Reklam
"Ürəyim köhnə əlyazma kimi asılıb köksümdən..." - Vüsal Hicran
27-06-2026 15:34
Vüsal HicranDalidag.az Sevinc Qəribin təqdimatında Vüsal Hicranın şeirlərini təqdim edir:
* * *
Dərd çinar boydadır, dərman qələmə,
Sən nələr çəkirsən, a yazı masam.
Tənhalıq güc gələr, kağız, qələmə,
Bu qəm dumanından ayazımasam.
Axı nə yazmışam, bir-iki sətir,
Sözü təzə-təzə hecalayıram.
Yenə dərd göyərir, yenə qəm bitir,
Sevinci kədərə ha calayıram.
Həsrət sağ əlini günün birində
Başıma gətirib, əlimə çəkib.
Sevincdən yazdığım şeirlərin də
Bir suyu elə bil ələmə çəkib.
Yazmazdım ayrılıq şeirləri də,
Söz yatmır sığala, gəlmir qılığa.
Yaxşı ki, ayrıldıq, dəyişmədin sən,
Səni dəyişsəm də, bu ayrılığa.
ÜRƏYİM
Ürəyim köhnə əlyazma kimi asılıb köksümdən.
Qədim heroqliflər kimi
oxuyan tapılmır bircə kəlməsini.
Göz yaşım toxunduqca silinib bəzi hərfləri.
"Sev"dən "ev"qalıb.
"Doğru" nun birinci hərfi düşüb.
"Adam"ın da son hərfi.
"Doğru sev, adam"dan
Oğru, ev, ada qalıb.
Göz yaşım necə qıyıb bu qədim yazılara..
Yazığım gəlir məni oxumağa gələn şünaslara..
Daşın, suyun dilini bilənlər
Bu başqa yerdəndir dedilər..
Dalğaya bənzəyən işarə gördülər rentgendə..
Dəniz ürəyində hardandır dedilər..
Kimsə fanarla gəzir içimdə
İşıq salır
Muzeyə düşən işıqlar kimi...
Məni yarım qalmış nəğmələr kimi oxuyanlar
Gedib biri-birinə izah edirlər
Dərsi məktəbdə yaxşı başa düşməyən uşaqlar kimi..
Eşidən, görən istəyir
Bu köhnə əlyazmadan nəsə oxusun!
Mənə qəlbi yüz yerdən qırılmış bir adam gətirin,
Məni birnəfəsə oxusun...
* * *
O qıza deyin ki, unutsun məni
Görüşə gəldiyi yeri unutsun.
O mənə yazdığı bəxtsiz məktubu
Mən ona yazdığım şeiri unutsun.
O qıza deyin ki, qəmlər içində
İtmişəm, batmışam, yox olmuşam mən.
Onun əllərindən bərk tuta-tuta
Onun ürəyindən yıxılmışam mən.
O qıza deyin ki, dəyişmişəm mən,
Sulara qərq olan adayam indi.
Qayğılar içində itib-batmışam,
Bir körpə balaya atayam indi.
O qıza deyin ki,məni gəzmsin,
Yoxam o şəhərdə, şəhər var ancaq.
O şəhər yaxşı ki, qalıb yadımda,
İlahi sən mənim ürəyimə bax.
O qıza deyin ki, ona deyin ki
Yaşanan hər sevgi zamana dönmür.
Deyin ki, ünvanı itirən gəmi
Dönür bir gümana, limana dönmür.
O qıza deyin ki, yollarım üstdə
Bir quru ağaca dönüb qalmasın.
Hər axşam düşəndə məni düşünüb
pəncərə önündə donub qalmasın.
O qıza deyin ki, mən daha yoxam
Ömrümdən ömürlər başlamaz mənim.
Bir az qocalmışam, sönüb gəncliyim
Görsə bu görkəmdə xoşlamaz məni.
O qıza deyin ki, sevgi yalandır,
Adının üstündən adımı silsin.
Unutsun telefon nömrəmi bir də,
Nə də hərdən-hərdən yuxuma gəlsin.
O qıza deyin ki, dəyişsin o da
Qoluma girdiyi qolu dəyişsin.
Silsin saçlarından əl izlərimi,
Yolda qarşılaşsaq, yolu dəyişsin!
* * *
Heç sən də az aşın duzu deyilsən
Mən də bilirsən ki, aşı sevmirəm.
Ay aşın altını yandıran usta,
Sənin də gördüyün işi sevmirəm.
Üstünə düşən od altından düşür.
Kimdir bu ocağa gizli od verən?
Sözü yerə düşən atından düşür,
Duz yerə düşəndə nə düşür görən?
Deyir, dava düşür duz töküləndə,
Günahı bu yerin üstə yıxmışıq.
Ay duzun üstünə qənd atan adam,
Biz axı bu duzu yerdən yığmışıq...
Demə ki, yer pisdir, o and içdiyin,
Sünbül çörəyi də yerdən yığıblar.
O yerə düşəndə kədərləndiyin,
Gülü, çiçəyi də yerdən yığıblar.
Bir adam tapmırıq dara düşəndə,
Sən də adam tapdın sözə qoymağa.
Çörək də tapmırıq yerə düşəndə
Öpüb, əzizləyib gözə qoymağa.
İndi nəyə desən and içərəm mən,
Sevməyən ürəyə and içə bilmir.
Zibil qutusunda çörək axtaran
Atalar çörəyə and içə bilmir.
Canına and içir ac balasının,
Göz yaşı içinə axır atanın.
Tox vaxtı sözünə baxmayan uşaq,
Ac vaxtı üzünə baxır atanın.
Bir gözlə baxıram Allaha sarı,
Bir gözüm çörəkdə duzdadır mənim.
Mən bu duzsuzlara baxıb ağladım,
Bəs niyə göz yaşım duz dadır mənim?
Adam nə yaşayır, nə ölə bilir,
Həyatın dadı yox, ölümün duzu.
Əlimdən duz alan kəsdi əlimi
Sən demə,yoxuymuş əlimin duzu...
Yoxa çəkilirmiş şirin arzular,
Yerində çəkilməz acı qalırmış.
Bütün yaraların gözü, sən demə,
Duz düşmüş göz kimi açıq qalırmış.
* * *
Bircə dəfə kömək istəmişdim
Riyaziyyat dərsində əlini hamıdan tez qaldıran qızdan.
Bu iş mənlik deyil axı.
Tənliyi iki dəqiqədə
həll eləmişdi.
Əvəzində mənə bir
şeir yazarsan demişdi.
Şeir tənlik deyil axı.
Yazırsan barışmırlar,
Yazmayanda da küsə qalır.
Nə qədər həll etsən
Yenə yarımçıq nəsə qalır.
Lap ana dili dərsində də olur belə şeylər..
Nə bilim,
Bəlkə də, bunun adı xamlıq idi.
Bir söz varıydı e
Cümlənin ortasında gəlirdi,
Altından qırıq-qırıq, natamam xətlər çəkirdilər.
Amma, deyəsən, adı tamamlıq idi...
* * *
Adı Tutqu idi, suları tutqun,
Bizim kəndimizdən bir çay axırdı.
Səni xatırlamaq, ay doğma kəndim,
Səni itirməkdən daha ağırdı.
O vaxtlar kağızdan gəmi düzəldib
Tutquya atmışdım, kaş atmasaydım...
Uzaq sahillərə getməzdi gəmim,
Dalınca bir yekə daş atmasaydım.
Dalınca yüyürdüm, çata bilmədim,
Yazıq gözə gəlib, nəzərə gəlib.
30 il sularda üzüb, yorulub
Axırda o gəmim Xəzərə gəlib.
ŞAİR
Gördüm bu hikməti neçələrində,
Hər şair gətirmir dilə nər sözü.
Şair var sənətin küçələrində
Düşüb qapı-qapı dilənər sözü.
Bir qom bənövşənin, bir sünbül dənin
Yükünü bir ömür uzunu çəkir.
Şair tanıyıram, hər saniyənin
Ərköyün qız kimi nazını çəkir.
Çiçəyim, ləçəyim buz altda qalıb,
Hər daşın,ağacın şair dərdi var.
Amma ömrü boyu söz altda qalıb
Dil altda qalmayan şairlər də var.
Kiminsə xətrinə dəyirəm bəlkə,
Bölünmüş dərdləri hələ bölən var.
Şeir dünyamızda deyirəm, bəlkə,
Ölən şair yoxdu, şeiri ölən var?!
Şöhrəti özünə çoxu yar bilir,
Yüz ayağa düşür, yüz əldən çıxır.
Xalının dilini toxuyan bilir,
Tələdən tələni düzəldən çıxır.
Bu danlaq sifəti gözümə soxma,
Hanı bu dünyanın mən görən üzü,
Hanı mən gördüyüm adam balası?
Deyirlər, yüz əyri kəsmir bir düzü
Kəsibdir, görmüşəm, atam balası.
Şeir qulağımda şaman səsidir,
Könlüm ayağına düşən xalıdır.
Atılan güllədir yazılan şeir,
Harasa, kiməsə toxunmalıdır.
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-06-2026 15:34
Baxış sayı: 3104Yazı axını
27 / 06 / 2026
27 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
Ən çox oxunanlar




























