Reklam
Şərif Ağayarın “Şəkil” hekayəsinin mövzu və problematikası
21-06-2021 18:58
Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub. Onun “İtmiş dünyanın balladası”, “Qumru”, “Hərbi-siyasi məsələ”, “Anaxanım”, “Sonsuz” kimi hekayələri var. Bu hekayələrin hər biri toxunduğu problemlər baxımından olduqca qiymətlidir. Şərif Ağayarın “Şəkil” hekayəsi isə mövzu və problematikası, eyni zamanda bədii təsvirinin gücü ilə daha çox diqqəti cəlb edir. Hekayə ideya-məzmun və sənətkarlıq xüsusiyyətləri ilə də seçilir və daha üstündür.
Şərif Ağayarın “Şəkil” hekayəsi babasını kor elədiyinə bütün varlığı ilə inanacaq qədər balaca, vicdan əzabı çəkəcək qədər böyük olan bir uşağın həyatının təsviridir. Yazıçı balaca qəhrəmanının dilindən baba obrazını oxucunun gözündə belə canlandırır: “Çox əsəbi idi. Evdə üstümüzə qışqırır, bizi danışmağa, oynamağa qoymurdu. Atam ona uzun bir çubuq düzəltmişdi, yatdığı taxtın üstündən evin o başına çatırdı. Şuluq edəndə həmin sehrli çubuq bizi hər tərəfdə axtarıb tapır, təpəmizdə bir dəfə “taqqq” eləyərək çəkilirdi. Əli də ağır idi. Vuranda başımızı ovuşdura-ovuşdura qalırdıq”.
Şərif Ağayar “Şəkil” hekayəsində kiçik nüanslar ilə balaca qəhrəmanının babasına qarşı olan nifrət hissinin səbəblərini belə izah edirdi. O, atasının babasının saqqalını, başını qırxmasını, anasının babasının ayaqlarını yumasını istəməməsi ilə yanaşı həm də qoca babasını evlərində görmək də istəmirdi. Yazıçı hekayəsində qadına göstərilən şiddətin uşaq psixologiyasına vurduyu zərəri bir neçə cümlə ilə elə gözəl izah edir ki, hər şey oxucuya aydın olur. “Anamla da dalaşırdı hərdən. Hətta bir dəfə şillə də vurmuşdu. Çox pis olmuşdum. Gücüm çatsa, mən də babamı döyərdim. Bircə atama güvənirdim ki, o da dinib-danışmırdı. Elə bil görmür, eşitmirdi”.
Şərif Ağayar “Şəkil” hekayəsində balaca qəhrəmanının babasından qisas almaq yollarını o qədər məsumluqla təsvir etmişdi ki, onun babasına qarşı olan qəzəbi açıq bir şəkildə görünür. O artıq babası çağıranda, qəsdən cavab vermirdi. Su istəyəndə, aparmırdı. Babasının məcbur qalıb, əl-ayağı əsə-əsə su süzüb, içməsi balaca uşağa inanılmaz zövq verirdi. Hekayənin qəhrəmanı ilə babasının hətta şəkli ilə arasında olan konfliktdə onun divardan asılan cavanlıq şəkli ilə ilk tanışlığından sonra başlamışdı. Balaca uşaq şəkildəki babasının belə ona qəzəblə baxdığı fikrində idi. O, şəkildəki zəhləsi gedən babasını belə təsvir edir: “Lap cavan idi. Saçlarını yandan vurmuşdular, ortasında bir topa qısa pamazok kimi qalmışdı. Əynindəki əsgər köynəyi boğazınacan düymələnmişdi. Elə qətiyyətlə baxırdı ki, elə bil gedib bütün Almaniyanı dağıdacaq. Amma həm də gülməli idi. Ondan faşist öldürən olmazdı. Gücü mənə çatardı elə…”
“Şəkil” hekayəsində müəllif balaca qəhrəmanın babasının müharibə və müharibədən sonra yaşadıqlarının təsviri ilə həm də həmin dövrün həqiqətlərini və çətinliklərini oxucuya açıb göstərə bilir: “Cəbhəyə gedən kimi yaralanmış, əsir düşmüşdü. Krımda olmuşdu, dediyinə görə. Evdə gizlincə almanları tərifləyirdi. Deyirdi, bizi əsir alanda çox yaxşı baxdılar, süd, bulka verdilər. Vermişel, düyü, peçenye... Hətta şokolad! Mən inanmırdım buna. Atam inanırdı. Atamın dediyinə görə, babam müharibədən, daha doğrusu, əsirlikdən gələndən sonra qorxusundan düz üç il danışmayıb. Özünü lallığa vurub. Qorxurmuş ki, onu satqın kimi tutub güllələyərlər. Hamını inandırıb lal olmasına. Heç səsi də çıxmırmış. Ara bir az sakitləşəndə ilk dəfə atamla yavaş-yavaş danışmağa, ona vəziyyəti izah eləməyə başlayıb”.
