Kəlbəcərli şagird Londonda səhnəyə Azərbaycan bayrağı ilə çıxdı -FOTOLAR

06-07-2025 10:15
Aygün Şaiq qızı Fərəcli əslən Kəlbəcərdəndir, Masazır qəsəbəsindəki 4 №-li orta məktəbin VIII sinfidə oxuyur. Uşaqlıqdan musiqiyə böyük həvəsi vardı. Oyuncağı mikrafon kimi tutub özünəməxsus “mahnı” oxuyardu. Böyüdükcə musiqiyə həvəsi artdı. Aygünün musiqiyə həvəsini görən atası Şaiq bəy ona pianino hədiyyə etdi. Anası Günay xanım qızının əlindən tutub onun müsiqi müəllimi Vüsalə Hacıyevanın yanına apardı. 

Asəf Zeynallı adına musiqi məktəbini bitirən Vüsalə Hacıyeva Aygünün musiqiyə marağını və istedadını, musiqi duyumunu görüb onunla xüsusi məşğul olmağa başladı.
Klassik bəstəkarların əsərlərinə bir-bir müraciət etməyə başladılar. Vüsalə müəllimənin verdiyi tapşırıqları Aygün o qədər həvəslə icra edirdi ki, evdə məşq edərkən qardaşı Rəsul da pianinonda çalmağa başladı. Aygün məktəbdə Vüsalə müəllimənin şagirdi, evdə qardaşı Rəsulun musiqi “müəllimi” oldu.    
Vüsalə müəllimə dünya üzrə keçirilən musiqi müsabiqələrinin vaxtı, yeri, şərtləri haqqında  daima informasiyalar əldə edirdi. Çalışırdı ki, şagirdləri dünya musiqi festivallarında iştirak etsin. Pandemiyadan sonra müsabiqələr müxtəlif ölkələrdə onlayn keçirilməyə başlandı. 
Aygün Fərəcli ilk öncə 11-20 noyabr 2024-cü ildə Türkiyədə keçirilən XVI Beynəlxalq musiqi festivalında onlayn olaraq iştirak etdi və 2-ci dərəcəli diploma layiq görüldü. 

24 yanvar 2025-ci ildə Böyük Britaniyanın London şəhərində “Qolden Time Talent” festivalının 65-ci sezon müsabiqəsi keçirildi. Festivalda dünyanın müxtəlif ölkələrindən 11-14 yaş arası uşaqlar iştirak edirdi. 
Müsabiqə 2 mərhələdən ibarət idi. Birinci mərhələdə Vüsalə müəllimə şərtlərə görə Aygünün ifa etdiyi musiqinin video görüntüsünü göstərilən ünvana göndərdi. Füstivalın iştirakçılarını müxtəlif ölkələrdən olan 6 nəfərdən ibarət jüri qiymətləndirdi. Aygün Aleksandr Darqomijskinin   “Melanxolik vals”ını ifa etdi.
Birinci mərhələyə 28 fevral 2025-ci ildə yekun vurldu. Aygün bu mərhələdə 2-ci dərəcəli diplom alaraq finala vəsiqə qazandı.
Jüri onun ifasını yüksək qiymətləndirdivə finala vəsiqə qazanan Aygünü  “Qolden Time Talent” festivalının finalında iştirak etmək üçün Londona dəvət etdilər.   
Aygün 4 iyun 2025-ci ildə anası Günay xanım və qardaşı Rəsulla Londona uçdu. Finaldan bir gün öncə Aygünə şərait yaradıldı ki, pioninoda məşq etsin.
Məşq zamanı Aygün Fərəclinin zəirf barmaqları pianinonun dillərinin üzərində gəzişdikcə, ürəyinin quş kimi çırpındığını gizlətməyə çalışırdı. Narahat idi ki, final günü həyəcan keçirər və musiqini düzgün ifa edə bilməz. 
Final günü çatdı. İştirakçılar bir-bir səhnəyə dəvət olunurdu. Növbə Aygünə çatanda anası dedi:
-Qızım, bu gün sən dünyanın gözü önündə Londonda səhnədə Azərbaycanı təmsil edirsən. Ömründə ilk dəfə dünya müsabiqəsində Azərbaycan bayrağını qaldırmaq sənin qismətinə düşüb. O bayrağı ucalara qaldırmaq sənin bu günkü ifandan asılıdır.
Aygünün bütün həyəcanı bir anlıq yox oldu. İnamlı addımlarla səhnəyə çıxdı və pianinonun arxasında qürurla oturdu. Barmaqları dillərin üzərində gəzişməyə başladı...

Aygün son akkordları vurub, əllərini pianinonun üzərindən ehmalca götürdü və salonu gurultulu alqışlar bürüdü. Ayağa qalxdı, gözləri salonda anasını və qardaşını axtardı. Onlar da tamaşaçılara qoşulub Aygünü alqışlayırdı...
Müsabiqə sona yetdi. 70 nəfər iştirakçılar arasında Aygün Fərəcli 2-ci dərəcəli diploma layiq görüldü. Diplomu almağa dəvət ediləndə Azərbaycan bayrağı ilə səhnəyə çıxdı. 
Masazır 4 №-li tam orta məktəbin müəllim və şagird kollektivi də Aygün Fərəclinin uğurlarına şərik oldular. Biz də Aygünə yeni uğurlar arzu edirik!

Mirvari Elsevər
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Dalidag.az








Kateqoriya: Manşet
Tarix: 06-07-2025 10:15
Baxış sayı: 239
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını