Reklam
"Kütləvilik sindromu" və ya "təkrarçılıq xəstəliyi"
19-01-2023 18:09
Sevinc QƏRİB
Ha fikirləşirəm səbəbini, kökünü tapa bilmirəm. Nədir bizdə bu "kütləvilik sindromu"? Niyə biz şüurlu və şüursuz şəkildə hər "yerə" kütləvi axın edirik? Gündəmə yansıyan hər hansı bir məsələyə, əksər vaxt da ciddi olmayan nələrəsə böyüklü-kiçikli emosianal reaksiya verir, uzun-uzadı mətnlər yazır və ya çıxışlar edirik. Yəqin bu səbəbdəndir ki, ən xırda detal belə bizdə gündəmə çevrilə bilir. Kiminsə əyri-üyrü ifadəsini manşetləmək, guya etalonmuş kimi onun məntiqsiz fikrini müzakirələrə səbəb olacaq qədər qabartmaq, ictimailəşdirmək gərəksiz hesab etdiyimiz o adamın birbaşa reklamına xidmət edir məncə. Və əminəm ki, 90% insanımız yalnız xəbər başlıqlarına və başqasından eşitdiyi fikrə istinadən özünü "yeyib tökür". Məsələnin əslini bilmədən, mətni oxumadan emosiyalarını qışqırdıb hay-küy salanlardı bu tip söhbətləri uzadan, gündəmdə saxlayan. Hamı fikir bildirir, yazır deyə mən də varam prinsipini işə salan çoxluq daha ciddi problemlərin arxa planda saxlanılmasının mahiyyətinə varacaq qədər təfəkkür sahibi deyil bəlkə də. Bəlkə də hansısa qüvvələr tərəfindən bilərəkdən ortaya atılmış cılız, lazımsız söhbətlərin sırf kütlənin başını qatmaq, əsas məsələlərdən uzaqlaşdırmaq amacında olduğunu dərk etmək çətindir.
Məsələ bununla bitmir. Bu təkcə son günlər gündəmi zəbt etmiş, münasibət bildirmək istəmədiyim bir məsələyə çox uzaqdan bir toxunuş, daha doğrusu reaksiyalara "etiraz"idi. Bu tip məsələlər ilk deyil və son olacağı da görünmür. Ortada müdafiə filan yoxdu, xatircəm olun.
Keçək başqa istiqamətə. Bilirəm, deyəcəksiniz ki, yuxarıda yazdıqıarımla indi yazdıqlarım arasında əlaqə qırıqlığı var. Bu ilk baxışdan belə görünür. Ancaq burda da eynilik və oxşarlıq xüsusiyyətləri var. Tam olaraq kütləvilik xarakteri daşımasa da, çoxluğa işarət edir. Nə isə. Çox da uzaqlaşmayım mahiyyətdən. Deməli belə. Hansısa şairin şeirini səsləndirmək, müəllifə, onun yaradıcılığına olan sevgidən, ehtiramdan doğan ədəbi və mədəni bir addımdır. Çox yaxşı. Bu həm də bir növ şairin təbliğinə xidmət edir. Deməyin ha, kimlərinsə ( məşhur imzaların) təbliğata ehtiyacı yoxdu. Var! Bütün yaradlcı insanların zamanla təbliğatı labüddür, zəruridir. Əlbəttə, söhbətin məğzi bu da deyil. Əslində qiraət bir sənətdir. Bu gün bu sənətin çox az, barmaqla sayılacaq qədər təmsilçiləri var. İndi də deyəcəksiniz ki, niyə axı, şeir deyənlər çoxdu. Hə, məhz şeir deyənlər çoxdu. Qiraəti sırf sənət olaraq anlayanlar və yaşadanlarsa, çox azdı. Kimsə maddi çətinlik səbəbindən bu işlə məşğul olur. Qınaya bilmərəm, hamının haqqıdı çörək qazanmaq. Amma gərək bu haqqı ödəyəsən də işinlə. Bir də görürsən, gül kimi şeiri pafos, qışqırıq içində nətəhər boğurlarsa, şeirin halına ağlamağım gəlir.
Bu sənətə həvəskar kimi yanaşanlar da var, ucdantutma şeir adına nə gəldi səsləndirənlər də. Dinləyirsən, ilk misradanca nəfəsin çəkilir içinə. Nə ruh qalır adamda, nə də şeir sevgisi. Görürəm ki, fikirlərim yavaş-yavaş ayrı mövzuya yol açır. Olsun! O da qalsın başqa vaxta. Deyəsən yenə məqsəddən uzaqlaşdım axı. Yox e, belə olmur. Söz-sözü çəkir, sanki bilərəkdən məni əsl mahiyyətdən yayındırır. Elə şey yoxdu! Yazacam yazmaq istədiyimi. Hə, sözlər məni yoldan çıxartmamış keçim əsas mətləbə.
Ay qiraətçilər və "qiraətçilər", qadanız alım, niyə hamınız bir müəllifin eyni şeirini səsləndirirsiz? Biri səsləndirdi "tutuzdurdu", mən də bəxtimi sınayım deyirsiz, yoxsa, təkrarçılıq belə xoşunuza gəlir? İndi də deyəcəksiz ki, nə olsun bir mahnını on müğənni oxuyur. Fikrinizdən keçirirsinizsə də, dilinizə almayın. O başqadı, bu başqa. Nə məntiqi, nə də heç nəli müqayisə olunası deyil. Vallah, billah o müəlliflərin başqa şeirləri də var. Oxuyun da, başınıza dönüm. Elə burdaca yadıma düşən iki müəllifin adını çəkim ki, həm fikrimə irad bildirənlərə cavab olsun, həm də haqsız olmadığımı təsdiqləmiş olum. Şeir haqqı İbrahim İlyaslının "Necəsən"indən başqa çox e, çox şeiri var. Külliyatına baş vurun, qorxmayın, başınız sözə dəyəcək. Ruhuna ehtiramla baş əydiyim Sabir Yusifoğlu xəzinəsində də "Mənə bir məktub göndər"dən ötə dərin, düşündürücü, fəlsəfi poeziya nümunələri var ki, oxusanız, səsləndirsəniz həm öz ruhunuz dincələcək, həm də şairin ruhunu şad etmiş olacaqsız.
Ayrı nümunələr də gətirə bilərdim. Heyhat, vaxt adlı çapar beynimi döyəcləyir ki, bəsdir, başqa işlərin də var, uzunçuluq eləmə. Mən də əmrə müntəzir, yazını sonlandırmaq məcburiyyətindəyəm. Neynək, qalsın başqa vaxta. Di, salamat qalın! Hə, bir də gündəminiz ədəbiyyat olsun, şeirsiz qalmayın...
Dalidag.az
Kateqoriya: Yazarlar
Tarix: 19-01-2023 18:09
Baxış sayı: 31 392
Yazı axını
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
08 / 12 / 2024
08 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02