14 iyul gecəsi təkrarlansa... xalqın önünə kimlər çıxmalıdır? - Üç mövqe

19-07-2020 11:14


2020-ci il, 14 iyul gecəsi Azərbaycan tarixinin yeni səhifələrindən biri kimi tarixdə qalacaq. Tovuz istiqamətində gedən şiddətli döyüşlər, generalımız Polad Həşimovun şəhid olması bütün ölkəni məhvərindən tərpətmişdi. Həmin gecə əsasən gənclərdən təşəkkül tapan kütlə ordumuza və dövlətə dəstək üçün əvvəlcə Azadlıq meydanına toplaşmışdı, sonra Şəhidlər Xiyabanına doğru yürüş etmişdi.
Yürüş iştirakçılarının niyyəti ülvi, pak idi və böyük bir kütlə Qarabağ, Azərbaycan, ordu və şəhidlər üçün bir araya gəlmişdi. Lakin aksiyaçıların içərisinə sızan provokatorların prosesi siyasi fazaya keçirmək cəhdi, Milli Məclisin qapılarını qırıb içəri soxulması, polis maşınlarının aşırılması bəzi dərslər, nəticələr çıxarmağa əsas yaratdı.
Yeri gəlmişkən, hadisə ilə bağlı cinayət işi başlanıb və iyulun 17-də təxribatçıların bir neçəsi saxlanılıb. Amma bizim üçün maraqlı olan belə bir halın təkrarlanacağı təqdirdə hansı hazırlıqlar görülməli olmasıdır.
Əvvəla, iyulun 14-ü xalqın içində yüksək rütbəli məmurlar da var idi. Məsələn, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov meydana gedib. Bu faktı təsdiqləyən video var, sadəcə, R.Usubov kütlə önündə çıxış etməyib. Ümumiyyətlə, insanların spontan təşkilatlanıb dövlət binalarının qarşısına yığışmasına görə hansı hazırlıq olmalıdır? Həmin gecə kütlənin qarşısına kimlər çıxmalıydı? Təkrar olsa, necə davranılacaq? İqtidardan kim çıxıb prosesi idarə edəcək? İqtidarla müxalifət eyni vaxtda tribunaya çıxa, birlik nümayiş etdirə bilərmi?
 
