Reklam
"Bizim evin pilləkəni" - İlqar Rəsulun çap olunmayan hekayəsi
18-11-2021 13:40
"işğal həm də bütün bunlardır. Yəni işğal həm də öz doğma mahalına kosmosdan baxmaqdı. İşğal həm də öz doğma şəhərinin xarabalıqlarında öz evinin xarabalığını axtarıb tapanda sevinməkdi. İşğal həm də o evin xarabalıqlarının arasında özünü, görməkdi. Və nəhayət işğal həm də kosmosdan gördüyün xarabalığı bir gün oğluna göstərib, yolunu - irizini anlatmaqla vəsiyyət edərək, diri - diri ölməkdir".
Dalidag.az İlqar Rəsulun heç harda çap olunmamış "Bizim evin pilləkəni" hekayəsini təqdim edir:
PROLOQ
- Bax, oğlum, bütün bunları sənə danışmaqda məqsədim var. Şəhərimiz işğaldan azad edilənə mən qalmasam, gedib o pilləkəni taparsan. Ətrafında evimizi bu danışdıqlarıma uyğun olaraq yenidən tikərsən. Sonra pilləkəndə oturub bu hekayəni başa çatdırarsan. Amma diqqətli olarsan ki, uşaqlar məhəccərlərin üstü ilə sürüşəndə yıxılmasınlar. Pilləkən çox hündürdür...
***
Evimiz təxminən üç mərtəbəli keçmiş bəy mülkü idi. Damı qırmızı, döşəmə və pilləkənləri qəhvəyi, qalan hər yeri ağ rənglənmiş böyük bir ev. Dörd otaq, mətbəx və küçəyə baxan böyük taxta eyvandan ibarət üst mərtəbənin həyət tərəfi başdan-başa erməni ustaların zövqlə işləmiş olduqları aynabənd idi. Həyətdən - evin qarşısından taxta məhəccərlərin arası ilə nəhəng bir ilan kimi burulub yuxarı, üst mərtəbəyə qalxan qalın daş pilləkənlərin üzərinə aşağıya qədər uzanıb gedən tünd yaşıl rəngli, kənarları qırmızı zolaqlı ensiz kilim salınmışdı. Pilləkənin başındakı qapının arxası kiçik dəhliz idi. Dəhlizdən iki qapı açılırdı. Üzbəüzdəki qapı mətbəxə, sağdakı evin giriş otağına. Mətbəxdə qapı ilə üzbəüz - yuxarı başda su çanağı və qaz pilətəsi idi. Sağ divar boyunca, qapıya tərəf sıra ilə qab-qacaq dolabı, altında daim iki qıvraq kətil olan ensiz masa, soyuducu qoyulmuşdu. Hamısı da mətbəxin özü kimi ağ rəngdə. Mətbəxin həyətə baxan sol divarı qısa ağ pərdələrlə yaşmanmış aynabənd idi.
Giriş otağında qapının yanında, sağdan termo qoyulmuşdu. Sağ divarın baş tərəfində divan, qarşısında jurnal masası, sol divarla baş divarın küncündə ağ ensiz masanın üzərində şabalıdı rəngli televizor, onun yanında qırmızı rəngli telefon var idi. Televizordan xeyli yuxarı, divardan ağ dairəvi saat, ondan bir az aşağıda, sola - giriş qapısına tərəf kətan üzərində yağlı boya ilə işlənib çərçivələnmiş böyük rəsm asılmışdı. Sıldırım qayalıqları olan, uçurumundan aşağını və qarşıdakı dağı ətəyindən zirvəsinədək başdan-başa yaşıl meşələr bürüyən, göy çəmənliyində orda-burda otların arasından irili - xırdalı ağ qaya çıxıntıları gözə dəyən bu təbiət mənzərəsinin küncündən "Şüşa - Cıdır düzü" yazılmışdı (bu rəsmi bizim evə Bakıda yaşayan rəssam qohumumuz hədiyyə etmişdi). Saatla rəsmin arasında, bir az aşağıdan, döşəməyədək uzanan tünd qırmızı rəngli, üzərində ağ, çəhrayı, yaşıl naxışları olan xalça asılmışdı. Bu xalça həm də qonaq otağının giriş otağına baxan pəncərəsini gizlədirdi öz arxasında. Divanın arxasında, aynabəndin sütunundan vərəqlərinin bir