Şərif Ağayar uşağın psixologiyasında babasının davranışlarının təsirini onun babasından qisas almaq məqsədi ilə yatdığı yerdə bığlarını yolmaq, daz başını şillələyib qaçmaq, çayının içinə tüpürmək, ayaqqabısına işəmək kimi istəkləri ilə izah edir. Amma bunu çox istəməsinə baxmayaraq, heç birini etməyirdi. Buna əsas səbəbdə divardakı şəkildən qorxması idi. O şəkildəki qəzəbli baxışlar və babasının söyüşləri amansız qisasa səbəb idi. Uşaq təfəkkürü babasının şəkildəki gözlərini oyub tökməsi ilə ondan qisasını aldığını hesab edirdi. Müəllif əsərdəki fəlakətlərin kiçik qəhrəmanın babasının şəklindəki gözlərini oyması gün müharibə xəbərinin gəlməsi hadisəsini eyni zamanda verilməsi ilə bu iki hadisə arasında böyük bir əlaqənin olduğuna oxucunu inandıra bilir. O gündən sonra babasının fotosunu asmağa heç vaxt divarlarının olmamasını da bununla əlaqələndirir. Əmisinin də o gündən müharibədə itkin düşməsi bu ailənin daha bir faciəsi olur.
Yazıçı ailənin pənah gətirdiyi Hacı Süleyman adlı yeri belə təsvir edir: “Hacı Süleyman dediyi yer göz işlədikcə düzənlik idi. Yovşan, yağtikan, qarağan topaları, xırda otlar və təkəm-seyrək yulğun kollarından başqa heç nə gözə dəymirdi. Ətraf şoranlıq idi. Elə dəhşətli istilər keçirdi ki, nəfəs almaq olmurdu. Su da yox idi buralarda”.
Şərif Ağayar “Şəkil” hekayəsində kiçik nüanslar ilə Hacı Süleyman torpaqlarında insanların çəkdiyi əziyyətləri elə dolğun bir şəkildə təsvir edir ki, oxucu öz doğma torpaqlarından məcburi şəkildə, zülm olunaraq quvulan insanların nələr yaşadığını olduğu kimi hiss edir. “Hacı Süleyman torpaqlarına yağışlar da yağmırdı. Hacı Süleymanın təkcə yeri deyil, göyü də qurumuşdu. İstidən nəfəs almaq olmurdu. Elə bil bizi iplə yanan təndirin içinə sallamışdılar. Bədənimizdən yanmış yağ iyi gəlirdi. Yer istidən elə çatlayırdı ki, az qala çırtıltı səsini eşidirdik. İlan-çayanlar da dəhşətli istilərə dözməyib yoxa çıxırdı yavaş-yavaş. Ditdili və mığmığaların əlindən rahatlıq yox idi. Mığmığalar miçətkəndən də keçirdi. Ətraf getdikcə daha çox şoranlaşır, uzaqdan-uzağa qar kimi ağarırdı. Qurumuş torpaq ayaq altında xırıltıyla ovulub toza çevrilir, külək əsəndə bu toz havaya qalxıb ətrafı tüstü kimi bürüyür, günlərlə çəkilmirdi”.
Yazıçı insanların məcburi köçkünlük zamanı yaşamağa məcbur olduqları çətinlikləri, ağrı-acını o qədər təbii və ətraflı təsvir etmişdi ki, cümlələr həmin mənzərənin acı gerçəkliyini bütün çılpaqlığı ilə oxucunun gözləri önündə canlandıra bilir. “Qar yağanacan birtəhər dözdük. Əslində, dözə bilmədik heç... Neçə dəfə xəstələndik, iki inəyimiz qızdırıb öldü. Ayaqlarım yara tökdü. Elə incidirdi ki... Babam məni obadakı balaca, ağ vaqona - yardım həkimlərinin yanına aparanda "Ayaqqabısı yoxdur" deməyə utandı. Dedi, nadincliyindən ayaqyalın gəzir”.
Babanın ən çarəsiz vəziyyətində belə özünü başqa millətdən olan həkimin yanında qürurlu aparması səhnəsi ilə yazıçı əsl Azərbaycan ağsaqqalının portretini yarada bilmişdi. Yazıçı yaşlı baba obrazının sözləri ilə əsərinə hikmətli fikirlər daxil edib. “Canavar çox ağıllı heyvandır. Əsl çoban həm sürünü, həm canavarı otarmalıdır. Yoxsa canavar onu otaracaq”.
Şərif Ağayar “Şəkil” hekayəsində balaca qəhrəmanın atını təsvir etməsi ilə əslində Qarabağ atlarının bədii təsvirini verir: “Gözəl at idi. Ömrümdə belə ağappaq, belə cəsur, belə güclü heyvan görməmişdim. Kişnəyəndə adamın ürəyinə od düşürdü. Səsi elə nisgilli idi ki, eşidənlərin içini titrədir, həm də ruhuna sakitlik gətirirdi. Hələ qoxusu…”
“Şəkil” hekayəsinin balaca qəhrəmanı bütün əsər boyunca baş verənlərin baiskarı kimi özünü görür. O fikirləşirdi ki, əgər pərgarın ucuyla babasının şəkildəki gözlərini oymasaydı, o, kor olmaz, evləri dağılmaz, əmisi itkin düşməzdi. Baba obrazının ölən anına kimi oğlunun gələcəyinə inanması, vəsiyyətində yanında oğlu üçün yer saxlanılmasını istəməsi, onun bu nikbinliyi oxucuda inam hissi yaradır. Baba obrazının qəbrin üstünü götürən zaman daşa vurmağa başqa şəkilinin tapmaması səhnəsi məcburi köçkünlük zamanı həmvətənlərimizin çəkdikləri zülmü özündə ehtiva edir. Qarabağdan gətirilən düyünçənin içində gizlədilən gözləri tökülən şəkil baş daşına vurulmaq üçün daş ustasına verildi. Ordakı pərgar yerlərini isə bircə Şəkil” hekayəsinin qəhrəmanı görə bilirdi. Yazıçı əsərin sonunda baş qəhrəmanın peşmançılıq hissini belə təsvir edir: “Hər görəndə içim sızıldayır. Və elə sızıldayır ki, mən də bir vəsiyyət eləməyə hazırlaşıram: öləndə əmimin yerinə, babamın yanına gömsünlər məni. Körpə vaxtı lüt soyundurub köynəyinin altına saldıqları kimi... Sinəsinə sığınıb məni bağışlamasını istəyim. Gözlərini töküb dünyamızı zülmətə çevirdiyim üçün”.
Əsərdəki ibrətlik son əsəri daha da çox dəyərli edir. Şərif Ağayarın “Şəkil” hekayəsi Qarabağ mövzusuna toxunulması baxımından, məcburi köçkünlük problemini, itkin düşmək məsələsini, itkini olan ailələrin ümumi vəziyyətini təsvir etməsi cəhətdən Azərbaycan ədəbiyyatı üçün çox dəyərli bir əsərdir. Bu əsərdə müharibənin arxa cəbhədə törətdiyi fəlakətlər, zülm və zillət çəkən ailələr, qadınlar, uşaqlar çox böyük yazıçı ustalığı ilə təsvir edilmişdir. Əsərdə müharibənin topu, tüfəngi, tankı yoxdu, düzdü, onun yerinə oğul dərdindən gözləri kor olan ata, qardaş dərdindən beli bükülən qardaş vardır. Çətinlikdə qalan qadınlar, bacılar, uşaqlar vardır. Onların həyatı, hissləri, özləri ilə apardıqları mübarizələri, aclıqları, yoxsulluqları, ehtiyacları əsərdə o qədər gözəl təsvir olunmuşdur ki, əsəri oxuduqca eyni müharibənin müxtəlif talelər yaratdığının şahidi olursan.
Həcər Atakişiyeva
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 21-06-2021 18:58
Baxış sayı: 31 212
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02