Reklam
"Yaşayaraq yetəmmədim mən sənə, indən belə ölə-ölə yetəcəm..." - Vasif Süleyman
26-06-2026 13:42
Vasif SüleymanDalidag.az Sevinc Qəribin təqdimatında Vasif Süleymanın şeirlərini təqdim edir:
GƏLSİN
Eşqin ayrılıqdan keçən yolu var,
Keçimmi… ayrılıq havası gəlsin.
Bu eşqə göylərdən fərman verilib,
Tanrım, aç sirrini, mənası gəlsin.
Bu ömrün sonudu - bu eşqin sonu,
Əllərim alovun içində donur.
Yerlərmi, göylərmi yaratmış onu,
İnsan yaradıbsa... anası gəlsin.
Gecə gördüyümü danışdım suya,
Gözümə gəlməkdən usandı röya.
Yandıra-yandıra gəlib dünyaya,
Varmı məndən gözəl yanası...
HƏR GECƏ BİR ŞEİR QIRILAN ÖMÜR
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
Çiçək ömrü kimi qırılır elə,
Kim deyir nəyisə itirmək asan…
Mənim itirdiyim bir yana hələ,
Sən bu ayrılıqdan nə qazanmısan…
Nə qəm ki, yuxuya bənzəyir eynən,
Fələk qapımızı daşlayan kimi...
Bir də baxıram ki, səni deyrəm,
Misranı sevgidən başlayan kimi.
Sən bu viran ömrün harasındasan,
Həsrətinin dadını kimdən dadmışam...
Sən adda möcüzə vardımı yerdə,
Yoxsa şeirlərnən mən yaratmışam...
Gerçək olduğunu mən belə bilməm,
Xəyal kimi sevdim, daha nə kimi...
Sonra danışarlar, fani dünyaya,
Səni saxlayıram əfsanə kimi.
Bu da yol ayrıcı, o köhnə dalan,
Sənsiz viran olub yorulan ömür.
Hər səhər bir misra tökülüb qalan,
Hər gecə bir şeir qırılan ömür.
YIXIR
Havalı ürəyin istisi, hanı…
Məni gözlədiyim bir muraz yıxır.
Özümüz yıxmışıq bu xanimanı,
Fələk dediyimiz vallah, az yıxır.
Beləmi yaradır insanın ağlı,
Səltənəti uçuq, taxtı dağılı.
Olan ürəyimdir - qolları bağlı,
Olmayan küməmi nə taraz yıxır…
Dili yox, "neyçün"süz, "niyə"siz qalıb,
Bəlkə Yaradana deyəsiz...qalıb.
Bir halal sevgidir, yiyəsiz qalıb,
Məni qürur yıxır, onu naz yıxır.
YETƏCƏM
Sənə yetmək nağıldan da betərdi,
Mən deyəsən elə belə yetəcəm.
Çəkəmmirəm, ömür bura qədərdi,
Günlərimi silə-silə yetəcəm.
Yetən gedib cənnətinə yetdi ta,
Axtardığım bir ömürlük itdi ta.
Bundan sonra tam olmağım getdi ta,
Damla-damla, gilə-gilə yetəcəm.
Göydə idin, gedəmmədim mən sənə,
Gülü gülşən edəmmədim mən sənə.
Yaşayaraq yetəmmədim mən sənə,
İndən belə ölə-ölə yetəcəm.
EYLƏMƏDİ
Tapdım gözlərimdə bəxtin ağını,
Arzum həsrətimnən baş eyləmədi.
Mən gördüm ürəyin ağlamağını,
Ağladı, bir damla yaş eyləmədi.
Bir ömür çırpındım, qoymadı fələk,
Razıydım, qürubda üz-üzə gələk...
Nə ürək adına qalıbdı ürək,
Nə də ki biryolluq daş eyləmədi.
Çəkdiyim həsrət də mənə harammı...
Mən nəyəm... həsrəti çəkən yarammı...
Bilmirəm heç görsəm, tanıyarammı,
Tale göstərəydi kaş.. Eyləmədi...
Bitdi nağıl ömür nağılsız kimi,
Röyaymış - şəkərsiz, noğulsuz kimi..
Vüsal gözləyirdim ağılsız kimi,
Ömür bircə dəfə tuş eyləmədi.
ÜZÜM AYAĞININ ALTINA, VƏTƏN
Daha, ürəkli at addımlarını,
Uymadıq gümüşə, altuna,Vətən!
Bir az gecmi yığdıq parçalarını,
Üzüm ayağının altına,Vətən!
Bəlkə də içində küsmüşdün daha,
Üzü bizə sarı çevirdik səni.
Hər parçan-bir misra dönmüşdü aha,
Utana-utana sevirdik səni.
İndi yaxındadı vüsal dediyin,
Səni də bu həsrət yaxdımı, görən...
İllərdi ürəyim paramparçadı,
Bu ağrı, bu əzab haqdımı, görən...
Bu dəli sevginin kökü dərində,
Daha açılıbdı qaşın-qabağın.
Səni sevənlərin ürəklərində,
Yerinə oturur daşın, torpağın.
Daha, ürəkli at addımlarını,
Uymadıq gümüşə, altuna,Vətən!
Bir az gecmi yığdıq parçalarını,
Üzüm ayağının altına,Vətən!
BELƏCƏ
Ömrü sonalamaq, seçmək yoxuymuş,
Kefin istəyəndə köçmək yoxuymuş.
Bu ömrün içində heç nə yoxuymuş,
Di gəl, bu boşluqda yaşa...Beləcə...
Dəli sevdalara yaxın apardı,
Azı əyləmədi, çoxu apardı.
Bərədə dayandım yuxu apardı,
Bir dəfə gəlmişdim xoşa... Beləcə...
Bəxtim yollarıma çatmadı, keçdi,
Oddadı, ruhumu oddadı keçdi.
Ömür başım üstdən addadı keçdi,
Nə ola, ölüm də çaşa... Beləcə...
Gəldik, payımıza nə düşdü… Ömür…
Bir şirin röyayla görüşdü ömür.
Bilmədim, əlimdən sürüşdü ömür,
Dəydi qayalara, daşa... Beləcə...
Vasif, ömür-günün ömrü bir içim,
Dəyəri nədir ki, ömürdən keçim.
Bu qara günlərin nəyini seçim,
Onsuz da vurmuşam başa... Beləcə...
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 26-06-2026 13:42
Baxış sayı: 367Yazı axını
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
26 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
25 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
24 / 06 / 2026
23 / 06 / 2026
23 / 06 / 2026
22 / 06 / 2026
21 / 06 / 2026
19 / 06 / 2026
19 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
18 / 06 / 2026
Ən çox oxunanlar




























