Reklam

"Azadlıq" – Şah Sənəm (Hekayə)
25-07-2025 12:56

Sevinc Qəribin təqdimatında "Hər gün bir hekayə"nin növbəti hekayə ərmağanı Şah Sənəm yaradıcılığından
AZADLIQ
Əvvəl pəncələrim keyidi, sonra ayaq barmaqlarımdan üzü yuxarı keylik hissi artmağa başladı. Elə bil əvvəl ayaq barmaqlarım yoxa çıxdı, sonra pəncələrim, sonra dabanlarım, sonra topuqlarım. Ayaqlarımın yoxluğa qarışmağı canımın ağrısını azaltdı. Necə müddət idi ki, ağrıdan ayaqlarımı qoymağa yer tapmırdim. Sanki minbir iynə eyni anda sancılır, yerinə duz dolurdu. Əməliyyat edilmiş orqanlarım heç belə incitmirdi məni. Ayaqlarımın keyiməsi canıma qəribə bir rahatlıq gətirdi. Yuxuya getmişəm. Atamın səsinə gözlərimi güclə açdım. Baş ucumda oturmuşdu. Axır ki, yanıma zəhmət çəkib gələ bilmişdilər valideyinlərim…
Mən heç sevməmişəm bu qısa ömrüm boyu. Heç bir arzum da olmayıb. Mənim əvəzimə atam evində olanda atam, ərə gedəndən sonra isə qaynanam veriblər qərarları. Ərə gedənə kimi bütün kənd qızları kimi anamdan yemək bişirmək, xəmir yoğurub yuxa yaymaq, sac külləyib asmaq, inək sağmaq, toxa vurmaq və sairə kimi kənd işlərini öyrənmişəm. Yaşıdım qızlar bir bir ərə getdikcə mən də həyəcanlanır, mənə sirli-sehrli görünən ağ gəlinliyi tezliklə geyinməyi arzulayırdım.
18 yaşım tamam olur olmaz məni uzaq qohumlardan birinin oğluna nişanladılar valideynlərim. Oğlanın üzünü toy günü gördüm. İnsafən pis oğlan deyildi. Ali təhsilli, məktəbdə müəllim, üç bacının bircə qardaşı. Xasiyyəti də xoş idi. Mehriban, üzü gülər. Bircə eyibi var idi, kürəyi skalioz idi. Anadan zəif doğulmuş, sümük boşluğu deyilən xəstəlikdən əziyyət çəkirmiş uşaq vaxtı. O da zamanla onurğa sütununun əyilməsinə səbəb olmuşdu. O qədər mehriban idi ki, mənə qarşı. Anasının, bacılarının qulağını doldurmağına baxmayaraq mənə əl qaldırmazdı heç vaxt. Gəlin gəldiyim ilk günlərdə qaynanam məni şirin dillə dindirirdi. Bir də onda gözümü açdım ki, dediyim hər söz başıma qapaz dəyməyinə vəsilə olur. Anam məni öyrətmişdi ki, qaynananın üzünə ağ olsan mənim üzümə ağ olmuş kimisən. Öz anam da məni az döyməmişdi əslində. Paltarı yaxşı yumayanda, yeməyi yandıranda, qızlarla çəpər dibində danışıb güləndə… Fikirləşirdim ki, ərə gedərəm, canım qurtarar. Fikirləşdiyimin əksinə olaraq, qır qazanın tən ortasına düşmüşdüm. Bir dəfə anama dözə bilmədiyimi, geri qayıtmaq istədiyimi dediyim oldu. Söz ağzımdan çıxmamış uzun, qara hörüyümü biləyinə dolayıb məni həyət uzunu sürüdü zirzəmiyə saldı. Necə döyüş döydüsə səsimə atam gəldi. Anamın biraz da üstünü bəzədiyi izahatlarından sonra atam: “sovxalarını yığ, rədd ol get, ərinin xarabasına! Ağ gəlinlikdə girdiyin evdən ancaq ağ kəfəndə çıxa bilərsən!” – dedi.
Həmin gün valideynlərim mənim üçün öldülər… Orada döyülməyimə, söyülməyimə baxmayaraq, qaynatamın evinin mənim yeganə sığınacaq yerim olduğuna inandım. Dalbadal üç uşaq gətirdim dünyaya. Özüm çox xoşbəxt imişəm kimi, bu cəhənnəmin üç sakinini də artırdım. Hamiləlik zamanı qarnıma dəyən təpiklərin təsirindənmi, ya keçirdiyim əsəb gərginliklərindənmi oldu bilmirəm, deyəsən hər üç uşağımda da hiss olunacaq dərəcədə əqli qüsur var idi. Bəlkə də normal ailədə doğulsalar uşaqlar da normal olardılar. Uşaqlar qab salıb sındırdılar, mən döyülərdim, uşaqlar gecə narahat olub ağladılar, mən döyülərdim, uşaqlar xəstələndilər, ana olmağı bacarmadığım üçün yenə də döyülərdim… Hər gün döyülmək üçün müxtəlif bəhanələr tapırdı qaynanam. Qaynatam arvadının dır-dırından uzaq olmaq üçün, orda burda işləmək bəhanəsi ilə gününü keçirirdi. O evdə olan günlərdə çox xoşbəxt olurdum. Kişinin qorxusundan kimsə mənə gözünün üstündə qaşın var deməzdi. Elə ki, qaynatam qapıdan çıxardı, cəhənnəmim başlardı. O geri qayıdınca döyülməkdən canım yanar, bişirdiyim yeməklərə rəğmən qarnım ac olardı. Baldızlarımın ikisi kənddə, biri şəhərdə yaşayırdı. Allahın hər günü kənddəki baldızlarım bizdə idilər. Onları görən qaynanam mənim ona hörmət qoymadığımı, onu böyüyüm olaraq saymadığımı ağlayaraq danışar, baldızlarım da məni “tərbiyələndirmək” üçün ağ yuyub qara sərərdilər. Gəlin gəldiyim uzun illər ərzində bircə kərə belə baldızlarım məni dinləmədilər ki. Bircə kərə soruşmadılar ki, həmin sözləri mən demişəm ya yox. Yazıq ərimin gücü gecələr yataqda məni bağrına basıb: “anamı çölə atası deyilik ki. Anadır, nə edək, xasiyyəti çətindir, döz” – deməyə çatırdı. Ən pisi isə, yaşamağın başqa yolunun necə ola biləcəyini belə təsəvvür edə bilməməyim idi.
Məni heç kim sevmədi. Mən kimi sevdimsə, hamısı məni döydü. Artıq oğlumun boyu boyuma çatmışdı. Bir gün o da mənə əl qaldıranda içimdə nəsə sındı, töküldü… Daha iş görə bilmirdim. Tez yorulurdum. Tərə-suya batırdım. Qarnımdan tutan ağrı kürəyimə vururdu. Menuatral sikl pozulmuşdu. Gah günlərlə qanaxmam olur, gah da aylarla aybaşı görmürdüm. Başımın ağrısı tutanda qaynanamın qızışıb məni döyməyini istəyirdim ki, gizlənib bir hovur canımın ağrısını çəkə bilim. Yağışlı günlərdə canımın ağrısı artırdı. Bu payız isə mənə yağı gəlmişdi elə bil. Yağışlar ara vermirdi. Canımı dişimə tutub yağışın altında işlərimi görürdüm. Əvvəl belimə şal dolayardim, ağrım dinirdi. Bir gün səhər yataqdan qalxa bilmədim. Ərim vəziyyətin ciddiyyətini gördü, ilk dəfə anası ilə üz-göz oldu həmin gün. Maşın tutub məni rayon mərkəzindəki xəstəxanaya apardılar. Nə dedilər, nə danışdılar xəbərim olmadı. Tibb bacısının alışmadığım mehribanlıqla qayğıma qalmasına uşaq kimi sevinirdim. Axır ki, kimsə məni adam yerinə qoymuşdu…
Elə həmin gün əməliyyat etdilər məni. Uşaqlığımda yaman şiş varmış. Şiş qarışıq uşaqlığımı götürdülər. “Ehh, olsun… Üç uşağım var” – deyə fikirləşdim. Üç gün xəstəxanada saxladıqdan sonra məni evə buraxdılar. Üç gün də evdə yatandan sonra ayağa qalxdım. “Normal” həyatıma qaldığım yerdən davam etməyə başladım. Artıq ittihamların üzərinə mənim əməliyyatıma xərclənən pulların heyifini çıxmaq da əlavə olunmuşdu. Gecə dananı yaxşı bağlamamışam, açılıb, əmib. Səhər süd sağmağa gedən qaynanamın əli boşda qalmışdı. Əsəbi surətdə gəldiyini görəndə “ay ana, nə olub” soruşduğumu xatırlayıram. Bilmirəm qarnıma vedrə dəydi, bilmirəm təpik dəydi, bəlkə də qarnıma heç nə dəyməmişdi… Huşumu itirdiyim dəqiqdir. Ərim üzümə su vurub məni ayıldırdı. Qolumdan tutub məni otağımıza qaldırdı. Həmin gün ac-susuz bütün gün yatdım. Səhəri gün yuyunanda uşaqlığımın çölə çıxdığını hiss elədim. Qasığımda dözülməz ağrı var idi. İkiqat qala qala birtəhər bir-iki gün də dözdüm. Qaynanam bu xınanın o xınadan olmadığını hiss etmişdi. Artıq mənə qarşı çox diqqətli davranırdı. Bütün işləri özü görürdü. Məni ağır nəsə götürməyə qoymurdu. Keşkə həmişə belə olsaydı…
…Yenə həmin mehriban tibb bacısı. Yenə həmin xəstəxana qoxusu. Yenə həmin qaşqabaqlı həkim… Həkim yenə mənə heç nə demədi. Tək onu dedi ki, tikişlər partlayıb, yoğun bağırsaq uşaqlıq yolundan çölə çıxıb. Mini əməliyyatla tikişləri bərpa ediblər. Amma bu dəfə ürəyimə dammışdı ki, məndən nəyisə gizlədir.
İkinci əmiyyatdan qayıdan gündən bu günə qədər ancaq yataqda yatmışam. Qızdırmam düşmür. Bir vaxtlar məni döyən əlləri ilə baldızım saçımı sığallayır, iynələrimi vurur, sistemlərimi köçürür. Uşaqlarım gözdən oğurlanıb bir bir yanıma gəlir, məni öpüb gedirlər. Yanıma gələn qonşuları qaynanam elə həyətdən yola salır. Mən isə atamgili gözləyirdim. Budur, gəlmişdilər. Əməl edəcəklərinə inanmasam da, vəsiyyətimi edəcəm atama. Əgər cəhənnəm varsa, bu dünyada mənim yaşadıqlarımdan betər yer olmalıdır məncə. Atama son nəfəsimdə bunu başa sala biləydim keşkə…
-Deyəsən ayılır…
Anamın səsi idi. Özümü toplayıb gözlərimi açdım. Anam ayaq ucumda dayanmışdı. Yaşmağını yuxarı çəkib, yaylığı ilə gözlərini qurulayırdı. TV proqramların birində görmüşdüm. Timsah ovunu yedikdən sonra göz yaşları tökür. Anamın bu ağlamağı timsahın göz yaşlarından fərqsiz idi. Gözündən düşən hər damla məni döyüb bu cəhənnəmə geri göndərdiyi gün çəkdiyim ah-naləni xatırlatdı. Tez gözümü çəkib, atama döndərdim baxışlarımı. Atam övladlarının qayğısına qalan, ailəsinə heç bir korluq çəkdirməyən kişilərdən olub. Amma tək bircə dəfə başıma sığal çəkməyib. Bircə xoş söz deməyib mənə. Bəlkə də, o mənə məhəbbət göstərmədiyi üçün tale də mənim qismətimə sevgisizlik yazmışdı.
Atam ona baxdığımı görcək: “De görüm, nə istəyirsən, tapım, gətirim sənin üçün” – dedi.
Bütün iradəmi toplayıb gülümsündüm.
-Mənim bu saatdan sonra tək bircə istəyim var, ata. Nənəmin yanında basdır məni. Heç nə demə, bilirəm ki, ölürəm. Məni burda qoyma, qurban olum sənə… Qoy heç olmasa qəbrim burda qərib olmasın…
Artıq belimə qədər bədənimi hiss etmirdim. Atamgil isə çoxdan getmişdilər. Deməsələr də, danışılanları eşitməsəm də, bilirdim ki, çöldə qəbir yeri seçirlər mənə. Atamın vəsiyyətimə əməl edəcəyinə inanmırdım. Mənimki bir ümid idi sadəcə olaraq. Qaynanam bir vaxtlar məni döyən əlləri ilə indi öz başını döyürdü. Əlbəttə ki, məni yox, öz gününü ağlayırdı. Bəlkə də artıq yerimə namizəd də tapmışdı.
Aha… Qarnımı da hiss etmirəm artıq… Həyat məni öz əzabları ilə, ağrıları, sancıları ilə tərk etməkdədir. Deyilənə görə can ağızdan çıxır. Demək ağzıma çatana qədər gözləməliyəm hələ…
Həyətdə molla oxuyur. Canım rahat çıxsın deyə, qulağım Quran səsi eşitsin deyə molla gətiriblər. Nə oxuyur görəsən? Onsuz da heç kim bilmir. Boğazıma düyünlənən qəhər gözlərimdə iki damla yaşa çevrildi. Son dəfə ətrafa baxdım, həyatımın cəhənnəmini yaşadığım otağı deyil, sanki xatirə albomumu görürdüm. Nənəm əlimdən tutmuşdu. Babam nənəmin arxasında dayanmışdı. Qaynatam ayaq ucumda boynunu bükmüşdü. Divarlar yox olmuşdu. Ucsuz-bucaqsız zamansız-məkansız bir aləm məni gözləyirdi. Son dəfə ərimə baxdım, gözlərimdən axan yaş qulağıma çatdı.
… Azadlıq! Quş qəfəsdən azad olan kimi ruhum azadlığa qovuşdu…
Dalidag.az



Yazı axını
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
24 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
23 / 07 / 2025
22 / 07 / 2025
22 / 07 / 2025
21 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
20 / 07 / 2025
19 / 07 / 2025
18 / 07 / 2025
17 / 07 / 2025
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
Ən çox oxunanlar