Səbuhi Ağanın “Zirvədə Savaş“ı

13-05-2026 19:41
  Kəlbəcər rayonunun Başlıbel kəndi  ölkəmizdə öz ziyalıları ilə tanınmışdır. Bu kənd onlarla alim, yüzlərlə müəllim,neçə-neçə şair, jurnalist və publisist yetişdirmişdir. Başlıbel kənd orta məktəbində  oxuyan hər bir insan özünün savadı, intellektual səviyyəsi və biliyi ilə həmişə diqqəti cəlb etmişdir. Bu yazıda belə intellektual səviyyəli,öz biliyi və bacarığı ilə ətrafındakıları heyrətləndirməyi bacaran bir  Başlıbel kənd sakininin yaradıcılığı ilə sizləri tanış etmək istəyirəm. 
Qədirbilən xalqımız üçün and yeri olan müqəddəs şəhidlərimizin xatirəsi həmişə əziz tutulur. Şəhidlərimizin adı çəkiləndə hər bir Azərbaycan vətəndaşı hörmət əlaməti olaraq ayağa qalxır,əlini sinəsinin üstünə qoyub hörmətlə baş əyir. Hər kəs şəhidlərimizin xatirəsini əziz tutmaq üçün əlindən gələni etməyə çalışır - kim yaxşı tikinti layihəsi tuta bilirsə gözəl bulaq kompleksinin layihəsini çəkir,kim yaxşı rəssamlıq edirsə şəhidlərin portretini yaradır , kimisi isə əlindən gələn başqa bir işi görür. Bu baxımdan  Səbuhi Ağanın ərsəyə gətirdiyi “Zirvədə Savaş“ adı ilə çap olunan, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən ,adları qəlbimizdə ,izləri tariximizdə yaşayan  bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunan kitabını da göstərmək lazımdır. 
 
Səbuhi Ağa 1982-ci ildə  Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır. O, Beynəlxalq  jurnalistika və psixologiya  proqramlarında iştirak etmişdir. Müxtəlif sahələrdə qazandığı biik və təcrübə  həm texniki , həm də ictimai - humanitar istiqamətlərdə geniş fəaliyyət göstərməsinə imkan yaratmışdır.  Səbuhi Ağa  həmçinin “Amerikan Psychological Association” təşkilatının üzvüdür.Səbuhi Ağa indiyədək beynəlxalq nəşr platformalarında  fəaliyyəti ilə tanınır.Onun “Psychologial Rise” (Psixoloji Yüksəliş)  və  “Ways to Return from  Suicide”  (İntihardan Dönmənin Yolları ) adlı kitabları  dünya miqyasında tanınan  Amazon platformasında  ingilis dilində nəşr olunmuşdur. Hazırda müəllifin “THE VOICE OF THE SOUL” ( Ruhun səsi) adlı kitabı  nəşr olunaraq yayımlanmışdır. Məlumat üçün bildirmək lazımdır ki, Amazon platformasının 2026 - cı il üzrə beynəlxalq müsabiqəsinə buraxılan beş  nəşrdən biri  Səbuhi Ağanın “One Step Away”  (İntihara bir addım qalmış) kitabıdır. Yeri gəlmişkən ,müəllifə  qarşıdakı beynəlxalq müsabiqədə layiqli yer tutmağı arzulayırıq. “Zirvədə  Savaş” kitabı isə  Səbuhi Ağanın nəşr olunan növbəti  kitabıdır. Şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq  bu kitabın ilk təqdimatı Başlıbel qətliamı qurbanlarının 33-cü ildönümünə həsr olunmuş mərasimdə baş tutmuşdur. Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə  Dövlət Komitəsində keçirilən tədbirdə  Azərbaycanın müxtəlif  bölgələrindən gələn qonaqlar, Kəlbəcər ictimaiyyəti, Başlıbel sakinləri ,ziyalılar və media nümayəndələri iştirak edirdilər.  Qətliam qurbanları yad edildikdən sonra mərasimin davamı olaraq  Səbuhi Ağa Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən, adları qəlbimizdə ,izləri tariximizdə yaşayan  bütün şəhidlərimizin əziz xatirəsinə ithaf olunan yeni çapdan çıxan “Zirvədə Savaş” kitabını  təqdim etdi . 12 fəsildən ibarət olan kitabın birinci fəsli Ümummilli Liderimiz Heydər Əliyevin prezidentliyi dövründə Birinci Qarabağ Müharibəsi zamanı atəşkəs rejimindən istifadə edərək  Azərbaycanın iqtisadiyyatını yüksəltməsi,onun uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması və bunun nəticəsində Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsi , sabitliyin yaradılması və hərbi gücün  gündən-günə artırılması  qarşıya məqsəd qoyulmasından  və qısa zaman ərzində buna nail olunmasından bəhs olunur. Kitabın ikinci fəslində isə Heydər Əliyev  siyasətinin layiqli davamçısı ,Azərbaycan Respublikasının müzəffər Ali Baş Komandanı İlham Əliyevin vaxtında verdiyi düzgün və qətiyyətli  qərar nəticəsində    44 günlük Vətən Müharibəsində əldə olunan qələbə barədə məlumat verilir. Digər fəsillərdə  Ağdaban faciəsi haqqında ,Başlıbel və Tunel qətliamları barədə, Başlıbeldə 113 gün mühasirə şəraitində düşmənlə üz-üzə qalan əliyalın əhalinin başına gətirilən dəhşətlər haqqında, 44 günlük Vətən Müharibəsində şəhid olan kəlbəcərli şəhidlər haqqında , Qarabağ döyüşlərində həlak olmuş  başlıbelli  hərbçilər haqqında, torpaqlarımız azadlığa qovuşandan sonra yaradılan “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyi haqqında ətraflı məlumat verilir. 
     Təqdimat mərasimində iştirak edənlərdən Prezident Administrasiyasının əməkdaşı Sənay Paşayev, “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Vüqar Həşimov, Regional İnsan Hüquqları və  Media Mərkəzi  İctimai Birliyinin sədri  Xalid Kazımov, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirzə Quliyev, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Subyekt.az xəbər portalının təsisçisi Rövşən Hüseynov, Qarabağ qazisi, şair Eyvaz Əyyub,  şəhid qardaşı Cavid Hacıyev, dossent Bəhruz Səmədov, əməkdar müəllim Hüseyn Şahbəndəyev, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev, başlıbelli müəllimlər Əkbər Sarıyev, Zərnişan Mirzəyeva, Xavər Sarıyeva, beynəlxalq dərəcəli müəllim Rövlanə Heydərova, elmlər doktoru Aqil Əsədov, Başlıbel qətliamının  şahidlərindən Səlim Mehdiyev, Elşad Əzizov, Habil Ələsgərov, ADMİU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Dəyanət Ağayev, Habil Ələsgərov, Başlıbel kəndindən olan  ziyalılardan Nuşirəvan Muxtarlı, Fazil Əzizov və Əli Mirzə İbrahim çıxış etdilər.   Çıxış edənlər kitabın sadə və oxunaqlı dildə yazılmasını , verilmiş mətnlərin şəkillər və illüstrasiyalarla zəngin olmasını, xronologiyanın gözlənilməsini  və digər müsbət cəhətlərini yüksək qiymətləndirərək müəllifə yeni-yeni yaradıcılıq uğurları arzuladılar. Biz də istedadlı həmyerlimizə yeni-yeni yaradıcılıq uğurları və möhkəm can sağlığı arzulayırıq.
 
Oqtay Salahlı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Dalidag.az




Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 13-05-2026 19:41
Baxış sayı: 313
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını