Xəyallarımda yaşayan Laçın...

17-05-2020 22:04
Duyğularımın məskənindən, ata-babamın, anamın doğulduğu, ulularımın uyuduğu obadan, xəyallarımda səyahət etdiyim yurddan, o viranə qalmış eldən 28 ildir ki, nə səs var, nə soraq... Bəlkədə bizi səsləyir, amma biz onu eşitmirik... Bu yurd, bu oba Laçındı...yalqız Laçındı... 
Mən Laçını görmüyən, oranın havasını udmayıb, suyunu içməyən, yalçın qayalarına ayağı dəyməyən Laçınlıyam. Mən Laçına xəyallarımda, baba-nənəmin, ata-anamın danışdıqları xatirələrlə səyahət etmişəm və bu səyahətimdə nələr görməmişəm, nələr... dahi şairimiz M.Araz demişkən: “Yer üstündə xəzinələr, yer altında dəfinələr”. Gözəllik gördüm Laçında, başı qarlı dağlar, dişgöynədən buz bulaqlar, uca qayalardan qəlbidə qiyyə vuran qartallar, saf qəlbli qonaqpərvər insanlar gördüm Laçında. Bütün bunlarla yanaşı bilirsiz bir də nə gördüm viranə qalmış yurd gördüm, talan edilmiş meşələr, bağlar gördüm, solmuş lalələr gördüm. Bir qoca ana gördüm. Ağlayırdı, elə hey Laçın balam deyirdi, yetim balam deyirdi, köçkün balam deyirdi... Köçünü itirmiş bu ana Laçın balasına layla deyirdi... Mən burada gözəlliklə dəhşətin vəhdətini gördüm. Ancaq bunlar mənim Laçın duyğulu xəyallarımın məhsuludu... Bəzən qaysaq bağlamayan yaramız olan Qarabağ dərdindən danışarkən dərdlərimizə o qədər qapanırıq ki, bu əzəli yurd yerlərimizin gözəlliklərindən, tarixi keçmişindən danışmaq yadımızdan çıxır. Mən də dedim bir az Laçından danışım. Laçın Azərbaycanımızın ən səfalı bölgələrindən biridir. Laçın tarixi bir diyardır. Laçının hər daşında, hər qayasında bir tarix yaşayır. Lakin bu gün həmin tarix erməni vandallarının qurbanına çevrilib. Laçın tarixi abidələr yurdudur. Kosalar kəndində IX əsrə aid Ağoğlan qəsri, Sultanlar kəndində XVIII əsrə aid Həmzə Soltan sarayı və XIV əsrə aid qədim qəbiristanlıq, Zeyvə kəndində Soltanbaba və Şeyx Əhməd türbələri, Cicimli kəndində XVI əsrə aid Məlik Əjdər türbəsi, Quşçu kəndində Uşaq qalası, Pircahan kəndində XI əsrə aid Qovur qalası, Ərikli kəndində XVI əsrə aid Qaraşaqqal türbəsi və başqaları Laçının əsir abidələridir. Bu abidələrin hər birində əsrlərdən süzülüb gələn bir tarix yatır. Çox təəssüflər olsun ki, bu tarixə biz sahib çıxa bilmədik. İndi isə öz çirkin əməllərindən əl çəkməyən erməni quldurları qədim tariximizi özününküləşdirirlər. Laçın bu gün oranı görənlərin qəlbində yaşıyır. Laçın bu gün o yerlərin həsrəti ilə alovlananların ürəklərində sönməyən və közərən bir ocağa çevrilib. Laçın bu gün bu əsir yurdu vəsv edən şeirlərdə, musiqilərdə yaşayır. Laçında tək bizim əsir abidələrimiz qalmadı. Laçında bu torpağın suyu və havası ilə böyümüş insanların uşaqlıqları, xoş xatirələri qaldı. Müstəqil Azərbaycanımızın qurucusu və memarı, ulu öndərimiz Heydər Əliyev laçınlılarla görüşü zamanı demişdir ki, “Laçınlılar alimlərdirlər, şairlərdirlər, ziyalılardırlar. Nə qədər Laçından Azərbaycanın görkəmli həm elm, həm mədəniyyət xadimləri, həm dövlət xadimləri çıxıbdır. Ona görə də Laçın rayonu bu baxımdan həm təbiətinə görə, həm insanlarına görə Azərbaycanın ən dəyərli guşələrindən biridir”. Ulu öndərimizin tarixi çıxışı zamanı söylədiyi bu dəyərli fikirlərə qüvvət olaraq mən də deyə bilərəm ki, Laçınımızın çox dəyərli ziyalıları var. Onlardan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Azərbaycanın ilk hərbi naziri, Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov, Xosrov bəyin qardaşı erməni Andronikin qulağını kəsən xalq qəhrəmanı Sultan bəy Sultanov, Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarif və dini etiqad naziri olmuş maarifçi Nurməmməd bəy Şahsuvarov bir əsrlik tarixə malik AXC dövründə böyük xidmətləri olmuş tarixi şəxsiyyətlərdirlər. Laçının belə ziyalı dövlət xadimləri ilə yanaşı II Dünya müharibəsi döyüşlərində xüsusi qəhrəmanlıq göstərmiş igid oğulları da az deyil. Tək Laçın rayonundan 3660 nəfər Böyük Vətən müharibəsinin iştirakçısı olublar. Mən onlardan döyüşlərdə böyük rəşadət göstərmiş Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Əvəz Verdiyevi xüsusi vurğulamaq istərdim. Hələ Laçının saf sularından içib, göz oxşayan təbiətindən ilhamlanan şairlərindən, aşıqlarından, musiqiçilərindən deyim. Bu yurdun Mir Həmzə Nigari, Hüseyn Kürdoğlu, Ağa Laçınlı kimi hikmətli söz ustadları, Sarı Aşıq, Aşıq Abbas, Aşıq Umbay kimi dəyərli aşıqları olub. Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, professor Nadir Əbdürrəhmanov da bu torpağın yetirməsidir. Bu insanlar Azərbaycan ədəbiyyatına, incəsənətinə xidmət etmiş mədəniyyət xadimləridirlər. Hər bir Laçınlı bu dəyərli şəxsiyyətləri ilə qürur duyurlar. Düzdür bu gün Laçın bizim əlimizdə deyil, lakin Laçınlıların adət-ən-ənələri bu gün də yaşayır və ziyalı Laçınlılar bu gün də yetişməkdə davam edirlər. İnsan həyatda itkilərlə üzləşir. Hər hansı bir əşyanı itirə bilərsən və buna peşman olarsan. Lakin yenisini də ala bilərsən. Yaxud insana doğma olan bir yaxını da bu dünyadan köçər. Bu da insanı sarsıdar. Ancaq neyləmək olar, bu həyatın qanunudur. Bir gün yaranan, bir gün də bu dünyadan köçər deyiblər atalarımız. Bütün bu itkilərə insanlar az-çox alışar. Amma sənin bir gözəl yurdun ola və sən də o yurda gedə bilməyəsən. Bax bu itki mənə görə ən acı itkidir. Lakin bütün Laçınlılar, bütün işğal olunmuş rayonların hər bir sakini bu gün mübariz ruhludurlar. Onlar gec-tez öz dədə-baba yurdlarına qayıdacaqları günü səbrsizliklə gözləyirlər. Belə ki, 2016-cı ilin aprel hadisələri, Azərbaycan Ordusunun parlaq tarixi zəfərlərindən olan şanlı Aprel döyüşləri bütün laçınlıları qələbəyə ruhlandırdı. Laçınlıların, Qarabağlıların timsalında bütün Azərbaycan xalqı qürur duydu ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinə, prinsipal mövqeyinə arxalanan şanlı Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin qüvvələrini qəti zərblərlə sıradan çıxardaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Mən öz yazımı cənab prezident İlham Əliyevin sözləri ilə bitirmək istəyirəm: “Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq”.

Yusif Cəfərbəyli,
Azərbaycan Dövlət İqtisad

Universitetinin (UNEC) tələbəsi,
universitetin İqtisadçı Vətənpərvərlər 
Təşkilatının sədri, gənc muğam ifaçısı 
Dalidag.az


Kateqoriya: Yazarlar
Tarix: 17-05-2020 22:04
Baxış sayı: 31 848
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını