Gülə-gülə ölən aktyor...- Əliağa Ağayev

13-11-2019 14:53
Noyabrın 13-ü Azərbaycan komediya aktyorluğunun parlaq simalarından biri olan Əliağa Ağayevin xatirə günüdür. Əliağa İsmayıl oğlu Ağayev 22 mart 1913-cü ildə Bakıda anadan olmuşdur.
   
Erkən yaşlarında atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki sənət məktəbində oxuyub. Zavodun dram dərnəyində çıxış edib. Həmin dərnəyin istedadlı gənclərini seçib mədəniyyət təbliğatı briqadası yaradıblar. Əliağa Ağayev bu briqadada kiçikhəcmli məsxərələrdə, təbliği pyeslərdə müxtəlif, əsasən yumorlu rollar oynayıb. Bir müddət burada çalışdıqdan sonra, 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları” dramının tamaşasında Dik rolu ilə çıxıb.
Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb. Aktyor bu teatrda Molla Həmid (“Molla İbrahimxəlil kimyagər”, Mirzə Fətəli Axundzadə), Rəmdar (“Seyran”, Əliməmməd Atayev və Əhməd Əhmədov), Rəcəb, Lələş, Əlipaşa, Səməndər (“Xasay”, “Vətən”, “Ana”, “Eloğlu”, Abdulla Şaiq), Balaxan, Əmirqulu (“Aydın” və “Yaşar”, Cəfər Cabbarlı), Həsən kişi (“Çətin dərə”, Səttar Axundov) və digər rolların ifaçısı olub.
Müxtəlif çeşidli rolları, xüsusən “O olmasın, bu olsun” bədii filmindəki (1956) Məşədi İbad obrazı ilə şöhrət qazanan Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. Burada ilk orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə düşdük” komediyasında Abış Surxayeviç obrazıdır. İyirmi iki il bu teatrda işləyən sənətkar bu səhnədə Vasin (“Tanya”, Aleksey Arbuzov), Allahnəzər (“Kimdir müqəssir?”, Hüseyn Muxtarov), Qulaməli, Alışov, Nağı (“Közərən ocaqlar”, “Kəndçi qızı”, “Yaxşı adam”, Mirzə İbrahimov), Birinci məzarçı, Stefano (“Hamlet”, “Fırtına”, Şekspir), Rista Pdoroviç (“Nazirin xanımı”, Branislav Nuşiç) və s. rollarında çıxış edib.
 Əliağa Ağayev kinoda məşhur Məşədi İbad, Xan (“Sehrli xalat”), Şıxəli (“Görüş”) kimi irihəcmli rollarla yanaşı, “Əhməd haradadır?” (kassir), “Qanun naminə” (anbardar Məmmədxan), “Bir məhəlləli iki oğlan” (Feyzi), “İstintaq davam edir” (Kişi) və digər filmlərdə yaddaqalan epizodik rollara da çəkilib.
Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. Populyar və sevilən aktyor olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə Respublikanın Əməkdar artisti, 27 fevral 1954-cü ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar 1983-cü il noyabrın 13-də dünyasını dəyişib.

Dalidag.az


Kateqoriya: Karusel / Mədəniyyət
Tarix: 13-11-2019 14:53
Baxış sayı: 31 223
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını