Uzaq, qərib ada...- bir kəndin qaranlıq taleyi...

16-01-2021 11:32
1990-cı il yanvarın 15-dən Ermənistanın işğalı altında qalan Sədərək rayonunun Kərki kəndinin qaranlıq taleyi...

Azərbaycan torpaqlarını hədəfə alan, işğalçılıq və terrorçuluqla öz ərazilərini genişləndirmək niyyətində olan erməni daşnaklar Naxçıvana da diş qıcamaqdan çəkinməmiş, fürsət düşən kimi, havadarlarının vasitəsilə bəd niyyətlərini gerçəkləşdirmişlər. Məhz bunun nəticəsidir ki, Sədərək rayonunun Kərki kəndi də həmin çirkin siyasətin qurbanına çevrilmişdir.
1969-cu il may ayının 7-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR ilə sərhədlər barədə» yeni bir qərar qəbul etdi. Həmin qərara əsasən, Naxçivan ərazisindən 191,1 hektar əkinə yararlı torpaq sahəsi alınıb Ermənistana verilməli idi. Bunun əvəzində isə Ermənistanın dağlıq və əkinə yararsız ərazisindən 319,5 hektar sahə (guya yaylaq məqsədilə istifadə etmək üçün) Naxçıvan MSSR-ə verilməli idi. Bu qərar da dolayısı ilə Kərki torpaqlarının Ermənistana verilməsi haqda 1938-ci il 5 may tarixli qərarın reallaşmasına xidmət edirdi.
Bu qərarın qəbul edilməsindən 2 ay sonra Azərbaycan KP MK-ya birinci katib təyin edilən Heydər Əliyev həmin qərarın mahiyyətini tam dolğunluğu ilə bildiyindən, respublikaya rəhbərlik etdiyi 14 il ərzində həmin saxta, xalqın mənafeyinə zidd qərarın həyata keçirilməsinə imkan vermədi.
Həmin əhvalatdan 20 il sonra bu məsələ ilə əlaqədar müsahibələrinin birində Ümummilli Lider Heydər Əliyev jurnalistin sualını belə cavablandırırdı: «Birinci katib seçiləndən sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP MK-nin birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonu sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandan milllətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermədi. Ümumiyyətlə, torpaqlar haqqında sualınıza belə cavab verə bilərəm ki, 1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrin 3-ə kimi Azərbaycan KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam».
Ermənilərin Kərki ətrafındakı məkrli niyyətləri müxtəlif zamanlarda fərqli üsullarla ortaya çıxırdı. Belə üsullardan ötən əsrin 50-60-ci illərində baş verən bəzi hadisələri də yada salmaq yerinə düşərdi. Ötən əsrin 50-ci illərinin ortalarında Sədərəkdən Kərkiyə asfalt yol olmadığından, eyni təsərrüfatda birləşən bu iki kəndi «Cin təndiri»-«Qırmızı yoxuş»-«Kərkinin düzü» istiqamətindən gedən çox darısqal və çətin dağ yolu birləşdirirdi. Ermənilər isə Cermuxa, Sisyana və digər yerlərə getmək üçün Arazdəyən-Sədərək-Şərur yolu ilə gəlib Arpaçayın sahili
boyunca keçib Danzik kəndindən, ya da Naxçıvan-Şahbuz yolu ilə gedib Sisyan-Cermux yoluna çıxmalı idilər. Sədərəkdən Kərkiyə gedən dağ yolu 8-10 kilometr, Arazdəyəndən Cermuxa gələn isə (Şərurdan gedən dağ yolu ilə) 150-200 kilometr olardı. Kərki ərazisindən təzə yol salmaq şərti ilə həmin yolu yarıbayarı 90-100 kilometr qısaltmaq mümkün idi. Ancaq Kərki ətrafı 960 hektar ərazi xəritə üzrə Azərbaycana məxsus olduğundan, ermənilərin həmin ərazidən yol salmaq imkanları yox idi. Buna görə də ermənilər nə yollasa Kərki, Sədərək, yaxud Şərur (o zaman Noraşen, sonralar İliç adlandırılırdı) rayon rəhbərliyi ilə razılaşmağa məcbur idi. Çünki Kərki Sədərəklə eyni sovetlikdə olub, Şərur rayonuna tabe idi. Ermənilərin bu niyyətləri əhali tərəfindən yaxşı qarşılanmasa da, bir müddət sonra onlar «yuxarıdakı» hansı qüvvənin təsiri iləsə gözdən pərdə asmaq məqsədi ilə, Şərur rayon bankına 16 min manat pul keçirərək həmin yolu çəkdilər və bizimkilərə də «təsəlli» verdilər ki, Kərkiyə dağ yolu ilə yox, Azərbaycandan çəkilən həmin asvalt yola gedib-gələcəksiniz...
Beləliklə, 8 kilometrlik Sədərək-Kərki yolu 12 km, 150-200 km.-lik Arazdəyən-Cermux yolu isə 90-100 km oldu. Ermənilər bu yolu salandan sonra onların qarşısında Kərki ətrafından Azərbaycan əhalisini seyrəltmək və oralarda öz mövqelərini möhkəmlətmək dururdu.
1989-cu il mayın əvvəllərində respublika mətbuatında “Azərinform”un aşağıdakı bəyanatı yayildi: «Neçə vaxtdır ki, respublikada biri digərindən cəfəng şayiələr gəzir ki, guya, Azərbaycan SSR İliç (indiki Şərur) rayonunun ilə Ermənistan SSR-in Ararat rayonunun sakinləri arasında ərazi mübahisəsi ilə əlaqədar toqquşmalar olub, bunun nəticəsində də Sədərək kəndində və digər sərhədyanı yaşayış məntəqələrində adamlara xəsarət dəyib, həlak olanlar var, kənd təsərrüfatı texnikası dağılıb. Qeyd olunan məsələlərin araşdırılması üçün Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, Ədliyyə Nazirliyinin məsul işçilərindən, alimlərdən, KİV nümayəndələrindən ibarət mötəbər komissiya yaradılmiş və Naxçıvan MSSR-in Ermənistanla həmsərhəd rayonuna göndərilmişdir...»
Kərkiyə ermənilərin təzyiqi də, özümüzünkülərin soyuq münasibəti də 1989-cu ildən də xeyli əvvəl başlanmişdı. Ötən əsrin 50-ci illərində yuxarıda bəhs olunan asfalt yol salınanda, 60-ci illərdə maşın qəzasında ölən erməni şairinin xatirəsinə Azərbaycan torpağında qəsəbə salınanda, 80-ci illərin ortalarından başlayaraq (hələ Qarabağ münaqişəsindən əvvəl) gecələr Arazdəyən-Cermux yolu ilə keçən sərxoş ermənilər arabir Kərkini atəşə tutub keçəndə yerli əhali nə qədər məlumatlar versə də, o vaxtkı rəhbərlərin laqeydliyi günü-gündən vəziyyəti gərginləşdirirdi. Bu azmiş kimi, Kərki həm də özümüzünkülər tərəfindən unudulmuş və sosial qayğılardan tam kənarda qalan bir yaşayış məntəqəsinə çevrilmişdi.
1989-cu il avqust ayının 24-də SSRİ Xalq Deputati, Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin baş direktoru, mərhum Tofiq İsmayilov vertolyotla (helikopterlə-red.) Kərkiyə gəldi. Kərkidəki vəziyyəti avtomaşınla ora getməyin mümkün olmadığını görəndən sonra elə həmin gün Kərkinin müdafiəçilərinə ərzaq, yanacaq və s. daşımaq üçün ayrıca bir vertolyot ayırdı, özü isə təyyarədə “Azərinform”un müxbirinə ürək yanğısı ilə, gözləri yaşarmış vəziyyətdə bu sözləri dedi: «Kərki bizim olacaq. Bu, qəlbimizin göynəyən yeridir».
1989–cu ilin avqust ayında Kərkini müdafiə etmək üçün Sədərəkdən oraya göndərilmiş milis işçiləri silahı posta təhvil verərək növbədən geri qayıdarkən Cəhənnəm dərəsinin boğazı - əncirlikdə, «Həsənqulu bağı»nı zəbt edərək bostan əkmiş ermənilər tərəfindən mühasirəyə alınmışlar. Bir az keçməmiş İliç rayon Partiya Komitəsinin birinci katibi Məmməd Abbasov Azərbaycan SSR daxili işlər naziri Aydın Məmmədovla birlikdə hadisə yerinə gəlirlər.
1989–cu ildə ermənilərin Arazdəyən–Kərki yolunu da bağlamalarına şərait yaratmışdir. Bura ermənilər, hətta, milli münaqişələrin qarşısını almaq üçün göndərilmiş rus qoşunlarını da buraxmırdılar. Kərki əhalisi ilə əlaqə demək olar ki, tam kəsilmişdi. Əhali aclıq çəkirdi.
1990–ci il yanvarın 12–də gündüz İliç (Şərur) rayonunun mərkəzində izdihamlı mitinq keçirildi. Sədərəyin, o cümlədən Şərur rayonunun digər ərazilərinin erməni təhlükəsi qarşısında qalması və hökümətin buna laqeydlik göstərməsi mitinqdə kəskin tənqid olundu.
Səhəri gün, yanvarın 13-də, günorta saatlarında Sədərək kənd 1 saylı orta məktəbində geniş yığıncaq keçirildi. Gərgin keçən yığıncaq 7 saata qədər davam etdi. İclasda son dövrlər baş vermiş hadisələr ətraflı təhlil edilmiş və iclas iştirakçılarının irəli sürdüyü təkliflər toplanaraq 27 nəfərin imzasi ilə muxtar respublikanın bütün rəhbər orqanlarına göndərilmişdi. Beş maddədən ibarət müraciətin sonunda qeyd edilirdi ki, biz Sədərək və Kərki kəndinin azğin erməni basqınının təhlükəsi altında olduğunu və həmin kənd sakinlərinin tam gərgin vəziyyətdə yaşadığını sizin nəzərinizə çatdırırıq. Bildiririk ki, 2 gün ərzində təcili tədbirlər görülməzsə, Sədərək və Kərki kəndləri əhalisinin təhlükəsizliyi təmin edilməzsə, baş verə biləcək bütün faciəli halların məsuliyyəti sizin üzərinizə düşəcək.
1990-ci il yanvarın 14-dən 15-nə keçən gecə saat 4 radələrində Kərki kəndindən hava telefonu ilə bildirmişlər ki, təxminən minlərlə silahlı erməni yaraqlıları kəndi mühasirəyə salaraq gülləbaran etmiş və odlu silahlardan atəş açaraq dinc sakinləri qətlə yetirmək üçün həmlə etmişlər. Həmin gecə kənddə 32 nəfər qalmışdı. Bunlardan 5-i qadın, qalanları isə kişi və yeniyetmələr idi. Hücum dəf edildikdən və səhər dan yeri sökülməmiş 3 nəfər kişi qadınları və uşaqları qarlı dağ yolları ilə kənddən çıxarıb Sədərəyə apardılar. Kəndi tərk etdikdə dağlarda yerləşdirilmiş silahlıi erməni quldurlarnın silahlıi hücumuna məruz qalmış və dərələrdə gizlənərək özlərini birtəhər xilas edə bilmişlər. Bu qaçış əsnasında qadınların və uşaqların bəzilərinin ayaqlarını don vurmuş, yaralanmışlar və sonrakı həyatalarında xəstəlikləri ilə mübarizə aparmalı olmuşlar.
Demək olar ki, kəndin mühafizəçilərinin heç də hamısı silahlı deyildi, yalnız onların bəzilərində şəxsi ov tüfəngləri olmuşdur. Kəndin mühafizəsi məqsədilə qalan əlisilahlı 17 nəfər və 2 polis əməkdaşı kəndin müdafiəsini təşkil etmişdi.
Kərkiyə hücum edilən gecə onun müdafiəsində dayanan kənd sakinlərindən Manaf Bağırov, Abbasqulu Əhmədov, Hüseyn Həsənov, Kərim Bağırov, Səlim Bağırov, Bəxtiyar Əliyev, Nizami Əliyev, Abbas Əhmədov, Vaqif Kazımov, Əli Məmmədov, İlqar Məmmədov, Nazlı Bağırova, Xavər Həsənova, Xavər Kazımova, Fəxrəntac Kazımova, Sona Məmmədova və həmin gün növbə çəkən 2 nəfər rayon polisinin əməkdaşı var idi.
Yanvarın 18-i səhərə kimi Kərki kəndi inadla müdafiə olunurdu. Lakin qüvvələr nisbətinin qeyri–bərabərlyinə, silah çatişmazliğına və dördbir tərəfdən mühasirə şəraitində olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili Xidmət Qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edənlər, mülki şəxslər və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi.
Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi, xəyanət nəticəsində düşmənin əlinə keçdi. Bu hadisələrdən sonra İrəvanda yaşayan keçmiş tanışları ilə telefonla danışarkən ermənilərin Kərkiyə hücumunda minlərlə erməni yaraqlısının iştirak etdiyini, 74 nəfərin öldüyünü və hücumu o zamankı Artaşat rayonunun birinci katibinin oğlu Tiqranın təşkil etdiyini və elə orada gəbərdiyini bildirmişlər.
Ermənilər 15 yanvar 1990-ci il tarixində hücum zamanı orada ölmüş Tiqranın şərəfinə Kərkini Tiqranaşen adlandırdılar.
Bu tarixi həqiqət Kərkinin işğalından 6 ay sonra Bakıda qəzetlərdə belə etiraf olundu: «Kərki kəndinin camaatı bir neçə il öz torpağını qorudu, amma kəndin boşalmasına fitvanı rus qoşun hissələri verdi: cəmi iki aydan sonra yenidən kəndə qayidacaqsınız, müvəqqəti yaşayış yerinizi dəyişmək, sizin təhlükəsizliyiniz üçündür, - dedilər». Neçə min illik tarixi olan qədim Azərbaycan torpağı beləcə düşmən əlinə keçdi.

Mətanət DUYĞULU
Məhəmməd NƏRİMANOĞLU


Dalidag.az


Kateqoriya: Karusel / Sosium
Tarix: 16-01-2021 11:32
Baxış sayı: 2525
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024