Reklam
Eldar Həsənov:"Prezident dedi ki, sənin səfir getməyin hələ tezdir"
09-09-2020 20:32
Son vaxtlar bəzi mətbu orqanlarda sabiq səfir Eldar Həsənovla bağlı həqiqəti əks etdirməyən, subyektiv fikirlərə əsaslanan şər-böhtan xarakterli yazılar dərc olunur, ictimai fikri çaşdırmağa müəyyən cəhdlər olur. Konkret halda, Eldar Həsənovu süni “yapışqanla” Ramiz Mehdiyev-Əli Həsənov dəstəsinə calaşdırmağa çalışırlar. Eldar Həsənovun keçdiyi həyat yoluna və fəaliyyətinə bələd olanlar bu şər-böhtanın heç bir məntiqi əsası olmadığını gözəl bilirlər. Onun bu illər ərzində müxtəlif mətbu orqanlara verdiyi müsahibələr, dərc etdirdiyi məqalələr Eldar Həsənovun daima dövlətə və dövlətçiliyə, mərhum Prezident Heydər Əliyevə və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə sədaqətini, hörmət və ehtiramını, ləyaqətlə xidmət etdiyini sübut edir. Eldar Həsənov bu gün də eyni əqidədir.
Dalidag.az sabiq səfirin xahişi ilə 4 il əvvəl verdiyi və müxtəlif kütləvi informasiya vasitələrində dərc olunan bir müsahibəsini yenidən ictimaiyyətin diqqətinə çatdırır. İnanırıq ki, bu müsahibə yayılan dezinformasiyalara, Eldar Həsənov barədə dolaşan qeyri-obyektiv fikirlərə tutarlı cavab olacaq. İndi buyurun, dörd il əvvəlki müsahibə ilə tanış olub kimin kim olduğuna özünüz qiymət verin.
- Peşəkar bir hüquqşünas idiniz, ömrün çoxunun yaşanmış bir dövründə diplomatik fəaliyyətə başlamaq Sizin üçün nə qədər asan və ya çətin oldu?
- Bəxtim elə gətirdi ki, institutu bitirən kimi təyinatla dövlət işində çalışmağa başladım. Ötən il dövlətə qulluğunda çalışmağımın 40 ilini tamamladım. Dövlət işində çalışmaq şərəf məsələsi olmaqla yanaşı, həm də məsuliyyət tələb edir. Dövlət məmuru kimi ömrümün bir payı sovet dövrünə düşüb, daha böyük hissəsi isə xoşbəxtlikdən müstəqillik dövrümüzə təsadüf edir və doğma vətənə qulluq edirəm. Azərbaycanın müstəqillik tarixinin səhifələri çoxaldıqca, biz də o tarixin içərisində iftixar hissi yaşadıq.
- Həm də müstəqillik tariximizin ilk səhifələrini yazanlardan oldunuz, əlbəttə bir hüquqşünas kimi...
- Həyatım elə gətirib ki, qismətim hər zaman başlanğıclar dövrünə yazılıb. Biz institutda oxuyanda Bəxtiyar Vahabzadənin yaratdığı "Gülüstan " poeması ilə milli şüurumuzda oyanış oldu. Sonra isə millətimizin milli oyanış dövrü başlandı. Əməli hərəkətə keçdik və o xoşbəxtlik bizim yaş dövrümüzə nəsib oldu.
- Dövlətimizin ciddi sınaqlarla qarşı-qarşıya durduğu bir vaxtda 1990-1992-ci illərdə Siz də hüquq-mühafizə orqanlarında çalışırdınız. Gəncə şəhəri Daxili İşlər Şöbəsinin rəisi idiniz. Sonra isə "İnterpol"un Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi oldunuz. Bu idarəni sözün əsl mənasında əlifbasından yaratdınız. Daxili işlər nazirinin birinci müavini, daha sonra Azərbaycan Respublikasının Baş prokuroru oldunuz. Bildiyim qədər, elə həmin vaxtlarda mərhum Heydər Əliyevlə söhbətlərinizin biri zamanı ondan xarici ölkələrdən birinə səfir göndərilməyinizi də rica etmişdiniz...
- Rəhmətlik Heydər Əliyevin idarəçiliyində qeyri-adiliklər, bənzərsizliklər çox idi. Hər hansı bir ağır məsələ müzakirə olunanda imkan yaradırdı ki, insanlar özlərini rahat hiss etsinlər, fikirlərini açıq-aydın ortaya qoya bilsinlər. Bir dəfə də Təhlükəsizlik Şurasının gərgin iclaslarından biri gedirdi və mən məqamdan istifadə edib gülə-gülə dedim ki, cənab Prezident, Qarabağ məsələsi həll olunsaydı Avropa ölkələrindən birinə səfir getmək istəyərdim. Cavabı belə oldu: "Qarabağ məsələsinin həlli üçün əlimizdən gələni edirik və qaytaracağıq. Sənin səfir getməyin isə hələ tezdir. Görəcəyimiz işlər çoxdur”. Zaman, tarix elə gətirdi ki, Baş Prokurorluqda vəzifəmi icra etməyimin müddəti bitdi və qanuna uyğun şəkildə mən artıq prokurorluqdan ayrılıb, elmi-pedaqoji fəaliyyətimi davam etdirdim. Universitetdə dərs deməklə yanaşı, həm də "Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə” ilə bağlı doktorluq işimi müdafiə etdim. Elə bu ərəfədə BMT-dən təklif aldım. Ulu öndər Heydər Əliyevin də xeyir-duasını və məsləhətlərini alıb təşkilatın Cenevrə ofisində - Narkotiklər, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın və BMT proqramlarının Türkiyə və MDB ölkələri üzrə əlaqələndirmə ofisinin rəhbəri kimi çalışmağa başladım. Fəaliyyətə başlayandan 7 ay sonra, mənə zəng edib dedilər ki, Prezidentlə danışacaqsan. Xəttin o biri başında ulu öndər Heydər Əliyev qətiyyətli bir səslə dedi ki, "sabah saat 1-də səni gözləyirəm”. Cavabında ona sual etdim ki, "olarmı bir gün sonra gəlim?!”. Soruşdu ki, "niyə?”. Dedim ki. ”icazə alacağam”. Təəccüblə yenə sual etdi: "Kimdən icazə alacaqsan?”, cavab verdim ki, çalışdığım təşkilatın rəhbərliyindən. Bu sözümün qarşılığında isə "sənin çalışdığın təşkilatın rəhbəri mənəm” – kəlməsini eşitdim. "Doğrudur” – deyə cavab verdim və əlavə etdim ki, bu vaxta qədər hər bir məsələni Sizinlə məsləhətləşmişəm. Formal baxımdan icazə alıb, gəlirəm.
Bir gündən sonra artıq Heydər Əliyevlə oturub söhbət edirdik. O mənə dedi: "Eldar, bu ağzıgöyçəklər boş-boş cəfəngiyyatlar yazırlar ki, guya, sən inciyib narazı getmisən. Sən özün də "Azadlıq” qəzetinə müsahibə verib dürüst fikrini söyləmisən. Əslində hakimiyyət üçün də, işdən çıxan üçün də, tənbeh olunan üçün də dərs verdin ki, əqidə satılmır, alınmır, kürsüylə ölçülmür”.
Söhbətindən bildim ki, məqaləni tam oxuyub. Dedim ki, cənab Prezident, mən həmişə olduğu kimi reallığı, həqiqəti söyləmişəm. Sonra o, üzünü mənə tutub: "Yadındadırmı, 1996-cı ildə iyun ayının 19-da Təhlükəsizlik Şurasının iclasında sən dedin ki, Qarabağ qayıtsaydı, Avropa ölkələrindən birinə səfir gedərdin. İndi mən səni səfir təyin etmək istəyirəm”.
İsrarla xahiş etdim ki, öz işimdə qalım. Onu qəti mövqeyindən, qərarından döndərmək çox çətin idi. Gərək elə bir əsaslandırılmış arqument, amil gətirəydin ki, onun fikrinə təsir etsin. Və təbii ki, Heydər Əliyevin dediyi oldu. Onun təklif etdiyi bir neçə ölkə arasından mən Rumıniyanı seçdim. Bunun səbəbini soruşanda isə dedim ki, Türkiyədən sonra, Azərbaycanın müstəqilliyini tanıyan ölkə Rumıniya olub. Son sözü bu oldu ki, axşam televiziyada eşidərsən. Və ulu öndər Varşava Müqaviləsi, həmin ölkədə cərəyan edən siyasi hadisələr, Çauşeski barədə özünün təlimatlarını və tövsiyələrini verdi.
- Beləcə peşəkar hüquqşünas Eldar Həsənov hüquq-mühafizə sistemindən diplomatiyaya gəlməli oldu. Bu məqamda peşəniz köməyinizə gəldimi?
- Əlbəttə, birmənalı şəkildə. Diplomatiyanın özü hüquqi sənədlərlə tənzimlənir. İstər dövlət idarəsində, istər diplomatik sahədə çalışanda gərək insan ilk növbədə dövlətçiliyə bağlı olsun. Ən vacibi isə odur ki, qanınla, canınla, varlığınla torpağını, Vətənini sevəsən. Vətənin daşı olmağı bacarasan. Vətəninin tarixini, musiqisini, incəsənətini bilməyincə, ən incə bir xalçasının əriş-arxac naxışından xəbərin olmayınca, xarici dövlətlərdə həmsöhbətinlə ünsiyyət yarada bilməzsən. Öyrənmək heç zaman gec deyil. İki ay ərzində Rumıniyanı kitablardan, rəsmi sənədlərdən, əlimin altında olan bütün mənbələrdən daha dərindən öyrənib, üçüncü ayın birinci ongünlüyündə Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri kimi o ölkəyə yola düşdüm. Uzun müddət bu ölkədə Azərbaycanımızı təmsil etdim. 2013 – cü ildən isə iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiriyəm.
- Cənab səfir, maraqlı ömür yolunuz var. Fəlaiyyətlərinizin əksəriyyəti sıfırdan başlayıb. Sonra o sıfırları hərəkətə gətirib, arxada qoyub, qarşılarına rəqəm yazıb, saya, kəmiyyətə, keyfiyyətə və uğura çevirmisiniz. Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Herseqovinada... hər birinin özünün ayrı-ayrı oxşar xüsisiyyətləri çox az olan dövlətlər və onların hər biri ilə dil tapmaq, uyğun və balanslı siyasət yeritmək... Özü də fəaliyyətiniz haqqında eşitdiyimiz xəbərlərdən bilirik ki, dövlətimiz adına çoxsaylı uğurlara imza atmısınız.
- Dövlətimizin xarici siyasət kursu mövcuddur. O kursu həyata keçirmək üçün ətrafımda olan peşəkar diplomatların köməyi ilə dövlətimiz, millətimiz adına nəyəsə nail ola bilmişik. Azərbaycan dövləti indi xarici siyasətini özü müəyyən edir. O siyasəti korrektə etmək, istiqamətləndirmək ölkəmizin Prezidentinin səlahiyyətindədir. Biz sadəcə icraçıyıq. Qalan hissəsi vicdana yönəlir. Vicdanlı icra isə məsuliyyətli və yaradıcı icradır. Bu işdə prioritet olan üstün tərəflərin həyata keçirilməsi isə xüsusi diplomatik peşəkarlıq tələb edir. Mən də bunu bu ötən illərdə oxuduğum kitablardan, tanış olduğum ölkələrin diplomatik təcrübələrindən yararlanmaqla həyata keçirməyə çalışıram.
- Ötən üç ildə Balkan ölkələrindəki fəaliyyətiniz nəticəsində bu ölkədə Azərbaycanı artıq hər addımda tanıyırlar. Bosniyada keçirilən rəsmi görüşlərdə də bunun şahidi olduq. Həm mədəniyyətimiz, həm də acı tariximizi ölkənin adlı-sanlı ictimai xadimləri hətta müzakirə müstəvisinə çıxarırlar.
- Bu işdə də payıma icraçılıq düşüb. Bu məsələdə də siyasi qərar dövlətimizə məxsusdur. Bosniyalıların dərdi bizim dərdimizə uyğundur. Dunay çayı sahillərində Üzeyir Hacıbəyovun adına böyük bir abidə kompleksi ucaltdıq ki, mədəniyyətimizdən xəbərləri olsun, necə olsa da kökümüz eynidir. Türk kökənliyik. Bunun ardınca Musiqi Akademiyasında Üzeyir bəyin adına təqaüd təsis etdik. Montenoqronun Kral Parkında isə Hüseyn Cavidin heykəlini ucaltdıq... Sarayevonın Dobrını çayı sahilində yerləşən Dostluq parkında hər iki millətin soyqırımını, Srebrennitsa və Xocalı soyqırımlarını əks etdirən baş-başa vermiş qoşa ana heykəllərinin ucaldılması... bunların hamısı bizim kimliyimizi, tariximizi, mədəniyyətimizi, müasirliyimizi, ən yaxın tariximizdə baş verən faciələrimizi və həqiqətlərimizi ortaya qoymağa imkan verir. Bir gecədə Xocalıda 838 nəfəri qəddarcasına qətlə yetirdilər. Hətta faciələrimizin baş verdiyi tarix də eynidir, 26-29 fevral 1992-ci il.
- Barənizdə söhbət düşəndə sizi böyük vətənpərvər, ədalətli və təvazökar insan kimi səciyyələndirir, həm də liderlik xüsusiyyətlərinizdən danışırlar.
- Liderlik məhfumu adətən müasir təhsil ocaqlarında işlədilir. Özümü ondan çox uzaq görürəm, hətta heç görmürəm də. Əslində daha çox məsuliyyətli icraçılıqdan söhbət getməlidir. Üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyi özünə borc bilmək prizmasından yanaşmaq lazımdır. Və bu məsuliyyət məhfumunun içərisində Heydər Əliyevlə çalışdığım illərin təcrübəsi çox böyük rol oynayıb. Hüquq - mühafizə sistemindəki o burulğanlı, tufanlı və gərgin vaxtlarda, müstəqillik tariximizin yeni səhifələrinin yazıldığı illərdə ən təhlükəli dövrləri yaşadıq. Görünən və görünməyən çox hadisələrin şahidi oldum. İstintaq və təhqiqat materilllarından bütün insanlara və hadisələrə bələd olduğumdan çox şey öyrəndim.
- Mən liderlik haqqında düstur yazası olsaydım, onu belə açıqlayardım: liderlik, amiranəlik, ötkəmlik, mülayimlik. Bir də belə düşünürəm ki, bu düsturun kök altısı manevr bacarığıdır. Siz necə düşünürsünüz? Manevr etməyi hər zaman bacarmısınız?
- Dövlətdə çalışan insan manevr etməyi bacarmalıdır. Bu manevr isə yalnız məsələnin mahiyyətinə söykənməlidir. Bu manevr əgər dövlət maraqlarına xidmət edirsə, milli maraqlarımızla üst-üstə düşürsə, əgər ümumi işimizə xələl gətirmirsə, bunu bacaran fərd, məmur, diplomat xoşbəxtdir. Unutmaq olmaz ki, uğursuz manevr dövlətə xələl gətirə bilər, ziyan verə bilır. Az-çox bu sahədə təcrübəm var.
- Rumıniyada işləyərkən Macarıstanda bir manevr etdiniz, Siz bu ölkəyə səlahiyyətli səfir təyin ediləndən az bir müddət sonra, 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıdı. Bunlar da məncə dövlət maraqlarına xidmət edən diplomatik manevrləriniz idi.
- Aida xanım, bilirsiniz, üzərinə məsuliyyət qoyulan məmur öz dövlətinin siyasətini düzgün bilməlidir. Bu siyasəti isə dövlət və onun Prezidenti müəyyən edir. Biz məmurlar isə düzgün bir şəkildə həmin tapşırıqları mənimsəyib, həyata keçirməliyik. Əlbəttə ki, Xocalı soyqırımı kimi müsibəti olan bir məmləkətin tanınması, tanıdılması ciddi bir tələb kimi qarşımıza qoyulmuşdu. Bunun dünyaya daha çox çatdırılmasının meydanı hara idi? Balkan ölkələri. Çünki bu ölkədə də Serebrenitsada bir gecənin içərisində 838 nəfər qətlə yetirildi, sonra üç il uzanan müharibə ərzində bu qətliyamda həyatını itirənlərin sayı 10 minə çatdı. Ermənilər tərəfindən soyqırımına məruz qalanlarımız azərbaycanlı olduqlarına görə, Serebrenitsada da eyni mahiyyətə görə qətlə yetirildilər. Böyük fərq ondadır ki, BMT Təhlükəsizlik Şurası, Haaqa Məhkəməsi, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Serebrenitsa soyqırımını tanıdılar. Bizdə isə belə deyil. Məlum səbəblər üzündən bu faciəni anlada bilmirik. Baxmayaraq ki, bu işğal planının tərtibindən həyata keçirilməsinə qədər rus hərbi birləşmələrinin iştirakı dəlillərlə, istintaq materialları ilə, məhkəmə qərarları ilə sübuta yetirilib. Və bilməmiş olmazsınız ki, həmin istintaq materiallarının hər birini səhifə-səhifə oxumuşam. Rusiya bizim tarixi qonşumuzdur, starteji tərəfdaşlıq münasibətlərimiz hər zaman qorunub saxlanılmalıdır. Ancaq tərəfdaşımız da bunu bilməlidir ki, biz də unutmuruq ki, Azərbaycanın müstəqilliyinin əlindən alınması üçün süni bir problemin hazırlanması, sonradan bunun reallaşdırılması, tarixi torpaqlarımızın işğalı və Xocalı soyqırımının həyata keçirilməsi, bu işğalda rus silahlı qüvvələrinin iştirakı faktdır, sübutdur, dəlildir. Bunlardan nəticə çıxarmaq, keçmişdə baş verən yanlışlıqları aradan qaldırmaq üçün belə düşünürəm ki, Rusiyanın Minsk Qrupunda həmsədr kimi imicinə çox mühüm təsir edərdi. Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Qarabağdakı separatçılıqda Rusiyanın rolu var. BMT Təhlükəsizlik Şurasının məlum qətnamə və qərarlarına əsasən işğalçı qoşunların təcili surətdə ərazilərimizdən çıxarılmasını təmin etmək Rusiyanın da imicinə xidmət etmiş olar. Həm də dövlətlərarası münasibətlərdə, qonşuluq və qarşılıqlı etimad siyasətində, millətlərarası münasibətlərin möhkəmlənməsində çox böyük rol oynamış olar.
- Sizcə Rusiya bu addımı atacaqmı?
- Bilirsiniz, ümid sonda ölür. Mənim fərdi fikrim belədir ki, bu addımı Rusiya atmalıdır. Çünki hadisələri araşdıran beynəlxalq və yerli ekspertlər də, alimlər də keçmiş sovet ölkələrində yaranan problemlərin hamısında birmənalı şəkildə Moskvanın əli olduğunu təsdiqləyirlər. Rusiyanın bir də belə bir tarixi şansı olacaqmı? O, öz maraqları baxımından, öz ölkəsinin siyasəti baxımından, düşünürəm ki, bunu etməlidir. Bununla sülhməramlı bir dövlət imici qazanıb regionda da sülhə nail ola bilər. Azərbaycan xalqı tarixdən başına gələn hadislərdən Zəngəzurdan, Gülüstan müqaviləsindən, Türkmənçay müqaviləsindən, Azərbaycanın 200 min kvadratkilometr ərazilərinin bölünüb, 86 min kavdart kilometrə gətirilib çıxarılmasından artıq nəticə çıxarıb... Azərbaycan xalqı onu dərk edib ki, zaman-zaman tarixi ərazilərimiz Ermənistana pay verilib. Bunu Prezidentimiz də dəfələrlə vurğulayıb. Azərbaycan xalqı artıq o xalq deyil, ictimai şüuru o şüur deyil, iqtisadi potensialı o zamankı deyil. Milli ruhu, mütəşəkkil intizamlı Ordusu, dövlətin siyasi iradəsi var. Bizim və bütün dünyanın etibarlı münasibətlərə ehtiyacımız var.
- Milli ruhumuzdan danışarkən, "Aprel döyüşləri”mizi yada salaq...
- "Aprel döyüşləri” istər müstəqil Azərbaycanımızın dövlətçilik tarixində, istərsə də ordu quruculuğu tarixində ən şərəfli, rəşadətli, nəyə qadir olduğumuzu ortaya qoyduğumuz bir tarixdir. İradəmizi, haqq səsimizi dünyaya nümayiş etditdiyimiz bir hadisədir. Bizə qarşı ədalətsiz bir şəkildə hər cür vasitələrdən və üsullardan istifadə edib, bizə diqtə etməyi qarşısına hədəf qoyanların real təhdidləri ilə qarşılaşmışıq. Diqqət yetirsək, görərik ki, həmin günlərdə xalq da bir imtahan verdi, şəhidlərimizi ucalara qaldırıb, elliklə məzarlara axışdı, kiçiyindən böyüyünə kimi cəbhə bölgəsinə getmək üçün ayağa durdu, qadın və ya kişi olmasından asılı olmayaraq, millətin ruhunda bir oyanış oldu. O günlər bizim qürur tariximiz, qürür səhifəmizdir. Biz həmin Azərbaycanıq, həmin komandan, həmin əsgər, həmin dövlətik. İstənilən an yenə gücümüzü ortaya qoyub sözümüzü deyə biləcəyik.
- Belə bir məşhur bir kəlam var: dövlət iki şeydən sarsıla bilər, cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Siz nə deyə bilərsiniz?
- Hüquq-mühafizə orqanlarında çalışdığım illərdən bu günə qədər həqiqətin yanındayam. Ədalətli qərarı tanıyaram, ona hörmətlə yanaşaram, onu müdafiə edərəm. Ümummilli liderimiz Heydər Əliyevin zamanında Azərbycan xalqı üçün dediyi o sözlər ümumiyyətlə hüquq-mühafizə orqanlarında işləyən hər bir kəs üçün proqram və gündəlik fəaliyyət prinsipi olmalıdır. Doğrudan da hər iki halda dövlət böyük təhlükələrlə qarşılaşar: bir cəzasızlıqda, bir də günahsız insanlar cəzalandırıldıqda. Bunu unutmaq olmaz.
- Vətəndən uzaqda hər zaman elinə, obasına bağlı olan bir el oğlu Vətəndəki doğmaların qınağına gəldimi? Çünki hər zaman elinizə, obanıza yardım edən bir şəxs kimi dəyərləndirilmisiniz. İndi isə bəlkə də istədiyiniz an əliniz doğmalarınıza çatmır.
- Şübhə etmirəm ki, el-oba bir çox məqamlarda məndən umub-küsür. Haqlıdırlar. Lakin məsafə baxımından uzaqdayam. Dövlət məmuru peşəsini seçən hər adam dövlətin hər bir qərarına hörmətlə yanaşmalıdır, tabe olmağı bacarmalıdır. Bu gün Şərqi Avropanın şərqində Balkanlarda çalışmağım o demək deyil ki, doğulduğum, boya - başa çatdığım Qarabağımdan, dövlətimdən, onun mənafeyindən uzağam. Günahsız insanların ağrı-acısı və torpaqlarımızın işğalı hər zaman qəlbimdədir. Uzaqda olsam da zərərçəkmiş insanların, dövlətimizin və dövlətçiliyimizin yanındayam. Sadəcə zaman və məkan məsələsi var ki, bəzən el–obanın adət ənənəsindən irəli gələn hüzr yerlərinə çatmıram. Sağ olsun camaatımız da, qohum-əqraba da, anlaşıqlı yanaşdıqları üçün minnətdaram.
- Vətəndən uzaqdasınız. Vətən içəridən və xaricdən yəqin ki, fərqli görünür?
- Bir həqiqəti dərk etməliyik ki, Azərbaycan bizim əzəli və əbədi yurdumuzdur, torpağımızdır, qanımız və canımızdır. Hamımız bir adla, Azərbaycan adı ilə o torpaqlara bağlıyıq. Əlbəttə insan xoş xəbərlər alanda sevinir. Gündəlik mətbuatı izləyirik. Xarici siyasət də dövlət siyasətinin tərkib hissəsidir. Görün bir hardan hara gəlmişik. Müstəqilliyin ilk illərində, 1994-cü ilin ortalarına qədər övladlarımızı dərsə göndərməyə belə qorxurduq. O dövrü yaşayanlar bilir ki, müstəqil dövlətçiliyin əldən getmə təhlükəsi, qardaş qanının tökülməsi ortada idi. Əgər o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bütün bunların qarşısını almaq cəsarətini üzərinə götürməsəydi... nələr olacaqdı? Heydər Əliyev o yaşda gedib oturub rahat qalan ömrünü yaşayıb istirahət edə bilərdi. Milləti və dövləti qarşısında artıq öz borcunu yerinə yetirmiş bir insan idi. Bunlara baxmayaraq o, ağır bir yükün altına girdi. Onun dövlətçilik təcrübəsi və zəki bir ağlı ilə bu günləri qazandıq.
Görmə məqamında iki amil diqqətdən qaçmamalıdır. Xaricdən görünmədə də iki reallıq mövcuddur. Azərbaycan bütün sahələri əhatə edən inkişaf və islahatlar dövrünü yaşayır. Bunu görənlər, görmək istəyənlər olduğu kimi anladanlar, hətta bizim millətdən, dindən olmayanlar da yetərincə var. Azərbaycan artıq bizim millətdən olmayanların da sevdiyi bir məkana, sabitlik adasına çevrilib. Azərbaycan bütün dinlərin multikultural şəraitdə tolerant bir mühitdə mövcud olduğu sərbəst bir məmləkətdir. Bunu çoxları etiraf edir. Bir də var Azərbaycanı sevməyənlər, burada da əsas rolu erməni diasporunun xüsusui fəaliyyəti oynayır.
İkinci bir tərəfdən də öz millətimizdən olan insanlarımız, bəzən bilmədən, bəzən də bilərəkdən onların dəyirmana su tökmüş kimi olurlar. Sözsüz ki, idarəçiliyin müxtəlif səviyyələrində müəyyən qəbahətlərin olması qaçılmazdır. Hansısa bir məmurun səhvləri heç də bütövlükdə aparılan siyasətin səhv olması demək deyil, bunu götürüb dövlətin adına yazmaq ədalətsizlikdir. Əlbəttə, Prezident də səbrlə yanaşır. Öz xəbərdarlığını edir, öz möhlətini verir, öz işini aparır, anlayan adam məsuliyyətini anlayır, bilir və nəticə çıxarır. Və çıxarmalıdır. Çox yaxşı olar ki, bu nəticə çıxarmaq daha geniş miqyas alsın. Bu baxımdan arzu edərəm ki, milli birliyimiz daha mötəbər və etibarlı olsun.
Coğrafi baxımdan nəzər yetirsək görərik ki, ətrafımızda hər yerdə qan, müharibə alovu var. Bu gün üçün də, sabah da ölkəmiz üçün təhdidlər var. Bu təhlükələrin önünü almaq üçün çox çevik siyasətlə yanaşı, Prezidentin çox düşünülmüş bir faəliyyəti ilə yanaşı, ölkənin daxilində milli birliyə də hər zaman ehtiyac var. Biz umu-küsünü kənara qoymalıyıq. Hansısa bir qəbahətimiz varsa, bunu biri-birimizə izah edib ortadan qaldırmaqda biri-birimizə yardım etməliyik. Milli mənafe baxımından kürsü heç vaxt qiymətli olmamalıdır. Azərbaycanın taleyi baxımından, dövlət müstəqilliyinin möhkəmlənməsi, Qarabağın taleyinin həll olunması baxımından, Azərbaycanın çevrəsində baş verən atəşlərin, alovların önünü almaq baxımından, bizim milli birliyimizə böyük ehtiyac var. Əlbəttə ki, ölkə Prezidenti bütün bu amilləri nəzərə alıb, öz siyasətinə sadiq bir şəkildə sistemli iş aparır. Amma etiraf edək ki, bu siyasətin də həyata keçirilməsi sizdən, bizdən, fərdlərdən asılıdır. Doğma- ögeyliyə gedilərsə, müxalifət və hakim partiya arasında hələ də "bu bizdən deyil, düşməndir” düşüncəsi ortada qalarsa, milli birliyin əldən getməsi təhlükəsi yarana bilər. 1988-1994-cü illərdəki qarışıq zamanları və bu gün Azərbaycanın yaşadığı yaxın tarixi heç kim unutmamalıdır. Biz o sabitlik və təhlükəsizliyi göz bəbəyi kimi qorumağı özümüzə vətəndaş borcu bilməliyik. Bu bizim özümüzün taleyidir. Özümüzün bu günü və sabahıdır. Həmrəylik və sabitlik çox vacibdir.
- Balkanlarda Azərbaycan Böyük elçiliyinin fəaliyyətinizin səmərəli olmasında Heydər Əliyev Fondunun da rolu danılmazdır.
- "Kor və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəz”in direktoru Dəmir Ovçina çıxış edəndə özünüz şahidi oldunuz. O çıxışında söylədi ki, bu gün Azərbaycan deyiləndə Şərqi Avropada yeganə olan bu təhsil mərkəzi yada düşür. O mərkəzdə təhsil alan hər kəs Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı səsindən tanıyır. Çünki görmə qabiliyyəti zəif olanlar əsasən eşitmə hissiyatı ilə anlayırlar. Bu bina inşa olunub qurtarandan sonra, Leyla xanım o uşaqların hər biri ilə fərdi qaydada görüşüb, hansı şirniyyatı sevdiklərini belə, öyrənirdi. Əlbəttə çoxları düzgün başa düşməz ki, məmur Prezidentin övladından danışır. Ancaq hər şeyi öz adı ilə çağırmaq lazımdır. Deməsək olmaz. Çünki tarix həqiqətlər üzərində formalaşır.
- Eldar müəllim, dostunuz çoxdurmu?
- Dostluq məsuliyyətli bir məhfumdur. Dostluq üçün zəruri olan bir sıra amillər var ki, kişi və ya qadın olmağından asılı olmayaraq hər bir kəs üçün çox önəmlidir. Məsələn, mərdlik, etibarlılıq, sədaqət, güzəştlilik və s. Mən deməzdim ki, dostlarım çoxdur, iki əldə olan barmaqları keçməz. Saydığım səbəblər ucbatından dediyim qədərdir. Bu da bizim keçmişimizdən, tərbiyəmizdən gəlir.
- Keçmişim dediniz, dəniz kimi göy gözlü Asya nənənizi xatırladım, boy- buxunda, üz cizgilərinizdə bənzədiyiniz Koroğlu dayınızı xatırladım.
- Biz böyük bir ailə olmuşuq, tətilə çıxanda, bazar günləri, biz mütləq əməklə, təsərrüfatla məgşul olardıq. Bizi rahat buraxmırdılar, davamlı olaraq bizi fiziki əməyə cəlb edirdilər. 5 qardaşıq, hamımızın həyatı Laçın kəndindəki evimizin, təsərrüfatımızın qayğılarından keçirdi. Balta, bel, dəryaz götürüb valideynlərmizin, kənd camaatının köməyində, qulluğunda durardıq.
- Hansı kənddə daha çox olmusunuz, Bağlıpəyə, yoxsa Laçın kəndində?
-Laçın kəndində yaşadığımızdan orada daha çox olmuşam. Dayım Koroğlu ədəbiyyat müəllimi idi. Bağlıpəyədə yaşayırdı. Vay o günə ki, düşəydim dayımın əlinə. Məni o qədər işlədirdi ki... Son anda isə ancaq yolpulunu da verərdi. O yaşda uşaqlar əmidən-dayıdan hədiyyə aldığına sevinər adətən. Onun yanaşması başqa idi. Dayım bizi əməyə alışdırmaq istəyirdi. Mən də həvəslə işləyirdim. Onun da ruhu şad olsun, o, məni əməyə cəlb elədi. Xasiyyətimiz müxtəlif olsa da, onun sərt qələmi vardı, poeziyada, şeiriyyətdə çox uğurlu adam idi. Mənim qələmim yumşaq oldu ona baxanda.
- Kəlbəcəri yuxularınızda çoxmu görürsünüz?
- Mənim üçün ən ağır anlardır. Bu haqda bu yaxınlarda ilk dəfə olaraq oğluma danışdım. Hər dəfə Laçını, Şuşanı, Kəlbəcəri, Ağdamı yuxuda görəndə dünyamdan oluram. Həmin gün əhvalım dəyişir, özümə gələ bilmirəm. Həyatımın uşaqlığı oralarda keçib. Mən aranlı, dağlı, qarabağlıyam. Anam aran Qarabağlı, atam dağ Qarabağlısıdır. Atamın babası ikiqat qaçqınlığa məruz qalıb. O zaman Göyçə mahalından Kəlbəcərin Laçın kəndinə gəliblər. Babamın tale payına düşən bu köçkünlüyün dərd- bəlası, daha sonra atam Hümbət kişinin də taleyinə düşüb. Bir tərəfdən arzu edirəm ki, tez-tez o yuxuları görüm, Kəlbəcərdə arzu etdiyim yerlərə gedim. İllərlə o yerlərdə qalan xatirələrimə qayıdım... Vətən yurddan başlayır. Yaşa dolduqca da insanı daha çox çəkir yurd. Son illərdə yuxuma dağıdılmış, viran qalmış Kəlbəcər girir. Tarixi torpağımızda yad dildə səslər eşiridəm, o yuxulardan bəzən dik atılıram, özümə gələ bilmirəm. Qarabağla bağlı mən heç nədən çəkinmədən öz mövqeyimi açıq şəkildə ortaya qoyuram. Görüşlərimdə, universitetlərdə ödənişli olmayan mühazirələr deyirəm. O auditoriyalardan da istifadə edib, gənc nəslə Qarabağ həqiqətlərini anladıram. Başımıza gələn müsibətləri, onun köklərini, bugünkü ağır nəticələrini, bizə qarşı ikili yanaşmaları ortaya qoymağa, anlatmağa çalışıram.
- Mən bildiyim qədər həm də yurdunuzun axırıncı nişanəsi idi atanız. Atasızlıq çox ağırdır. Eldar müəllim yaşında bir kişi atasız özünü necə hiss edir?
- İnsanın yaşından asılı olmayaraq ata-ana itkisi çox ağırdı. Valideynlərimizə ömür boyu borcluyuq, övladlarımıza da bunu aşılamalıyıq. Atamın çox haqqı var mənim üstümdə. Çox da səmimiyyətimiz var idi aramızda. Yayda elə bil ki, bilirdi. Bir gün namaz üstə əllərini göyə açıb uca Tanrıdan dilək edəndə eşitdim. Arzu edirdi ki, Kəlbəcərdə torpağa qovuşsun, bir də rahat ölüm arzulayırdı. Mənim baba tərəfim də, ana tərəfim də Məşədi Həsənli, Məşədi Salahlı dinə inanclı insanlar olublar. Hər ikisi Həccə getmişdilər. Uca Tanrı ona bu dünyadan rahat ayrılmağı qismət elədi, o biri arzusunu isə atam özü ilə torpağa apardı. "Atamı –anamı əlimdən alıb, məni tək qoydun dünya”. Ata-ana gedəndən sonra özümü yetim hiss edirəm. Atam rəhmətə gedəndən sonra kimsəsiz kimiyəm. Dəmir iradəli, lazım olduğundan da iki dəfə artıq səbirli insan olsam da atasızlığa dözə bilmirəm. Həmişə başladığım bütün işlərdə, uzaq səfərə çıxanda atam da, anam da xeyir-dua verərdilər. Onların xeyir duaları ilə böyümüşəm. İndi bir iş görəndə, telefondakı şəkillərinə baxıram.
- Tanrıyla görüşsəydiniz, ondan nə soruşardınız? Bir sözünüz vardımı deməyə, istəməyə? (Bu məqamda Eldar müəllim xeyli susdu...fikrə getdi, dayandı...)
- Əlbətdə, uca Tanrıyla elə görüşmək fürsəti qismət olsa, nə böyük xoşbəxtlik olardı. Birincisi, ondan rica edərdim ki, atamı- anamı öz doğma torpaqlarında dəfn etməyi qismət etsin mənə. Qarşısında diz çöküb xahiş edərdim Tanrımdan... O torpaqlara getməyi mənə qismət etsə, diz çöküb o torpağın yandırılmış külünü, daşını qucaqlayıb üzr istəyərdim ki, ey TORPAQ, qədrini bilməmişik. Səni itirəndən sonra anladıq... anladıq ki, Vətənsizlik ağır dərddir.
- Baxıram ki, Balkanlarda çox yerlər Kəlbəbəcəri xatırladır... Budamı ovutmur Sizi?
- Eyniliklər, bənzərliklər çoxdur. Görüşlərim zamanı çox insanlara demişəm ki, bunlar məni bir az sakitləşdirir. Hərdən çıxıb o yerlərə bənzəyən küçələri, çığırları, meşələri gəzirəm... Bir də Uca Tanrıyla ünsiyyətdən dediniz, ona üz tutub deyərdim ki, bu ədalətsizliyə nə zaman son qoyacaqsan, bu sualı verərdim. Biz ədalətsizliyin qurbanıyıq, Qarabağ müsibətləri, başımıza gələnlər hamısı ədalətsəzlikdir. Fərdi qaydada da, milli mənafe baxımndan da, tale baxımından da ədalətsizlik çox ağır bir şeydir. Ayrı bir istəyim yoxdur.
- Bayaq "Dəmir kimi adamam” dediniz. Gücü nədən alırsınız?
- Bizim nəsil uzunömürlü olub. Heç kim köçməkdən xali deyil, hər kəsin vaxtı, saatı, dəqiqəsi var. Babam 119, atam 95 il yaşayıb. Dağda təmiz su, təmiz havada böyüyblər. Sərt, dəmir intizamla bizi əməyə öyrədiblər, öz zəhmətimizlə qazanmışıq hər şeyi. Həyat özü də məni çox burulğanlara salıb, mənim yaşadığım taleyi, dövrü təhlil edəndə, tale qarşısında mən də az imtahan verməmişəm...
-"Sənə bir daş atar yerindən duran, səni sevdiklərin daş qalaq eylər?!”
- Hə elədir.. .Ədalətsiz yanaşmaların şahidi olmuşam... Amma bütün bunlarda mən səbrə söykənmişəm. Hər mənə daş atanın üzərinə getməmişəm. O daş mənə dəyibsə də, onun ağrısına, zərbəsinə tab gətirməyi bacarmışam. Bəlkə də xoşbəxtliyim onda olub. Təmkində, səbirdə...İnsanın həyatı üçün səbr və təmkin çox vacibdir, səbr Allahdan gəlir. Mən təmkinli olmasaydım ya mən daş -qalaq olardım, ya da daş atan... zaman öz saatını sayır, hesabda mən heç bir şey itirmədim, Qarabağ torpağından başqa.
- İnsanlarda hansı keyfiyyərti xoşlamırsınız?
- Yaltaqlıq, ikiüzlülük, sürüşkənlik, məddahlıq... Bunlara nifrət edirəm.
- Sizin üçün stəkan yarıya qədər doludur, yoxsa yarıya qədər boşdur?
-Bir bədxahların yanaşması var, bir də xoş niyyətlilərin yanaşması var... Mən hər şeyi olduğu kimi görməyə çalışmışam. Sadəcə niyyət saf olmalıdır, o baxış, o görmə qəsdli-qərəzli olmamalıdır. Aida xanım, Allahdan razıyam ki, mənim düşmənim yoxdur, ermənidən başqa. Olarsa belə, Tanrıya yalvarasıyam ki, düşmənin də mərdini göndərsin. Mərd adamdan qorxmaq lazım deyil, namərddən qorxmaq lazımdır.
- Bağışlamağı bacarırsınız?
- İlk dəfə 61 yaşımda etiraf etməli olacam... Pisliyi yaxınıma, çevrəmə, qohum-əqrabama yaxın götürüm, bu pislikləri ürəyimdə illərlə saxlayım...Yox! Bunu mən bacarmadım! Heç yaxınıma da buraxmadım. "Keçənə güzəşt deyərlər” məntiqi ilə yanaşdım. Yaxşı halları daha çox dəyərləndirib xatirimdə saxlayıram. Unutmaram yaxşılıqları. Tələbəlik illərimdə kimsə mənə dayaq olubsa, kimsə bir kitabımı alıb gətiribsə, kimsə mənim burnumdan axan qanı öz dəsmalı ilə silibsə, onları heç vaxt unutmaram. Amma pislikləri heç şüuruma yaxın buraxmıram. Taleyim elə gətirib ki, mənə ən çox pislik edən insanın ailə üzvü mənim tabeçiliyimdə çalışıb. 7 il mənimlə işləyib. Mən o uşağı oğlum Anar qədər istəyirəm. Bunu sözlərimdə də, əməlimdə də sübut etmişəm. Onun inkişafında da, yüksəlişində də rolum olub. Gedəndə göz yaşlarını saxlaya bilmədi. Mən də onu yüksək qiymətləndirirəm.
- Üzrlü sayın bu suala görə, səhv etdiyiniz oldumu?
- Səhvsiz işləmək olmur, elə bir ideallıq mümkün deyil. Səhvlər də olub, səhvlərimdən nəticə çıxarmağa çalışmışam, səhvərimdən utanmışam da. Hətta kimsə görməsə belə, hiss etməsə belə.. bu səhvlər, yanlış bir qərar, söz, bəlkə də əməl olub. Bütün insanlar kimi, heç birimiz bunlardan xali olmamışıq. Ən önəmlisi odur ki, özün o səhvini görüb nəticə çıxarmağı və ya iradı doğru qəbul etməyi bacarasan. Əgər idarəçilikdən söhbət gedirsə, strateji dövlət qurumlarındakı fəaliyyətdən söhbət gedirsə, orada zamanın, dövrün, tarixin mövcud reallıqları əsasında baş verən proseslər üzrə yanaşmalarda bəzən fərqli və ya təzadlı bir vəziyyətlə qarşılaşırsan. Sən öz iradənlə öz üzərinə düşən vəzifəni qarşı-qarşıya qoyduğun hallarda vəziyyətin tələb etdiyi qərarı çıxarırsan. Sən o niyyətdə deyilsən, ancaq qanun deyir ki, bunu etməlisən... Bu məqamda artıq şəxsi düşüncələrin - təbiətin, xasiyyətin, şəxsi görüşün, yanaşma tərzin arxa planda - qanundan aşağı olmalıdır. Yalnız bir həqiqət olmalıdır - QANUN ŞAHDIR.
- Yaşıdlarınız da belə düşünürlər, kənardan da hər zaman xarizmalı bir insan təsirini bağışlamısınız. Ən bahalı kostyumunuz neçəyə olub?
- Səliqəli olmaq daha vacibdir. Uşaqlıqdan ta bu günə qədər əsasən səliqəyə fikir vermişəm. Köhnə paltarın təmiz olsun, düzgün ütülənsin, bəs edər. Hansısa məşhur markadan olsun və ya bahalı olsun, belə yanaşma düşük insanların, görməmişlərin üslubudur. Bircə soyuq olmasın, bircə geyindiyin paltara görə sənə gülməsinlər. Qara kostyumunun cırılmış yeri ağ sapla tikilməsin. Vacib olanı budur. Mən hansı halla dəbdəbədən danışım. Buna mənim mənəvi haqqım yoxdur. Mənim torpağım işğal altınadır. Mən 11 şəhid vermişəm. Mənim nəsil- nəcabətim yerlə yeksan olub... Ata Vətənim, Ana Vətənim işğal olunub, məndən soruşun ki, mən son illərdə gülmüşəmmi? Deyərdim ki, xeyr. Çünki haqqım yoxdur. O ki qaldı mən dəbdəbə ilə geyinmək haqqında düşünüm. Yeri gəlmişkən, maraqlı bir məqamı açıqlayım. İki il bundan əvvəl Avropada böhran yeni başlayanda, Belqradda səfirlik üçün kirayə olunmuş ilk rezidensiyanı təhvil verib onun dəyərinin tam yarısına ucuz ev tapdırdım. Dünənə qədər yaşadığım dəbdəbəli rezidensiyadan könüllü surətdə köçüb üç otqalı sadə bir evdə rahat yaşayıram. Və çox xoşbəxtəm ki, kitablarım da yanımdadır.
-Üç övladınız var, heç biri vəzifədə deyil.
- Oğlum Anar doktoranturada oxuyur. Çox razıyam. Neyləyir ki, vəzifəni. Qoy zəkaları, qeyrətləri ilə Vətənin daşından seçilməsinlər. Vəzifədə olmağını da istəmirəm, insanın Vətənə xidməti kürsü ilə ölçülmür. Gənc yaşlarımdan rəhbər vəzifədə işləmişəm, ən gənc general, ən gənc rəhbər, milis rəisi, baş prokuror... bunların hamısı olub. Bunlar önəmli deyil. Əsas məsələ odur ki, Vətənin azad, dövlətin müstəqil, xalqın xoşbəxt olsun, qalanları təfərüüatdır...
P.S. Hər cümləsindən vətən sevgisi, hər baxışından səmimiyyət, hər fikrindən qətiyyət saçılan həmsöhbətimlə vaxtın necə keçdiyini belə hiss etmədim. Eldar müəllimin vaxtı olsaydı, yəqin ki, söhbətimiz daha uzun çəkərdi. Və etiraf etməliyəm ki, söhbətimiz məni həyəcanlandırmışdı. Eldar müəllimin dedikləri və bəlkə də demək istəmədikləri mənim üçün bir həqiqəti bir daha təsdiqlədi. Vətəni sevmək – qandan, candan, qəlbdən-ürəkdən gələn bir hissdir. Belə müqəddəs hisslərə sahib olmaq isə böyük xoşbəxtlikdir. Ana yurdu işğal altında olan Eldar müəllim özünü xoşbəxt hesab etməsə də..
Dalidag.az

Kateqoriya: Karusel / Müsahibə
Tarix: 09-09-2020 20:32
Baxış sayı: 41 702
Yazı axını
25 / 12 / 2024
24 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
23 / 12 / 2024
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
Ən çox oxunanlar