"Qar yağırdı..."- Fərid Muradzadədən yeni hekayə

06-06-2021 13:47

"...Qar yağırdı. Elə bil mələklər iki il əvvəl Nəbinin toyundakı qar dənələrini təkrar yerə endirirdilər, amma bu yer o yer deyildi..."

Dalidag.az Fərid Muradzadənin yeni "Qar yağırdı" hekayəsini təqdim edir:

Çoxdandır ki şəhərə qar yağmırdı. Son illər dünyada baş verən iqlim dəyişkənliyi səbəbindən havalar qeyri-sabit keçir. Bir o qədər də fərqində olmadığımız anomal iqlim dəyişkənliyi zaman-zaman fəsadlarını daha da qabarıq göstərməyə başlayır ki, bu da ətraf aləmə, bütün canlı orqanizmə mənfi təsir edir. Anomal iqlim dəyişkənliyində təbii ki, insan faktoru da inkarolunmazdır. İnsan təkcə təbiətin deyil, eyni zamanda özünün də qənimidir. Zaman-zaman baş verən tərəqqi ilə cəmiyyət inkişaf etdikcə müəyyən qism insanların insanlıq üzərindəki amansız təcrübələri cəmiyyətə mənfi təsirlər göstərir. Məhz elə bu günkü ekoloji təsir daha doğrusu ekoloji terror kimi. Neçə qış idi ki şəhərə qar yağmırdı. Uşaqdan böyüyə hamı qar arzulayırdı. Hətta kiçik qızımın belə özünəməxsus qar duaları vardı. Azca hava soyuyan kimi şirin dillə Allah babadan qar yağdırmağı arzulayırdı. Elə bil Allah bu dəfə bu balacanın dualarını qəbul etmişdi. Aram-aram qar yağırdı. Pəncərə önündə dayanıb neçə ildən sonra şəhərə yağan qarı seyr etdikdə illər əvvəl yaşanmış gerçək bir hadisə yadıma  düşdü. O zama da belə və hətta bundan daha iri, daha güclü qar yağırdı. Lopa-lopa yağan qar məni çox uzaqlara aparmışdı. Uşaqlığımı dəfn etdiyim xarabazara çevrilmiş kəndimizə getmişdim. Bəli, mən uşaqlığımı erməni vandallarının öldürdüyü, məhv etdiyi kənddə dəfn etmişdim. O kənddə mənim uşaq istəklərim, gələcək arzularım, ümidlərim ölmüşdü. Mən sonradan şəhərdə yaşayanda uşaq olsam da uşaqlığımı yaşamadım. Hətta nəinki uşaqlıq dövrünü heç gəncliyimi də yaşaya bilmədim... Pəncərənin o üzündə bir kənd mənzərəsi vardı. Dağlar qoynunda meşələrlə əhatə olunmuş, gözəl mənzərəli, səfalı, hər fəsildə özünəməxsus, təkrarsız bənzərsiz gözəlliyi olan bir kənd. Soyuq idi. Kəndimizə qar yağırdı. Ağappaq, iri-iri, lopa-lopa. Evlərin tüstü bacalarından burum-burum burularaq havaya qalxan odun peçinin hisli tüstüsü qarlı havaya özgə bir ahəng qatırdı. Soyuq olsa da, güclü qar yağsa da kənddə qaynaşma vardı. İkibir-üçbir kiçik dəstələrlə qadınlar, kişilər və hətta uşaqlar da kəndin "Ağcöyüllü" məhəlləsinə tərəf axışırdılar. Qarlı-şaxtalı o qış günü kənddə özgə bir təmtəraq vardı. İskəndər babanın oğlu Nəbinin toyu idi. Mağar qurulmuş, yerə saman səpilmişdi. Heyvanlar kəsilmiş, qazanlar asılmışdı. Bu toy fərqli bir toy idi. Nağıllar aləmini xatırladan qarlı kənd mənzərəsindəki bu toyun bir özəlliyi də o idi ki, Nəbinin xanımı nə bizim kənddən, nə də bizim yerlərdən idi. Qız-gəlinlər xüsusi bir maraqla yerli adətlərdən fərqli mühitdə böyümüş, fərqli çevrədə, fərqli cəmiyyət içərisində olmuş gəlin xanımı görmək arzusunda idilər. Nəbi xanımını şəhərdən gətirmişdi. Daha doğrusu qızı qaçırmışdı. İskəndər baba da el adəti ilə sevimli oğluna toy edirdi. Yaraşıqlı oğlan idi Nəbi əmi. Ona baxanda İskəndər babanın gəncliyini təsəvvür edirdim(uşaq da olsam mənim qəribə maraq dairəm və fərqli təxəyyülüm vardı )Enli kürək, qıvrımsaç, düz qamətli, qıvraq, iri çiyinli, qartalburun birisi idi Nəbi. Eşmə bığları (bizim kənddə belə bığ yalnız ailəliklə onlara məxsus idi) enli, tunc kimi sifətinə özgə bir yaraşıq verirdi. Olduqca gülərüz idi. O gün isə daha şən, daha gülərüz və daha xoşbəxt görünürdü. Bəlkə də mənə elə gəlirdi. Asta-asta dayanmadan yağan qar hər yeri ağappaq örtüyə bürümüşdü. Bütün cığırlar, yollar belə görünməz olmuşdu. Kəsə yolla "Daşlıq" deyilən yerdən keçib İskəndər babanın həyətində qurulmuş mağara çatdım. Çöldə şaxta olsa da mağarın içindən buxar çıxırdı. Deyəsən içəridə odun sobası da yandırmışdılar. Çadırın içi çölündən fərqli bir dünyanı xatırladırdı. Hamının əhval -ruhiyyəsinun yaxşı olduğu hiss olunurdu. O vaxtlar insanlar necə də bəxtiyar imişlər. Mən bunu illər sonra anladım. O illər sonra ki, mən böyüdüm, dünyanın yükünü çiyinlərimdə hiss etdim, içi biz qarışıq yurdundan didərgin düşmüş həmyerlilərimin üzündəki gündəlik təlabat qayğılarını yaxşı anladım və gördüm. O ağrılı illərin hafizəmdən ömrümün sonuna qədər silinməyən əzabını yaşadım, təkliyə alışdım, tənhalığı sevdim. Ən ülvi istəklərimi qurban verdim. Fədakar olmağa çalışdım, yeniyetməliyimi, özümü, ömrümü fəda etdim... İri, gur işıqlı lampaların altında mağarın ortasında gözəl bir havanın sədaları altında süzən bəy-gəlini anidən bir anlıq şam və pərvanəyə bənzətdim. Ə.Cəfərzadənin "Anamın nağılları" kitabındakı Şam və Pərvanə nağılı yadıma düşdü. Sevgilisi yolunda canından keçən Pərvanə... düşmən tonqalında yanan Şam… İçəri çox isti idi. Nəfəsim tıncıxırdı. Mağaradan çıxıb bir az hava almaq istədim. Bayırda elə gözəl bir mənzərə vardı ki, adam bu sakit, bu əsrarəngiz, müdhiş, valehedici mənzərədən ayrılmaq istəmirdi. Qaranlıq gecə, ağappaq kənd mənzərəsi, aylı-ulduzlu səma, təmiz hava, insanı şirincəsinə üşüdən şaxta… bəli, üşüməyin də bir şirinliyi var. Onun sadəcə yaşamaq və hiss etmək gərəkdir. Özümdən asılı olmayaraq bu mənzərəyə elə həsədlə baxırdım, elə bil kimsə onu məndən alacaqdı. İnanmayacaqsınız, amma buranı itirmək ağrısını, həsrətin yanğısını uşaq qəlbimlə hiss etdim. Uşaq təxəyyülümün dərinliklərinə baş vurmuşdum. Ulduzlu səmanı seyr edirdim. Kiminsə bilməyərəkdən qəfil üzümə doğrultduğu fənərin gur işığı gözlərimi bir anlığa "kor"etdiyi kimi xəyal dünyamı da alt-üst etdi. Deyəsən şəhərdən gələn qonaqlardan idi. Bu kəndin adamlarına burda hərəkət etmək üçün fənər lazım deyildi. Xüsusən də belə aydınlıqda. Bəlli ki, bu adam naşı idi. Bir neçə saniyədən sonra görməm bərpa olundu, amma qorxmuşdum. Mən qarın üstündə qan ləkələri görürdüm. Yəni əslində belə bir şey yox idi. Ancaq nədənsə mən hallusinasiya yaşamışdım. Kəndin çal-çağırlı günləri yavaş-yavaş geridə qalırdı. Sərhəd tanımayan kənd əhalisi artıq sərhədli davranırdı. Sakitliyini ildırım çaxması, göy gurultusu, dolu və yağış səsləri pozan kəndin və kənd əhlinin rahatlığını, səssizliyini düşmən tərəfin atdığı mərmi səsləri pozurdu. Gecələri insanı rahatlaşdıran quşların nəğməsinin partlayış səsləri əvəzləmişdi. İnsanların həyat eşqi ilə dolub-daşan ürəklərinə ölüm qorxusu hakim olmuşdu. Rahatlıqları əllərindən alınmışdı. Dünənə qədər kirvə dedikləri, alış-veriş etdikləri, dost bilib inandıqları ermənilər onlara düşmən kəsilmişdilər. Sadəlövh azərbaycanlının dərk edə bilmədiyi hadisələr baş vermişdi. Onillikklər boyu üzdə özlərini dost kimi göstərən ermənilər necə nadan, nankor və nə qədər amansız, qəddar, məkrli bir xalq olduqlarını ortaya qoymuşdular. Kəndin sakitliyini, rahatlığını pozan mərmilər qara günlərin gələcəyindən xəbər verirdi... İki il sonra. Yenə quşbaşı qar yağırdı... Aram-aram… asta-asta… amma indi hər şey fərqli idi.  Şaxta vücudumu iliklərimə qədər dondururdu. Çox soyuq idi. İlk dəfə idi ki, ən sevimli fəslim olan qışa nifrət edirdim. Qar yağırdı. Aram-aram...quşbaşı… Amma bu dəfə qar kəndimizə yağmırdı. Bu qar o qar kimi əyləncəli deyildi. Evimiz ordakı evimiz kimi isti deyildi. 
Buz kimi panel arakəsmələrin içində beton döşəmənin üstündə soyuqdan əsirdik. Təkcə cismani olaraq üşümürdük. İçdən titrəyirdik. Bu balaca, darısqal otaqda ürəyimizi qızdıracaq heç nə yox idi. Ümidsizlik,  çarəsizlik,  məchulluq…  Qapı döyülürdü. Kimsə tələsirdi elə hey dalbadal qapını döyürdü. Həyəcan içində qapını açan atamın üzünə baxanda gözlərinin dərinliyində yenə kiminsə şəhid olduğu xəbərini oxudum. Atam günahkarmış kimi anamın üzünə baxırdı. Nəhayət bayaqdan boğazında düyünlənmiş sözləri dilinə gətirdi. -"Nəbi Murovda şəhid olub".(Nəbi anamın qohumu idi) Müharibə başlayanda könüllü olaraq Qarabağa yollanmışdı Nəbi. Həyat yoldaşı bu milyonluq şəhərdə, soyuq qış gecələrində, dörd divarın arasında, ürkək ceyran kimi təkəmtənha onun yolunu gözləyirdi. Ona mütləq geri dönəcək deyə söz vermişdi. Sözünü tutmuşdu Nəbi. Geri qayıdırdı, amma tabutda… O günü iki il əvvəlki kimi lopa-lopa qar yağırdı. Toyu qışda olan Nəbinin vayı da qışa təsadüf etmişdi. Qar yağırdı. Hər yer ağappaq idi. Qarın üstündə qırmızı ləkə vardı. Qan ləkəsi… iki il əvvəl Nəbinin toyunda gördüyüm qan ləkəsi.  Qar yağırdı. Şəhid ruhu ulduz olub qara torpaq üstündəki qan ləkəsinə baxırdı. Bir azdan Nəbini dəfn edəcəkdilər. Nə fərqi var. Bakıda ya da rayonda. Hər qarış torpaq Vətəndir. Nəbi Vətən yolunda şəhid olmuşdu. Hər kəsin ucala bilmədiyi şəhadət zirvəsinə ucalmışdı. Qara torpaq… qar…  şaxta. Çöldə aramsız qar yağırdı. Nəbini dəfn edəcəklər. Görəsən üşüməz?! Yox, üşüməz. Axı o şaxtalı bir gündə dünyaya gəlmişdi, şaxtalı bir gündə evlənmişdi və qarlı-şaxtalı bir gündə də qarlı, ayazlı-sazaqlı Murovda şəhid oldu. Qar yağırdı. Elə bil mələklər iki il əvvəl Nəbinin toyundakı qar dənələrini təkrar yerə endirirdilər, amma bu yer o yer deyildi.

Fərid Muradzadə
Dalidag.az



Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-06-2021 13:47
Baxış sayı: 3752
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını