"Astana" - Naibə Yusublu (Hekayə)
26-07-2025 11:30

Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Naibə Yusublu yaradıcılığından:
ASTANA
Göy gurultusu səngimək bilmir, ildırımın qaranlıq səmada buraxdığı iz adamın canına qorxu salırdı. Bunun ardınca qatarın polad relslərlə savaşını xatırladan taqqıltı ara vermədən onun qulaqlarını döyəclədi. Gözlərini açıb gecənin vahiməsindən canını biryolluq qurtarmağa çalışdı, amma kirpiklərini bir-birindən aralamağa göz qapaqlarının gücü çatmadı. Hiss elədi ki, ixtiyarı tamamilə əldən gedir, qəribə bir boşluq onu ağuşuna alır, nə isə bütün vücudunu silkələyir, başının arxası hər tərpənəndə yastı dəmirə sürtülür. O ötüb-keçənləri yadına salmağa çalışdı, amma hər təkanda bütün əzalarını bürüyən dəhşətli ağrıdan huşunu itirdi. Növbəti dəfə ayılanda kiminsə təəssüflə dediyi sözləri xatırladı:
- Heyif, Elkam, səni də itirdik.
- Sən nə deyirsən? O, sağdır, hələ nəfəsi var...
- Düzdür, nəfəsi var, amma bu qədər ağır yara ilə onu Qubadlıdan Füzuliyə salamat çatdırmaq mümkün deyil. Qəlpə bütün bədənini doğrayıb, bəlkə də, son dəqiqələrini yaşayır... Bunu da şəhidləri aparan maşına qoyun.
Dostları nə qədər ehtiyatla götürsələr də, dəhşətli ağrıdan qıvrılan Elkam gözlərini açdı, Seyfəddini başı üstündə görüb ona nəsə demək istədi, amma deyəcəyi sözlər yarıaçıq dodaqlarında təbəssümə çevrildi.
Seyfəddinin:
- Komandir, sən yaşayacaqsan, hələ birlikdə çox yol gedəcəyik! – sözlərini zorla eşitdi. “Ural” markalı maşın təkanla yerindən qalxanda isə onun üçün bütün dünya qaraldı. Bu qaranlıq mühitdə nə qədər qaldığını yan-yana uzadılmış şəhidlər kimi o da hiss eləmədi.
- Yəqin ki, mən də şəhidəm, artıq ağrılarım da yavaş-yavaş azalır. Böyük yolçuluğun lap astanasındayam. O Böyük nura çatmağıma az, lap az qalıb. Artıq onun ətrini də duyuram. İlahi, bu nə parlaqlıqdır, nə gözəllikdir! Yolumun üstündəki kölgə də, yəqin ki, tuba ağacınındır. Bircə ora çatsaydım, sinə
dolusu nəfəs alardım, rahatlanardım...
Hə, Elkam, bura sənin cənnətindir, tüstülü, dumanlı dünyanı həmişəlik tərk edirsən, həyatın yenidən başlayır.
O, qəddini düzəltdi, yeni dünyasına qucaq açaraq astanadan keçmək, nur selinə qarışmaq istəyirdi ki, Elmiranın səsini eşitdi:
- Elkam, atanın xəbəri varmı?
- Nədən?
- Sənin orduya yazılmağından.
Elkam gülümsündü:
- Ana, sənin xəbərin vardımı?
- Yox, indi xəbər tutdum. Axı sən təzə evlənmisən. Həm də evin tək oğlusan, heç olmasa...
- Nə olsun ki, təzə evlənmişəm. İçimdən gələn səs mənə rahatlıq vermir, ana, ayağımı hər dəfə torpağa basanda utanıram.
- Nədən utanırsan, ay bala?
- Torpaqdan utanıram, ana, onun duasını ala bilmədiyim üçün xəcalət çəkirəm.
Gözlərində gilələnən yaşı görəndə dayana bilmədi, anasını qollarının arasına aldı. Qapının ağzında boynunu buran gəlinə baxaraq:
- Məndən ötrü narahat olma, birinci dəfə deyil ki, orduya getməyim. Bilirsən ki, mühafizə bölüyündə baş əsgər olmuşam. Müəyyən qədər təcrübəm də var, - deyib anasının əllərindən öpdü, - üstündə gəzdiyim torpaq dayağım, Allah köməyim olacaq. Bizim üçün dua et, ana.
O, çantasını əlinə aldı, gözlərində kədər yatan anasını bir də qucaqladı:
- Gülümsə, ana, oğlunu gülə-gülə yola sal ki, sizdən arxayın olum.
Arxasınca atılan suyun şırıltısına geri qanrılanda Elmira ana gülümsəyərək əlini yellədi:
- Sağ get, salamat qayıt, oğlum. Allah səni qorusun...
***
Yenidən bəyaz bir dünya onun üzünə gülümsədi. Ətri bir-birinə qarışan çiçəklərin rayihəsi ruhuna xoş bir sərinlik çilədi.
Quşların səsi aşkar eşidilməyə başladı. Ağ göyərçinlər qanadlarını tərpətdikcə sərin meh könlünü oxşadı, artan ağrıları yenidən səngidi. Elkam bəyazlıqda əriyən bu quşların arxasınca irəliləmək istədi, lakin:
- Sənin nə qəribə adın var? – sualını eşidib ayaq saxladı.
Yanaşı addımladığı tabor komandiri Məmmədov sualı versə də, cavab gözləməyən adamlar kimi əlindəki durbinlə düşmən mövqelərini nəzərdən keçirirdi. Manqa komandirindən səs çıxmayanda mülayimcəsinə soruşdu:
- Adının mənası nədir?
- Doğrusu, hansı anlamı verdiyini mən özüm də bilmirəm. Amma bildiyim odur ki, anam Elmira ilə atam Kamalın adlarının ilk hissəsindən yaranıb.
- Belə de, çox qəribə səslənir.
Komandir bir də diqqətlə qarşı tərəfi nəzərdən keçirdi:
- Yolumuz irəliyədir. O dağları görürsənmi? – və cavab gözləmədən sözünə davam elədi, - Biz o yüksəkliklərdə qərar tutmalıyıq, Qubadlı hökmən alınmalıdır.
Axşamayaxın yüz əlli nəfərlik şəxsi heyət yola düşdü. Ermənilər qorxudan kəndləri boşaldıb qaçmışdılar. Sarıyataq və Bala Soltanlı kəndlərinə çatanda şəxsi heyət iyirmi beş nəfərlik dəstələrə bölündü. Elkamgilin dəstəsi Qubadlı istiqamətində hərəkət etmək əmri aldı.
Payız olduğu üçün havada az da olsa sazaq vardı. Əsgərlər uzun yolu piyada gedərək Həkəri çayına çatdılar. Sahilləri birləşdirən körpü partladıldığı üçün o taya keçmək çətinləşdi. Çayın sahili minalardan təmizləndikdən sonra göndərilən “Ural” əsgərləri qarşı tərəfə keçirdi.
Dayanmaq qəti qadağan idi. Elkam sol tərəfdəki palıd meşələrini görəndə Talış dağlarını xatırladı, onunla yanaşı addımlayan Seyfəddini dümsüklədi:
- Tanış gəlirmi? – o, əliylə dağları bəzəyən ağacları göstərdi.
Seyfəddin təzəcə görürmüş kimi ətrafı diqqətlə seyr elədi, sonra təəccüblə əlini-əlinə vurdu:
- Bayaqdan qəribə hiss keçirirəm ki, mən buralara nə vaxt gəlmişəm? Doğrudan ey, bizim meşələrə nə qədər bənzəri var?
Qabaqda gedən Milli Qəhrəman Həmid Şükürov əlini qaldırıb ayaq saxlayanda hamı susdu. Qarşıdan ermənicə danışıq səsləri gəlirdi. O, rişxəndlə güldü:
- Bizi necə ovlayacaqlarından danışırlar, daha düşünmürlər ki, ən böyük tələ quran Allahdır, bizi qoruyan da odur.
Qəfildən yaxalanan ermənilər çaşqınlıqdan nə ölülərinə, nə də yaralılara baxdılar, qorxudan geri qaçmağa başladılar.
Komandir Məmmədovun əmri eşidildi:
- Onları sağ buraxmaq olmaz! Elkam, Seyfəddin, siz mənimlə gəlin, qalan əsgərlər sağ tərəfdən irəliləsinlər.
Birinci yüksəklik ələ keçirildi, ikinci yüksəkliyi almaq da çətin olmadı, amma üçüncü yüksəklik birdən-birə od püskürdü. Komandir səsləndi:
- Mərmi qəlpələrindən qorunmaq üçün hərə özünə səngər qazsın.
Bir-birindən bir neçə metr aralı qazılan adam boyu səngərlər hazır olanda üç tərəfdən yağan güllələr və mərmilər göz açmağa imkan vermədi. Arxa tərəfdəki qayalıq dilə gələndə isə Məmmədov tam mühasirəyə düşdüklərini anladı. O, yerini dəyişmək istəyəndə snayperdən atılan güllə alnını dəldi. Elkam ona tərəf sürünüb çağırdı:
- Komandir! – cavab almayanda onun hərəkətsiz bədənini arxası üstə çevirdi. Komandirin qana bələnmiş simasını görəndə qəhərləndi, barmaqları ilə onun yarıaçıq gözlərini qapadı.
- Yaman yerdə axşamladıq, qardaş, buradan o yana yol yoxdur, - deyən əsgər zənlə Elkama baxdı.
- Allah kərimdir, bilmək olmaz son necə olacaq, ay Peyman. Mən ümidsiz deyiləm, əsir düşmək niyyətim də qətiyyən yoxdur.
- Elə mənim də, - Peyman qürurla cavab verdi.
Yaxınlıqda partlayan mərminin zərbəsindən qulaqları tutulan Seyfəddin deyilənləri eşitməsə də, silahını yerə qoymamışdı.
- Sən mənim səngərimə keç, mən bir qədər qabağa
sürünəcəm, - deyib Peyman yerindən tərpəndi. Elkam da əsgər yoldaşının ardınca öz sığınacağını tərk elədi. Elə bu vaxt növbəti mərmi düz onun çıxdığı səngərə düşdü.
- Bu yerdə deyiblər ki, “anan namaz üstə imiş”, - qonşu tabordan olan əsgərin səsini erməni qırıcılarının gurultusu batırdı. Xoşbəxtlikdən atılan bombalar arxa qayalıqlarda gizlənən snayperlərin mövqelərini göyə sovurdu. Elkam təbəssümlə Peymanın üzünə baxdı: indi yaralıları arxaya aparmaq olardı. Yaralılar köçürüləndən sonra döyüş meydanında cəmi dörd nəfər salamat əsgər qaldı. Mövqeyi əldən vermək qəti qadağan idi. Üçü də:
- Kömək gələnə qədər duruş gətirərik, inşallah, - deyən əsgərə tərəf baxdı. Qolundan qəlpə yarası alsa da, o, gümrah görünürdü. Elkam qonşu tabordan olan əsgərin dediklərini başı ilə təsdiqlədi. Düşmən tərəfdən üç “Ural” maşını görünəndə isə əsgər ermənilərdən qalan qumbaraatanı çiyninə qaldırdı:
- Öz silahınız sizə qənim olacaq, - deyib qabaqdakı maşını nişan aldı. Mərmi birinci maşının yaxınlığında partlayanda digər maşınlar dayandı və geri dönüb sürətlə uzaqlaşdı.
Qulaqları eşitməsə də, Seyfəddin əlini əsgərin kürəyinə vurdu:
- Vallah, oğulsan e!
Bir saatdan sonra yüz nəfərlik dəstə azad edilmiş yüksəklikdə möhkəmləndi. Elkamgil dincəlmək üçün geri göndərildi...
***
- Kim inanardı ki, biz o cəhənnəmdən çıxa biləcəyik?
- Vətən torpağına cəhənnəm deməzlər.
- Torpağa cəhənnəm deyən kimdir ki? Mən döyüşü nəzərdə tuturam.
- Hə, əsl cəhənnəm idi, - deyib Seyfəddin siqaretinə dərin qullab vurdu.
- Uşaqlar, siqaret çəkməyin, düşmən gecəgörmə cihazları ilə istənilən an yerimizi öyrənə bilər, - yoldaşlarından on-onbeş metr kənarda dayanıb köməyə gələn əsgərləri qarşılamağa hazırlaşan Elkam sözünü bitirər-bitirməz lap yaxınlıqda bir raket mərmisi partladı. Partlayışın dalğası onu bir neçə metr yuxarı qaldırıb yolun sol tərəfindəki gicitkənliyə tulladı...
O, ayaq tappıltılarına ayıldı, heç bir yerində ağrı yox idi.
- Bəs nə üçün buraya düşmüşəm? Yuxumu görürəm, ya bu, həqiqətdir?
Elkam əlini yerə dayaq edib qalxmağa, var gücü ilə “mən buradayam” deməyə çalışdı, amma nə qolu tərpəndi, nə də səs çıxara bildi. Əlindən buraxmadığı avtomatının qundağını yerə dayadı, lüləsindən tutmaq istədi, yenə bacarmadı, cismindəki ağrıları yalnız indi duydu. Anladı ki, ruhu cismini tərk eləməyə hazırlaşır. Yenə həmin bəyazlıq, yenə həmin astana...
Bu dəfə də üzünə dəyən yumşaq şillələr onu bəyaz dünyadan ayırdı:
- Hə, qəhrəman, bu qədər yatdın, daha bəsdir. Oyanmaq vaxtıdır.
Göz qapaqları açıldıqca Elkamın gözü qarşısında sayrışan ulduzlar yavaş-yavaş yoxa çıxdı. Ağ xalatlı həkimləri görəndə zorla da olsa, gülümsündü...



Yazı axını
31 / 07 / 2025
31 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
22 / 07 / 2025
22 / 07 / 2025
21 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
Ən çox oxunanlar