R

01-07-2026 11:20



QAYITDIM

Əvvəl bu dünyada bir yuxu gördüm,
Sonra da röyamı yozub qayıtdım.
Bu həyatda hər gün gördüklərimi
Ömür kitabına yazıb qayıtdım.

Qürurum yolumda keçilməz qaya,
Dərdlər qəlb evimdə durdu sıraya,
Doyunca baxmadım bu tamaşaya,
Uzaqdan gözucu süzüb qayıtdım.

Amansız fələkdən çox gördüm həmlə,
Yaxın sirdaş oldum kədərlə, qəmlə,
Kağızın üstündə lələk qələmlə
Özüm öz qəbrimi qazıb qayıtdım.

DÜNYANIN İÇ ÜZÜ

Ömrümüzün yollarına,
Duman, yağış, sis bürünür.
Çıxır astarı üzünə,
Hərdən iç üzü görünür.

Fələk də bizə zülm edir,
Bəxtimizin gözün didir,
Gedənlər uçaraq gedir,
Yerdə qalanlar sürünür...

Hüznlü payız axşamı,
Kədərə qərq olub hamı,
Küləklər üfürür şamı,
Dünyanın işığı sönür...

ÜRƏYİMİ

Min ildir gözüm yoldadır,
Gümanlar məni aldadır,
Həsrətin döyüb ağladır,
Xısın-xısın ürəyimi.

Hicran nə yaman acıdır,
Gözlərimi hey acıdır,
Bədənim dar ağacıdır,
Dərdim asıb ürəyimi.

Bu nə barış, bu nə dava,
Dağıldı qurduğum yuva,
Dərdi-qəmim qova-qova,
Küncə qısıb ürəyimi.

Qulağımda addım səsi,
Gəlmədi ölən həvəsim,
Üstündə «hicran» kəlməsi,
Eh, toz basıb ürəyimi.

SƏN YOXSAN

Sən yoxsan,
Bayırda
bahar fəslidir.
Amma bənövşələrin
boynu bükükdür
hələ də...

Sən yoxsan,
Bayırda
yay fəslidir.
Günəş həsrətindən
alışıb-yanır.

Sən yoxsan,
Bayırda
payız fəslidir.
Sarı yarpaqlar
təbiətin
qırmızı xəyanəti üzündən
intihar edir.

Sən yoxsan,
Bayırda
qış fəslidr.
Küçələrin buzunu
ayrılığın alovu
yandırıb-yaxır...

Sən yoxsan,
Bütün fəsillərdə,
bütün aylarda,
bütün günlərdə
içimdə
sənsizlik havası var...

İLAHİ

Sən tökdüyün dərdləri,
Mən yığıram, İlahi.
Qəlbimdə qəm çoxalır,
Sıxılıram, İlahi.

Bir ömürdə min bir sirr,
Ahım daşları dəlir,
Dərdim üst-üstə gəlir,
Çıxılıram, İlahi.

Zamansız yağdı qarın,
Saçıma narın-narın,
Soyuyur insanların,
Yaxılıram, İlahi.

Səni duyduğum andan,
Razıydım keçəm candan,
Çıxdığım nərdivandan,
Yıxılıram..., İlahi...

YORDU MƏNİ

Ayrılığın əsən yeli
Xəzantək sovurdu məni.
Sənsizliyin qəm sacında
Qor kimi qovurdu məni.

Nə yaxşı ki, xəyalın var,
Həsrət hər gün məni yoxlar,
Hicranın atdığı oxlar
Ürəyimdən vurdu məni.

Çox getdim, yolu bulmadım,
Ha qoydum, boşum dolmadı,
Olmadı, vallah, olmadı,
Bu dözümlər yordu məni.

GEDİRƏM

Ömür adlı bir dənizdə,
Qəvvas tək dalıb gedirəm.
Cavanlaşan dərdlərimlə,
Hər gün qocalıb gedirəm.

Dərdlərimə yanan Ana,
Tale məni yığıb cana,
Bilinməyən bir ünvana,
Bir məktub salıb gedirəm.

Əl çəkməyir məndən qada,
Bir kimsə yetməyir dada,
Hər şey satılan dünyada,
Başımı alıb gedirəm.



Kateqoriya: ---
Tarix: 01-07-2026 11:20
Baxış sayı: 3
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını