Pərdəarxası oyunlar...

25-04-2021 10:43
Zəngəzur dəhlizində nə baş verir? – Pərdəarxası oyunlar...
İkinci Qarabağ müharibəsi bitəndən sonra Azərbaycan və Ermənistan rəhbərləri regionda kommunikasiyaların bərpası, quru yolla dəhliz açılması kimi məsələlərdən bəhs edərkən birdən-birə ritorikanın sərtləşdiyi müşahidə edildi. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin "Zəngəzur hədəsindən", Paşinyanın "Naxçıvan dəhlizi" eyhamından gedir.

İlham Əliyev deyib ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. "İstəməsə, zorla həll edəcəyik,"- Azərbaycan Prezidenti vurğulayıb. Nikol Paşinyansa bildirib ki, o zaman "Ermənistan da eyni məntiqlə "Naxçıvan dəhlizi"ndən söz aça bilər.

İlham Əliyev 10 noyabr razılaşmasında "Zəngəzur dəhlizi"ndən bəhs olunduğunu "tarixi nailiyyət" kimi qiymətləndirir, Nikol Paşinyan bu razılaşmada hər hansı "Zəngəzur dəhlizi"nin nəzərdə tutulmadığını, yalnız bölgənin blokadadan çıxarılmasının göstərildiyini iddia edir.

Azərbaycanda olan siyasi şərhçilər hesab edirlər ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın tənqidi fikirləri onun seçkiqabağı əhvala uyğun dediyi sözlərdir və bu, ölkəsindəki "narazı" qrupun "könlünü qazanmaq" üçün edilir.

Onlar hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərt ritorikası "öhdəliklərinə sadiq qalmayan" Ermənistana, həm də Rusiyaya mesajdır. Ermənistanda isə düşünürlər ki, rəsmi Yerevan Azərbaycan-Rusiya, Rusiya-Türkiyə münasibətlərində müşahidə edilən soyuqluq fonunda Zəngəzur dəhlizi məsələsinin həllinə tələsmir. BBC News Azərbaycancaya danışan bəzi erməni siyasi şərhçilər hesab edirlər ki, Zəngəzur dəhlizi ətrafında problem yaranması Azərbaycanın yalnız öz maraqlarına cavab verən dəhlizin açılmasında maraqlı olması, Ermənistanın maraqlarını nəzərə almaq istəməməsidir.

Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq.

Qarabağ münaqişəsindən əvvəl bu dəhliz isitfadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçməklə olub.

Nə baş verib?

Bu həftə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin icrası barədə danışarkən "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik" deyib.

Son çıxışından əvvəl İlham Əliyev YAP-ın VII qurultayında da "Zəngəzur dəhlizi" söhbətinə toxunub, kommunikasiyaların açılması təkliflərinin artıq masa üzərində olduğunu, Azərbaycan, Ermənistan və Rusiya təmsilçilərinin bunun üzərində müzakirə apardığını deyib.

Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandıran İlham Əliyev Ermənistanı "əməkdaşlıqdan boyun qaçırmaqda" ittiham edib, əlavə edib ki, onları bu dəhlizin açılmasına "məcbur edəcəklər".

Ermənistan Baş naziri Nikol Paşinyan Sünik vilayəti (Zəngəzurda) administrasiyasında müşavirə zamanı deyib ki, Azərbaycan rəhbərliyi bir tərəfdən Ermənistana ərazi iddiası olmadığını bəyan edir, digər tərəfdən isə Zəngəzur dəhlizini "zorla açmaqdan" danışır.

"Bu gün də Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan rəhbərinin bəyanatını təkzib etməyə məcbur olub və deyib ki, söhbət Ermənistan ərazisinə qəsd etməkdən getmir. Hər necə olsa da, mən bu bəyanatları fitnəkar və ziddiyyətli hesab edirəm və onlara lazımi diqqət və adekvat reaksiya verilməlidir," - Paşinyan deyib.

Ermənistan Baş naziri bildirib ki, 9 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizi barədə heç bir söz yoxdur, orada söhbət regionda blokadanın ləğv edilməsindən gedir.

"Azərbaycan "Zəngəzur dəhlizi"ndən söz açırsa, deməli, Ermənistan da eyni məntiqlə "Naxçıvan dəhlizi", şimali-Azərbaycan dəhlizindən söz aça bilər," - Paşinyan bəyan edib.

Onun sözlərinə görə, bu kimi "təxribat məqsədli" bəyanatlarla Azərbaycan rəhbərliyi prosesi "pozmaq istəyir".

"Onlar regionda vəziyyəti qızışdıraraq, gərginləşdirərək razılaşmalardan dönmək istəyirlər," - o deyib. Rəsmi Yerevan "Azərbaycan Prezidentinin təhdidlərini" pisləyib.

Ermənistan XİN rəsmi nümayəndəsi Anna Nağdalyan bəyan edib ki, Ermənistan öz suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək üçün lazımi tədbirlər görər.

"Biz Azərbaycan Prezidentinin Ermənistanın ərazi bütövlüyünə qəsdi və güc tətbiq etmək hədələrini qətiyyətlə pisləyirik. "Bu kimi bəyanatlar regional sülhə və sabitliyə ciddi zərər vurur və Azərbaycan rəhbərliyi tərəfindən sülhə və barışığa dair son vaxtlar səsləndirilən bəyanatların səmimiliyində şübhələnməyə əsas verir", - Nağdalyan öz rəsmi Facebook hesabında qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan XİN-nin Prezidentin çıxışı barədə şərhlərini "eşitdiklərini istədiyi şəkildə yozmaq" halı kimi qiymətləndirib.

Nazirlik bildirib ki, İlham Əliyev Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyünə ola biləcək təhdidlərdən bəhs edib və o, "əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik... çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir" - deyib.

Azərbaycan XİN vurğulayıb ki, İlham Əliyev dövlət televiziyasına son müsahibəsində Azərbaycanın əməkdaşlığa hazır olduğunu bəyan edib.

Nazirlik xatırladıb ki, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi əməllərə baxmayaraq, Azərbaycan Prezidenti gələcəyə baxmalı olduqlarını bildirib.

"Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır. 10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir,"- Azərbaycan XİN bəyan edib.

BBC News Azərbaycancaya danışan Ermənistandan olan etnoqraf, ictimai-siyasi xadim Hranuş Xaratyan ehtimal edir ki, kommunikasiyaların açılması ilə bağlı Prezident İlham Əliyevin "qəzəbli çıxışının" bəhanə və səbəbləri fərqli ola bilər.

Hranuş Xaratyan əsas səbəb kimi hesab edir ki, İlham Əliyev "özünü qalib sayır və bir az qıcıqlanır, əsəbiləşir ki, bütün gözləntiləri dərhal ona təqdim edilmir".

"Bu, həmçinin, daxili həyəcan təzahürü ola bilər. 9 noyabr (10 noyabr -red.) razılaşması ermənilər üçün həddən çox ağır olub və yəqin ki, hiss edir və duyur ki, ola bilsin, bu razılaşmanın bütün müddəaları olduğu kimi yerinə yetirilməsin," - o deyib.

Hranuş Xaratyan iddia edir ki, razılaşmanın o qədər dəqiq ifadə olunmayan bəzi müddəaları artıq Azərbaycan tərəfindən "pozulub".

O misal çəkib ki, razılaşma üzrə tərəflər döyüş əməliyyatları dayandırıldığı zaman olduqları mövqedə qalmalıydılar, lakin "bilirik ki, bu mövqelər dəyişib".

"Bu məsələdə erməni tərəfinin böyük fəallıq göstərmədiyinə baxmayaraq, hər necə olsa da bu mövqelər dəyişib. Və onun özü də yaxşı anlayır ki, 9 noyabr tarixli razılaşma digər müddəaların qəti yerinə yetirilməsi baxımından daha sərt olar. Bu hal da onu həyəcanlandırır, çünki Zəngəzur üzərindən dəhliz məsələsində əlavə mürəkkəblik yarana bilər," - Hranuş Xaratyan bildirib.

Tarixçi deyib ki, "görünür, erməni tərəfi bu məsələnin həllinə heç də tələsmir və bunda son zamanlar müşahidə olunan Rusiya-Türkiyə münasibətlərinin soyuqlaşmasının da rolunu istisna etmək olmaz". Hərçənd, o güman edir ki, münasibətlərin "çıxılmaz vəziyyətə düşməsi müvəqqətidir".

Hranuş Xaratyan deyib ki, Rusiyanın son günlərdə Azərbaycana dair hələ ki, yalnız informasiya vasitələrində müşahidə olunan ritorikasından sezmək olar ki, Moskva öz öhdəliklərini tam yerinə yetirdiyini, Azərbaycanın isə öz öhdəliklər payını yerinə yetirməyə tələsmədiyini bildirmək istəyir.

Hranuş Xaratyan bildirib ki, Rusiya Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi Moskvanın öz təsir zonası hesab etdiyi qurumlara qatılmasını ondan uma bilərdi.

Onun fikrincə, Türkiyənin Donetsk və xüsusilə də Krım mübahisəsində Ukraynanı dəstəkləməsi barədə bəyanatları da Moskvanın Ermənistan üzərindən dəhliz məsələsində passivliyinə səbəb ola bilər.

"Bu hal da Azərbaycan Prezidentinin qəzəbli ritorikasına səbəb ola bilər," - Hranuş Xaratyan bildirib.

Siyasi şərhçi Fuad Şahbazov hesab edir ki, Zəngəzur dəhlizi məsələsində mane olan amillər texniki məsələlər yox, fərqli siyasi baxışlardır.

"Ortada həll olunmamış məsələlər var və Azərbaycan Zəngəzur dəhlizi olacağını, Ermənistan olmayacağını deyir. Atəşkəs haqqında üçtərəfli bəyənatdan da bilirik ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətləri bərpa olunmalıdır. Bu, əsas şərtlərdən biri idi və Rusiya burada zəmanət verən tərəf kimi çıxış edib. Amma hələ ki, tərəflər bir-birini ittiham edir və məsələ həll olunmur," - Fuad Şahbazov deyib.

Onun sözlərinə görə, bu dəhliz layihəsi Ermənistanda Azərbaycan tərəfinin Sünik vilayəti timsalında Ermənistana ərazi iddiası kimi qəbul edilir.

Şərhçi deyib ki, Azərbaycan da siyasi dialoqda öz aqressiv mövqeyini qoruyub saxlayıb.

Fuad Şahbazov hesab edir ki, hələ bir müddət Azərbaycan və Ermənistan tərəfindən bu cür sərt bəyanatlar verilməkdə davam edəcək.

"Ermənistan tərəfi Zəngəzur dəhlizi üçün yox, daha çox Şimal hissədən - Qazax-İcevan və Yerevan istiqamətindən yol çəkilməsini müzakirə edir. Azərbaycan isə daha qısa olan Zəngilandan və Zəngəzurdan keçməklə Naxçıvana çatan dəhlizi istəyir. Ermənistanın istədiyi şimal istiqaməti uzun və maddi cəhətdən rentabelli olmayan bir layihədir. Azərbaycana isə cənubdan olan sərf edir," - Fuad Şahbazov bildirib.

Şərhçi BBC News Azərbaycancaya deyib ki, Azərbaycan bu cür sərt bəyanatları təkcə Ermənistana yox, eyni zamanda, Rusiyaya da eşitdirir.

Cənab Şahbazova görə, Ermənistan tərəfi Azərbaycanın "hərbi əsirləri" qaytarmayacağı və ritorikasına dəyişlik etməyəcəyi təqdirdə dəhliz məsələsinin müzakirə olunmayacağını deyib.

"Azərbaycan tərəfinin Ermənistana verdiyi mesajların əsas ünvanı təkcə Ermənistan deyil, eyni zamanda, Rusiyadır. Rusiya ilə münasibətlərdə hazırda bir soyuqluq sezilir. Bu, daha çox Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlıdır. Azərbaycanda hökumət yönümlü media platformalarında sülhməramlıların fəaliyyəti ciddi tənqid olunur. Bəzi millət vəkilləri Milli Məclisdə tələb irəli sürür ki, nə üçün 6 ay keçməsinə baxmayaraq, sülhməramlıların mandatı ilə bağlı bir sənəd qəbul olunmayıb, onların fəaliyyəti üçün hər hansı bir çərçivə formalaşdırılmayıb," - Fuad Şahbazov bildirib.

"Ermənistan Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluqdan istifadə edir"

Şərhçiyə görə, Rusiya sülhməramlılarının Qarabağda Qələbə paradı keçirməyə hazırlaşması, "İskender" raketinin atılması kimi məsələlərin də burada təsiri var.

Cənab Şahbazov hesab edir ki, Ermənistan Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluqdan istifadə edərək müəyyən dividentlər əldə etmək istəyir və bu dividentlərdən biri də Zəngəzur dəhlizi layihəsinin ya müzakirədən çıxarılması və ya ən azı qeyri-müəyyən müddətə təxirə salınmasıdır.

"Paşinyan da bir-iki ay sonrakı seçkilərə hazırlaşır və reytinqlər əvvəlki kimi deyil. Reytinqlərdə eniş var. Paşinyan seçkilərə kimi bu məsələnin müzakirədən çıxarılmasında maraqlıdır. Hamısı olmasa da, Azərbaycanda saxlanan erməni hərbçilərin bir qismini geri qaytartdırmaq istəyir və bunun üçün də ən ideal vaxtda - Azərbaycanla Rusiya arasındakı soyuqluğun olduğu bir zamanda bundan istifadə edib Rusiya vasitəsiylə Azərbaycana təzyiq etmək və ya necəsə bu dəhliz layihəsindən yayınmağa çalışır," - Fuad Şahbazov deyib.

"Özləri istədiyi dəhlizin açılmasını istəyir, İran istiqamətinə dəhlizə mane olurlar"

Ermənistandan olan siyasi şərhçi Stepan Danielyan BBC News Azərbaycancaya deyib ki, danışıqlar bağlı qapılar arxasında keçdiyindən təfərrüatlar barədə yalnız təxminlər etmək olar.

Şərhçi hesab edir ki, problem quru yolla keçəcək dəhlizlərlə bağlıdır:

"Azərbaycan tərəfi istəyir ki, Azərbaycanla Türkiyə arasında Meğri üzərindən dəhliz açılsın, dəmiryolu işləsin. Lakin, deyəsən, İranla Ermənistan arasında və təbii ki, Gürcüstan ərazisi ilə Rusiyaya çıxan Naxçıvan dəmiryolunun işə salınmasına maneələr törədilir. Onlar özləri istədiyi dəhlizin açılmasını istəyir, İran istiqamətinə dəhlizə maneələr törədirlər".

Onun sözlərinə görə, bəyanatda [10 noyabr 2020-ci il tarixli Ermənistan, Azərbaycan və Rusiya dövlət başçıları arasında imzalanmış Qarabağ müharibəsində atəşkəs haqqında] bütün kommunikasiyaların açılması nəzərdə tutulur, Azərbaycan və Türkiyə, görünür, İran dəhlizini bağlı qoymaq, Rusiyaya çıxışı Meğri dəhlizi ilə əvəz etmək istəyirlər.

"Açırlarsa, gərək bütün yolları açsınlar"

Cənab Danielyan Ermənistanın Baş naziri Nikol Paşinyanın "açırlarsa, gərək bütün yolları açsınlar" idafəsini xatırladıb. O deyib ki, Rusiya da onların bir qisminin yox, bütün dəhlizlərin açılmasını istəyir:

"Əliyevin son qəzəbli çıxışına gəldikdə, bu, tək onun deyil, həm də Türkiyənin mövqeyidir. O özü də qeyd etdi ki, yolların açılmasında Ermənistan Türkiyənin də rəyini nəzərə almalıdır. Güman etmək olar, bu o deməkdir ki, Ermənistan Türkiyə ilə bunu müzakirə etməlidir və bu müzakirələr zamanı Türkiyə başqa şərtlər də irəli sürə bilər, dəhlizə aidiyyəti olmayan başqa məsələlər qaldıra bilər".

Stepan Danielyana görə, bu şərtlər arasında 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin kütləvi deportasiyası və öldürülməsi və "bununla bağlı başqa məsələlər" ola bilər.

Şərhçinin fikrincə, Azərbaycan və Türkiyə "həddən çox şey istəyir və özləri marağında olduqları dəhlizlərin qeyd-şərtsiz açılmasını istəyirlər. Və istədiklərinə nail olmaq üçün güc tətbiq etməklə hədələyən bəyanatlar verirlər".

Stepan Danielyan təhdidlərin gerçəkləşdirilməsi ehtimalını mümkün saymır, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müqaviləsinə görə, Ermənistanın rəsmi sərhədlərinin zamini Rusiyadır.

"Bu, artıq Ermənistan-Azərbaycan münaqişəsi çərçivəsindən çıxar, daha böyük oyunçuların cəlb olunmasına gətirə və daha böyük münaqişəyə çevrilə bilər".

Ermənistanda və xaricdə "maneçilik törədən qüvvələr"

Azərbaycan Milli Məclisinin deputatı, hakim Yeni Azərbaycan partiyasının təmsilçisi Məlahət İbrahimqızıya görə, Ermənistanda və xaricdə bu işin baş tutmasına "maneçilik törədən qüvvələr" var.

"Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına maneçilik törədən xarici amillər var və bu heç də Avropadan, Amerikadan olan qüvvələr deyil," - millət vəkili BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, dəhliz açılarsa, bu, Avropa üçün də faydalı olar, alternativ yollar yaranar və Azərbaycanla Türkiyənin də maraqları təmin olunar, amma "bunu istəməyən qüvvələr ləngimələr" yaradırlar.

Məlahət İbrahimqızı bildirib ki, Ermənistanda "maneçilik törədən qüvvələr" bu məsələni seçkidə öz xeyirlərinə istifadə edirlər.

"Zəngəzur dəhlizi məsələsində Paşinyana qarşı aqressiya göstərilir. Bu məsələdə maneçilik törədənlərin içərisində revanşist qüvvələr var, çox faşist ideyaların daşıyıcıları, milliyətçi qruplar var. Nikol Paşinyan indiki halda Zəngəzur dəhlizinin həyata keçməsinə kifayət qədər dəstək verə bilmir, ona görə ki, qarşıda seçki var. O bu dəqiqə seçkini qazanmaq istəyir," - Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, əslində Nikol Paşinyan bu dəhliz vasitəsiylə Ermənistanın çox şey qazanacağını bilir.

"...ləngimələr olduqca mesajlar daha sərt olacaq"

Məlahət İbrahimqızı hesab edir ki, İlham Əliyevdə bu məsələdə "maneçilik törədənlər" barədə kifayət qədər məlumat var, amma hələlik bu, tam açıqlanmır.

Millət vəkili bildirib ki, Azərbaycanda Ermənistana qarşı ərazi iddiaları yoxdur. Zəngəzur bölgəsi ilə bağlı isə tarixi mənbələrdə, ABŞ, Rusiya qurumlarında kifayət qədər rəsmi məlumat var. Mərkəzi Kəşfiyyat idarəsinin hesabatı, Çar Rusiyası arxiv sənədləri və Yeltsin adına kitabxanaının məlumatları buna misaldır,"- o deyib.

"İlham Əliyevin mesajları Zəngəzur dəhlizinə mane olan bütün qüvvələrə aiddir. İndi o qüvvələrin birinin çəkisi ağırdır, digərinin çəkisi yüngüldür, biri 5 faiz maneçilik törədir, digəri 70 faiz maneçilik törədir. Hər kəs öz payını götürməlidir. Konkret deməzdim ki, bu sərt ritorika bir ölkəyə, bir siyasi quruma, qüvvəyə, platformaya aiddir,"- Məlahət İbrahimqızı əlavə edib.

Onun fikrincə, Zəngəzur dəhlizinin reallaşması məsələsində ləngimələr olduqca, problemlər yarandıqca, Prezident İlham Əliyevin mesajları da daha "sərt olacaq"dır.

Dalidag.az


Kateqoriya: Karusel
Tarix: 25-04-2021 10:43
Baxış sayı: 3344
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını