Tərsinə dönən taleyin şairi – Bimar Əli

03-05-2026 20:51

    Bimar Əli (Əsgərov Əli İbrahim oğlu) 1904-cü ildə Kəlbəcər rayonunun Sınıqkilsə (indiki Hacıkənd) kəndində anadan olmuşdur. Dövrünün uzaqgörən şəxslərindən olan atası Məşədi İbrahim onu 10 yaşı olanda qonşu kənddə molla məktəbinə qoymuşdur.

İki il molla yanında təhsil alan Əli “Qurani-Kərim”i əzbər öyrənmiş və özünün qeyri-adi istedadı ilə yaşıdlarından seçilmişdir. İlk şeirini 8 yaşında yazmağa başlamışdır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o, təhsilini davam etdirmək üçün 1925-ci ildə Şuşa Müəllimlər Məktəbinə daxil olmuş, 1927-ci ildə həmin məktəbi bitirərək müəllimlik fəaliyyətinə başlamışdır. 1930-cu ildə Bakıda Müəllimlər İnstitutunun qiyabi şöbəsinə daxil olmuş, oranı bitirərək fizika-riyaziyyat müəllimi ixtisasına yiyələnmişdir.

Bimar Əli doğma bölgədə, Seyidlər, Sarıdaş, Milli, Çaykənd və Yanşaq kəndlərində müəllim və direktor kimi çalışmış, həmin kəndlərdə yeni məktəb binalarının tikintisində fəal təşəbbüskar və iştirakçı olmuşdur.

Səhhətində yaranan xəstəliklə əlaqədar özünə “Bimar” (xəstə) təxəllüsünü seçmiş şair, maarifpərvər ziyalı və xeyirxah insan ömrünün ən gözəl çağında — 1952-ci ilin sentyabr ayında, 48 yaşında vəfat etmişdir. Məzarı Kəlbəcər rayonunun Hacıkənd qəbiristanlığındadır. Allah rəhmət eləsin.


Bir də ələ

(təcnis)

Ax deyərsən, vay deyərsən bir zaman,
Keçən gün daha düşməz bir də ələ.
Səd heyif cavanlıq, aman-əlaman,
Buraxmam yaxan keçsə bir də ələ.

Aqil kəslər bu dünyadan kam alır,
Ağlı kəmlər Haqdan payın kəm alır.
Kamil usta cəm eyləsə kamalı,
Lazım gəlmir yüz yol ölçə bir də ələ.

Bimar Əli insanlıqda bir üzdü,
Qəm nəhrində bir çalxandı, bir üzdü.
Mən görmədim bu dünyada bir üzdü,
Ara-axtrar insanları bir də ələ.


Tərsinə döndü


Tərsinə baxışlı tərsə ceyranım,
Bəs niyə ilqarın tərsinə döndü?
Tərsinə oxudum, tərsinə yazdım,
Geniş dünya başıma tərsinə döndü.

Bəs belə demirdi zalım əzəldən,
Bivəfasan, daha əlin üz əldən.
Tərsə sual etdim tərsə gözəldən,
Tərsə cavab verib tərsinə döndü.

Deyirdin səninlə mənim xəyalım,
Bir-birindən ayrılmaz, nainsaf zalım.
Tərsinə boylandı sərxoş maralım,
Mənim də xəyalım tərsinə döndü.

Gizlin sirrim sizə aşkar söylədim,
Məqsədimlə tanış edib əylədim.
Tərsə gündə tərsə səfər eylədim,
Rövşən yollarım da tərsinə döndü.

Sağalmaz bir yara var məndə pünhan,
Sinəm içrə baqi qaldı bir zaman.
Tərsinə dönübdü yarı mehriban,
Gördü ki, xoş günüm tərsinə döndü.

Aləm fəryadımdan zinhara gəlib,
Həsrətin çəkməkdən canım incəlib.
Tərsinə əsəndə badi-müxalif,
Rəqs etdi, tellərin tərsinə döndü.

Bimarın məqsədi sənə əyandı,
Atəşin sinəmdə sönməz, ta yandı.
Sağ məməm mənimlə çox mehribandı,
Sol məməm diksinib tərsinə döndü.

Durnalar


Gələndə guşuma qəmli sədanız,
Təzələnir köhnə yaram, durnalar!
Xəstə canım olsun sizin fədanız,
Daha yoxdur başqa çaram, durnalar!

Üçgülünüz yön çevirdi Bağdada,
Arxasınca nizam üçün havada.
Siz də mənim kimi badi-fənada,
Şənlənirsiniz aram-aram, durnalar!

Bağdadın xurması yetişən təki,
Durnalar qatarın sıraya çəkir.
Ayaqlar, zibilin, kömürün xəki,
Onlar qədər qiymətdaram, durnalar!

Ta keçmir isbata doğru sözlərim,
Haq yanında qara olmuş üzlərim.
Səd heyif ki, sizi görmür gözlərim,
Əfv ediniz, günahkaram, durnalar!

Bağdada uçursuz, yoxsa İraqa?
Dözmək olmaz ayrılığa, fəraqa.
Bəlkə gəldim arxanızca sorağa,
Gələ bilməm, yox, Bimaram, durnalar!

Ay zalım


Həsrət çəkib qan ağlaram sərasər,
Səndən ayrı üzüm gülməz, ay zalım.
Məgər mehriban dost ayrı düşəndə,
Soruşub əhvalın bilməz, ay zalım?

Gülərdim, sən məni ağlar qoymusan,
Bülbülü unudub xara uymusan.
Bəlkə sən usanıb məndən doymusan,
Ölüncə aşiqin doymaz, ay zalım.

Bimar, can qurbandır bu əhli-dilə,
Şirincə danışa, şirincə gülə.
Əgər xarın meyli qonmaqsa gülə,
Qoruyar bağbanı, qoymaz, ay zalım.


Təqdim etdi Vüqar Şirinoğlu
Dalidag.az





Kateqoriya: Karusel
Tarix: 03-05-2026 20:51
Baxış sayı: 311
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21 / 04 / 2026