qismi kəsilib götürülmüş təqvim kitabçası asılmışdı. Ondan bir az yuxarıdan, elə həmin sütundan ilgəyi mıxa keçirilmiş, kənarları qızılı saplarla işlənmiş ovuc içi boyda sarı yastıqça sallanırdı. Yastıqçaya müxtəlif rəngli sapları olan iynələr sancılmışdı (evdə bütün uşaqlar tikiş tikə bilirdilər və kimin paltarının düyməsi qopsa, ya bir yeri sökülsə, özü tikirdi). Döşəməyə televizorla divanın arasındakı boşluğu örtəcək ölçüdə xalça salınmışdı. Bura hamının oturduğu ümumi otaq idi. Gələn qonağa da çox vaxt burada qulluq olunurdu. Qonşu otaqlara giriş bu otaqdan idi. Ona görə də otağın dörd divarının hərəsində bir qapı var idi. Giriş qapısından solda qonaq otağının, üzbəüzdə kiçik yataq otağının, sağda yemək otağının qapısı idi. Yataq otağında iki çarpayı, onların arasında başdan - pəncərənin qarşısından kiçik kamod qoyulmuşdu. Yaz ayları kamodun üzərindəki dibçəkdə yasəmən (yasəmən ətrinə bürünmüş otaqda istirahət etmək çox xoş olur), qalan aylar həyətin başqa gülləri, çiçəkləri olardı. Dibçəkdən bir az aralıda elektrik lampası və gecələr yatmazdan əvvəl, eləcə də günortalar istirahət zamanı mütaliə edilən kitablar qoyulardı. Qapının sağ tərəfində içəridən - aşağı baş divarla yan divarın küncündə ayaqlı, hündür paltar asılqanı var idi. Qapıdan solda divardan tünd yaşıl, üzərində açıq yaşıl, sarımtıl və çəhrayı naxışları, gülləri olan ensiz xalça asılmışdı. Bu xalça divara yaraşıq verməklə yanaşı qonaq otağının yataq otağına baxan pəncərəsini öz arxasında gizlədirdi (xalçanın arxası uşaqların bir-birindən gizlənməsi üçün əla sığınacaq idi). Bu otaq giriş otağından aynabəndlə ayrılırdı. Həmin aynabəndə əslində açılıb-yığılan arakəsmə də demək olardı. Erməni ustalar onu elə düzəltmişdilər ki, istədiyin vaxt cəftələrini tavandan və döşəmədən ayıraraq, arakəsməni çəkib giriş otağında - divanın arxasındakı divar boyu uzatmaq olurdu. Bu vaxt giriş otağı ilə yataq otağı birləşib zala çevrilirdi. Ancaq bu çox az hallarda edilirdi. Yalnız xeyir-şər mərasimləri olanda.
Girişdən sağda yerləşən yemək otağı qonaq otağından sonra evin ən böyük guşəsi sayılırdı. Bura girəndə qapının sol yanında divan, onunla üzbəüzdə, amma xeyli aralıda bir tərəfi divara dirənmiş, ağır şam ağacından, yığılıb-açılan böyük yemək masası, ətrafında stullar qoyulmuşdu. Masanın üzərində ortadan su dolu iri bardaq, stəkan, güldanda yasəmən və büllur qabda meyvə, yaxud şirniyyat olardı. Qapının sağ yanında daha bir masa var idi. Amma bu, kiçik masa idi. Ondan daha çox nahar, şam, eləcə də səhər yeməyi zamanı içində yemək olan qazanın, kakao olan qəhvədanın, yaxud mətbəxə gedəcək bulaşıq qabların müvəqqəti dayanacağı kimi istifadə edilirdi. Həmin masanın arxasındakı sütundan ermənilərin klassiki sayılan Sayat Novanın rəsmi asılmışdı. Çox da böyük olmayan taxtanın üzərinə qravür üsulla çəkilmiş rəsmdə şair oturub kamançasını dizinin üstündə tutmuşdu. Taxtanın arxasına Sayat Novanın Azərbaycanca yazdığı şeiri həkk olunmuşdu (bu rəsmi bizim evə anamın işçisi olan erməni qadın bağışlamışdı).
Yemək otağı da qəhvəyi döşəmə nəzərə alınmasa tamam ağ rəngdə idi. Bu otaq sonradan tikilmişdi deyə evdən həyətə doğru xeyli irəli çıxırdı və bütün divarları aynabənd idi (hər tərəfi pəncərə olduğu üçün biz uşaqlar bu otağa "avtobus" deyirdik). Ümumiyyətlə evin cənub üzü şərqdən qərbədək - yataq otağından yemək otağına, ordan da dönüb pilləkənin başındakı kiçik dəhlizin sol tərəfi ilə mətbəxin sonunadək uzanıb gedən ağ aynabənd idi. Ona görə də evin giriş, yataq və yemək otaqları gündüzlər çox işıqlı olurdu. Pərdələri də tünd deyildi bu otaqların. Tavandan döşəməyə qədər olan açıq narıncı pərdələrin qarşısından ağ tüllər asılmışdı bütün aynabənd boyu. Narıncı pərdələr daha çox günəş otaqları tutanda açıq olurdu. Əksər vaxtlar bir tərəfə yığılırdı. Tüllərsə küçədən və ətraf həyətlərdən içəri görünməsin deyə heç vaxt yığılmırdı. Tül pərdələrin arxasından bütün o ətraf - qonşu həyətlər, yaxın-uzaq məhəllələr, hətta bizdən xeyli aralıdakı küçələr qışda ovuc içi kimi aydın görünürdü. Yayda aynabəndin sağ tərəfdən qarşısını pilləkənin yanından ucalan qocaman tut ağacının yarpaqları kəsirdi. Qarşı və sol tərəf pəncərələrdənsə yataq otağından olduğu kimi daha çox ağacların başı, evlərin damları və ümumiyyətlə şəhərimizin cənub hissəsinin göz işlədikcə uzanıb gedən yaşıllıqları, dağlar görünürdü. Yazqabağı, yayda evin havasını dəyişmək üçün o baş - bu baş aynabəndin pəncərələri açıq olanda həzin küləklə tül pərdələrin rəqsini seyr etmək adamın içinə anlaşılmaz bir yüngüllük gətirirdi. Bəzi pəncərələrdən küləyə qoşulub çölə çıxan tüllər aynabəndin daş məhəccərinin naxışlarını sığallayırdı. Qalan pəncərələrin tülləri evin içində, tavanla döşəmə arasında aşağı - yuxarı hey dalğalanırdılar. Belə anlarda qeyri-adi olduğu qədər də ecazkar bir mənzərə yaranırdı evimizdə. Eyni vaxtda üç otaqda ağ tül pərdələr gah həzin - həzin qalxıb enir, gah da sanki tavana bitişik ilgəklərindən qopmaq istəyirmiş kimi dartınır, vurnuxur, özlərini çərçivələrə çırpır, sonra sakitləşib yenə də bizim eşitmək iqtidarında olmadığımız hansısa lirik musiqinin sədaları altında bal rəqsini davam etdirirdilər öz görünməyən sevgililəri ilə. Həmin vaxtlar otağa girib pəncərəyə yaxınlaşan adamın başına, boynuna dolanmaqdan, üzünü oxşayıb, saçlarını qarışdırmaqdan da çəkinmirdilər tül pərdələr. Axşama yaxın külək güclənərdisə, biz uşaqlar anamızın tapşırığına əməl edərək, artıq yelə qoşulub qaçmaq üzrə olan pərdələri bir əlimizlə cilovlayıb içəri salar, o biri əlimizlə pəncərələri örtüb bağlayardıq. Yay aylarında günortalar o pəncərələrin altındakı çarpayıda, yaxud divanda uzanıb kitab oxumağın, lap elə gözlərini yumub mürgüləməyin ayrı ləzzəti olardı. Pərdələr sanki özlərinə diqqət, qayğı tələb eləyirmiş kimi gedib-gəlib adamın üzünə sürtünərək mütaliəyə, yuxulamağa imkan verməzdilər. Amma yenə də pəncərəni örtməzdi heç kim. Çünki həzin meh mütaliədən də, yatmaqdan da az dincəltmirdi adamı. Yemək otağının qapısı qonaq otağının qapısı ilə üzbəüz idi.
"Böyük ev" adlandırdığımız qonaq otağında vəziyyət başqa idi. Əgər üst evin digər otaqlarını xarakter və görkəmcə bizim evin uşaqlarına bənzətmək olardısa, bura daha çox bizim evin anasını xatırladırdı. "Böyük ev" havasına, görkəminə, aurasına da görə digər otaqlardan xeyli fərqlənirdi. İlin fəsillərindən asılı olmayaraq burada bir ağırlıq, ciddilik hökm sürürdü daima. Adından da bəlli olduğu kimi bura evin ən böyük otağı idi. Dördü yan divarlarda (ikisi sağda, ikisi solda), biri aşağı başda - eyvanın qapısının yanında olmaqla beş pəncərə var idi bu otaqda (şərqə düşən baş divarda pəncərə yox idi). Eyvanın qapısı aşağı başda - giriş qapısı ilə üzbəüz idi. Onun sağında o dövrün sanballı ev avadanlıqlarından sayılan, qabaq tərəfindən başqa hər yeri qara mebeldən olan böyük "VEF-Rapsodiya" radiolası (biz ona "priyomnik" deyirdik) qoyulmuşdu. Radiolanın qapağının altında əksəriyyəti Azərbaycanın və Avropa klassiklərinin əsərlərindən ibarət xeyli val var idi. Qapağın üstündə ortadan radiola rəngdə kiçik, ekzotik çıraq qoyulmuşdu. Şüşəsinin başındakı ağ zərif çətir onu bir az da meşə göbələyinə bənzədirdi. Radiolanın sol tərəfində tünd şabalıdı rəngdə, kənarlarında nazik qızılı dəmirlərdən xətləri olan, şüşə qapılı kamod yer alırdı. Kamodun üzərinə rəngli büllurdan üç ekzotik qab düzülmüşdü. Kamodla pəncərənin arasında ensiz servant qoyulmuşdu. Otağın baş tərəfində bütün divar boyu uzanan böyük servant var idi. Eyni üslubda düzəldilmiş bu qəhvəyi servantların şüşə qapıları da nazik qızılı dəmirlərlə bərkidilmişdi. Kamod, servantlar, eləcə də onların içində xüsusi zövqlə düzülmüş qabların əksəriyyəti ovaxtkı Çexoslavakiya istehsalı idi.
Aşağı başdakı tək pəncərənin yanında Rusiya istehsalı olan "Kuban" pianosu qoyulmuşdu. Pianonun üstündə sağda kənarları qara plastmasdan, ortası sarı parçadan olan "Spidola" adlı radioqəbuledici, solda anamızın çərçivəyə salınmış şəkli var idi. Divarın yuxarısından aşağı küncünə qara lent bağlanmış böyük portret asılmışdı. Bu bizim atamızın portreti idi. Piano ilə giriş qapısının arasında, divarın içində tavandan döşəməyədək böyük kitab dolabı var idi. Evimizin ən dəyərli sərvəti də elə məhz divardan asılmış qəhvəyi rəngli xalçanın arxasında gizlənən həmin dolabda saxlanılırdı. Yüzlərlə qiymətli kitab. Burada dünya ədəbiyyatından tutmuş, uşaq ensklopediyalarına, nağıllara, dastanlara qədər, böyük ensklopediyalardan, fəlsəfi əsərlərdən dilçiliyə qədər hər cür kitaba rast gəlmək olardı. Xalçanın yuxarısından balaca qardaşımla mənim qoşa çəkilib böyüdülmüş, ortası ellipsvari kəsik olan dördkünc ağ karton üzlüyə salınmış, ağ paltarlı körpəlik şəklimiz asılmışdı. Giriş qapısından sağda "Elektron" adlı böyük televizor qoyulmuşdu. Televizorla baş divarın arasında tünd qəhvəyi rəngdə çox da böyük olmayan divan, iki kreslo və jurnal masası var idi. Divanın yuxarısında divardan böyük qardaşımın beş yaşında olarkən çəkilmiş şəkli asılmışdı. Sağ əlinin şəhadət barmağını yanağının batıq yerinə qoyaraq, təbəssümlə baxan bu qəşəng oğlanın da şəkli böyüdülüb eynilə bizimki kimi ağ karton üzlüyə salınmışdı. Otağın ortasında açılıb-yığılan şabalıdı rəngli böyük mebel masa, ətrafında stullar düzülmüşdü. Döşəmədə tünd qırmızı, üstü qədim Azərbaycan xalçaçılığından gəlmə naxışarla bəzədilmiş böyük Qarabağ xalısı var idi.
Bu otaq digər otaqlarla müqayisədə xeyli qaranlıq olurdu. Çünki otağın divarları da mebellərin rənginə uyğun olaraq tünd və açıq qəhvəyi boyalarla işlənmişdi. Üzbəüz divarda, eyvana baxan pəncərələrin qabağından bütün divar boyu, üzərində minlərlə zərif naxışlar - əksəriyyəti tünd rəngli xırda güllər, çiçəklər, yarpaqlar olan, bütövlükdə qaraya calan tünd qırmızı iki böyük Herat xalısı asılmışdı. Xalıların birinin üzərində yuxarıdan, tavandan azca aşağı yenə karton çərçivədə ağ paltarlı, ağ papaqlı, təxminən iki yaşında qapqara yekə gözləri olan qəşəng bir qızcığaz şəkli asılmışdı. Bizim evin oğlanlarının yeganə bacısı idi bu şəkildəki.
Qalan üç pəncərə pərdələnmişdi. Buranı həm də qapı və pəncərələrin qalın pərdələri qaranlıq edirdi. Pəncərələrin üstündən - tavandan döşəməyədək uzanan açıq qəhvəyi pərdələr asılmışdı. Onların da qarşısından ağ qalın tüllər. Otağın giriş, eləcə də eyvana çıxış qapısına içəridən tünd qırmızı qalın məxmər pərdələr asılmışdı. Evimizin divarları o qədər qalın idi ki, biz uşaqlar bəzən bir-birimizdən gizlənəndə (anamızdan gizlənmək olmazdı) qaçıb ya qapıların, ya da pəncərələrin pərdələrinin arxasına rahatca sığına bilirdik. Axtaran yalnız bütün pərdələri bir-bir qaldırıb arxasına baxmaqla kimin harada olduğunu öyrənə bilərdi. Bu otağın iki pəncərəsi eyvana, ikisi yataq və giriş otaqlarına baxırdı. Bu otaqda yalnız aşağı başdakı tək pəncərə birbaşa küçəyə baxırdı və işıqlı idi. "Böyük ev"in çilçırağı digər otaqlardakından xeyli iri idi. Bundan başqa divarlardan həmin çilçırağın gecə lampaları asılmışdı. Amma bu işıqların hamısını eyni vaxtda yandırmağa ehtiyac olmurdu. Çünki həddən çox işıqlı olurdu otaq o zaman. Yalnız çilçıraq bəs edirdi. Adətən aşağı başdakı pəncərənin pərdələri yığılı olurdu. Ona görə də gündüzlər tüldən keçib içəri düşən günəş işığı otağa girib nəsə götürmək, yaxud adlayıb eyvana çıxmaq üçün bəs edirdi. Yayda bu otağın pəncərəsi açıq olanda evi başına götürən piano səsi küçəmizin də könlünü oxşayırdı. Böyük qardaşım çalırdı daha çox bu pianoda. Elə daha çox da o istifadə edirdi bu otaqdan. Gün ərzində yazı-pozu ilə məşğul olur, mütaliə edir, müxtəlif mikrosxemlərdən yeni qurğular düzəldir (bir dəfə yağış damcılarının damı döyəcləyərək çıxartdığı səsi verən kiçik cihaz düzəltmişdi. Balaca qardaşımla oturub gözümüzü yumaraq, sanki yağış yağdığını xəyal edirdik və bu çox maraqlı idi), bəzən hətta gecələr alt mərtəbədəki otağına düşməyib elə oradaca - divanda yatıb qalırdı böyük qardaşımız.
Alt mərtəbədə aynabənd yox idi. Bura biri böyük, biri balaca olmaqla iki otaqdan, biri böyük, biri balaca olmaqla iki eyvandan ibarət idi. Üst mərtəbədən düşən və həyətdən qalxan uzun daş pilləkənin qovuşduğu dönəcəkdəki kiçik daş meydançanı da alt mərtəbənin bir hissəsi saymaq olardı. Alt evə girmək üçün həmin meydançadan burulub əvvəl balaca, sonra böyük eyvandan keçmək lazım gəlirdi. Alt mərtəbə də tamamilə ağ rəngdə idi. Pilləkənin, kiçik meydançanın və eyvanların məhəccərləri, sütunlar, tavan, pəncərə və qapılar, bir sözlə, hər yer ağappaq idi. Aşağıdan qalxan pilləkənin daş meydançaya birləşən yerində məhəccər hündürlüyündə kiçik qapı qoyulmuşdu ki, hardansa həyətimizə keçən təsadüfi qonaqlar - toyuq-cücə, it-pişik eyvana çıxmasın. Balaca eyvanda məhəccərdən hündür olmayan ensiz ağ ayaqqabı dolabı var idi. Böyük eyvanda qapının arxasında tavana qədər hündürlüyü olan, içinə yaxşıca qalaylanıb ağardılmış aş qazanlar, ləyənlər, teştlər, bir sözlə iri mis samovardan tutmuş xırda tunc qəhvədanadək hər şeyin asanlıqla yerləşdiyi nəhəng ağ dolab var idi. Eyvanın ortasında, bir tərəfi divara dayanmış, qoz ağacından böyük masa, ətrafında stullar düzülmüşdü. Baş tərədə - eyvanın yan divarında pəncərə var idi. Pəncərənin çərçivəsində yuxarıdan bir çəngə quruyub saralmış - deyilənə görə yaman gözləri kor edən - dəvədabanı tikanı asılmışdı. Ondan aşağıdakı mıxdan qadın saçları kimi bir birinə hörülüb qurumuş əvəlik sallanırdı. Eyvanın məhəccəri ilə üzbəüz divarında hər başda bir qapı var idi. Alt evin balaca və böyük otağına açılan iki ağ qapı. Bu otaqların arasından da bir-birinə ayrıca qapı var idi. Balaca otaq böyük qardaşımın, böyük otaqsa balaca qardaşımla mənim yataq otağımız idi. Qardaşımın otağında çarpayı, kiçik yazı masası, stul, balaca televizor var idi. Bizim otağımızda biri giriş qapısından sağda, ikisi üzbəüz divar boyu baş-başa dayanmış üç dəmir çarpayı, qapıdan solda böyük qəhvəyi şifoner, başdakı pəncərənin qarşısında dəmir ayaqlıqlar üzərində köhnə televizor, aşağı divarın yanında, ara qapıdan solda ağ kiçik yazı masası qoyulmuşdu. Burada da döşəmədən başqa hər yer ağ rəngdə idi. Alt mərtəbədən həyətə düşmək üçün kiçik meydançaya qədər gedib sola burularaq yeddi pilləkən enmək lazım gəlirdi.
Yarısı yerdən xeyli hündürdə inşa edilmiş, iki otaqlı zirzəminin girişi həyətdən idi. Buranın da quruluşu təxminən alt mərtəbənin təkrarı idi. Balaca eyvanla böyük eyvanın altı burda döşəməsi olmayan, yarıqaranlıq boş məkanlar idi. Girişlə üzbəüz divarda bir qapı, onun sağ və sol tərəflərində adam keçə bilməyəcək qədər ensiz, kiçik pəncərələr var idi. Qapıdan zirzəminin otağının birinə, oradan da digərinə keçmək olurdu. Bu otaqlar özlərindən yuxarıdakılardan fərqli olaraq təxminən bərabər böyüklükdə idilər və işıq yanmasa çox qaranlıq olurdular. Bu döşəməsiz otaqlarda divarlar suvaqsız, tavan üzlüksüz idi. Ara qapının ancaq çərçivəsi var idi. Birinci otağının tavanından atamın boks əlcəkləri, neftlə yanan köhnə əl fənəri və meyvələri çoxdan quruyub daşa dönmüş nar budaqları asılmışdı. Bura demək olar ki, istifadəsiz yer idi. İllərin tozunun altında öz rəngini və görkəmini gizlədən bəzi dəmir-dümürdən və taxta-tuxtadan başqa heç nə yox idi zirzəmidə. Tavanın qaralıb qəhvəyi rəngə çalan millərindən və qapıların çərçivəsindən hörümçək torları sallanırdı. Zirzəminin ikinci otağının ortasında xəfif bir çökək var idi. Nənəm sağlığında deyirdi ki, babanız müharibəyə gedəndə zirzəmidə quyu qazıb, özünə məxsus bəzi alətləri və artıq ev əşyalarını ora töküb, üstünü torpaqlayıb. Hərdən qardaşımla mən o çökəyi eşələyib torpağın altından nələrsə tapırdıq. Bir dəfə ordan Avropa memarlığına aid naxışlarla işlənmiş köhnə, dəmir stolüstü fənər tapmışdıq. Qapağının üzərində döymə üsulu ilə işlənmiş insan başları var idi. Gövdəsində qarşı və arxa tərəfdən tökmə üsulu ilə mələkləri ifadə edən qanadlı uşaqlar təsvir olunmuş bu fənərin qulpları quyruğu azca geri qatlanmış timsahlar idi.
Zirzəmidən yalnız mən və balaca qardaşım istifadə edirdik. O da əsasən qonşu uşaqlarla həyətimizdə gizlənpaç oynayanda. Biz qaçıb orada gizlənirdik. Qaranlıq olduğu üçün (işığın düyməsinin yerini yalnız biz bilirdik ) heç kim ürək edib zirzəmiyə girmirdi. Amma hər dəfə ora girəndən sonra hamamda yaxşıca yuyunmalı olurduq. Çünki nə qədər özümüzü qorusaq, yenə də üst-başımız toz-torpağa, hörümçək toruna bulaşırdı.
Hamam iki otaqdan ibarət idi və o həyətdə, evlə üzbəüzdə ayrıca tikilmişdi. Qarşısında bir böyük hovuz, bir də kiçik çarhovuz var idi. Hovuzda daim su olurdu. Çarhovuzdakı bulağın suyu gəlməyəndə evin qarşısındakı gülləri hovuzdan sulayırdıq. Amma su çox vaxt gəlirdi və biz onu yay günləri əvvəl meyvə ağaclarının dibinə, sonra da yasəmən ağacının altını başına götürmüş nanəliyə axıdırdıq...
Beləcə, bizim ev ətrafı hasarlı, dəmir darvazalı, hamamlı, hovuzlu, özünün ayrıca bulağı, kanalizasiyası, müxtəlif meyvə və gül ağacları, ayağından keçən kəhrizi olan axarlı-baxarlı böyük bir həyətin içində böyük bir tikili idi. Altlı-üstlü səkkiz otaqdan, bir mətbəxdən, irili-xırdalı dörd eyvandan və çardağında o vaxtın köhnə əlifbası sayılan latın qrafikalı xeyli kitab qalaqlanmış, az qala bütün şəhərə yuxarıdan baxan ucsuz-bucaqsız qırmızı damdan ibarət nəhəng pilləkənli bir ev...
İndi o evin bütün bu sadaladıqlarımdan yalnız pilləkəni qalıb. O da uçub dağılmış halda. Onu da yalnız kosmosdan görmək olur. İnternetin vasitəsilə peykdən yəni. İnternetdə əvvəl yer kürəsini, sonra Xəzər dənizini, sonra Azərbaycanı, sonra da Qarabağı tapıram. Yalnız bundan sonra 1993-cü ildə işğal olunmuş Ağdam şəhərinin xarabalıqları arasında dizlərim əsə-əsə öz küçəmi, öz məhəlləmi və nəhayət öz həyətimi tapıram. Onu da bütün məhəllə boyu uzanaraq, həyətin içindən axıb gedən kəhrizin kənarlarındakı yaşıllıqlardan (su olan yerlərdə yaşıllıq zolağı daha qalın görünür kosmosdan) təxmin edirəm ki, hə, bax bura, bizim həyətdir. Məhəlləmizdə bir dənə də salamat tikili qalmayıb ki, ona köklənib öz evini tapasan. Hamısını söküb aparıb, ya da partladıb, yandırıb tamam yerlə yeksan ediblər işğalçılar. Bünövrələrini də ot-alaq illərdi öz altında gizlədib artıq. Bircə bizim pilləkəndən başqa.
Evin yerini həyətə nəzərən müəyyən edib diqqətlə baxanda pilləkənin ağardığını görürəm. Yəqin ki, yekə ağ əhəng daşlarından tikildiyi üçün tamam söküb apara bilməyiblər. Və o daşların üzərində ot bitmədiyi üçün bu vaxtadək hələ də yaşıllıqda tam itib-batmayıb bizim evin pilləkəni. Çox baxa bilmirəm o pilləkənə. Qorxuram. Qorxulu mənzərədir çünki. Sanki indicə hardansa bayquşlar peyda olub qəfildən pırıltı ilə gözlərimin qarşısından keçərək məni diksindirəcəklər deyə səksəkəli oluram hər dəfə bu mənzərəni seyr edəndə. Amma bəzən də çox diqqətlə baxıram o pilləkənə. Elə bilirəm ki, bax, indicə pilləkən silkələnib bütövləşərək evi də ətrafında dikəldəcək. Sonra o pilləkənin başında dayanıb məhəccərdən kənara palaz çırpan bir qadın, məhəccərinin üstü ilə sürahi boyu - yuxarıdan aşağıya doğru sürüşən iki əkiz oğlan uşağı, pilləkənin ortasında kilimin üstündə çömbəlib gəlinciyi ilə oynayan bir qızcığaz, pilləkənin döngəsindəki kiçik meydançada dirsəklənib toyuqlara dən səpən bir nənə, pilləkənin alt mərtəbəyə keçidində - sürahidə oturub özü ilə şahmat oynayan nisbətən böyük bir oğlan görəcəm. Hələ bəlkə səslər də eşidəcəm: "gedin həyətdə oynayın, palazın toxu nəfəsinizə dolar", "birinci mən sürüşəcəm, yox mən", "ay uzun saç qara göz, ağıllı kuklam mənim...", "toyuğun ikisi əskik gəlir", "şah və mat".....
Bir qədər baxdıqdan və bunların heç birinin baş verməyəcəyinə əmin olduqdan sonra özümə qayıdıram və içimdən bir səs keçir: "işğal həm də bütün bunlardır. Yəni işğal həm də öz doğma mahalına kosmosdan baxmaqdı. İşğal həm də öz doğma şəhərinin xarabalıqlarında öz evinin xarabalığını axtarıb tapanda sevinməkdi. İşğal həm də o evin xarabalıqlarının arasında özünü, görməkdi. Və nəhayət işğal həm də kosmosdan gördüyün xarabalığı bir gün oğluna göstərib, yolunu - irizini anlatmaqla vəsiyyət edərək, diri - diri ölməkdir".
EPİLOQ
İşğaldan iyirmi üç il sonra Bakıda, bir yas yerində o vaxtkı üzbəüz qonşumu gördüm. Dedi ki, işğal günü bizim evə erməni mərmisinin necə
düşdüyünün şahidi olub. Danışığından anladım ki, mərmi bizim "avtobus" adlandırdığımız yemək otağına tuş gəlib. Qonşu deyirdi ki, öz gözləri ilə görüb aynabəndin necə göyə sovrulduğunu. Söhbətin qalanını eşitmədim. O, nələrsə danışırdı, mənsə həmin mənzərəni gözlərim önündə canlandırıb tamaşa edirdim: göy üzünə səpələnmiş saysız-hesabsız ağ taxta parçaları, şüşə qırıntıları, bəyaz tül pərdələrlə birlikdə sarımtıl lövhənin üzərində Sayat Nova da üzüaşağı - pilləkənin ayağına doğru uçurdu. Hər şey səssiz və çox yavaş - yavaş baş verirdi...
İlqar Rəsul
Bakı-2016
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 18-11-2021 13:40
Baxış sayı: 3431
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
06 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23