R

24-05-2020 11:59
Ən təmiz hava kimiydin.
Qıymırdım ki,udum səni.
Qanad verdin,uçub gəldim.
Di öldür,unudum səni.

Ağır idin,çəkəmmədim
Gözlərimdən tökəmmədim.
Otuz ilə sökəmmədim.
Bir gündə qurduğum səni.

Gözündən baxa bilmədim.
Büt oldun,yıxa bilmədim.
Ha çıxdım,çıxa bilmədim..
Dönüb sənə vurdum səni..

Sənlə vardım,səndə öldüm..
Nəfəs-nəfəs sənə döndüm.
Mən tək səni VƏTƏN bildim...
Səni..Yerim,YURDUM,SƏNİ.

BƏLKƏ

Batmısan xəzan tozuna,
Zaval səndən qaça, bəlkə.
Gəl ağlayım, yuyun bir az,
Bu həsrət gül aça, bəlkə ...

Dərdini qəlbimə büküm,
İçindən daşları söküm.
Qoy yarana sığal çəkim,
Acın mənə köçə, bəlkə ...

Hər bir arzumda kəsir qoy,
Ümidlərimi yesir qoy.
Məni özünə nəzir qoy,
Ağrıların keçə bəlkə ...

BELƏ

Dilin kilidlənə,qıfıla düşə,
Bir kimsə duymaya səsini belə.
Baş alıb dünyadan elə gedəsən,
Tapan tapılmaya izini belə.

Həsrət qoyub namərdləri üzünə,
Gedib köç salasan çölün düzünə.
Bütün bulaqları yığıb gözünə,
Özün ağlayasan özünü belə...

Hələ yol olmamış ağrıya, dərdə,
Dumanın sükutu pozduğu yerdə.
Bir dağın başında, tənha qəbirdə
Çəkəsən ölümün nazını belə...

ETİRAF

Könlümdə yurd salıb durdun qəsdimə.
Axdı gözlərimdən yaş yağış kimi...
Sən torpaq ,mən bulud tökdüm üstünə
Yağdırdım yağışı hey qarğış kimi...

Kim duydu ,kim gördü gözümdə nəmi,
Əzab bir ümmanmış , taleyim gəmi.
Yuxular qovduqca sabaha məni ,
Oyandım yağışdan islanmış kimi...

Tək bircə gümanım qəlbimə gəldi.
Onu hey qınadım sənin yerinə.
Çırpına-çırpına ölüm dilədi ,
Öz dəli eşqindən utanmış kimi.

Bu elə əzab ki ,kimsə duymadı .
Gözlərim könlümdə nifrət qoymadı.
Sənin günahını yağış yumadı,
Qaldım..günhlarla barışmış kimi...

MƏKTUB

Səni bahar sanırdım..
Niyə dolub durubsan,
bu nə hal,nə biçimdi?
Ürək ayrılan deyil,
Ayrılıq göz üçündü.
Dedim,biləsən,Adam..

Nə qar var,nə də çovğun.
Niyə tir-tir əsirsən?
Gey ömrümü əyninə.
Mən də darıxmıram ki,
Ölüm düşə eyninə,
durub gələsən,Adam..

Bu qışın oğlan çağı
Ürəyimin içindən
bu ağac boy verib ki,
adı adıma nişan
meyvə də gətirib ki,
Özün dərəsən, Adam.

Biz nə vaxt ayrıldıq ki..?!
Xəyalın -görüş yerim,
Yuxun-ümid qapısı.
Nəfəsinlə sağaldı
Hər yaramın ağrısı.
Mələksən,nəsən,Adam.?!

Sus...eləcə bax gendən...
Bax.. adımın baş hərfi
qalır sol barmağında.
Ömründən ömrüməcən
saxla yol barmağında,
ay məndən KÜSƏN ADAM..

Bu ölüm son deyil ki..
Qoy bir az xəyal qurum,
Xəyala dalıb ölüm...
Darıxma,qoy bir hovur
yuxumu alıb ölüm...
Bu ÖLÜM-BU SƏN,Adam..!

Dilim də gəlmir deyim:
"Səni öləsən,Adam..!"

ÜŞÜMƏ

Bax yenə soyuyub hava.
Qoy bir söz deyim,üşümə.
Cismim əyninə dar gələr.
Ruhumu geyin,üşümə..

Yayda küsdür,qışda sına.
Alış çoxun yoxluğuna.
İstəyirsən,danla,qına,
Qarama deyin,üşümə.

Həyat ocaq,bizik kömür.
Yavaş-yavaş od da sönür.
Çözələnib gedir ömür,
Al,vur bir düyün,üşümə.

Üşüsən,yaz gülər sənə.
Payız köynək hörər sənə.
Yaydan məktub gələr sənə:
"Öldü sevdiyin"....ÜŞÜMƏ...

BAĞIŞLA


Yarpaq ömrümüzün bahar çağıykən
Ölmək insafdanmı bu yaşda,Adam.?!
Körpə tumurcuğu daşa dəyişdik.
Adlar səhv yazıldı o daşda,Adam..

Həyat ümid yolu,ölüm qayıdış.
İzimiz o yola gəlmədi tanış.
Axı kim deyib ki,naxışdı yanlış..?
Biz itdik o yanlış naxışda,Adam..

Sahildim,qurudu dəniz,ölürəm.
Yoldum,ləpir-ləpir,iz-iz ölürəm.
Utanıb demirdim:"Sənsiz ölürəm"
Öldüm,utanmadım,bağışla,Adam..

Rəşidə Allahverdiyeva


Kateqoriya: ---
Tarix: 24-05-2020 11:59
Baxış sayı: 249
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını