"Şəklim-sevgi şeirlərim" - Nağdəli Keştəklinin Xəqani Həbiboğlunun kitabı barədə qeydləri

20-06-2026 23:37
Nağdəli Keştəkli (Zamanov)
Azərbaycan Tibb Universitetinin dosenti, 
tibb üzrə fəlsəfə doktoru, 
filologiya elmləri doktoru


  Nəhayət! Xəqani Həbiboğlu ilə görüşüm deyəsən baş tutur, axı! Sual verə bilərsiniz ki, məgər Xəqani müəllimlə görüşmək imkanınız yoxdur ki?! – Deyir qardaşın necə adamdır?! – qayıdır ki, yoldaş olmamışam! 
 Şairlərə münasibət də belədir. Özlərindən öncə onların şeirləri ilə tanış olmaq lazımdır. Tanış olaram, deyərəm. Şair özü demiş:
Şəklim – sevgi şeirlərim,
Bax gör necə düşmüşəm?!


Xəqani Həbiboğlu poetik ifadələrin zənginliyi ilə seçilən misralar müəllifidir. Bu da öz növbəsində şairin iti müşahidəçiliyindən xəbər verir. Bulaq, çeşmə anlayışları özündə sakrallıq, müqəddəslik daşıyıb. Suyun doğuluşunu əks etdirən bu anlayış şairin dilində “bulaq çayın körpəsi” kimi səslənir. Ümmana doğru böyüyüən körpə! 
Damcı-damcı sevilər,
Ovuc-ovuc içilər,
Hər dodaqnan öpülər
Bulaq, çayın körpəsi.

Gözəl səslənib. Və bu “Nəvəm Ülkərə” adlı şeir ilk baxışda körpə Ülkərə həsr olunsa da, fəhmli oxucu şeirin gələcəkdə yetkin yaşlı Ülkərə ünvanlandığının fərqinə varır. Bütün bunlar həm də Xəqani Həbiboğlunun pedaqoji fəaliyyətindən irəli gəlir. Uşaqları ölkənin gələcəyini əllərinə alan vətəndaş kimi böyütməyi qarşısına məqsəd qoyur. Şeirin növbəti bəndində Azərbaycan dilinin saflığı yolunda balaca Ülkərə yol göstərir:
Təzə söz, təmiz dilim,
Çağır saflığa gəlim,
Ürək mənim tifilim,
Sən ürəyin körpəsi.


Xalqın dilində onun təfəkkürünün gizli və dərin qatlarına işarə edən frazeologizmlər, idiomlar, zərb-məsəlləri şeirə gətirməklə öz pedaqoji ustalığını bir daha ortaya qoyur. Yaxınlarımıza, doğmalarımıza ünvanladığımız “Gəl, bu daşı ətəyindən tök” xitabına əməl edənlərlə bir araya gələ, daha da doğmalaşa bilirik:
Gəl, ətəyindən tök daşı,
Qoymur dizinə baş qoyum.





Xəqani Həbiboğlu misraları təbiətdə baş verən fenotip dəyişiklikləri cəmiyyətə tətbiq etmək, oxucusunu dərindən-dərinə düşündürə bilmək, təəccübə salmaq gücündədir. Xalqın sözünü deyən, ədalətsizlik qarşısında susmayan şairləri, qara qarğaların arasında seçilən, “ala qarğalar” kimi görsənən şairləri sərvaxt olmağa səsləyir. Elə buradaca “ayıq”, “ehtiyatlı”, yerinə “sərvaxt” işlətməklə sovet dilçiliyində geniş yayılmış, xalqın şirin dilini “arxaik” adlandırdığı sözləri sıraya qaytarır:
Anası ağlasın usta yalanın,
Haqqa gəlmədiniz, haqqa bulanın!
İlhamlı şairlər, sərvaxt dolanın,
Ala qarğaları güllələyirlər...


