"Alovdan köynək geyən ruhum da sənlə yandı..." - Banu Muharrem

28-06-2026 12:47
       Banu Muharrem

Dalidag.az Sevinc Qəribin təqdimatında Banu Muharremin şeirlərini təqdim edir:

* * *
Bu uzun ayrılığa canım necə dayandı?!
Təbibim, sən bilirdin -ürəyim ağrıyandı.
Dəniz yaxşı gələrdi, havası da, suyu da.
Sən qaçdığım sahildin, su da, sahil də yandı.

Tilsimləndim  sözünə, kilidləndim səsinə
Gözlərimə nur verdin, səhər sənə oyandım,
Dadın dualarımın yağış hədiyyəsiydi,
Yağışlara susayan dodaqlarım da yandı.

Səndən uzaq yanarkən, adınla idi andım.
Sənə səcdəgah, pir, ocaq kimi inandım.
Sən istiyə dözməzdin, soyuğundan odlandım,
Alovdan köynək geyən ruhum da sənlə yandı.

Qanadlanmış quş kimi çırpınardı ürəyim,
Hər geri addımımda gözlərinə dayandım.
Göylər doğrularındı, yerdən göyə yalandın. 
Gözlərimin yaşı da yalanlarında yandı.

* * *
Bir şeir ağrıyır içimdə hərdən,
Dinib yatızdırır məni sözləri. 
Hərdən darıxdırır, qəfildən susur. 
Bir qadın dilində layla səslənir:
"Laylay, balam ,a layla.."

Batıb qızılgülə yuxu tapardım,
Şirin yuxularım dadından çıxıb. 
Başımı qoyduğum qadın dizində 
oxşanan saçlarım yadımdan çıxıb. 
"Körpə quzum, a layla.."

Hardansa bir qadın düşür yadıma. 
Əlində saçlarım- çələng dəstlənir. 
Əlçatmaz, ünyetməz divarlarımda 
Bir qadın cismində xərçəng bəslənir:
 -"Sən get şirin yuxuya..."

Qəfildən yuxumda oxuyan qadın! 
Qəlbimdə inləyən incə səs nədir?! 
İndi yaddaşımda laylan qocalır,
Yaşlanıb içimdə ağı səslənir:
- "Çəkim keşiyin,lay -lay.."

Qoxunu torpaqmı əlindən alıb?!
Küləyə nəfəsmi vermisən, qadın?!
Üfüq laylasında səsini duyub,
Sərməst gözlərini unudub yadım:
-Laylay deyim yatasan..

* * *
Susqunluğum  yanmaqmış,
alovları udmaqmış.
Uddum,
ocağım söndü.. 

Sən ki,heç yatmamışdın,
yuxu da görməmişdin.
Yatdın, gözlərin döndü...

Ağlımda susdurduğum bütün sözlər dirildi. 
Əlifbadan bircə hərf yaddaşımda qalmadı. 
Çəkib tökdüm içimdən qırğınlığı birbəbir.
Ürəyimdə ölənlər yaddaşımda dirilmir.

Mən səbirsiz adamdım, çox desəm də- Ya  Səbir.... 
Qəlbin qırılmışına neyləyə  bilər  səbir?! 

Əlifbadan içimdə bircə hərf buraxmadın.
Qəlbində gizlətdiyin bütün sözlər dirildi.
Susdum,gözlərim doldu,
ürəyim də dözmədi.

Heç belə olmamışdım.
Mən deyingən adamdım.
Mən belə susmamışdım.
Susdum.. .

Sən də gördünmü?
-Susqunluğum ocaqmış,
Alovları udmaqmış,
Uddum! 

Ocağım söndü ..
Bax gör için soyudu?!
Bundan sonra içində
yoxluğumun toyudu.
   
* * *
Qaranlıqdan kölgə olub keçməyə
Qaranlığın korluğunu geyindim. 
Necə gözəl kor olmuşdum sevdaya,
Kor şeytana nə yenildim, nə yendim.

Axı görmək tutunmaqdır, hökümdür.
Gözlərinə qapanmışdı gözlərim. 
Kor da könül görə bilir- mümkündür. 
Gec olmazmı qapananda gözlərim?!.

Yer üzündə bağlı olan qapının
mərhəməti bizdən niyə uzaqdır? 
Göy üzünə yox gözüylə açılan
quyuların kor qalmağı, nə haqqdır?! 

Korluğuma bir könüllük baxış ver. 
Nə mən Eyyub, nə sən Allah - deyilik!. 
Mən görmürəm, Günəş deyir:"Doğmuşam". 
Günəş bilmir biz dünyanın təniyik.

Kəlmələrim yerə düşür ovcumdan.
Ümidlərim kor-koranə üzülür.  
Mən heç korluq çəkməmişəm yoxluqdan
Rənglərimə qaranlıqlar düzülür. 

Dənizlərdə, çəmənlərdə qaçmağı 
Sevirsənsə, gözlərini yumub gəl. 
Kor quyu tək incidirsə özləmim. 
Kor şeytana! Sən Günəşə uyub, gəl! 

* * *
Mən sənsiz ölərəm dediyim halda 
Gözümdə öldürdün özünü, adam. 
 
Necə füsunkarmış zəhərdən dilin,
Necə ovsunkarmış axan gözlərin. 
Necə unutmazmış keçmişi ağlın,
Necə isti imiş soyuqluqların,
Necə uydurmaymış boş nağılların-
      susub gözündəki yalvarışlara
      uydurdu məni də boş baxışlara.

İçində gizlənən yad naxışlara,
inandım!
Ölmədim..
dirildim bir də. 
Gül indi halıma !
Doyunca gül də... 
Sənə inanmışdım bu zəmanədə..

Kaş ki öz içimdə öləydim, adam. 
Mən səndən yıxılıb, sənə öləydim. 
Sən məndən yıxılıb, gözümdə öldün. 

Sən mənə öl desən, baxıb ölərdim. 
Sən yalan içində yıxılıb öldün. 
"Mən sənsiz ölərəm" dediyim anda,
"sən açdın gözümü, fövqəl məqamda"..
Oyanıb sənli bir şirin yuxudan
gözümü açınca  gördüm ki, gecdi.. 
Sən məndən yıxılıb, gözümdə öldün.
 
* * *
İçimdə bir  ümid var- hardan baxsam üzsüzdür.
Sənə çıxan yollarda  istiqamət dümdüzdür.
Gecələrim  gündüzdür.

Unudurdum az qala- insanmışam, daş deyil.
İçindəki sevgiyə gözlərim sirdaş deyil?!
Eşq - gözlərdə "yaş"  deyil?!

Sən Tanrının cibindən mənə düşən siftəsən
Sən nə gözəl şükürsən? Xatırlanmaq istəsən,
-mənim gözüm  üstəsən!

Dünyanın sevinci su, dərdi balıq olaydı.. 
Sənin su dənizinin tək balığı olaydım,
İçib səndən doyaydım.

Bu yolu tapdın, bildin -"yol sevginin yoludur" .
Sarılmaq ev yoludur, bizə gedən yol odur.
Sevgi necə uludur. 

Ümidimin dibi də, Tanrıların cibi də, 
Sarılmağa qucaq da, dənizlərin dibi də.
Daha sənin əlində.

İçimdə bir ümid var- hardan baxsan üzsüzdür.
Sənə çatan döngədən istiqamət dümdüzdür.
Bundan sonra gündüzdür.

* * *
Göy üzündə, yer üzündə
Gecəsində, gündüzündə..
Hər yeni gün aydınlıqdır. 
Sənin olmaq əminlikdir, 
                -amanlıqdır. 

Sənə uzaq, səndən uzaq
Sənsizliklər bizə  tuzaq.. 
Ümidlər də bulanıqdır. 
Sənsiz olmaq  sonsuzluqdur,
                     -qaranlıqdır. 

Fırtınada ,qar -ayazda
Dərinliyəm dayazlarda.. 
Dəli külək qərarsızdır. 
Həsrət,hicran nə arsızdır..
                    -amansızdır. 

Gül də açsa, quş da uçsa
Bir ahıma dağlar uçsa,
Mən sağ çıxsam-imkansızdır.
Deməzlərmi: - "bu qansızdır?.." 
                     -imansızdır? 

Sənsiz olmaq sonsuzluqdur, 
                      -qaranlıqdır. 
Sənin olmaq     əminlikdir,  
                      -amanlıqdır. 
Taxtım göydə samanlıqdır. 
  Gedəcəyəm, zamanlıqdır .. 

* * *

Əlim ürəyimə düşmən kəsilib. 
Dərdimin çarəsi əlimə çatmır.
Sən olan tərəfim dünən yıxılıb,
Dünəni tutmağa qəfəsim çatmır. 

Bu -nə şikayətdir, nə təlaş deyil.
Sevgi həyəcandır,alnın yaş deyil?!
Bu ki təmənnasız  nümayiş  deyil..
Bircə bağırmağa nəfəsim çatmır.

Səni də yoruram, məni də hərdən.
Ayırmaq çətinmiş,  eşqi qəhərdən.
Sənə gecikdiyim dünən səhərdən
izahat istəyir,  əsasım çatmır.

Mütləq xoşbəxt olur böyük adamlar,
Yollar olmaz belə,qalmaz nahamar.
Düyün tək düşəndə könlünə xumar
gözlərim.Önündə məhbəsin çatmır.

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-06-2026 12:47
Baxış sayı: 399
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını