Kəlbəcərli akademik yüksək vəzifəyə təyin olundu

09-01-2021 12:55

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin tərkibinin formalaşdırılması istiqamətində birinci vitse-prezident vəzifələri ləğv olunaraq yalnız bir vitse-prezident vəzifəsi təsis olunub.

Dalidag.az xəbər verir ki, bu barədə AMEA-nın yanvarın 8-də keçirilən iclasında qərar qəbul edilib.

Qərara görə, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilib. AMEA-nın yeni birinci vitse-prezidenti vəzifəsinə akademik Dilqəm Tağıyev seçilib. 

Qısa tanıtma: Dilqəm Tağıyev ilk ali təhsilini Azərbaycan Dövlət Universitetində kimya fakultəsində alıb.1971-ci-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Moskvada SSRİ EA Üzvi Kimya İnstitunun aspiranturasına daxil olub. SSRİ EA-nın həqiqi üzvü, görkəmli kimyaçı akademik H.M.Minaçovun rəhbərliyi altında seolit katalizi sahəsində elmi axtarışlar aparan D.Tağıyev, sonrakı illərdə SSRİ EA Üzvi Kimya İnstitutunun Elmi Şurasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarını müvəffəqiyyətlə müdafiə edib. 1990-cı ildə professor elmi adını alıb.
36 yaşında Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutu direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunan professor, “Əməkdə fərqləndiyinə görə” medalı ilə təltif edilib. Azərbaycan Neft və Kimya İnstitutunun fiziki və kolloid kimya kafedrasının, 1991-ci ildə isə Azərbaycan Tibb Universitetinin ümumi kimya kafedrasının professoru seçilib. Buna baxmayraq, o, eyni zamanda, Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi fəaliyyətini davam etdirib. Apardığı bir sıra uğurlu tədqiqatların nəticələri Ümumittifaq Lenin Komsomolu Mükafatına layiq görülüb. Akademik kimya və kimya texnologiyası sahəsində SSRİ məkanında bu mükafata layiq görülmüş yeganə azərbaycanlıdır. D.Tağıyev SSRİ EA Kataliz üzrə Şurasının, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Seolit Assosiasiyasının, Amerika Kimya Cəmiyyətinin və Rusiya Təbiətşunaslıq Akademiyasının üzvüdür. Amerika Biblioqrafiya İnstitutunun “Elm Adamı” nominasiyasına layiq gürülüb və
“Dünyada Kim Kimdir” biblioqrafik toplusuna daxil edilmək üçün rəsmi dəvət alıb. Avropa elm-sənaye konsorsiumunun mükafatlar üzrə komissiyasının qərarı ilə “Əmək və biliklə” ordeninə layiq görülüb. Akademik həmçinin, 2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda elmin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
750-dən çox elmi əsərin, o cümlədən xaricdə çap olunan 470 məqalə və tezisin, 60 müəlliflik şəhadətnaməsi və patentin, 21 monoqrafiya, kitab və dərsliyin, 16 tədris-metodik vəsaitin müəllifidir. 5 kimya elmləri doktoru və 13 fəlsəfə doktoru yetişdirmişdir. Elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə bir neçə doktorant hazırda dissertasiya üzərində çalışır. O, dəfələrlə Fransa, Almaniya, İspaniya, İtaliya, Avstriya, İsveçrə, Şotlandiya, Bolqarıstan, İsrail, Çexiya, İsveç, Sloveniya, Türkiyə, Rusiya Federasiyası və digər ölkələrdə keçirilən beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak etmişdir.
Qeyd edək ki, Dilqəm Bəbir oğlu Tağıyev 1950-ci ildə Kəlbəcər rayonunda anadan olub.

Dalidag.az



Kateqoriya: ---
Tarix: 09-01-2021 12:55
Baxış sayı: 2654
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını