V

27-06-2020 13:31


"...Nə ağırdı, bu həsrətin "şələsi""-deyir Vətən həsrətli Vaqif Hüseyinoğlu Səlimov. Kəlbəcərindən ayrı, qürbət eldə göynəyə-göynəyə qələmə aldığı kədər əyinli, ağrı biçimli şeirlərindən duymaq çətin deyil o "şələ"nin ağırlığını. İkiqat həsrətinin, dərdinin şəkilləndiyi şeirlərlə ovunmağa çalışır bəlkə də şair, bəlkə də ağlatdığı misralarda bir ümid arayır...

Dalidag.az Sevinc Qəribin təqdimatında Vaqif Hüseyinoğlunun şeirlərini təqdim edir:

GEDƏCƏM

Harda olsam bir qonağam, bir qonaq,
KƏLBƏCƏRİ deyə-deyə gedəcəm...
Ayrı düşdük, taleyə bax, bəxtə bax...
Qismətimə söyə-söyə gedəcəm,
KƏLBƏCƏRİ deyə-deyə gedəcəm...

Ərşə çıxıb ürəyimin naləsi,
Axıb getdi gözlərimin giləsi...
Nə ağırdı, bu həsrətin "şələsi"
Ağzım yerə dəyə-dəyə gedəcəm,
KƏLBƏCƏRİ deyə-deyə gedəcəm...

Xoşbəxtimiş -- o yerlərdə ölənim ,
Ağ gətirmən, dumanına bölənim ...
Bir yan ovuc torpağını dilənim--
Qapıları döyə-döyə gedəcəm,
KƏLBƏCƏRİ deyə-deyə gedəcəm...

Vurğunudum baharına, qışına,
Həsrət qaldıq torpağına, daşına.
Qayıtmadıq bir dolanaq başına;
Ürəyimi yeyə-yeyə gedəcəm...
KƏLBƏCƏRİ deyə-deyə gedəcəm...

KƏLBƏCƏRDƏ QALIB 

Axı, necə olacağam?..
Sız mənsizsiz, mən vətənsiz !..
Axı, necə deyim "sağam" ?..
Üç tikəyəm: mən, vətən, siz !..

Orda ürək... burda bədən...
Bir xəyaldır -- "gəlib-gedən"!..
Boz səhraya dönmüşəm mən;
Gül-çiçəksiz... çöl-çəmənsiz...

Bu nə "oddur" gətirmişəm?..
Kipriyimlə götürmüşəm!..
Mən Vaqifi itirmişəm--
Kəlbəcərdə qalıb -- mənsiz!..
O -- vətəndə... mən -- vətənsiz!!!

ƏLVİDA

Əlindən qaçıram arana, dağa;
Əlbəhəl -- qapımı döyür ,,Əlvida"...
Mən macal tapmamış-sağollaşmağa,
Baxışlar ardımca, deyir əlvida !..

Mən də lal olmuşam, təibət də lal;
Kövrəlir arxamca hər yamac, hər yal !..
Başımın üstündə vurnuxan qartal,
Meşədə mələyən cüyür, əlvida !..

Siz də, ay zirvələr, üzməyin məni,
Belə qəmli-qəmli süzməyin məni...
Bir də qayıtmasam, gəzməyin məni...
Özgəsi qoy etsin seyir, əlvida !..

Daha ayrılığın zamanı çatdı,
Nə deyim, bu həyat -- belə həyatdı...
Alın -- qırış-qırış, bel -- ikiqatdı;
İllərdən, gördüyüm -- ,,xeyir," əlvida !..

Yaşasan -- nə fərqi, əlli il, yüz il,
Dünyaya gəlmisən, dünən elə bil...
Qismət özgə şeydir, qovmaqla deyil;
Qovhaqov, qaçhaqaç, yüyür, əlvida !..

Gör mən nə haydayam, ömür nə hayda;
Hər gün təzələyir dərdimi tay da...
Nə məndən fayda var, nə sizdən fayda,
Ay qələm, əlvida, şe(i)r, əlvida !..

QAYITMAZ

Bəsdir şivən qurub, göz yaşı tökmək,
Dizinə döyməklə, Vətən qayıtmaz.
Bəsdir yas saxlayıb, yurd dərdi çəkmək,
Bir- ,,qara" geyməklə Vətən qayıtmaz.

Şam kimi əridik, yurd deyə-deyə,
Bütöv bir ömürü, verdik heç nəyə,
Gücümüz çatmırsa qılınc çəkməyə,
Gözünü döyməklə Vətən qayıtmaz.

Susub, ,,başbilənlər", kiriyəcəksə,
Ümidlər-günbəgün əriyəcəksə,
Silahlar ambarda çürüyəcəksə,
Düşmənə söyməklə, Vətən qayıtmaz.

Neyləyək,nə sağlam, nə xəstəyiksə,
Bezməyək - illərlə can üstəyiksə ?
Nə şirik, nə pələng, qəfəsdəyiksə,
Özünü öyməklə, Vətən qayıtmaz.

Ataq boynumuzdan, töhmət şələsin,
Yatıb - batırmayaq, bu xalqın səsin,
Allahlıq deyilki,- ,,Allah" eyləsin,
Pirə ,,sap düzməklə", Vətən qayıtmaz.

YOXDU


Aramayın... bu dağlarda;
O dağların gülü yoxdu !..
Bülbül susur bubaqlarda;
Elə bil ki, dili yoxdu !!!

O xoş gün də, o bahar da,
Heç bildim ki, qaldı harda?!.
Nə gəzirəm xəyallarda;
Mənim kimi ,,dəli" yoxdu ?!.

Gah ürəyim... gah nəfəsim...
Bu ağrını -- necə kəsim ?!.
Küləklərdə -- bircə əsim --
Yelliyurdun* yeli yoxdu !..

Ürəyimi üzdüsə də --
Dözdü... dərdi yüzdüsə də...
Bu həsrətə dözdüsə də;
Qəriblikdə əli yoxdu...

Hər günümü gecə sandım --
Gündüz yandım, gecə yandım...
Nə biləsiz necə yandım --
Bu ,,ocağın" külü yoxdu ?!.

Nə olacaq -- bilmək olmaz ...
Ordan, bura gəlmək olmaz !..
Vaqif, burda ölmək olmaz --
Kəlbəcərin eli yoxdu !!!



***
Heç nəyə bel bağlama;
Qisməti bilmək olmur...
Mən olmasam, ağlma;
Yazını silmək olmur!..

Ya bir deyib-gülərdik,
Ya bir gündə ölərdik...
Nəyimiz var bölərdik;
Tək ömrü bölmək olmur!..

Düşsək bir-birdən uzaq...
Ürəyimə çəkmə dağ !..
Nə bir-birsiz yaşamaq,
Nə də ki, ölmək olmur...

Göz yaşını silərdim,
Ovundura bilərdim...
Gələ bilsəm gələrdim;
Heyif ki, gəlmək olmur...

***
Səni yaddaşımdan necə silim ki,
Sənli günlərimiz düşməsin yada ?!.
Ya qayıt, ya aldat, elə bilim ki,
Bir də görəcəyəm səni dünyada!..

Daha bilmirəm ki, inanım nəyə;
Uşağa dönmüşəm --elə bir andı...
Yalan de, nə var ki, yalan deməyə;
Onsuz da, bu həyat özü yalandı!..

Daha xəyallara uzatmayım əl --
Bir an gözlərimdən bir kənarda dur!..
Ya gələ bilirsən, özün qayıt gəl,
Ya da ki, özünü mənə unutdur !..

BİR GÖRÜŞÜN "SEVİNCİ"

Daha götürmürəm kağız-qələmi
Daha inanmıram - gərəyim ola...
Bir ovuc sevinci, bir qucaq qəmi
Özümlə götürüb, çıxmışam yola!!!

