Reklam
Xocalının dərddaşı - yurda möhtac, dərdə tuş şair - İmarət Cəmilli
03-08-2021 16:29
“Söz adamları”-dünyanın az adamları
İmarət Cəmilli “Sınan qəlb yanğısı” ilə “Bir bacı itirmşəm”,-deyir, harayladığı isə laylası çalınmayan Xocalısıdır
Janrsız yazı...
Yəqin ki, bu yazının janrı bilinməyəcək. Çünki jurnalistikanın heç bir janrında yaza bilmədim. Xeyli düşündüm. Bəlkə elə bu da bir “yenijanr”dır,-dedim. Qələm titrədi, gözlərim tor gətirdi iki nəmnəzik kitabçanı oxuyub sonuncu səhifəsində dərindən ah çəkincə.
Qələm adamları ilə həmsöhbət olmaq da yaxşıdı, ondan yazmaq da. Amma elə həmsöhbətin də olur ki, nə danışdıra bilirsən, nə də fikirləri dağda-daşqa qalanların ürəyindən keçənləri qələmə ala. Beləcə, susursan. Bir qələm olur, bir kağız, bir də qarşındakı həmsöbətin. Nədən və haradan başlamağı da unudursan.
Belə hallarla dəfələrlə qarşılaşmışam. Bu dəfə də elə oldum. Onu həm tanıdığımı düşünürdüm, həm də ondan necə yazmağı. Axı, illər öncə görmüşdüm. Danışmırdı onda da. Danışırdılar, o da lal-dinməz baxırdı. Müsibətlərindən danışırdılar. O da sanki nağıllar aləmindəydi, xəyallarında nələrisə canlandırırdı.
...Qarabağ! Taleyinə qara günlər yazılan Qarabağın müsibətli günləri onların həyatından və həyətlərindən başlamışdı. Uşaqlığı ilə gəncliyinin qovuşduğu şıltaqlıq illərində yaşadıqları o gün gözlərində qüssədən donan həsrətə bələnmişdi. Xocalısı od içində yanırdı. Oocaq üstündəki saca bənzəyirdi: xocalılıları da o sacda qovurğa kimi qovrulurdular, harayları da eşidilmirdi.
Xocalının susdurulan gecəsiydi, müsibətlərin ərşə dirənən, şəhidliyin qanla yazılan tarixi başlamışdı. Onda ağlı belə kəsmirdi. Kəsilən başlardan qorxurdu, axan qanlarda boğulurdu, körpə kimi, Xocalısı köməksiz anaya bənzəyirdi: saç-birçəyini yolurdu, həm də şaxtada donurdu…
Yaxşı xatırlamıram. Unutmuşam neçənci il olduğunu. Bakıda Xocalı müsibətlərinin növbəti ildönümlərinin biri idi. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin tədbiri keçirilirdi. Birliyin sədri, qələm dostum, elə Xocalı fəryadını ilk olaraq canlı-canlı hadisə yerindən “Səhər” qəzetinə çatdıran jurnalist həmkarım Şamil Sabiroğlunun dəvətini yerə sala bilərdimmi? Axı, neçə il idi ki, bu dərdi daşıyanlardan və qəzet səhifələrinə çıxaranlardan biri də mən sayılırdım. Məktəblilər ədəbi-bədii kompozisiya da hazırlamışdılar. Çıxış edənlər o müdhiş gecənin şəhidi-üryanlarından danışırdılar. Deyirdilər ki, 25 uşaq qalıb o gecədən salamat çıxanların arasında, hər iki valideynini itirənlərdir.
Sonralar onları bir araya gətirib, Dövlətqaçqınkomda görüşdüm. Dərd-sərlərini dinlədim, yazdım və bir az da doğmalaşdıq.
Onu da Xocalı ilə bağlı keçirilən tədbirlərdə bir-iki dəfə görmüşdüm. Amma bilmirdim ki, bu “lal qız”ın dili bayatılı-ağılıdır. Ən yaxın dostumun ailəsi olduğunu da orada öyrəndim. Sonra isə bu “qaradinməz” qızın Xocalının Cəmilli kəndindən olduğunu bildim. Sən demə, qəlbi bir ümman imiş - şeirlə, ağılarla, bayatılarla silə...
Mayası el-oba həsrətindən,
xəmrəsi qanlı-qadalı günlərimizdən yoğrulmuş şeirlər
Mənə qədər onu Xalq şairimiz Zəlimxan Yaqub da tanıyıb, hətta, şeirlərinə rəy də yazıbmış. “Sınan qəlb yanğısı”na su səpən Xalq şairi yazırdı ki: “Qarlı bir qış günündə evimizin qapısını bir qız döydü. “Buyurun”,-dedim. Xoşgəldin elədim. Duruşundan dərd, baxışından nisgil yağırdı. Kimliyini soruşdum, nəçiliyi ilə maraqlandım. Qara taleli Qarabağın qara günlü şairə qızı, yanıb külə dönmüş Cəmilli kəndinin şeir-sənət pərvanəsi olan bir övladıydı. Yurdundan-yuvasından, elindən-obasından, gülündən-gülüstanından ayrılmış bir el qızının sızıldayan ürəyini, göynəyən qəlbini duymamaq üçün ancaq daş olmaq lazım idi. Dərd onu şair eləmişdi. Söz sözə calanır, söhbət söhbəti çəkirdi. Utana-utana kövrək misralarını oxuyurdu. Oxumurdu, elə bil öz-özünə ağı deyir, dərdinə layla çalırdı:
Sahibsizdi Kərkicahan, Nəbilər,
Satqın, qorxaq yurd qədrini nə bilər?!
Üzə çıxa Koroğlular, Nəbilər,
Qeyrətinə tərif qoşam, qoşam heeyy!
Cəmillim heyy! Xocalım heeyy! Şuşam heeyy!
Onun mayası el-oba həsrətindən, xəmrəsi qanlı-qadalı günlərimizdən yoğrulmuş şeirlərini oxucularımızın ixtiyarına verirəm. Onları sizə talenin yazdırdığı misralar kimi təqdim edirəm. Qoy bu şeirin işığı İmarət xanımın ürəyində güclü inama, tükənməz yaradıcılıq ehtirasına çevrilsin! Amin!”
Xalq şairinin belə bir xeyir-duasını alan Xocalı dərdli-nalalı şairə İmarət Cəmillinin dövri mətbuatda az-az rast gəlinən poeziya nümunələrinin hər biri bir qalın romanın nəzmə çəkilmiş ifadəsidir. Aman Allah, adam da bu qədər fağır, “dilsiz-ağızsız” olarmı?! Dindirməsən illərnən kəlmə kəsməz. Di gəl, qəlbindən qələminə pıçıldadıqlarını oxu, görüm sakitcə dinləyə bilərsənmi?! Adamı dara çəkir, hikkələndirir, ağladır, üsyan elətdirir bu fağır qızın haraylı, nifrinli misraları.
Xocalı nisgilli şairimiz özünü beşlik gəraylılarının birində belə təqdim edir:
Güllərini düşmən dərib,
Vətənində olub qərib.
Nələr görüb, nələr görüb,
Sonu yoxdur bu həsrətin,
Qəlbi qandı İmarətin...
Yurda möhtac, dərdə tuş şair
İmarət Cəmillinin bədii dünyasından xəbəri olan oxucuların sayını bilmirəm, amma onu anlayıram ki, o yazıqların da ürəyi yara olub yəqin ki. Dərd insanı necə də dilə gətirərmiş. Deyirəm ki, nə yaxşı İmarət Cəmilliyə dərd verən Tanrı həm də dərmanını əskik eləməyib: duyğu-düşüncələriylə o, dərdləri sevib və sevdirib. Yoxsa bu qədər dərdin içində boğulmamaq olardı?! Bir gəraylısını olduğu kimi təqdim eləməyə məcburam. Axı, hər bəndində bir dünya dərd yatır:
Minnət qoyulan çörəyi
Yeyə bilmirəm, bilmirəm.
Açıb qəlbimi hamıya
Deyə bilmirəm, bilmirəm.
Həsrətimi çağlar verib,
Gözlərimi ağlar verib.
Vüqarımı dağlar verib,
Əyə bilmirəm, bilmirəm.
Hey düşsə də yas üstə yas,
Qiyamətə qalmaz qisas.
Arsız geyim, arsız libas
Geyə bilmirəm, bilmirəm.
İmarətəm, qərib quşam,
Yurda möhtac, dərdə tuşam.
Ümidimi bağlamışam
Nəyə bilmirəm, bilmirəm.
1993-cü ildə qələmə alınan bu şeiri şairə bacımız yurd-yuvasını itirib, yardım ümidinə qalan didərgin yurddaşlarımızın sanki dilindən yazıb. Bu, şeir yazmaq naminə qələmə alınmayıb, ağıdır. Dərdin, həsrətin, möhnətin, öyrəşə bilmədiyimiz qaçqın-köçkünlüyün obrazıdır.
İmarət Cəmillinin oxuculara təqdim edilən iki kitabında gəncliyin odlu-alovlu mövzularına rast gəlmədiyinizə təəccüblənməyin. Amma dərindən düşünəndə, elə əsl sevgi də, məhəbbət də bu kitabdakı şeirlərin qayəsindədir: torpağa, suya, daşa-qayaya,bir sözlə, Ana Vətənin təbiətinə məhəbbətdən yaranıb bu şeirlər.
Baxın, sevgidən yarımayanların obrazını şair bacımız “Könlümü yaz etdim” şeirində görün necə verib, sanki olub-olanları dinləyib və ürəyinin sızıltısından keçirərək qələmə pıçıldayıb, üzüdönükləri ittiham eləmək üçün:
Könlümü ayz etdim, sən qızınasan,
Yanan ürəyimə su tək sızasan.
Demədim dönəsən qara, buza sən,
Gül kimi itirəm ətrimi belə...
Sevgi əsərləri yaratmaq sizə asan gəlməsin. Onu yaşamasan yarada, canlandıra da bilməzsən. Bu mənada gəncliyini Qarabağımızın qara günləri əlindən alan, Xocalısından perik düşən İmarət xanım qəlbindəki sevgi odunu da qorumağa çalışıb. Və onu lirik duyğuları ilə misralandırıb, nazını çəkməsə də, dadını dadmasa da, acısından, ağrısından boylanıb:
Şirindən şirindir, əzizdən-əziz,
Nə qədər ülvidir, nə qədər təmiz.
Hissi, həyacanı dalğalı dəniz,
Az qalır qaynaya, daşa bu sevgi...
İlahi məhəbbətdən söz düşəndə aşiqlərin divanəliyi dilə gətirilir. Şairlərin qəlbindəki ilahi sevginin odu bir başqa cür yandırırmış sən demə. Ona görə də onlar bu sevgidən od alıb alışaraq məhəbbəti tərənnüm edirlərmiş. İmarət Cəmillinin də şeirlərində ilahi məhəbbətin bir ayrı ovqat yaratması var imiş:
Yox, demə deyilmiş yalan məhəbbət,
Məcnunu çöllərə salan məhəbbət.
Saf hissdən ürəyə dolan məhəbbət,
Demərəm kimsəyə qəbahət imiş,
Bu necə ilahi məhəbbət imiş?!
Yaxud “Bu sevgiyə nəzər dəydi, göz düşdü” misrası ilə başlayıb, “Əllərimi isitmədi əllərin”lə bitən şeirindən bircə bəndə baxaq:
Bu sevginin çiçəkləri qurudu,
Gözlərindən leysan tökdü buludu.
Bu məhəbbət buz yataqda uyudu,
Əllərimi isitmədi əllərin...
Bilmirəm İmarət Cəmilli klassik aşıq şeir növlərini haradan bu qədər bilir. Bildiyim odur ki, Qarabağda əsasən muğam, segah üstünə köklənir şeirlər, şairlər. Aşıq Valehdən sonra isə, demək olar, Qarabağda aşıq sənəti Göyçə, Qazax-Tovuz, Şirvan zonalarında olduğu kimi geniş yayılmadı.
Nadan əlində eşqin oduna yanan
aşiqin harayları, nifrinləri
Son illər, Qarabağdan perik düşən yurddaşlarımızın bədii yaradıcılıq nümunələrində aşıq şeir növlərinə daha çox rast gəlinir. Məsələn, İmarət xanımın da şeirlərinin əsasını divani, qoşma, gəraylılar təşkil edir. “Bəsimdir” rədifli divanisindən də görünür ki, bacımız klassik aşıq şeirinin vurğunudur. Çünki hər qoşma, gəraylı, yaxud sərbəst vəzndə lirik şeirlər müəllifinin yaradıcılığında divaniyə, təcnisə, müxəmməsə... rast gəlinmir:
İstəmirəm yaşayım bir kimsəyə gərəksiz,
Əqiəsiz olmayım, olum susuz-çörəksiz.
Nə olsun, gündə yüz yol üzüm gülsün ürəksiz,
Bircə dəfə ürəkdən gülmüşəmsə, bəsimdir.
Nadana, naqisə sözünü elə qızıl kimi deyir ki, şair bacımız, əslində, bununla onu məhv eləmir, tərbiyələndirir, düz yola qaytarır, haqqa səsləyir. Budur həmin qızıl kimi kəlmələrdən misralanan, bənd alan şerdən bir yarpaq:
Qızıl kimi söz dedim, mis yerinə qoydun sən,
Nə yaxşılıq etdimsə, pis yerinə qoydun sən.
Yolunda günəş oldum, sis yerinə qoydun sən,
Daha sənə nə deyim, daha sənə yox sözüm,
Bəlkə də günahkaram, günahkaram mən özüm.
Bu bənddəki sətiraltı fikir bir nadan əlində eşqin oduna yanan aşiqin harayları, nifrinləri deyilmi?
İmarət Cəmilli söz adamıdır. Həm də elə söz ki, onu xəzinə kimi axtarır. Dahi Nizamidən bu yana Söz qələm əhlinin silahı da olub, dilində laylaya da çevrilib. Məhz klassiklərimiz Sözün dəyərini öncədən verib sonra ondan istifadə edərək fikirlərini cilalayıblar.
İmarət xanımın da yaradıcılığında Söz öz libasında, sadəliyində - gözəlliyində qalıb. “Gərək deyil” şeirindən bir bəndə bənd oldum bu mənada:
Sözü axtarıram xəzinə kimi,
Qızıl tapmadımsa, mis gərək deyil.
Yanıram qoy yanım pərvanə kimi,
Heç kəsə boğulan his gərək deyil.
İmarət Cəmilli də digər xocalılıları kimi, doğulduğu yurdu, torpağı, el-obasını itirənlərdəndir. Dünyaya göz açdığı Xocalısı və şıltaq, qayğısız uşaqlığı, yeniyetməliyi keçən Cəmilli kəndi erməni vandalları tərəfindən yer üzündən silinib. Bu dərd, həsrət, nisgil şairənin şeirlərinin mayasına hopub. Hansı şeirinə baxırsan oradan bir dərdli-nalalı qız boylanır elə bil. Lakin bu, İmarət Cəmillinin yurd yanğısını soyutmayıb. “Bir bacı itirmişəm” kitabında obrazlaşmış bacı “yaşayır”. İmarətin öz bacısıdır. Anasını erkən itirən İmarətə böyük bacıdı. İmperialın qayğısı və nakam taleyi bu kitabçada elə hüznlü, elə nisgilli verilib ki, oxumaq olmur. Buna, əslində, dastan deyərdim. Nağılvari yazılan bir nakam taleyə müəllif şeir diliylə də müraciət edir. Bu da onu göstərir ki, İmarət Cəmilli folklorumuzu da dərin bilir və ondan məharətlə istifadəni bacarır.
İlahi Sözün keşiyini çəkən, onun nazından
və qəzəbindən zənginləşən Söz adamları
Əslində, bu kitabçanı yazmaqda müəllifin məqsədi həm də özü və doğmaları haqqında, qaçqğınlıq-köçkünlüyün onlara vurduğu maddi-mənəvi və psixoloji zərbələri ümumiləşdirmək olub. “Ön söz”də müəllif yazır: “Mən Qarabağın Xocalı şəhərində anadan olmuşam. Bir neçə ildən sonra ailəmiz Cəmilli kəndinə köçdüyündən, orada böyüyüb, boya-başa çatmışam. Ailədə dörd bacı olmuşuq. Çox erkən anam Şərqiyyəni itirmişəm. İlk şeirlərimi də o vaxtdan yazmışam...”
Qəfil maşın qəzasında dünyasını dəyişən bacısına rekviyem yazmaqdan təsəlli tapmayan İmarət Cəmilli həmin nisgili bax belə dilə gətirir:
Bir bacı itirmişəm, bacıların şahıydı,
Bütün yaxınlarının ümidi, pənahıydı.
Sevincimin şəriki, kədərimin ahıydı,
Onun etdiklərini deməklə saya gəlməz,
İmperiyal kimi bacı bir də dünyaya gəlməz...
Bu acını 1981-ci ildə 44 yaşlı anası Şərqiyyəni ürək xəstəliyindən itirəndən bəri dadan şairə sanki xəyalında bacısı ilə dərdləşir:
Gecə evdən çıxmısan
Sən on birə işləmiş.
İyirmi iki fevral
Niyə sənə düşməmiş?!
Ürəyin həsrət dolu,
Ürəyin nisgil dolu.
Bacı, hansı fikirlə
Sən keçirdin o yolu?!.
...Yox, oxumaq olmur. Xatirələr bir-birinə calandıqca dərdlər sıralanır. Aman Allah, qələmi və dili olmayanlar dərdi necə bölüşürlər bəs? Bu mənada ana-bacılarımızın qəlbini dərd yuvası hesab eləmək olmazmı?! Axı, hamısı da dərdini bax belə dilə gətirə bilmir...
Bir əlim vüsalda, biri həsrətdə...
Xocalılıların dərd yumağını sarımağa ürək lazımdı. İmarət Cəmillinin qələmindən və dərdli-vərəmli qəlbindən boy verən həsrəti, nisgili isə nə oxumaq olur, nə də onların haqqında nəsə demək. Qalmışam Dərd adasında. Bir Xocalı qızının qələmini əlimə alıb mən də onun həsrət dolu bədii dünyasından nəsə yazmağa çalışdım, amma, bacarmadım.
İmarət Cəmillinin şeirlərində vətənpərvərlik duyğuları da bir özgə biçimdədir. Şairə xanım sözünü bəzən sərt sillə kimi də çırpır yaramaz tiplərin sifətinə. Oğulların Qarabağda can qoyduqları vaxt cəbhədən uzaqlarda alış-verişindən qalmayan boynuyoğunları şairə bacımız “Utan” şeirində elə sərrast söz atəşinə tutur ki:
Burda alver edib kef çəkən oğlan,
Utan, çinar kimi boyundan utan!
Orda əsir düşüb yurddaşın, doğman,
Elin harayından, hayından utan,
Utan, çinar kimi boyundan utan!
Xocalı qırğını gəlməz arşına,
Saqqız yox, qeyrəti sən qoy qarşına!
Orda neçə gəlinin, qızın başına
Düşmənin açdığı oyundan utan,
Utan, çinar kimi boyundan utan!
Qubadlı dağların duman, çən alıb,
Laçında od sönüb, ocaq qaralıb!
Kəlbəcər yurdun da yiyəsiz qalıb,
Mələşən quzundan, qoyundan utan,
Utan, çinar kimi boyundan utan!
Düşmən torpaqları taladı bir-bir,
Analar, bacılar yas içindədir.
Orda ölüm-dirim savaşı gedir,
Burda çaldırdığın toyundan utan,
Utan, çinar kimi boyundan utan!
Qələm əhlinin tez-tez təbdən-təbə, yəni haldan-hala düşməsinin müxtəlif yozumları olu. Bəzən deyirlər ki, onlar xəyalpərəstdirlər: bir anda başqalaşa bilirlər, aktyorlar kimi. Bəzən isə onları rəssamlarla müqayisə edirlər. Çünki onların bir özgə dünyası olur: rənglərin harmoniyasından yaratdıqları əsərləri ilə daxili dünyalarını idafə edirlər. Bu da qeyri-adiliklərdən biridir. Əlbəttə, şairlərin də, yazıçılardan fərqli bir başqa dünyaları olur. Düşünmədən, anidən qələmə pənah gətirən misraları mələklərin dilindən eşidirmiş kimi, gecənin səssizliyində iç dünyalarının haraylarını pıçıldayırlar. Ya qismət onlardan hansı bəxtəvər misralardır ki, sinəyə və kağıza hopur.
İmarət Cəmillinin şeirlərində də xəyallarının ifadəsi az deyil. Lal gecələrində pıçıldadıqlarından bir əsinti:
Bir əlim vüsalda, biri həsrətdə,
Neyləmək, qovuşmaq yox bu qismətdə.
Gənclikdə yaşanan ilk məhəbbət də
Bu qədər yandırıb məni yaxmadı.
Demirəm olmuşam Qeysin Leylisi,
Bəlkə də taleyin bir gileylisi.
Bircə onu bil ki, səndən qeyrisi
Qəlbimin evinə çiçək taxmadı.
Nədənsə, sözü ilə tanış olduğumuz insanların özü barədə bir çox hallarda heç nə bilmirik. Hətta, bəzən onları dünyanın bəxtəvəri, dərd-səri olmayan, xoşbəxtləri sanırıq. Doğrudanmı onlar Sözün keşiyini təkcə qələmləri ilə deyil, həm də zəngin qəlbləri və qəribəliklərilə çəkirlər? Söz adamı olmadan bunları söyləmək çətindir. Onların adi həyatdan kənarda özgə bir dünyaları olur ki, qapılarını ancaq fitrətdən gələn ilahi təb aça bilir. Bu mənada hər kəs Söz adamı barədə söz deməyə cəsarət etmir, lap elə bu sətirlərin müəllifi kimi.
Xocalısında gəncliyini və dincliyini itirən,
dərdlərini yaralı sinəsində bitirən
Söz ipək kələfi kimidir, sarıındıqca sarınır. Gərək ucundan tutub ucuzluğa da getməyəsən. Onda söz zəhərlə sulanmış xəncərə də çevirilir. Belə olmasaydı, dahilərin fikir dünyasında söz su kimi lətafətə çevrilməzdi. Sözü qədərincə işlətmədikdə, qədir-qiymətini bilmədikdə özü ilə bərabər müəllifini də hörmətsiz edir. Amma, nə yaxşı ki, ilahi Sözün keşiyini çəkən, onun nazından və qəzəbindən zənginləşən Söz adamları zaman-zaman xalqımızın mədəni tarixində barmaqla sayılmayıb. ...
Söz millətimizin və xalqımızın başı üzərində dalğalanıb, müdrikləşib, ilahiləşib. Əlbəttə, belə olmasaydı bizi şair xalq adlandırardılarmı?! Çox da ki, söz qoşmaq naminə çoxları qafiyəpərdazlıq edir və haqlı olaraq ədəbi ictimaiyyətin qınağından da yayınmırlar...
Haqqında söz açmaq istədiyim və bacarmadığımİmarət xanım da Söz adamıdır: elə Söz adamı ki, təkcə xarakterinə görə deyil, şəxsiyyətinə və qələminə görə sayılıb-seçilən, ruhu ilə baş-başa qalanda dalğalanan dənizə, əsən mehə və birdən də qayaları vahiməyə gətirən şimşəyə, coşqun dağ çayına bənzəyən…
Fikrimizi dağda-daşda qoyub, bu gün qayıtdım otuz ildən də artıqdir əli çatmayan, ünü yetməyən, erməni tapdağında inləyən yurdlarımızın, sönən ocaqlarımızın həsrəti ilə “yaşayan”, Vətən sevgili qələm adamlarından birinin yanına…
Həsrətini, hicranını yaşadığımız ellərimizdən gələn hər səs bizi qəhərləndirib, ağladıb, göz yaşlarımız qəlbimizə, köksümüzə süzülüb. İmarət Cəmillinin də bədii yaradıcılıq nümunələrini oxuduqca beləcə düşündüm.
Hə... Görün bir hardan başlandı, min yerə haçalanan fikrim yenə? Dağda-daşda borana-çovğuna düşdü elə bil. Üstünü çən-duman almış zamanın ayıra bilmədiyi Qarabağımızın, sinəsinə dağ çəkilən, bir gecənin şəhidi Xocalısında gəncliyini və dincliyini itirən, dərdlərini yaralı sinəsində bitirən söz yadigarlarından biri, sözünün istisinə və işığına tapındığım İmarət bacımızın sənət zirvəsini qarlı, könül baxçasını da barlı gördüm: üstümə şimşək də çaxdı, ildırım da şaqqıldadı, Günəş də doğdu...
Gəncliyindən duman-çən gözlərinə, dəyərli, müdrikləşmiş sözlərinə hopub.Vaxtından əvvəl böyüyüb deyərsiniz, hələ heç yeganə balası Şamiləsini gəlin görməyib, qaynana və nənə olmayıb) bu günə enişli-yoxuşlu bir yol gəlib. Yolun rəvan olsun, bacım, üzü Xocalımıza, Cəmillinizə doğru...
Bu yazıya sonluq verə bilmirəm. Düşünürəm ki, demək, yazmaq istədiklərimin mində birini dilimə gətirə bilmədim.
Sözünüzün yanında söz demək gücündə olmasam da, bura qədər dediklərim sizinki idi, gözəl qəlb və qələm sahibi. Doğrudan da dərd insanı yox, adamı şair edirmiş, elə anam Gülləri də bax beləcə, sizin kimi dilləndirmişdi, söz kələfinin dolaşığını açıb dərd yumağı sarımışdı. İlk kitabını “Qəriblər ağısın oxuyan durna” adlandırıb çap etdirəndə küsmüşdü bir az. Sonra kövrək-kövrək “şair deyiləm, qaçqın yaz məni” deməsi məni ayıltdı və ildönümünə ikinci kitabını onun şeiriyyətinin təşnəsi olan uzaq-yaxın sevimli oxucularına çatdırdım: “Orda açıb, burda solan bir güləm” adı ilə.
Budur, sizin də bədii söz mülkünzün sandığının qapağını ehmalca qaldırdım. “Yükümü tutdum”. Bu “yük” xırdalanmayan, pul-para ilə ölçülməyən söz sərvətindir. Adama da elə özündən sonra qalacaq bax belə sərvətdir. Bərəkətli olsun. Sizə Qarabağımızın yeni növrağından da yazmaq üçün sevgi dolu yaradıcılıq arzulayıram.
Dərin ehtiramla:
Məhəmməd NƏRİMANOĞLU
Bakı şəh. 03 avqust 2021-ci il
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 03-08-2021 16:29
Baxış sayı: 3590
Yazı axını
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
08 / 12 / 2024
08 / 12 / 2024
07 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
05 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02