Reklam
Bu torpaqlar nə igidlər yetirib: Şəhidliyin şair siması
28-04-2026 19:23
Kəlbəcərin sıldırım qayaları, səs-küylü çayları və dumanlı Murov dağları şahiddir ki, bu torpaqlar nə igidlər yetirib. Çaykənd kəndinin ağsaqqalı, el arasında şair təbiəti ilə tanınan "Bığlı Hüseyn"in ocağında boy atan Kamal da elə bu təbiətin ruhunu canına çəkmişdi. Onun taleyi hələ uşaqkən Kəlbəcərin sərt qışı və dağların əzəməti ilə möhürlənmişdi.Kamal hərbi xidmətini bitirib rütbə alanda Qarabağdan barıt qoxusu gəlirdi. Vətənin başı üstünü qara buludlar alanda, o, bir an belə tərəddüd etmədən "Vətən məni çağırır" deyib irəli atıldı. 701 saylı briqadanın tərkibində, Polkovnik-leytenant Eldar Həsənovun və kapitan Balay Nəsibovun rəhbərliyi altında hər bir döyüşə sanki öz toyuna gedirmiş kimi hazırlaşırdı.
Murovun sərt üzü və sınmayan iradə
1994-cü ilin dondurucu yanvarında Kamalın qəhrəmanlıq dastanı Murovun buzlu zirvələrində yazılmağa başladı. Üç komandiri ilə mühasirəyə düşən gizir Kamal üçün ölüm, təslim olmaqdan qat-qat şirin idi. Düşmən "silahı at!" deyə bağıranda, o, hiylə işlədərək əyildi. Amma bu əyilmək düşmən qarşısında deyil, silahın qoruyucusunu açmaq üçün idi. Bir göz qırpımında açılan atəş və düşmən səfindəki çaşqınlıq Kamalı Murovun ağ kəfənli yollarına çıxardı.
Yollar kəsik, hava boranlı idi. Kamal gecənin zülmətində yolu görməyərək dərin bir qarın içinə — ovçuların bildiyi o məşhur "tar"a batdı. Üstünü ağ qar örtdü, nəfəsi buz bağladı. Lakin o qarın altında, vətən torpağının dərinliyində qəribə bir hərarət var idi. Kamal həmin gecəni qarın altında uyuyaraq deyil, xəyallarında ailəsinə, balaca Ülvüsünə qovuşaraq keçirdi. Səhər günəşin şüaları onun donmuş sifətinə toxunanda, o, dirilməyin və döyüşməyin hələ bitmədiyini anladı. Ayaqlarının dərisi soyulmuş, qan içində olsa da, o, Daşkəsənə qədər ruhundakı atəşlə yeridi.
Həmin günlərdə Kamalın qəlbindən bu misralar töküldü:
Namərd düşmən çox güvənmə özünə,
Torpağımda güllə mənə dəyərmi?
Pulemyotun, avtomatın qəlpəsi,
Vətənimdə düz qəddimi əyərmi?
Torpağımda güllə mənə dəyərmi?
Təslim etmək istəyirsən sən məni,
Parçalamaq istəyirsən sinəmi,
Qabağında heç saymıram mən səni,
Sənin güllən məni yerə sərərmi?
Torpağımda güllə mənə dəyərmi?
Qarlı dağı cəsarətlə almışıq,
Vətən torpağıyla qucaqlaşmışıq,
Qələbəyə yeni bir yol açmışıq,
Bu yollardan vətən oğlu dönərmi?
Torpağımda güllə mənə dəyərmi?
Əbədiyyətə yazılan məktub.
Lakin müharibə amansız idi. Kəlbəcərin ikinci qış əməliyyatı gələndə Kamal sanki son mənzilə getdiyini hiss edirdi. O, canından çox sevdiyi ömür-gün yoldaşına sonuncu məktubunu yazdı. Bu məktub sadəcə bir vida deyil, bir vətənpərvərlik dərsi idi:
"Mehribanım, Gülnaz, məni gərək qınamayasan!! Damarlarında Azəri qanı axan hər bir vətən oğlu, vətənin bu ağır günündə əlinə silah götürüb ayağa qalxmalıdır! Axı qız-gəlinlərin əsir getməyinə, qoca qarıların ayaq altında qalmağına göz yuma bilməzdim!! Gələcəkdə övladlarımın məni istəmələri naminə bu yolu seçdim. Düşmənlərimiz tərəfindən aparılan bu mənasız müharibənin qurbanlarından biri də mən olsam təəssüflənmə, əksinə fəxr et ki, mən fərarilik etmədim! Amma mən inanıram ki, biz doğma yurdumuzu yağı düşməndən azad edəcək, uçub-dağılmış evimizi yenidən bərpa edəcək və ondan sonra bizim övladlarımız rahat və qayğısız böyüyəcəklər... Balaca ÜLVÜ mütləq atalı böyüyəcək...
SƏNİN KAMALIN..."
24.12.1993. KƏLBƏCƏR, ALAXANCALLI.
Şəhadət zirvəsi
Döyüş qeyri-bərabər idi. Kamal öz ayrılmaz komandiri Kapitan Mürşüd Məmmədov və digər qəhrəman silahdaşları — Fehruz Alışov, Xalid Hümmətov və onlarla Kəlbəcər oğlu ilə birlikdə şəhidlik zirvəsinə yüksəldi. Onlar torpağı öz qanları ilə yoğurdular ki, gələcək nəsillər o torpaqda azad nəfəs ala bilsinlər.
Kamalın arzuları Murovun qarına qarışsa da, ruhu hələ də o zirvələrdə dolaşır. Balaca Ülvü atasız böyüdü, amma heç vaxt başıaşağı olmadı. O, "Mənim atam fərarilik etmədi!" deyərək boy atdı. İndi isə o ailədə yeni bir Kamal yetişir — şəhid babasının adını daşıyan balaca Kamal.
Bu gün o evdə boy atan nəsil qanla yazılmış bir tarixin varisidir. Vətən uğrunda canından keçən gizir Kamal Hacıyevin xatirəsi, hər bir azərbaycanlının qəlbində ucalan ən hündür zirvədir.
Allah rəhmət eləsin! Məkanı cənnət, ruhu şad olsun.
Vüqar Şirinoğlu
27.04.25.
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 28-04-2026 19:23
Baxış sayı: 393Yazı axını
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
Ən çox oxunanlar





