Daha gözləmirəm bir sevinc payı;
Ürəyim özümdən qabaqda qaça...
Kimi gəzəcəm ki, sizdən savayı -
Görəndə - siz qədər könlümü aça?..

Gördüyüm dağların özü deyil ki,
Elə bil, qoyulub canslz heykəli!..
Bala həsrətindən o, elə bil ki,
Bükülüb, qoynunda qalıbdı əli!!!

Oğul böyütmüşdü - ürək açmağa;
Niyə ən kövrəyi, yuxası oldum ?!.
Gəlirdim sarmaşıb, qucaqlaşmağa,
Uzaqdan-uzağa baxası oldum!!!

Nə yaza bilirəm, nə də dillənə...
Bilmirəm, nə vaxtdan mən lal olmuşam!
Xəyal doğulmadım, - nə olub mənə;
Niyə "heçnələşib" xəyal olmuşam???

Ömür yox - yuxudu başa vurduğum :
Bağrım çatlamamış -ayıldın, hərdən...
Bəsdir, baş salmağa dəyə qurduğum
Sizdən apardığım - xatirələrdən!!!

Elə bilirdim ki, sizi görməyə -
Özümü götürüb gətirmişəm mən...
Mən sizdən ayrılıb yaşadım, nəyə ;
O vaxtdan özümü itirmişəm mən ?!.

TƏK MƏZAR

Bax, belə çarəsiz dərd var, azar var;
Nə qədər yaşasam, əzab çəkəcəm...
Mənim ürəyimdə bir tək ,,məzar" var,
Hər gün, çiçək yığıb üstə tökəcəm...

Sənin - etibarın, sənin vədlərın,
Mənim - duyğularım uyuyub burda...
Tərk edə bilmirəm, bu ,,ocaq yerın",
Nə vaxtdan buz olub, soyuyub burda!..

Gül-çiçək əkmişəm xatirələrdən,
Əgər yolun düşsə baxıb, gedərsən...
Dözürəm, gözlərim dolsa da hərdən;
Qorxuram, yaşınan axıb gedərsən!..

Əlim ür əyimin üstündə qalıb,
,,Ömür" deyilən də, - yarıdan-yarı...
Sən- çətin dözərdin yadına salıb;
Kaş ki də - unutmuş olaydın barı!..

Bu məzar önündə əyib başımı --
Əlləri qoynunda ,,kecəcəm" bir gün...
Kimsə görər deyə - bu göz yaşımı;
Yığışıb dünyadan köçəcəm bir gün...

Dindikcə, dönürəm -- naləyə, aha...
Ürəyi kövrəklər qulaq asmasın!..
Bir ürək döndərdin ziyarətgaha,
Sevə bilməyənlər, ayaq basmasın!..

GƏLMİŞƏM...

Dağlar, sizdən sonra yaza bilmirəm;
Ocağım sönübdü, közə gəlmişəm...
Ürəyim doludu, dözə bilmirəm;
Bir-iki misralıq sözə gəlmişəm!..

Bəlkə də şairəm, elin gözündə;
Bir daşa dönmüşəm çölün düzündə...
Quruyub qalmışam -- əli üzündə;
Görən də deyir ki, gözə gəlmişəm !..

Hisslərim - həsrətdə boğuldu getdi;
Duyğudu... zəkadı... ağıldı -- getdi...
Sizdən nə apardım -- dağıldı, getdi;
Əliboş qayıdıb sizə gəlmişəm!..

Sizin başınıza dönüm zirvələr,
Yenə sizə düşdü yönüm, zirvələr !..
Ay mənim imanım-dinim zirvələr,
Elə bil, dünyaya təzə gəlmişəm !..



Kateqoriya: ---
Tarix: 27-06-2020 13:31
Baxış sayı: 317
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını