Namiq Dəlidağlı: "Kəlbəcərin qaytarılması ən böyük yubiley hədiyyəm olar”- Müsahibə

31-10-2020 13:44
Həyat döyüş meydanıdır deyirlər. Birmənalı qarşılanmayan bu fikrin əslində həyatın heç də asan olmadığını, arzular, yetmək istədiyin məqamlar uğrunda çaba  sərf etmək, çalışmaq, maneələrə qalib gəlmək, dirəniş göstərmək gərəkdiyini isbatlayan bir ifadə olduğunu həyat meydanına atıldığında daha dərin hiss edir insan. Həyatı necə qəbul etməyindən, amalından, əqidəndən asılı olaraq yaşam tərzini, missiyanı xarakter olaraq, öz olaraq gerçək sima  bütünlüyünü  göstərən güzgüdə iradənin, vicdanın ortaya qoyduğu adamla üz-üzə qalmaq ən məsuliyyətli  və məncə ən ruhani halıdı insanın.
Şəxsiyyətin formalaşma aktının öncül amillərindəndir vicdanıyla eyni boyda, eyni rəngdə, eyni çəkidə olmaq... 
Bu döyüş meydanı dedikləri həyat, çərçivələrə sığmayan, azad ruhlu, düz amalı, dəyişməz əqidəsi, insanlıq missiyası ilə bəşər adına  ucalıq anlamı qatan adamların varlığıilə işıqlanır, gözəlləşir. Mübarizə meydanında məsləkinə, vicdanına sadiq “əsgərlərlə” eyni səngərdə olmaq  əslində var olmağın, məğlubedilməzliyin təminatıdır...
Bəlkə də uzaqdan başlamağım müsahibimi təqdim etməkdə(xüsusi təqdimata ehtiyacı olmasa da) çətinlik çəkməyimdən irəli gəlir. Yox ki, yuxarıda yazdıqlarımın onunla bir əlaqəsi yoxdur. Əksinə, tam həmsöhbətimə görə ayarlanmış ifadələrdi və xarakterinin sərgilədiyi döyüşkənlik ruhundan görünən adamın üstüörtülü tanıtımı idi ön söz əvəzi yazdıqlarım. 
Azad düşüncəli, ədalətli,  prinsipial, məddahlıqdan uzaq,  fikirlərini çəkinmədən söyləyə bilən bir söz adamıdı söhbətdaşım. Silahı qılıncdan iti qələmdir, sözünün kəsəri var. Nöqtənin belə “davasını döyən”, sözü uca tutan, bu yolda səhvləri  güzəştə getməyən, məsuliyyətli, vicdanıyla eyni boyda, eyni rəngdə, eyni çəkidə olan adamdı qarşımda əyləşib təmkinlə  söhbətə başlamağımı gözləyən həmsöhbətim. 
Yeri gələndə üsyankar, sərt, məqamında mülayim və kövrək olur. Türk sevdalısıdır, millətinə, elinə-obasına, yurduna-yuvasına  bağlılığı, sözə, sənətinə sevgisi ölçüyəgəlməz bir  vahiddə birləşir.  Müsahibim  həm də sinəsi  yurd həsətilə göynəyən  minlərdən biridi.
Onunla doğum günü, daha doğrusu 50 illik  yubileyi ərəfəsində görüşdük. Görüşümüz  illərdən bəri gülməyən gözümüzün sevinc yağışı ilə gözəlləşən  məqamına düşdü həm də. Ard-arda aldığımız zəfər xəbərlərinin əxz etdiyi qarışıq hislərlə “Kəlbəcərin qaytarılması ən böyük yubiley hədiyyəm olar” deyən Namiq Dəlidağlıyla söhbətimizə başladıq.

Dalidag.az əməkdaşımızın Namiq Dəlidağlı ilə müsahibəsini təqdim edir:

-Xoş gördük, Namiq müəllim! Yəqin çoxları kimi sizin də bu ildən gözləntiləriniz varıydı. Dünyanı  xofunda saxlayan pandemiya nə kimi planlarınızı ertələməyə məcbur etdi sizi?

-Fərd olaraq hər birimiz cəmiyyətin bir üzvüyük. Ümumi proseslər, baş verən hadisələr hər birimizə özünün mənfi, ya  müsbət təsirini göstərir. Əlbəttə, bir çox nəzərdə tutduqlarım və planlarım vardı ki, onları həyata keçirə bilmədim. O cümlədən, bir çox ədəbi tədbirlərimiz, görüşlərimiz, ictimai işlərimiz təxirə düşdü. Və təəsüflər olsun ki, bu koronavirus çox “uzunömürlü oldu”. Ancaq ilin sonuna doğru üstümüzə doğan günəş  həllini tapmayan problemləri, təxirə salmağa məcbur olduğum bütün işləri unutdurdu. Qələbəyə doğru cəng başladıq…

-Çaylarda daşının sayı yadımda, 
çöllərdə quşunun sayı yadımda,                                                                              
Əgər yaddan çıxsa lap soyadım da,                                                                            
yurdum, yaddan çıxmaz bir çopur daşın.
Məncə, bu misralar əslində yanğının şəklidi. Eyni zamanda yurda sevginin, bağlılığın təzahürü...

