Laçına ilk səfər – ruhuma yazılan yolçuluq

25-07-2025 11:55
Hər insanın içində bir yurd həsrəti, bir torpaq sevgisi olur ki, o duyğu zamanla böyüyür, kök salır və bir gün insanı doğulduğu, ya da çox sevdiyi torpaqlara aparır. Mənim üçün o gün gəldi – Laçına ilk dəfə səfər etdim. Bu, sadəcə bir yol deyildi, bu, ruhuma yazılan bir yolçuluq idi…

Səfərimiz Taxda düzü yolu ilə başladı. Yol boyu gözüm dağlara, qəlbim xatirələrə ilişdi. Hər döngə, hər çökəklik sanki bir tarix danışırdı. Və nəhayət, yol bizi Şərif Ağayarın kəndinə – Laçının Ağbulaq kəndinə apardı. Bu kəndin özü bir kitab idi, hər daşında bir söz, hər bulağında bir nəfəs vardı.

Bizi orada çox səmimi, isti, mərd insanlar qarşıladı. Elə bildik öz evimizə dönmüşük. Ağbulaq həm də böyük ədəbiyyat və sənət məkanıdır. Elə kəndin özü də həm gözəl şair, həm də sanballı yazıçı olan Şərif Ağayarın vətənidir. Onun qələmi kimi, kəndi də ilham dolu, ruhlu və hikmətlidir.

Bir söz var, daim eşitmişik: "Kəlbəcərin qardaşıdır Laçın." Bu deyim təkcə coğrafi yaxınlığı ifadə etmir – bu, ruh qohumluğudur. Dağları bir, dərdi bir, havası bir, sazı-sözü bir olan iki qardaş diyar. Bu səfərdə bu qardaşlıq duyğusunu bir daha qəlbimin dərinliyində hiss etdim.

Bu səfərimizin unudulmaz məqamlarından biri də Ağbulaq şəlaləsində keçirdiyimiz anlar oldu. Şəlalənin səsi, dağın nəfəsi, təbiətin əzəməti bizi sözsüz danışdırdı. O gözəllik qarşısında insanın içi paklanır, sanki ruhun yuyulur.

Və əlbəttə, bu səfərin yaddaşlara yazılan hissəsi musiqi ilə canlandı. Ustad aşıq Familin yetirmələri – dəyərli sənətkar Afil Bəxtiyar, istedadlı gənc ifaçı Tacir Alxanov və sazın duz-çörəyi ilə böyümüş Aşıq Etibar könlümüzü fəth etdilər. Onların ifaları bu dağların səsi idi – içdən, dərindən, köksdən gələn bir nida kimi…

Səfər boyu tez-tez xatırlanan sənətkarlardan biri də mərhum müğənni Məhəbbət Kazımov oldu. Onun səsi bu dağların yaddaşında, bu torpağın hafizəsində yaşayır. Təəssüf ki, Məhəbbət müəllim Laçına qayıda bilmədi... Laçın həsrəti ilə bu dünyadan köçdü. Amma onun ruhu bu yerlərdə dolaşır – dağların başında, yollarda, yurdun səsində...

Bu torpaqlarda gəzərkən bir an belə unutmadıq – Laçın torpağı şəhid qanı ilə suvarılıb. Bu gözəlliyi, bu səfəri, bu azad nəfəsi bizə yaşadan – Vətən uğrunda canını verən şəhidlərimiz və canı bahasına döyüşən igid oğullarımızdır. Onların fədakarlığı, onların qanı ilə yazılmış qəhrəmanlıq dastanı olmasaydı, bu torpaqlara ayaq basmaq da, bu yazını yazmaq da mümkün olmazdı. Ruhları qarşısında baş əyirəm. Qəhrəmanlarımızın izi bu dağlarda, nəfəsi bu səmada yaşayır.

Laçının mənzərəsi isə sözlə ifadə olunası deyil. Bura dağların yalnız daşdan deyil, ruhdan yoğrulduğu bir məkandır. Təbiət burada danışır, səssizcə deyir: "Mən burdayam, sizi gözləmişəm."

Bu səfər mənim üçün sadəcə bir gediş-gəliş deyildi. Bu, bir ruhun torpağı ilə qucaqlaşması idi. Laçına getmək – yurdla, keçmişlə, şəhid xatirələri və ümidlə bir araya gəlməkdir.

Bu torpaqlar bizi gözləyir – sevgi ilə, sükutla, sazın, sözün, qürurun, və şəhid qanı ilə sulanmış Vətən ruhunun dili ilə...


Səxavət Kəlbəcərli

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 25-07-2025 11:55
Baxış sayı: 361
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını