"Ayırma dağları çiçək yükündən..." - Ötərxan Eltac

20-08-2026 12:10
   Ötərxan Eltac

Dalidag.az  Sevinc Qəribin təqdimatında Ötərxan Eltacın şeirlərini təqdim edir:

ÇİÇƏK İNCİYƏR

Asta gəz, tapdama, incitmə, əzmə 
Çəmən fəğan edər, çiçək inciyər. 
Kövrəkdi, zərifdi, dəymə qəlbinə
Əl atıb qoparma, ləçək inciyər. 

Oyan, ətrini duy Günəşdən erkən
Diz qatla, əyil öp, üzmə kökündən
Ayırma dağları çiçək yükündən
Arı nalə çəkər, böcək inciyər. 

Yerdə turac süzər, səmada qartal
Kim görsə heyrətdən nitqi olar lal
Sinəsi yamyaşıl, başında ağ şal
Əgər yaşmanmasa birçək inciyər. 

Hər daşın dibindən çağlayar bulaq
Hər gülün eşqinə ağlayar bulaq
Sərçələr səmada aşar mayallaq
Könlü göyçək olan, göyçək inciyər. 

Ötərxanın ruhu ətrin sərsəmi
Sərsəmlik qəlblərdən yox edər qəmi
Coşsa “Baş sarıtel”, çaşar “Dilqəmi”
Təzanə barmaqdan gerçək inciyər.

DƏMİRDİ DÜNYA

Yaman sehirkardı, yaşı bilinməz
Qocadı, cavandı - ömürdü dünya. 
Paslanmır, çürümür, bitmir, tükənmir
Altundu, poladdı, dəmirdi dünya. 

O bəzən alovdur, o bəzən sudur
Sən ondan umursan, o səndən umur
Nə doymamaq olmur, nə doymaq olmur
Hərgah balatasız xəmirdi dünya.
 
Dünya eyş-işrətdi, amandı, ahdı
Gah zülmət gecədi, nurlu sabahdı
Kiminin əlində bir şiş kababdı
Kiminə qapqara kömürdü dünya. 

Bəzən qələmimi saldı əlimdən
Olan savabımı çaldı əlimdən
Ağlımı, huşumu aldı əlimdən
Varımı, yoxumu sümürdü dünya. 

Dünya həm işgüzar, həm də bekardı
Nə qədər genişdi o qədər dardı
Bəzən sızıldayan yaramı sardı
Bəzən də ruhumu gəmirdi dünya. 

Nə haraya yetməz, nə çatmaz dada
Nə qardaş aramaz, nə salmaz yada
Ömrü təlatümlü, başı qovğada 
Sanki məzarlıqdı, qəbirdi dünya. 

* * *
Allah, bu dağların memarı sənsən
Sənin hikmətinlə çağlayır bulaq
Kol-kos boz sərçəyə, kor yapalağa
Zirvələr qartala olub oyuncaq. 

Yaşıl talalarda ceyranlar mələr
Ən sıx ormanlardı şirin məskəni
Dağların köksündən tufan, fırtına
Əskilməz boranı, dumanı, çəni. 

Bəlkə ona görə əzəmətlidi
Duruşu ibarətdi, vüqarı örnək
Atlas köynəyinin rəngi yamyaşıl
Başında bərq vurur bəmbəyaz örpək. 

Çayın şırıltısı, quşun cəh-cəhi
Ruhu ovsunlayan notsuz bəstədi
Açılan hər bir sirr lütfünə bağlı 
Sirlər həm alt-alta, həm üst-üstədi.

Allah, bu dağların memarı sənsən 
Qələm də, fırça da sənin əlində
Bəlkə qüdrətini dərk edəmmərik
Hikmət aramasaq əməllərində. 

* * *
Quşçudu evim, eşiyim
Laçındı laylam, beşiyim
Çıxım dağların qoynuna
Bir azca donum, üşüyüm. 

Əsən mehdi tarım, sazım
Tər çiçəklər işvəm, nazım
Çaylarım şaqraq, dəlisov
Şırıltısı xoş avazım. 

Şükür, yurda düşdü yolum
Burdadı əcdadım, ulum
Gəldim ki gur bulaqlara
Qarışım, axım, durulum.

Quşçu ruhumun otağı
Laçın eşqimin çırağı
Çox şükür, dağlardan gəlir
Ötərxanın səs-sorağı.

VƏFASIZDI

Qağa, çox aldanma gülün ətrinə
Açdısa, solacaq, gül vəfasızdı. 
İnsan təbiətən fəsil-fəsildi
Biri dördə bölən il vəfasızdı. 

Gah altun günəşdi, gah şimşək, çaxar
Gah ağa bürünər, gah qara yaxar
Baxma ki hər zaman şirin vəd axar
Dodaq vəfasızdı, dil vəfasızdı.

Uca dağlardadı əzəmət, qürur
Ona etibar et, ondadır uğur
Hər gün hörmət payla, mərhəmət yoğur
Bilək vəfasızdı, əl vəfasızdı.

İstər gecə-gündüz qazansın əlin
İstər dilə düşsün zərbi məsəlin
Qiyməti milyonu aşsa da ləlin
Lələ bel bağlama, ləl vəfasızdı.

Zahirə güvənmə, qoru batini
Haqqa qucaq açan ədalətini
Ötərxan, dik saxla şux qamətini
Belə arxalanma, bel vəfasızdı.

QİBLƏ BULAĞI

Məlhəmdi, şəfadı, dərmandı, həbdi
Çağlayan çeşmədi, kükrəyən təbdi
Sağlam yaşamaqçün əsas səbəbdi
Dupduru havası, münbit torpağı
Qiblə bulağı.

Ömrün zinətidi, ruhun mayası
Sevən aşiqlərin şirin röyası
Kiminin gözündə eşq məcarası
Kiminə həsrətin, qəmin ortağı
Qiblə bulağı.

Ətrafı göy çəmən, dörd bir yanı qar
Suyu diş çatladan coşqun, nəğməkar
Sehirdi, cadudu lap açıq-aşkar
Ovsundu, tələdi, tordu qucağı
Qiblə bulağı.

Bax odur təməli bəhərin, barın
Qüdrəti ondadı əhdin, ilqarın
Səndən mayalanan nər oğulların
Sənsən alovlanan odu, ocağı
Qiblə bulağı.

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-08-2026 12:10
Baxış sayı: 341
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını