Reklam
"Bir şəkillik boş yer qalıb könlümdə..." - Aida Adıgözəl
24-06-2026 16:37
Aida AdıgözəlDalidag.az Sevinc Qəribin təqdimatında Aida Adıgözəlin şeirlərini təqdim edir:
METAMORFOZA
Doğulmaqla ölməyin arasında olan məsafəymiş ömür adlı körpü...
Şəkil olmaq üçün bir tək səbəb varmış - "ölüm"!
Fırladıram "Ömür kitabı"mın lent yazısını geri,
nə qədər tanış üzlər,
nə qədər zəhləmgetmişlər...
Dərindən nəfəs almaq istəyirəm,
nəfəs yerinə yanıqlı bir ah qopur itirdiklərimi xatırlayanda.
İlk ata nənəmi xatırlayıram,
yaylığı müharibə qoxulu,
Ana çağırdığımız,
bir payız səhərində
insultdan səksən iki yaşında ölən nənəmi...
Ölmədən öncə bizə gəlməyini
cibindəki konfetləri nəticəsi Ruslana verməyini,
qohum evlərini son kəs gəzib
sanki vidalaşar kimi gedən ürəyi dörd övlad dağlı nənəmi xatırlayıram.
Sonra məni hönkürərək lampa başına fırladan ucaboylu kişini,
bir on səkkiz yanvar səhərində,
səkkizə on beş dəqiqə qalmış,
insultdan iflic olmuş
üç illik yataq xəstəsi,
ölən atamı xatırlayıram...
Atam deyib boynuna sarıldığım biri varmış demək haçansa.
Otuz üç yaşımda yetimliyimin başladığını
qəfil aldığım bu ölüm xəbərindən
güzgü qabağında durarkən
sürətlə ağaran saçlarımdan anladım...
Sonra könlümə girənləri düşünürəm,
içərisi tüstü-duman kimi qaynayan beynimin ağrılarla göynəyən son gücüylə.
Sevərək gedənlər,
tərk edərək çıxanlar,
üzdüklərim, darıxdıqlarım, darıxanlar...
Sonra "kəskin miokard infarkt" xəstəliyinin
adını eşitdim ilk dəfə,
iyirmi doqquz sentyabrda...
Mən ölüsünün başında ağlayan qadınlara
necə qibtə etdiyimi etiraf edimmi sizə?
Necə həsədlə,
həsrətlə seyr edib ürəyimdə - "sən bu anda bədbəxt yox,
dünyanın ən xoşbəxt qadını olduğunu
heç vaxt anlaya bilməzsən Qadın"
- demişdiyim oldu...
Çünki mən bu "xoşbəxtliyi" yaşamamışdım.
İyirmi dörd illik ömür yoldaşımın son anında
əllərindən tutub
başımı alnına söykəyib
səsim göylərə çatacaq qədər
göyərə-göyərə bağıraraq
nəşinin üstündə ağlaya belə bilməmişdim!
Mənsiz dəfn etmişdilər
ürəyi olmayan əclaf qohumları,
mənsiz!
Sən bu ağrını sinəyə çəkə bilməzsən Qadın,
bilməzsən!
Uzaqlarda,
ilğımın titrətdiyi üfüq toranlığında
xəyala dönən körpənin səndən uzaqlaşması qədərdir
analığı dada bilməmək...
Quşların çarəsiz baxışlarında
ilanın uca qayalıqlara dırmanıb
yumurtadan təzə çıxmış ətcəbalalarını yeməsini qışqıraraq seyr etməsi kimi!
"Ölü" adlı insanın morqa köçməsi üçün
tikilmiş yermiş demək ki reanimasiya!
Sənə son sözüm,
məni yadında saxla,
nəfəsimi, ruhumu, səsimi,
səni qucaqlayan qollarımı,
öpüşlərimi, bədənimin istisini,
utancaq baxışlarımı,
hər şeyi,
hər şeyi...
Bəlkə yüz əsr sonra yenidən rastlaşarıq bu dünyada,
adımı nə istəsən çağır,
lap elə,
lap elə
REİNKARNASİYA...
GEDİŞ
Gedəcəyəm bu şəhərdən bu gecə,
bəlkə elə indi, indi, indicə.
Düşünürəm ovucumda saçlarım
qayıtmayım bu şəhərə ölüncə.
Qayıtmayım, dalımca at qara daş,
nə dost tapsın məni, nə qohum-sirdaş.
Elə gedim izlər özün itirsin
yollar da karıxsın, qalsınlar çaş-baş.
Yollar də karıxsın itən kölgəyə,
bu qəfil gedişə, çarpaz döngəyə.
Saralsın gözlərin kökü həsrətdən
ümidlər üzülsün, dönə, dönməyə.
Ümidlər üzülsün, sən şəhərlə qal,
boğazını sıxan küt qəhərlə qal.
Axtarsın gözlərin küçəbəküçə
gedim, sən açılmaz bu səhərlə qal
* * *
Bütün dövrlərin ayrılıq şəkilləri olur,
istər divarda çərçivədən asılmış,
istər könülə panolanmış...
Ya təbəssümlə,
nifrətlə baxarsan divara,
ya da gözlərini yumaraq
iç dünyana səpələnmiş
şəkillərdə qalmış adamları axtararsan.
Kimi hələ ağladar,
kimi hələ ağrıdar,
kimi də gözlərini yandırar!
Baxır səndən necə ayrılmasına...
o şəkildə salarsan yola adamları!
Mən unuda bilirəm adamları,
tək xatırladığım boş çərçivələr olur...
Gedənlər o qədər ki...
divarlarda yer də yox gələnləri asmağa!..
Hələ könlümüzdə...
ömür azaldıqca daralır yerləri gəlib ‐ gedənlərin.
Baş daşına dönməyə nə var ki...
əcəl almağa gərək yox!
Gözlərində öldüsə
könlündəcə dəfn edirsən
bir göz qırpımında...
Bir şəkillik boş yer qalıb könlümdə,
bəlkə də elə O sənsən,
tələs...
GƏL
Tamarzıyam səndə qalan günlərə,
bir qucaqlıq, bir sinəlik ölüm, gəl.
Həsrət adlı xərçəng sardı canımı,
ağrılara, acılara gülüm, gəl.
Coşub yenə içimdəki qəm... daşır,
al əlimdən bu kədəri sən daşı.
Yüküm ağır, yolum çətin, mən naşı,
gəl tufanım, gəl yağışım, selim, gəl.
Sən gedəli lal olmuşam, susuram,
xoş günlərim parça-parça... qusuram.
Tapdanmaqdan sınıq-sökük hasaram,
gəl dodağım, gəl ağzımda dilim, gəl.
Əcəl gəldi qapım döydü dünən də,
"gəl al" ‐ dedim həm cismimi, ruhən də.
İtirmişəm vətənimi sinəndə,
yurdum-yuvam, kənd-kəsəyim, elim, gəl...
* * *
Elə kövrək yağış yağır,
həzin-həzin, narın-narın.
Elə şirin səsi gəlir
nazlı-nazlı rəqs eləyən
muncuq-muncuq damlaların.
Mən hamısını tanıyıram o səslərin...
Darıxmağın səsi ayrı,
kədərin boz hıçqırığı.
Hələ, hələ tənhalığın
nəm qoxuyan otaqlarda
o dəhşətli qışqırığı...
Mən hamısını tanıyıram o kəslərin...
Gözlər var ki kimlər düşmüş,
ürək var ki qırıq-qırıq.
Hey çığırırır öz içində
- "üşüyürəm, qış qurtarmır,
pəncərələr sınıq-sınıq"...
Mən hamısını tanıyıram "əbəs"lərin...
GET...
Ürəyimdə məzar tikdim sən adlı,
qəm çiçəyin gətir basdır, bitir get.
Qaytar mənə səndə olan nəyim var,
gəlişinlə izlərini itir, get.
Ağrıların, sancıların adamı,
yaddaşından sil gizlincə adımı.
Boğulduğun dəniz idi, adamı,
əllərimi qayıq elə götür, get.
Bir gün yenə günəş çıxar, haçansa...
Bir gün ümid sabahlara oyansa.
Gözün azıb pəncərəmə boylansa,
al qəlbimi, ümidlərə ötür, get.
Yavaş-yavaş kölgələrə dönürsən,
gözün yolda, boynubükük gedirsən.
Kor gözlərim görür necə sönürsən,
getməmişdən səni mənə gətir, get.
* * *
Bu filmi də bitirdik,
izlədik son sıradan...
Mən söz verdim özümə,
hamını unudacam!
Bədənimdə kök salmış,
illərin yaraları,
dəmir, paslı qəfəsim, - səni də sındıracam!
O sızlayan sətirlər...
köhnə,
keçmiş eşqimə həsr etdiyim şeirlər,
gecə - gündüz ağlama ürəyimin içində, -
"məni unutma" - deyə,
səni də susduracam!
Səni,
səni,
bax səni,
bütün könlümdən keçən, -
bir küçənin tinində haçansa toqquşduğum,
bir içki məclisində deyəsən vuruşduğum,
teatr foyesində söz üstə boğuşduğum,
bəlkə də dağ başında,
hansısa unudulmuş çökmüş yolayrıcında, rastlaşdığım adamlar,
hamınızı unudacam!
Qəflətən gələn qonaq
səni lap unudacam,
əvvəlcə külək olub
gümüşləmiş saçını alnına dağıdacam,
sonra
sənə yazdığım sonuncu şeirləri
könlümə qanad edib havaya uçuracam...
Qoy uçsun hara gəldi,
xallı kəpənək kimi
bir gün qonar ovcuna
bəlkə xatırlayarsan sonuncu şəklim kimi...
Mən söz verdim özümə,
bütün sevdiklərimi, hamısın unudacam!
Sonra,
sonra özümü
götürüb zirzəmiyə
bütün köhnədən qalan
yaddaşımda nə varsa,
hamsın töküb üstümə gizlincə yandıracam!
Xəbəriniz olmadan
bir gün belə
səssizcə,
hamınızı unudacam...
* * *
Sənlə rastlaşanda payız gəlmişdi.
Sənin saçlarına nə qədər qırov,
mənim gözlərimə sazaq düşmüşdü.
Biz üşüyürdük...
İkimiz ağsaçlı, gözü eynəkli,
soyuqlar düşəndə canı ağrıyan,
ümidsiz sevgidən qəlbi göynəkli.
Biz tanış idik...
Bəlkə, şeir idi bizi bağlayan,
bəlkə, misraların tilsimindəydik,
bəlkə, sözlər idi bərk əfsunlayan?
Biz sözə aşiqdik...
İndi qarşımızda bir fincan tünd çay,
gözümüz yumulu, barmaqlar qatdaq,
görüş günümüzü hesabla say, say...
Biz darıxırdıq...
Qarışmış bu ara bir az duyğular,
pərdə arxasında qara kölgələr,
könüllər pəjmürdə, artıb qayğılar.
Biz uzaqlaşırdıq...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 24-06-2026 16:37
Baxış sayı: 395Yazı axını
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
Ən çox oxunanlar




