-Bu misralarda bir az pafos da var. Mənə görə  məfhum olaraq da, doğulub boya-başa çatdığın məkan kimi də yurd yeri doğmalığı, özəlliyi ilə söz ifadəsini tapmayan ucalıqda durur.  Nədənsə o yerlərin çayları, qayası-daşı, çöllərdə quşu, arısı, kəpənəyi, böcəyi daha çox yadımda qalıb. Güman eləyirəm ki, tezliklə yadımdan çıxmayanların hamısını görəcəm...

-Gəlin, işığı sönməyən ümidimizə söykənək və optimist düşüncələrlə söhbətimizə davam edək. Bütün qaranlıqlara işıq qənim olur. Düşünürəm ki, sabaha inamınız var:
...Sənin sağalmağının
bir yolu, bir çəmi var,
sənin yaralarının bircəcə
məlhəmi var:
onun adı SAVAŞDI –
onun adı QƏLƏBƏ…

- Ümidsiz yaşamaq çətin olur. Növbəli ümidlər, inamlar adamı bu gündən sabaha ötürür. 28 ildir ki, mən də hamı kimi ümidlə yaşamışam. Açığını deyim ki, ruhdan düşdüyüm, narahat olduğum anlar olub. Ancaq işğal edilmiş yurd yerlərimizə dönəcəymə həmişə inanmışam. Və bu gün inamımın nəticəsini görürəm.
O SAVAŞ başlayıb, OQƏLƏBƏYƏ az qalıb. 

- Bəli,biz o möhtəşəm QƏLƏBƏnin bir addımlığındayıq… Sentyabrın 27-dən başlanan uğurlu, zəfər dolu döyüşlər bunu deməyə imkan verir. 27 ildir yurd həsrətiylə göynəyən biri kimi son hadisələrin hisslərinizə təsirini və ümumən prosesə münasibətinizi bilmək maraqlı olardı.

-Artıq bir aydan çoxdur ki, Azərbaycanın yeni və şanlı tarixinin gündəliyi yazılır. Müqəddəs yurd yerlərimiz murdar erməni quldurlarından təmizlənir. Bu şəxsən mənim ömrümün ən şərəfli dönəmidi. İllərdir ki bu günü gözləmişik və nə xoş bizim halımıza ki, bu müqəddəs savaşın hazırda şahidiyik. İtkilərimiz var, şəhid veririk. Ancaq istədiyimizi əldə etmək üçün digər alternativ variantımız yoxdur. Bir millət olaraq varlığımızı təsdiq etməyin məqamıdır. Tarix boyu bir xain toplumun yersiz torpaq iddiasının, ərazi istəyinin acısını çəkmişik. Hümanizm, insanlıq göstərən millətimiz düşmənimiz tərəfindən ən dəhşətli əməllərin qurbanına çevrilib. Körpələrimizin gözü çıxarılıb, başı kəsilib, hamilə qadınlarımızın qarnı yarılıb, hələ dünyaya göz açmayan körpələri süngülərə keçirilib, tonqallara atılıb. Xocalıda törədilən vəhşiliyin Gəncədə, Bərdədə, Goranboyda, Tərtərdə davamını gördük. Günahsız fidanlarımız şərəfsiz, quldur ermənilər tərəfindən qətlə yetirildilər. Bütün bunları sadaladıqca dəhşətə gəlirəm, adına insan deyilən bu məxluqların nə qədər qəddar, alçaq, nadan olduğunu düşünürəm. Yenicə azad olunan yurd yerlərimizə efirdən baxıram. İlahi, cənnət məkanlarımızı, ev-eşiyimizi bu şərəfsizlər nə günlərə salıb, oralarda necə vəhşiliklər törədiblər. Daş üstündə daş qalmayıb. Heç bir haqqı və ixtiyarı olmayan bu toplumun bizə vurduğu ziyanın, maddi-mənəvi zərərlərin sayı hesaba gəlməz.

-Səhhətinizdə problem olmasına baxmayaraq, bu günlərdə yaralı şəhərin ağrılarını yaxından duymaq istəyinizi boğa bilmədiniz, Gəncəyə üz tutdunuz, erməni terrorundan ziyan çəkən digər bölgələrimizdə oldunuz...