 
Asim Mollazadə: Nikol Paşinyanın babasının SS-ə xidməti ...
Asim Mollazadə: “Müdafiə Nazirliyindən yüksək rütbəli şəxsin insanlara izahat verməsi doğru idi, iqtidarlı-müxalifətli dövlətin yanında olmalıyıq”
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, baş verən hadisələrlə əlaqədar ölkənin siyasi partiyalarının birgə bəyanatı olub. Onun sözlərinə görə, həmin bəyanatda Ermənistan silahlı qüvvələrinin Tovuz təxribatı pislənilib. Deputat hesab edir ki, iqtidarlı-müxalifətli Azərbaycan dövlətinin və Silahlı Qüvvələrimizin yanında olmalıyıq.
“Bütün siyasi qüvvələr, hər bir azərbaycanlı üçün Ali Baş Komandanın mövqeyi yeganə mərkəz olmalıdır. Həmin yürüşə gəlincə, Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsi ora getmişdi, meydana toplaşan gənclərə təşəkkür bildirmişdi, onların dağılışmasına çağırış etmişdi. Amma təxribat törətmək istəyən qüvvələrin öz məqsədi var idi. Onlar gənclərin emosional çıxışlarına başqa istiqamət vermək istəyirdilər, insanların ümummilli mənafe naminə müdafiəyə qalxmasına kölgə salmaq niyyətindəydilər. Ona görə mən iqtidar və müxalifət siyasətçilərindən daha çox, Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələrinin kütlənin qarşısına çıxmasını düzgün sayıram. Çünki hadisənin fövqündə yüksək rütbəli hərbçilərimizin şəhid olması dayanırdı. Bu mənada Müdafiə Nazirliyindən olan şəxsin insanlara izahat verməsi doğru idi”, - deyə A.Mollazadə qeyd etdi.
Deputatın fikrincə, dövlətə təhlükə olanda, ümummilli məsələlər gündəmə gələndə iqtidar-müxalifət məsələsi kənara qoyulmalıdır: “Bu hadisələrdə Azərbaycanın dövlət maraqları məsələsi olmalıdır. Başqa yol yoxdur, biz yumruq kimi birləşməliyik, dövlətimizin, Ali Baş Komandanın yanında durmalıyıq. Bütün siyasi ambisiyalar kənara qoyulmalıdır”.
A.Mollazadə 80-lərin sonunda meydanlara toplaşan xalqın önünə ziyalıların çıxmasına toxunaraq indiki halda buna zərurət olmadığını düşünür: “O dövrdə başqa vəziyyət idi. Azərbaycan xalqı özünüdərki ifadə edirdi. Bu gün isə Azərbaycan dövləti var, müstəqildir, dövlət ölkəni və xalqı müdafiə edir. Ona görə ziyalılar bu hadisələrlə bağlı fikrini ifadə edə bilər, amma xalqı, ölkəni təhlükədən qoruyan dövlətimiz var”.
Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə ...
Natiq Cəfərli: “Dövlət rəhbərləri ilə birgə tribunadan xalqa xitab edə bilərik, bu, vətəndaş birliyinə dəstək kimi tarixə düşər”
REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə qeyd etdi ki, gələcəkdə belə hal təkrar olunarsa, dövlət rəsmiləri ilə birgə tribunaya qalxmağa, xalqa xitab etməyə hazırdırlar. Onun sözlərinə görə, insanları küçələrə çıxaran səbəb qəhrəman general, zabit və əsgərlərimizin şəhid olması idi: “Bu xəbərlər insanlarda böyük qəzəb yaratdı və orduya dəstək üçün etiraza qalxdılar, yürüş Milli Məclisin qarşısına qədər irəlilədi. Parlament önünə toplaşan kütlə gözləyirdi ki, hökumət rəsmilərindən kimsə açıqlama verəcək. Amma təəssüf ki, bu, olmadı və müəyyən təxribatlar baş verdi. Məsələn, gecə saat 3-də içərisində heç kəsin olmadığı Milli Məclisə daxil olmağın mənası nə idi? Yəni bu cür müəyyən provokativ addımlar atıldı”.
N.Cəfərli Qarabağ məsələsində iqtidar-müxalifət ayrımçılığı olmadığını düşünür: “Əgər bu yöndə prezidentin, dövlətin atacağı addımlar olacaqsa, REAL Partiyası və sədri dəstək verməyə hazırdır. Biz dövlət rəhbərləri ilə birgə tribunadan xalqa xitab edə bilərik. Düşünürəm ki, bu, vətəndaş birliyinə, milli birliyə ciddi dəstək kimi tarixə düşə bilər”.
Qüdrət Həsənquliyev Bakıdan namizəd oldu
Qüdrət Həsənquliyev: “Ramil Usubov, müdafiə nazirinin müavini orada idilər, hansı ağılla bu cür fikirlər səsləndirirlər”
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev moderator.az-a bildirib ki, həmin gecə həm Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, həm Müdafiə nazirinin müavini aksiya iştirakçılarının arasında olub. “Amma aksiya əvvəldən mitinq kimi təşkil olunmadığı, səsgücləndiricilər quraşdırılmadığı üçün onların səsini neçə adam eşidə bilərdi? Ali Baş Komandan cəbhədə döyüşlər getdiyi bir vaxtda, gecə vaxtı, ciddi mühafizəni təmin etməyin mümkün olmadığı bir şəraitdə, təxribatçıların ola biləcəyi proqnozlaşdırıldığı halda necə kütlənin arasına gələ bilərdi? Hansı ağılla bu cür fikirlər səsləndirirlər? Bu cür təxribatçı fikirlər hakimiyyət nümayəndələrini və ziyalıları xalqın gözündən salmaqla cəmiyyətdə boşluq yaradıb onu xaosa sürükləmək məqsədilə səsləndirilir”.

Dalidag.az


Kateqoriya: ---
Tarix: 19-07-2020 11:14
Baxış sayı: 5377
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024