Sumqayıtda Nəbi Dilsuzun anadan olmasının növbəti ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı və “Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü ilə Sumqayıt Poeziya Evində görkəmli şair və dastançı Nəbi Dilsuzun anadan olmasının 140 illiyinə həsr olunmuş sazlı-sözlü tədbir keçirilib.

Tədbiri Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı açaraq qonaqları salamlayıb, xalqımızın milli-mənəvi dəyərlərini yaşadan saz-söz sənətinin əhəmiyyətindən danışıb.
Sonra tədbiri aparmaq üçün sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, eyniadlı saytın baş redaktoru Namiq Dəlidağlıya verilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ardınca Nəbi Dilsuzunhəyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.Namiq Dəlidağlı çıxışında Nəbi Dilsuzu dövrünün ustad saz-söz sənətkarı, mahir dastançısı kimi xarakterizə edib, onun özündən sonra zəngin ədəbi irs qoyub getdiyini vurğulayıb. Bildirib ki, Kəlbəcərin işğalı dövründə şairin bir çox əlyazmaları orada qalıb və düşmən tərəfindən məhv edilib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı çıxış edərək Nəbi Dilsuzun çoxşaxəli yaradıcılığından, onun irsinin hələ də tam şəkildə araşdırılmadığından geniş bəhs edib. O, belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, şairin əlyazmalarının bir qismini böyük çətinliklə toplayıb kitab halında nəşr etdirdiyinə görə şairin oğlu Novruz Kərimova minnətdarlığını bildirib.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru İlham Məmmədli, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, şairlər Əjdər Əlisaf, Adil Həmid, qocaman pedaqoq-publisist Arif Əmrahov və başqaları çıxış edərək Nəbi Dilsuzun zəngin ədəbi yaradıcılığından söz açıblar. Çıxışlarda onun milli-mənəvi dəyərlərimizə söykənən saz-söz sənətinə mühüm töhfələr verdiyi qeyd olunub, şeirlərindən nümunələr səsləndirilib.
Aşıqlardan Çərkəz Qurbanov, Xəqani Kəlbəcərli, Xanım Göyçəli, İbrahim Gədəbəyli, Səyyad Qubadlı, Ceyhun Nağıyev, Həvva Nəsibli, Aygün Bayram qızı və digərlərinin ifasında şairin dastanlarından parçalar səsləndirilib, şeirləri aşıq havaları üstündə ifa olunub.
Sonda şairin oğulları Novruz Kərimov və Həbib Kərimov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirərək ataları ilə bağlı xatirələrini bölüşüblər.
Sevinc Qərib
Dalidag.az




























Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 22-05-2026 21:12
Baxış sayı: 320




