Azərbaycan dilinin zənginliyinin ən mühüm sübutu (sübuta ehtiyac varmı?) olan, kənar dillərə tərcüməsi çətin olan, bəlkə də mümkün olmayan bir şeir növü – təcnis - Xəqani Həbiboğlunun yaradıcılığında da özünə yer alıb. Şərabla arası olmayan pedaqoq şairin “Badə” rədifli təcnisi maraqdoğurandır:
Düşünürdüm, bəlkə olar arada,
Anam hədələdi, nəbadə, badə!
Xaqani  Şirvaninin bir rübaisindəki kimi:
Al şərab yaxşıdır qəmlənəndə sən
O zaman mey dostdur, ağılsa düşmən
Ömrün ki, cilovu əlində deyil
Çalış ki, yəhərdən tez düşməyəsən
Xəqani Həbiboğlu təcnisində isə:
Deyirlər ki, meydi dərdin əsası
Xəqani hay salıb, nə badə, badə?


“Sevginin yıxdığı evlər” rədifli şeir Bəhmən Vətənoğlunun “Allahsız dünya” kitabının adı kimi səslənir. İlk baxışda biri dünyanın Allahsiz olduğunu, digər cavan şairi isə sevginin evlər yıxdığını iddia edir. Oxucu isə “bəlkə heç oxumağa dəyməz” deyir. Amma nə etməli ki, kitablara qoyulan adlar oxucuları sövq-təbii oxumağa vadar edir. Xronoloji ardıcıllıqla yazılan şeir nələr demir! Şair öncə sevginin qeyri-adi gücünü oxucusuna təqdim edir:
Sevgi zəlzələ kimidi,
Ən uca evləri yıxır.
Kiçiklərlə işi yoxdu,
O məğrur divləri yıxır.


Növbəti bənddə sevginin yıxdığı evlərin necə qalxdığını, yüksəldiyini dilə gətirir:
Başı üstə Günəş gülər,
Suyunu buludlar çilər,
Hörgüsün mələklər hörər
Sevgi yıxdığı evlərin.


Şeirin son bəndi “dünyanı məhəbbət xilas edəcək” müddəasını gündəmə gətirir:
Məhəbbət hər zaman gözəl,
Yaşayırsan, sev, gözəldi.
Nifrət tikdiyi saraydan,
Sevgi yıxan ev gözəldi.


Təkcə bu bənddəki “nifrət tikən saray” ifadəsi özündə nələri ehtiva etmir! Xəqani Həbiboğlu qanlı-qadalı müharibələr, yetimlərin, yazıqların haqqını yeməklə tiklilən nifrət dolu saraylarla, hörgüsünü mələklər hörən sevginin yıxdığı evlər təzadını yaratmaqla etik-fəlsəfi bir şeir nümunəsi yaradır. 
Xəqani Həbiboğlunun “Daha şeir yazmaq zamanı getdi” şeirində təkcə özünün yox, digər şair həmkarlarının da duyğularını dilə gətirir. Mən üzümü şairlərimizə tutur və deyirəm: Xalqımın hörmətli şair övladları! Niyə belə düşünək ki, şairləri hamı oxumalıdır, xalqın əksəriyyəti şairləri tanımalı, ehtiram göstərməlidir?! Xahiş edirəm, bu pessimist duyğulardan gəlin uzaqlaşaq! Tarixən belə olub, belə də olacaq! “Zər qədrini zərgər bilər” misalına uyğun hər şairin öz oxucusu olacaq. Bu gün o şeirlərə çəpəki baxanlar sabah inanıram ki, acgözlüklə oxuyacaqlar. Şeirlərin oxunacaq dövrləri var. 
Sözdə həya adlı duman azalır,
Sözdən möcüzələr uman azalır,
Sözün salamını alan azalır,
Sözün dili dil sözündən qısadı. 


Bu məqamda “Təbib” qəzetinin müxbiri, AJB-nin üzvü, Laçınlı qələm dostumuz, şair Arif Məmmədlinin aşağıdakı misraları yada düşür
Beş –on sadiq oxucum
Tanıyırsa imzamı,
Söz qədrini bilənlər 
Bəyənirsə yazımı
Bəsimdi!


Xəqani Həbiboğlu “Qurd ol” rədifli şeiri ilə xalqı  hələ Zəfər müharibəsinədək öz Boz qurduna tapınmağa səsləyirdi:
Qurd ol, qurd ol, Vətən oğlu,
Qoyun olsan qurd aparar.
Qurd ol, qurd ol, Vətən oğlu,
Bu savaşda qurd aparar.


Xəqani Həbiboğlu şeir dili ilə hadisələri səhnələşdirə, oxucusunun gözləri qarşısında psixik-estetik tablolar canlandıra bilir. Uzağa getməyək, “Baxır” rədifli şeirdə sevgisinə qovuşmaq üçün qoşulub qaçmaq istəyən qızın qaçış səhnəsini bədii boyalarla verir:
O qız pəncərə önündən
Günəşdir, səhərə baxır.
Atlı heyrətdən donubdu,
Qız isə kəhərə baxır
Ümid kəhərə qalıb...
o kəhərə ki, tikanlı çəpəri aşmalıdır. “Tikanlı çəpər” poetik ifadə kimi burada gənclərin bir-birinə qovuşması yolunda əngəlləri, maneələri əvəz edir. 
Ətəyinə dolaşdığı,
Dolaşdıqca tutaşdığı,
Xəyalən çoxdan aşdığı,
Tikanlı çəpərə baxır.


Sevgidən yarımayan qarı nənələr üçün eşq kafir işi kimi anlaşılır. Elə burada mürəkkəb insan xarakterini bədii boyalarla təqdim edir, eləcə də köhnəliklə müasirliyin arasındakı uçurumu göstərir:
Göz qoyur qarı nənəsi,
Elə bil kafərə baxır!


“Baxır” rədifli şeirin son bəndində bir miqdar sayının sözyaratmada olan geniş məhsuldarlığından istifadə edir. Xəqani Həbiboğlu burada “bir”dən arzu ədatı düzəldərək üç yerdə bu ədatı təkrarlayır. Başa düşürsən ki, bu arzuların çin olması bəndə gücündə deyil:
Bir dumanlı səhər ola,
Bir xalılı yəhər ola,
Bir qaçağan kəhər ola,
Hünərə, təpərə baxır.


Azərbaycan poeziyasında ən çox şeir yazılan bir çiçək var! Bənövşə! Xəqani Həbiboğlu söhbət əsnasında deyir ki, biz nə qədər “Bənövşə” yazsaq da Qurbaninin bənövşəsinə çatmaz. Amma mənsə deyirəm: Yazın! Sizlər bənövşədən yazdıqca Qurbani ruhu diri qalacaq. Bənövşə şeiri yazan varislərə görə onun ruhu diri qalacaq! Xəqani Həbiboğlu bənövşəyə müraciətlə “solsan qanım ilə boyaram səni” deyir. Uşaqlıq yaddaşım bənövşəyə qoyduğumuz adları yada saldı. Şairin qanı rəngində olan “qan bənövşə” və nisbətən açıq rəngli “göy bənövşə”:
De, danış dərdini, duyaram səni,
Solsan qanım ilə boyaram səni,
Qıysam, bir o qıza qıyaram səni,
O eşq də vədəsiz soldu, bənövşə!


Xəqani Həbiboğlunun bənövşə ilə bağlı işıq üzü görən şeirlərində onun özünəməxsus poetik ifadələri qəlblərə yol açır:
Kimin ki, ömrünə qismət olmayıb,
Yanaqda yaş bitib, yaşda bənövşə.
...Məzarım üstündə boyun bükərsən,
Görərlər açıbdı daşda bənövşə.


“Görüntü” seirində Xəqani Həbiboğlu oxucusunu dərindən düşündürür, onu xəyal aləmindən real həyata qaytarır. Reallığı qəbul etməsə də, “görüntü”lərin sonda real olmadığını bilir:
Sevgi – nəşə,
Sevgi - ələm!
Dəm var sevgisi ayıqdı,
Ayıq var sevgisi dəm!
Keşiş nifrəti güclüdü
Kərəm sevgisindən !
Yanmaqnan deyil ki...


Şeirin son bəndində “dünyadan ummağı” kənara qoymağa səsləyir, umacağı olanları əliboş qaytaran dünya ilə savaşa girir:
Gur alışsın bu od, ocaq,
Umacaqlar olmayacaq,
Olacaqlar olacaq!
Ummaqnan deyil ki...


Bu şeir ilk baxışda pessimist ovqat yaratsa da, sonda yaşamağa, qurub-yaratmağa çağırır. 
Xəqani Həbiboğlu poeziyasına olan bu kiçik səyahət Azərbaycanın ilk xalq şairi Səməd Vurğunun 120 illik yubiley ərəfəsinə düşdü. Diqqətimi “Səməd Vurğuna” rədifli şeir çəkdi. Müəllif şairin Vaqif mənzum dramındakı “Şair, hökmdarın hüzurundasan” ifadəsini epiqraf götürür. Bu şeirlə Xəqani Həbiboğlu böyük şairimizin keçdiyi yola, yaşadığı dövrün ziddiyyətlərinə güzgü tutan əsər yaratmışdır. Elə buradaca son vaxtlar Səməd Vurğun şəxsiyyətinə qarşı olan yersiz və əsassız hücumlara cavab verməyə çalışır və buna da nail olur:
Qara zamanların udduğu ləlsən,
Millət istəyir ki, şairi ölsün!


O dövrü indi tənqid etmək, dövrə qiymət vermək indiki siyasilər üçün necə də asandır! Stalin kimi müstəbidlərin hüzurunda olmaq indi “biz”lərə çox asan gəlir. “O dövrdə Səməd Vurğun niyə sağ qalıb” deyənlərə Xəqani Həbiboğlunun cavabı belə olur:
Dağın nə vecinə, ceyran nə bilsin
Şair, hökmdarın hüzurundasan...

Növbəti şeir bəndində şairlərə qarşı bədxah mövqedə olan hökmdarlar söyülür, yamanlanır:
Şairdən məddahlıq uman hökmdar,
Bir ömür söyülür həmən hökmdar...


Zamanı yaşamadan, zamanı hiss etmədən danışmaq asan! Xəqani Həbiboğlu şairin həyat və yaradıcılığını yaşadığı zamanla vəhdətdə götürür:
Bir hökmdar da var – zaman hökmdar,
Şairim, zamanın hüzurundasan

Şeirin üçüncü bəndində “həyatda yaşayan şairlərdir” müddəasını irəli sürür. Mövlana Cəlaləddin Rumi sultana xitabən deyirmiş: sizin hakimiyyət siz ölənədəkdir, bizim hakimiyyət isə biz öləndən sonra başlar. Şairlərin hakimiyyətinə Mirzə Fətəli Axundzadə “Puşkinin ölümünə Şərq poeması” əsərində yazırdı: 
Səddi Çindən Tatarıstanə qədər çar əli var
Ol şairin də aləmdə yanan məşəli var. 


Elə bu misralarla həmahəng səsləşən Xəqani Həbiboğlu misraları özünə yer tapır:
Sən beş-on günlüksən, əbədi odu,
Hökmdar, şairin hüzurundasan!


“Səməd Vurğuna” şeirinin sonluğunda müəllif təvazökarlıqla, kövrək hisslər yaratmaqla, “o haqq dünyada, bizsə nahaq” deməklə xalq deyimini gündəmə gətirir:
Şairim, bizlərdən nə kəsir ağlın?!
Axı, sən Allahın hüzurundasan!

Azərbaycan xalqı zaman-zaman repressiyalara, sürgünlərə, qaşqınçılıq və məcburi köçkünlüyə düçar edildi. Bu faciələri unutdurmağa çalışdılar və qismən də buna nail oldular. Qəribəsi də odur ki, 31 mart qırğınları, deportasiya məşəqqətləri ədəbiyyatımızda da öz əksini tam tapa bilməmişdir. Son illər yaradılan qaçqın və köçkün ədəbiyyatında Kəlbəcər şairlərinin payına daha çox yazmaq düşdü. Ən təsiredici məqam isə  xalqın başına gələn bu faciələrdə yazarların özünü qınamaları, özlərini günahlandırmaları oldu. Necə ki, Sücaət yazırdı:
O dağlarda qərib qalan
Daş yerinə mən olaydım


Xəqani Həbiboğlu da isə bu aşağıdakı misraıarla düzənlənir:
Bir bulağın novlu daşı edərdim
Bilsəydim ki, olacaqdı sonu mən

Şairlərin sözünu Allah daha tez eşidər. Şair sözü Allah dərgahına top-tüfəngdən tez çatar.
“Payız səssiz ağlayır” yazan şair başqa bir “Bənövşə” şeirində pessimist ovqatdan uzaqlaşa, “sevgi üçün fəsil yoxdur” müddəasını ərsəyə gətirir:
Baharda sevgidən yarımayanlar,
Görürsən açırlar qışda, bənövşə.

Dünyanı dialektik qanunlarla idarəm edən, özü bu qanunların fövqündə dayanan Allah yaratdıqlarını ikli yaratdı. Elə bu ikililik Xəqani Həbiboğlu dilində yeri gəldikcə görsənir:
İnamnan, imannan irəli sevgi
Gah ağıllı sevgi, gah dəli sevgi
Bizi sığallayan, döyən dünyanın
Bir əli qırmancdı, bir əli sevgi.


“Sığallayan”, “döyən”, eləcə də qırmanc və sevgi kimi ikililiklər şeirin ekspressivliyini – yaddaşa tez köçməsini yüksəldir.
Maraqlı, necə deyərlər oxucunun canına sarı yağ kimi yayılan mübaliğlər var:
Gözümə yazsaydım, yaş aparardı,
Yaxşı ki, adını göz üstə yazdım

Bədahətən – spontan yaxud elə “diz üstə” yazmaq hər şairin qismətinə düşmür. Dədə Ələsgər dilində səslənən şeirlər diz üstə deyilmişdi:
Ən məğrur şeirimdi bənövşə şeirim,
Ən məğrur şeirimi diz üstə yazdım.


Xəqani Həbiboğlunun “Amandı” rədifli qoşmada, necə deyərlər Kəlbəcər üslubuna –  qayıdır. Bu məqamda şairin atası Həbib müəllimin ona nə vaxtsa dediyi bir söz yada düşür: “A bala sən elə bil Bəhmən Vətənoğlu, Sücaət kimi yazmırsan?”. 
Kədər var ki, gəlsə ürək çatdıyar,
Tufan var ki, əssə dizi qatdıyar,
Yəmən nənən gəlib bizi odduyar,
Ölmə balam, ölmə babam, amandı.

Xəqani Həbiboğlunun əlimdə olan “Sevgi şəkli” kitabinda birbaşa gözəlliklə, xüsusən də füsunkar gözəlliklə bağlı şeirlərə az təsadüf etdim. Amma, şair olasan Allahın yaratdığı insan gözəlliklərindən yazmayasan?! Hərəkətdə olan gözəllik- qrasiya Xəqani Həbiboğlu poeziyasında da özünü göstərir:
Qorxuram Fatehin adı bata, qız,
İstanbulu qansız ala gözlərin!

Bu məqamda Əmir Teymurun başkəndi Səmərqəndi bir gözəlin xalına bağışlayan Hafiz Şirazi yada düşür. 
Xəqani Həbiboğlu dünyasına bu kiçik səyahətimi başa vurub deyirəm: siz yazarlar Azərbaycan dilinin, Azərbaycan nitq mədəniyyətinin inkişafına kömək edən insanlar! Allah sizləri qorusun! Xəqani Həbiboğlu timsalında sizlərdən yeni-yeni əsərlər gözləmək ümidylə! 




Kateqoriya: ---
Tarix: 20-06-2026 23:37
Baxış sayı: 33
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
17 / 06 / 2026
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
17-06-2026 12:30
 
 
 
15-06-2026 11:37