-Müharibənin müəyyən qanunları var. Dinc əhali, uşaq, qadın, qoca hədəf seçilməməli, onlara  atəş aşılmamalıdır. Ancaq vandal xislətli alçaq erməni toplumu bizə qarşı təkcə torpaq iddiasında deyil. Onların çirkin niyyəti bizi bir millət olaraq məhv etməyə hesablanıb. Cəbhə bölgəsində-döyüş meydanında uduzduğunu görən xain düşmən dinc əhalimizi raket atəşinə tutur, onlarla günahsız vətəndaşımızı qətlə yetirir.
Bu günlərdə Goranboyda, Mingəçevirdə, Gəncədə oldum. Qaniçən toplumun Gəncədə törətdikləri vəhşilik məni dəhşətə gətirdi. Qadağan olunmuş ağır silahlardan atılan atəş qədim Gəncəmizin sinəsinə dağ çəkib. Xeyli sayda dinc əhalimiz ölüb və yaralanıb. Onların arasında uşaqlar da var. Doğmalarını itirən, uçqunlar altında oyuncaqlarını axtaran uşağı görmək məni çox sarsıtdı. Üstündən bir neçə gün keçməsinə baxmayaraq hələ də özümə gəlməmişəm.
Namiq Dəlidağlı: "Kəlbəcərin qaytarılması ən böyük yubiley hədiyyəm olar”- Müsahibə

Bütün bunlara dünya ictimaiyyətinin göz yumması qəbul edilməzdir. Terrorçuya "dur" demək əvəzinə, təəssüf ki, dövlət səviyyəsində terroru dəstəkləyən ermənistanı müdafiə edən ölkələr də var. Və bu müharibədə vətəndaş olaraq hər birimizin payımız, görəcəyimiz işimiz var. Yaşından-başından, tutduğu vəzifəsindən, lap elə səhhətindən asılı olmayaraq hər birimiz canla-başla bu qaynar nöqtənin episentrində özümüzü hiss etməli, yeri gələndə yolumuzu cəbhə bölgələrindən də salmalıyıq. Bu Vətən müharibəsi hamımızın evinə, ocağının başında hiss edilməlidir.

-Müzəffər ordumuzun alçaq düşməndən necə qisas aldığının şahidiyik. Döyüşlər davam edir və şəhidlərimizin qanı yerdə qalmır.  İnşallah, Kəlbəcərimizə, Laçınımıza…Qarabağımıza qovuşmaq diləyilə, istəyirəm söhbətimizin məcrasını başqa səmtə yönəldəm. İşiniz ədalətlilik və daimi operativlik tələb edir. Vaxtla ayaqlaşmaq, ədalətlilik prinsiplərinə sadiq qalmaq nə dərəcədə mümkün olur?

- Vaxtdan gileyli olmayan adam görmədim. Eyni vaxt hər kəsin payına düşür. Saatlar bölünən vaxtı  nəzərdə tuturam. Ancaq vaxtdan necə istifadə etmək hər kəsin qabiliyyət və bacarığından asılıdı. Vaxtla düzgün, elə vaxtında işləməyi bacarıram. Vədələşdiyim yerə vaxtında getməyi, öhdəmə götürdüyüm işi vaxtında bitirməyi çox sevirəm və buna mütləq əməl edirəm. İndiyə kimi bu barədə elə problemim olmayıb. Ədalətlilik prinsipinə gəlincə, bu peşəmin və əqidəmin tələb etdiyi bir meyardır ki, vicdanıma söykənir. Ona sadiq qalmamaq vicdanından əl çəkməkdir.

-Rəhbəri olduğunuz 5 yaşlı Sumqayitfakt.Az, 4 yaşlı Manevr.az, 1 yaşlı Dalidag.az saytları çoxluq içindən boyu görünən saytlardı. İşin içində olduğumdan  çətinliklərdən xəbərim var. Problemləri aradan qaldırmaq, çətinlikləri dəf etmək birbaşa sizin üzərinizə düşür ki, bu da güc, enerji, üstəlik madiyyat tələb edir.

-Problemin adını çəkirsinizsə, bu ad varsa, həmişə problemin içindəsən. Arzudan arzu doğan kimi, problemdən də problem doğur. Bir problemin orasını-burasını yamayıb düzəldincə təzəsi özünü yetirir. Maliyyə problemimiz istədiyimiz hədəfə çatmağa və işimizi daha da yaxşı qurmağa mane olur. İşimizin öhtəsindən tam gəlməyimiz üçün əməkdaşlarımızın sayını artıra, bir çox işlərimizi vaxtında həyata keçirə bilmirik. “Hər şey yaxşı olacaq”, deyib ümidin ətəyindən yapışmışıq... Yəni bütün çətinliklərə rəğmən, çalışırıq, varıq, sabah da olmaq üçün çaba göstəririk…

- İşin ərsəyə gəlmə prosesini görməyənlər hər şeyin asan başa gəldiyini düşünür. Müstəsna gəliriniz olduğunu düşünənlər də var yəqin ki?

-Eşitdiyimə görə, bəzi saytları “saxlayanlar”, yəni sponsoru var. Ancaq bizə bu rast gəlməyib. Özümüz-özümüzü saxlayırıq. Ona görə də kiməsə hesabat vermək zorunda deyiləm. Nə düşünürlər, düşünsünlər...

-Oxunaqlı olmaq, reytinqi saxlamaq üçün nə edirsiz? Bunun üçün xüsusi bir proqramınız və ya strategiyanız var?

-Bunun üçün  xüsusi nələrsə lazım deyil. Ancaq çalışmaq, işini bilmək kifayət edir. Strategiyamız operativlik və dəqiqlikdir.  

-Saytlarınıza daha da oxunaqlı olmağı arzu edir, kollektivinizə uğurlar diləyirəm. Gələcəkdə saytların ümumi quruluşunda, iş prinsipində, tərtibatında və sairə dəyişiklik etmək fikriniz varmı?

-İnkişaf etməyin yolu yenilikdən keçir. Bir az əvvəl saytlarımızın yaşlarını qeyd etdiniz:  5;4;1- hələ “uşaqlıq” dövrünü “yaşayırlar”. İllər ötdükcə ehtiyac duyulduğu halda əlbəttə, zamanın tələbinə və istəyimizə uyğun olaraq lazımi dəyişilklikləri edəcəyik.

-İşinizin çoxluğuna və ağırlığına rəğmən, üç il öncə “DƏLİDAĞ” Ədəbi Birliyini yaratdınız. Üstəlik, ədəbi və ictimai birliklərin çoxluq təşkil etdiyi bir məqamda. Məqsəd, məram nə idi? Az müddətdə birliyin xeyli üzv qazanması müəyyən mənada məqsədə çatmaq kimi qəbul oluna bilərmi?

-Bu bir yenilik deyil. Gördüyüm işlərin davamıdı. Məqsəd isə bəllidi: Sözə xidmət etmək. Normal ədəbi nümunələri oxucuların ixtiyarına vermək...Həm də vaxtı ilə Kəlbəcərdə fəaliyyət göstərən “Dəlidağın nəğmələri” Ədəbi Birliyini yeni adda yaşatmaq. Ancaq təkcə Kəlbəcər ədəbi mühitinin nümayəndələrinə deyil, bütün istedadlı yaradıcı insanlarımıza “Dəlidağ”-ın səhifələrində yer verdik. Dediyiniz kimi, istəyimizə nail olduq. Kifayər qədər üzvlərimiz var. Formallıqdan  uzağıq, yalnız kağız üzərində və ya göstəri üçün  hərəkət etmirik, fəaliyyətimiz göz önündədi. Adda yox, əməldə işimizi həyata keçiririk. 

-Sizinlə doğum gününüz, daha doğrusu, yubileyiniz ərəfəsində görüşürük. Ömür Allahdandı, yaşamaq sizdən. “Yaşadım, yaşayıram”-deyə bilirsiz?

-Doğum günüm sentyabrın 29-da keçib. Ancaq bu il yubiley ilim olduğuna görə möhürlü kağızın küncünə qeyd edilən vaxtda-noyabrın 1-də yubileyimi qeyd edəcəm. «Edəcəm» deyəndə, virus əl-qolumuzu bağlayıb. Yada salacam. Həm də cəbhədə uğurlarımız olmaqla bərabər, şəhidlərimiz də var. Yubiley və ya hər hansı bir şadyanalıq  keçirmək məqamı deyil. İnşallah, qələbəmizdən sonra yubiley, doğum günü məsələsinə baxarıq. Yaşamağa gəldikdə isə, nə deyim…Bu uzun söhbətdi, Tanrıya şükür…

-Bundan sonrakı illərinizin gözəl və mənalı keçməsi diləyilə sizi təbrik edir, sevgi dolu həyat, sağlıqlı uzun ömür arzulyıram. Qalan ömrünüz də şeirli və Kəlbəcərli olsun.

-Kəlbəcərli olacağına inanıram, şeirli olmağına isə yox. Kəlbəcər nağıllar aləmidi. Bundan sonra orda ancaq nağıllar uydurmaq gərəkdi. İlahi, o günü görsəm, bəxtəvərəm ki…

Söhbətləşdi:Sevinc Qərib
Dalidag.az


Kateqoriya: Karusel / Müsahibə
Tarix: 31-10-2020 13:44
Baxış sayı: 4581
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını